“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Ramiz Göylərin şair Əbülfət Mədətoğlu yaradıcılığından bəhs edən məqaləsini təqdim edir.
Şair-publisist Əbülfət Mədətoğlu uzun illərdir ki, müstəqillik dövrümüzün aparıcı mətbu orqanlarından biri olan, “Ədalət” qəzetində baş redaktorun müavini kimi məsul vəzifədə çalışır. Ölkə mətbuatı cərgəsində öz dəst-xətti və nüfuzu olan “Ədalət” qəzeti ictimai-siyasi və hüquqi qəzet olmaqla, oxucular tərəfindən həm də bir ədəbiyyat qəzeti kimi tanınır və sevilir. Təsadüfi deyil ki, “Ədalət” bu gün istər gənc, istərsə də çağdaş poeziyamızın və ədəbiyyatımızın tanınmış və təcrübəli nümayəndələrinin müraciət ünvanına çevrilmişdir. Oxucuları arasında qəzetin bu status qazanması ilk növbədə onun təsisçisi, millət vəkili, yazıçı-publisist və ssenarist Aqil Abbasın və baş redaktoru yazıçı-publisist İradə xanım Tuncayın - Məmməd Araz yadigarının xeyir-duası ilə yanaşı, həm də baş redaktorun müavini, əməkdar jurnalist, şair-publisist Əbülfət Mədətoğlunun xidmətləridir desəm, səhv etmiş olmaram. Yeri gəlmişkən qeyd etməyi zəruri hesab edirəm ki, ədəbi nümunələri çap etməklə qəzet oxucu üçün daha böyük maraq kəsb edir və bu, qəzeti daha oxunaqlı edir. Onu da qeyd etməliyəm ki, qəzetin elə bir nömrəsi yoxdur ki, orada Əbülfət Mədətoğlunun çağdaş poeziyamızın ünlü nümayəndələri və gənc yazarların şeir və yaradıcılığı haqda təhlili yazıları yer almamış ola. Əbülfət müəllimin bu fəliyyəti ədəbi camenin nümayəndələrinin və onların əsərlərinin gənclərə, eləcə də ədəbiyyatsevərlərə təqdim edilməsində, təbliğində, gənclərin ədəbi zövqünün formalaşmasında mühüm rol oynayır və bu fəaliyyət əslində təqdirəlayiq olmaqla, ədəbiyyata xidmət nümunəsidir.
Əbülfət Mədətoğlu ilə nə vaxt tanış olduğum yadıma gəlmir. Dostum, professor Rüstəm Kamalın şairlər haqqında fikrini bir də xatırlamalı oluram: “Şairlər də ilğım kimidir. Onlarla nə vaxt tanış olduğunu bilmirsən. Bir də görürsən ki, o səninlə doğmalaşıb. Sənin doğma, əziz adamına çevrilib.” Əbülfət Mədətoğlu ilə də mənim tanışlığım da eynən. Şeirlərini oxuduqca, yaradıcılığı ilə tanış olduqca, ona həm bir şair kimi, həm də bir insan kimi isinişməyə, doğmalaşmağa başladım və bir də gördüm ki, doğma adamlar kimiyik.
Əbülfət Mədətoğlunun yaradıcılığı çox şaxəlidir. 65-ə yaxınlaşan fiziki ömrünün yarıdan çoxunu məcburi köçkün kimi yaşayan, əvvəlcə doğma kəndi Tuğdan məcburi köçkün düşən, sonra da elə mərkəzi şəhərimiz Bakıda bir neçə dəfə köçmək məcburiyyətində qalan Əbülfət Mədətoğlunun “köç” tale yazısı imiş. Elə bu səbəbdən də yaradıcılığında yurd, vətən el-oba həsrəti kövrək hisslərlə qələmə alınımışdır. Bu hisslər çox kövrəkdir, tarın gərilmiş siminə bənzəyir, kiçicik bir toxunuşla onun kövrək və iniltili səsi qəlblərə sirayət edir. Əbülfət Mədətoğlunun qəlbi kimi. 30 il bu ağrı-acının içində, şeirlərində və yazılarında yaşadan Əbülfət müəllim 44 günlük Vətən müharibəsindəki Zəfərin şərəfinə Prezident İlham Əliyevin təşəbbüsü ilə bir qrup ziyalıların tərkibində öz doğma kəndinə səfərdən sonra, şair təəssüratlarını kövrək hisslərlə belə ifadə edir: “Həyatda elə yaşamlar var ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək... Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə mən kəndimə səfər edəndə filmlərdəki təki, yuxuda keçmişə getmiş kimi oldum və o keçmiş mənə çox acıları təkrar yaşatdı. Çünki kəndimin yalnız coğrafi mənzərəsi yadımda qalmışdı. Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Çünki məni qarşılayanlar onlar idi…”
Bir ömrüm var-uduzduğum, udduğum
Günlərini saymaq indi nağıldı.
Ay diz çöküb, ətəyindən tutduğum,
Niyə mənim yurdum-yuvam dağıldı.
Min şırım var dirsəyimdə, dizimdə, Toxunduqca sızıldayır, qanayır
Nə çəkdiyim yazılıbdı üzümdə
Bəlkə hələ tanrım məni sınayır.
Əbülfət Mədətoğlunun istər gündəlik jurnalistika fəaliyyətində, istərsə də şairliyində, həm də ədəbi məqalələrində əsas silahı SÖZ-dür, SÖZ onun üçün ilahi varlıqdır. Yazılarının birində deyir: ”...Həyatda mənim üçün əl ilə toxunulmayan, gözlə görünməyən, ruhdan və ürəkdən süzülən, eyni zamanda ruhu və ürəyi ifadə edən və nəhayət, canının canı olanlara münasibətini sərgiləyən SÖZ-dü! Mənə görə SÖZ canlı varlıqdı... Ən kamil həmsöhbətdi... Ən anlayışlı sirdaşdı... Ən həzin xatirədi... Ən etibarlı güvəncdi..”
Əbülfət Mədətoğlu SÖZ haqda fikirlərini davam etdirərək yazır: ”-Söz tumurcuğu açıldıqca ətri xəyallandırır adamı. Xüsusən də duyğusal ruh adamını. Axı bu adamlar özlərini ifadə etdikləri həmin o tumurcugu Sözdə tapıblar... Ona tapınıblar... Mən də tapındığım Sözün dünyasında aydınları, dəyərliləri, doğma olanları, anlayışlıları və dəyər verənləri daha çox yada salıram... Təzələyirəm və təzələnirəm...”
Və Əbülfət Mədətoğlunun şeirləri doğrudan da misra-misra, bənd-bənd tumurcuq kimi puçurlayır, sonra çəçək açır, yarpaqlayır, bar gətirir:
unut bü dünyada nə qədər qəm var,
unut rahat olsun ruhun bir anlıq.
özün öz içində bir sorğu apar-
seçimin təkrarla Nuhun bir anlıq!
məlhəm sevgilərə aç ürəyini
üzünə, gözünə təbəssüm çilə!
sevgiyə yavanlıq et çörəyini
onda bal olacaq, vallah, hər gilə.
Bir həqiqət məlumdur ki, bu dünya binə olanda sevgi, məhəbbət üstə bərqərər olub və bütün canlı varlıqların hamısı cüt olanda tam olur. Bu cütlük isə sevgidən yaranır. Və nə qədər insan var, bir o qədər də sevgi var, məhəbbət var və bu sevgilərin hər biri fərqli və fərdidir. Həm də nə qədər həyat var, sevgi də vardır. Əgər sevgi varsa deməli şeir də vardır. Və nə qədər şeir var, o qədər də məhəbbət əsərləri yaranacaqdır. Necə ki - Tahir və Zöhrə, Yusif və Züleyxa, Leyli və Məcnun, Şahsənəm və Qərib, Fərhad və Şirin, Əsli və Kərəm kimi məhəbbət dastanları yaranmışdır. Yeri gəlmişkən etiraf edək ki, dünyanın heç bir xalqında bəlkə də bu qədər məhəbbət dastanı yoxdur. Heç şübhəsiz, Azərbaycan poeziyasında Şeyx Nizami Gəncəvidən üzü bəri, bu günümüzə qədər məhəbbət mövzusunda şedevrlər yaratmış dünya şairlərinə meydan oxuyacaq şairlərimiz var. Nizami Gəncəvi də, Məhəmməd Fizuli də, Nəsimi də, Molla Pənah Vaqif də, onlardan sonra gələnlər Səməd Vurğun da, Mikayıl Müşfiq də, Əliağa Vahid də, Süleyman Rüstəm də, müasirlərimiz Musa Yaqub da, Nüsrət Kəsəmənli də, Ramiz Rövşən də, Vahid Əziz də ən gözəl əsərlərində məhəbbəti və sevgini ən yüksək səviyyədə və fərqli formada tərənnüm etmişlər. Və düşünürəm ki, elə məhəbbət mövzusunda şedevrlər yaratmış şairlərimizin əsrlərinin baş qəhrəmanları da onların özüdür. Əgər belə olmasaydı Məhəmməd Füzuli məşhur qəzəlində nümunə gətirdiyim beyti işlətməzdi:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm Məcnunun ancaq adı var.
O da faktdır ki, məhəbbətin dili şeirlə açılır. Şeirlə sevgi, məhəbbət əkizdir. Bir-birini daha çox başa düşürlər. Onun nəticəsidir ki, sevənlər bir-birilə şeirin diliylə danışırlar. Bəlkə bu səbəbdəndir ki, məhəbbət mövzusunda yaranmış ən yaxşı əsrlər nəzmlə yaranmışdır...
Ənənə bu gün də davam edir. Düşünürəm ki, bu gün də məhəbbət mözusunda yaranan ən yaxşı əsərlər nəzmlə yaranır. (Yəqin nasirlərimiz bu fikirdən inciməz). Və çağdaş poeziyamızda məhəbbət mövzusunda yaranan ən gözəl şeirləri yaradan şairlərimizdən biri də Əbülfət Mədətoğludur. Onun şeirlərini oxuduqca, yaradıcılığı ilə tanış olduqca təəccüb edirsən - peşə etibarı ilə jurnalist olan, yaşı altımışı adlamış, xarici görkəm etibarı ilə köhnə kişiləri xatırladan bu adamın içində nə boyda məhəbbət , sevgi varmış, ilahi. Əbülfət Mədətoğlunu oxuduqca onun nə qədər incə qəlbə, kövrək xarakterə, böyük sevgiyə malik olduğunu duymaq çətin deyildir.
Sən dan üzü gətirmisən ömrümə,
Şehi də var, ətri də var, səsi də...
Sirr deyil ki, o dan üzlü ömrüm də-
Bəyəndirib sənə bu mən kəsi də !..
O, dan üzü-and içdiyim, ancaq O,
Hər halından söz biçdiyim ancaq O,
Baxışından “döz” biçdiyim - ancaq O-
Mənə verdi ümid adlı dərsi də!..
Məhəbbət mövzusu Əbülfət Mədətoğlunun təməl müvzusudur. Buna əmin olmaq üçün məncə onun kitablarının bir qisminin adlarına baxmaq kifayət edir: ”Ürəyimdəki sənsən”, “Ancaq O ”, " Sevgi pıçıltıları", "Yanan məktublar", "Mənim kimi sevə bilsən", "Gözləyənim var", "Ürəyim sənlə danışır", "Cəzayam sevdiyim qıza", "Bir qadına" və digərləri. Və bu sevgi tarixçəsinin yaşı min illərə gedib çıxır, onun sevgisinin yaşı min ildi deyir Əbülfət:
Bu kövrək sevginin yaşı min ildi,
Baharı min ildi, qışı min ildi...
Özülü, divarı, daşı min ildi-
Demə ki, qalıbdı dünəndə ürək.
Kimsə dəli deyib Məcnun sanacaq,
Kimsə Əbülfətə tam inanancaq!
Dünyam dağılacaq, gorum yanacaq_
Üstümə qırılmış dönəndə ürək!
Klassik Azərbaycan poeziyasında sentimental poeziyaların ən parlaq nümunələrini “Leyli və Məcnun”poemasında Məhəmməd Füzuli yaratmışdır. Sonrakı dönəmlərdə istər klassik, istərsə də çağdaş poeziyamızın bir çox nümayəndələrinin yaradıcılığında sentimental mövzulu və ruhlu nümunələr kifayət qədərdir. Əslində sentimental hisslərin özü sevgi və məhəbbətdən qaynaqlanır. Hələ məşuqunun vüsalına yetməyən aşiq, həmin vüsalı xəyallarında qurur. Sevgisinin vüsalına yetmək üçün hər çür əzab-əziyyətə qatlaşmağa, cəfalar çəkməyə, hətta ölümə belə getməyə hazırdır. Mənim qənaətimcə Əbülfət Mədətoğlu çağdaş Azərbaycan poeziyasında lirik sentimentalizmin ən parlaq nümunələrini yaradır:
Çəkilmişəm özümə
Qabaracam dəniztək
Səni sahildən alıb-
Aparacam dəniztək...
Ağ ləpələr öpüş tək
Səpiləcək üstünə...
Nəfəsim də Günəş tək
Qarışacaq istinə...
Professor Rüstəm Kamal yazır: ”Qadın sevgisi kişi yaddaşının varlığını şərtləndirir. Uşaqlıq xatirələrindən, yurd nisgilindən sonra sevgi tarixçələri kişinin xatırlamaq istədiyi, yenidən o hissləri yaşamaq istədiyi bir ilğımdır. Sevgi şeirləri isə həmin ilğımın sözdə ifadə cəhdidir. Müasir sevgi şeirləri isə şairlərin duyğu yetginliklərinin və ya ömür müdrikliyinin ifadəsidir”.
Nə qədər dəqiq ifafə edib döstum Rüstəm müəllim.
Mənim əvəzimə sən yat,
Nə yuxu küssün, nə gecə...
Sən bizə verdiyin həyat –
İlahi olsun heç-heçə.
Sən yat, mən saata baxım
Görüm uzanarmı yuxun...
Sənə,- qoynunda bu vaxtın -
Olum birazca da yaxın!..
…Mənim əvəzimə sən yat...
Yat gör yuxundakı məni...
Yuxuda görməklə aldat -
Sənə yaxındakı məni!...
Əbülfət Mədətoğlunun sentimental şeirləri onda “duyğu yetkinliyinin və ömür müdrikliyinin ifdəsi” kimi səslənir:
Ürəyimin çırpıntısın,
Eşitdirdim açıq, aydın...
Sən də yanımda durmuşdun -
Bu çırpıntıları saydın...
Sonra köçürtdüm kağıza,
Səslərin sırası adın...
Sığmadı bax, dil ağıza -
Adın oxunanda, Qadın!..
…Bu ömürə, günə fərəh
Gətiribsə bu məhəbbət...
Sevdiyin necə gizlətsin,
Səni QADIN, bu Əbülfət?!
Əbülfət Mədətoğlunun şeir dili sadə, rəvan və qulağayatımlıdır. Ona görə də onun yaratdığı sentimental poeziya nümunələri də klassik sentimentalizmdən fərqlənir, şeiri oxuduqca qulağında səslənir:
Yadımdan çıxmır ki, heç
əllərini uzadıb
ovut, isit dediyin...
əllərim əllərindən
yaman küsüb dediyin...
…yadımdan çıxmır ki, heç
canım səni...və susub
sonun demədiyin söz...
...yadımdan çıxmır ki, heç
özünlə açıq-aşkar
ruhumu apardığın...
yadddaşmı qalıb məndə?
çismim köç edibdi, köç
yaddaşım qalıb səndə.
Və səmimi olmaqla bərabər həm də çox cəsarətlidir, sevgisini, hətta bu sevginin, sevdiyi qadının dəlisi olduğunu etiraf edir:
...Tellərin uzanan yolum
Burulub qayıdır sənə...
Hər yandan bu Məcnun könlüm
Vurulub qayıdır sənə-
Dəlisi olduğum Qadın!
Ürəyin qibləm, güvənim
Həm də ruhuma yuvadı...
Ay məni gizli sevənim
Adın müqəddəs duamdı-
Dəlisi olduğum Qadın!
Mən çalışdım ki, Əbülfət Mədətioğlu poeziyasının bir neçə nümunəsində onun iç dünyasını açım. Ancaq gördüm ki, onu kəşf etmək üçün şeirlərini bir-bir, misra-misara təqdim etmək lazımdır. Və mən hesab edirəm ki, Əbülfət Mədətoğlu misra-misra oxunası və misra-misra təqdim ediləsi şairlərdəndir.
Onu oxuduqca hiss etdim ki, Əbülfət öz duyğularını, dərk etdiklərini ifadə edir, özünü yazır. Yazdıqca öz şeirində özünü tapır. Ancaq bütün bunlarla birlikdə o həm də oxucunun istədiyi şeiri yazır. Elə buna görə də Əbülfət Mədətoğlunun poeziyası oxunur, sevilir və müəllifinə oxucu sevgisi qazandırır.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)