Super User
Bakıdakı Rus Evində rəsm və heykəltəraşlıq əsərlərinin sərgisi açılacaq
İyulun 10-da Bakıdakı Rus evində “Ravnovesiye” rəsm və heykəltəraşlıq əsərlərinin sərgisi açılacaq.
Bakılı sənətsevərlərin diqqətinə heykəltəraş Vladimir Amodeo və rəssam Alla Şaxmatovanın əsərləri təqdim olunacaq.
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, Alla Şaxmatova Samara Dövlət İncəsənət Muzeyinin direktoru, çoxsaylı sərgi, festival, mədəni və təhsil tədbir və proqramların iştirakçısı və təşkilatçısıdır. Vladimir Amodeo isə əsərləri Rusiyanın müxtəlif şəhərləri, o cümlədən Samara, Lipetsk, Tambov, Yaltada geniş təqdim olunan heykəltəraşdır.
Sərgi iyulun 10-da saat 19:00-da açılacaq.
Giriş pulsuzdur.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Akademik Milli Dram Teatrı ölkəmizi Gürcüstanda beynəlxalq festivalda təmsil edir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında Gürcüstanda ölkəmizi təmsil edir. Dünən açılışı olan və iyulun 15-dək davam edəcək festivalda Azərbaycan və Gürcüstanla yanaşı İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan olan teatrlar iştirak edirlər.
“Ədəbiyyat və incəsənət” portalı teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, festival çərçivəsində eyni zamanda kitab təqdimatları, Avrasiya Teatr Assosiasiyası təsisçilərinin görüşü də təşkil olunacaq. İyulun 15-də Ozurgetidə Aleksandr Tsutsunava adına Peşəkar Dövlət Dram Teatrının 155 illik yubileyinə həsr olunmuş bayram gecəsi, festival iştirakçılarının mükafatlandırılması və festivalın təntənəli bağlanışı keçiriləcək.
Festivalın repertuarında N.Dumbadzenin əsərləri və gürcü yazılı nümunələrinin səhnə təfsiri əsasında hazırlanan tamaşalar yer alacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu gün məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Nigar Güləhmədovadır. Yeni səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova iştirak edirlər. Tamaşanın işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.
Səhnə əsəri müharibədən qayıdan, kürəyində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və torpağa çevrilir. Müəllifin mövqeyinə görə ən ciddi qayıdış təbiətə olmalıdır.
Tamaşanın rejissor baxışı və yozumu həmçinin sülhü, humanist ideyaları təbliğ edir, sənətin insan talelərini məhv edən müharibələrin əleyhinə olan qəti mövqeyindən çıxış edir.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
“BALACA KİŞİLƏR”ə “İNANIRAM”
Gənc Tamaşaçılar Teatrı uğurlu mövsüm keçirdi
Könül, “Ədəbiyyat və incəsənət”
Bu il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 95-ci mövsümünü keçirdi. “Ədəbiyyat və incəsənət” portalı mövsümə qiymət verməyə çalışacaq. Ondan başlayaq ki, bu mövsüm teatrda altı tamaşanın premyerası olub.
1-Cİ TAMAŞA
Bu mövsüm ərzində ilk premyera Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu repressiya illərində dəhşətli cəzalara məruz qalmış ziyalılarımızın həyat yoldaşlarının sürgündəki məşəqqətlərindən bəhs edilən “Kod adı: V.X.A” tamaşası olub.
2-Cİ TAMAŞA
Sonra müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edən və quruluşçu rejissoru Elşad Rəhimzadə olan yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib.
3-CÜ TAMAŞA
Daha sonra ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” əsərləri əsasında uşaqlar üçün Elşad Rəhimzadənin quruluşunda hazırlanan “Mauqli” adlı tamaşa teatrsevərlərə təqdim olunub.
4-CÜ TAMAŞA
Növbəti tamaşa Əməkdar artist Nicat Kazımovun quruluşunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş İlqar Fəhminin “Balaca kişilər” pyesi əsasında eyniadlı tamaşa olub.
5-Cİ TAMAŞA
Müşfiq Əliyevin quruluşunda İsveç dramaturqu Benqt Alforsun “İllüzionistlər” pyesi əsasında hazırlanan “35 ildən sonra” adlı tamaşa teatrın 5-ci premyerası olub.
6-CI TAMAŞA
Ən nəhayət, quruluşçu rejissoru və baş rolun ifaçısı Aydan Həsənzadə olan fransız dramaturqu Jan Kotonun “Biganə yaraşıqlı” əsəri əsasında hazırlanan “Biganə məşuq” tamaşasının premyerası keçirilib.
Tamaşalar anşlaqla keçib, xüsusən “Ədəbiyyat və incəsənət” portalı əməkdaşlarının da tamaşa etdikləri “Balaca kişilər” və “İnanıram” tamaşaları uğurlu alınıb.
Bildiyimiz kimi bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan silsilə tədbirlər çərçivəsində teatr və konsert truppalarının regionlara qastrol səfərləri də təşkil olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının builki ilk qastrol səfəri Sumqayıt şəhərinə olub. Teatr Sumqayıt Dram Teatrının səhnəsində “Dəcəl keçi” tamaşası ilə çıxış edib. Regionlara olan digər qastrol səfərləri isə Gəncə Dram Teatrında Anton Pavloviç Çexovun “Qağayı” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə və Lənkəran Dövlət Dram Teatrında “Bremen musiqiçiləri” adlı tamaşa ilə olub.
Daha bir qastrol səfəri isə Özbəkistanın paytaxtı Daşkənddə “Avrasiya” 1-ci Beynəlxalq Teatr Festivalında həyata keçirilib. Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun hazırladığı “Mən gəldim, qızlar” tamaşası ilə çıxış edib.
Teatr builki mövsüm bağlanışını isə böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası əsasında hazırlanan eyniadlı tamaşa ilə edib.
Yayda teatr qısa fasilədən sonra həvəslə və inadla yeni mövsümə hazırlaşacaq. Əminik ki, bu payız da Gənc Tamaşaçılar Teatrı teatrsevərlərə xoş anlar bəxş edəcək.
Şəkillərdə: Qapaq şəklində “Balaca kişilər”, mətn şəklində “İnanıram” tamaşalarından səhnələr.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xalqlar arasında mədəni mübadilələrə mühüm töhfələr verir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrəyə səfəri çərçivəsində Türkiyənin İsveçrədəki səfiri Ece Acarsoy ilə görüşüb.
Bu barədə Fonddan məlumat verilib. Görüşdə fondun himayəsi altında qurulan və 7 ölkəni - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən peşəkar qadın sənətçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun kollektivi iştirak edib.
Görüşdə fondun Türk dünyasının mədəniyyətinin qorunması və təbliği yönündə genişmiqyaslı fəaliyyətindən bəhs olunub. Fondun bu istiqamətdə müxtəlif xarici ölkələrlə, o cümlədən Avropa ölkələri ilə aktiv əməkdaşlığı vurğulanıb.
Fond ilə Azərbaycanın İsveçrədəki səfirliyinin birgə təşkilatçılığı ilə bu ölkədə Türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin keçirilməsinə diqqət çəkilib. Tədbir çərçivəsində Azərbaycanın Əməkdar artisti, pianoçu Turan Manafzadənin bədii rəhbəri olduğu “Yeddi gözəl” musiqi qrupunun uğurlu ifalarının İsveçrə auditoriyası tərəfindən böyük rəğbət və alqışlarla qarşılandığı bildirilib.
Eyni zamanda, fond tərəfindən Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi çərçivəsində təşkil edilmiş və il ərzində planlaşdırılan tədbirlər haqqında söhbət aparılıb. Təşkilatın ümumtürk mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə həyata keçirdiyi layihələrin ölkələr və xalqlar arasında mədəni mübadilələrə mühüm töhfələr verməsi yüksək qiymətləndirilib.
Görüş perspektivdə görüləcək işlərlə bağlı müzakirələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
“Golden Trailer Awards” qalibləri elan ediləcək
Film çəkmək bir yana. Bu, konkret işdir, sən dramaturji materialı vizual baxış mənbəyi etmək üçün ən azı bir saat, saat yarım vaxt əldə edirsən. Biri də var, həmin o bir saatlıq, saat yarımlıq filmi dəqiqə yarımlıq, iki dəqiqəlik treylerə çevirəsən. Bax ən çətini budur. Necə etməli ki, qısa vaxt dönəmində həm ideya, həm süjet, həm peşəkarlıq, həm gözəllik, həm aktyor ifası - hamısı nəzərə çatdırılsın?
Los-Ancelesdə təqdim olunacaq “İlin ən yaxşı film treylerləri” nominasiyası üzrə XXIII "Golden Trailer Awards” mükafatının namizəd filmləri açıqlanıb.
“Ədəbiyyat və incəsənət” portalı Variety saytına istinadla xəbər verir ki, mərasimdə təqdim olunan mükafatlar “iki saatlıq filmləri iki dəqiqəlik treylerlərə çevirmək” (təbii ki, iki saat və iki dəqiqə şərti anlamlardır) tələbi qoyulan yaradıcı qruplara veriləcək.
Bu siyahı üzrə əsas nominant filmlərin adlarını təqdim edirik:
“Forsaj 10”,
“Qara pantera 2: Əbədi Vakanda”,
“Zindan və əjdahalar: Oğrular arasında vicdan”,
“Bıçaqları çıxarmaq 2”,
“Yox”,
“Oppenheimer”.
Yeri gəlmişkən, “Forsaj” filminin treyleri mükafata əsas namizəd hesab edilir.
Televiziya serialları arasında isə liderlər bu treylerlərdir:
"Ted Lasso",
“Çox qəribə işlər",
“Eyni binada qətl".
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Parisdə səfirliyin Mədəniyyət Mərkəzində “Qafqazın mirvarisi - Şuşa” kitabının təqdimatı olub
Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifi və “Musulmansenfrance” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brənin (Jean-Michel Brun) həmmüəllifi olduğu “Qafqazın mirvarisi - Şuşa” kitabının təqdimatı olub.
AzərTAC xəbər verir ki, Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edərək, Azərbaycanın tarixi-mədəni həyatının ən vacib mərkəzi olan Şuşa haqqında məlumat verib. Bildirib ki, Şuşa böyük tarixi-mədəni əhəmiyyətə, eləcə də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malikdir.
Səfir ölkəmizin ən məşhur musiqi korifeyləri, bəstəkarları və müğənnilərinin məhz Şuşadan olduğunu vurğulayaraq, mədəniyyət paytaxtımızın bütün Qafqazın konservatoriyası adlandırıldığını diqqətə çatdırıb.
Sonra “Qafqazın mirvarisi - Şuşa” kitabının müəllifi, Şuşada anadan olmuş Elçin Əhmədov və həmmüəllif Jan Mişel Brənin birgə hazırladıqları videoçarx nümayiş olunub.
Tədbirdə Elçin Əhmədovun videomüraciəti təqdim edilib. O, 28 ildən çox işğal altında qalmış Şuşanın azad edilməsindən, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü hərbi yolla rellaşdrmasından danışıb. “Qafqazın mirvarisi - Şuşa” kitabının hazırlanması, məzmunu haqqında ətraflı məlumat verib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın erməni işğalı dövründə darmadağın edilməsindən, işğalçılarını bu şəhərdəki Azərbaycan izini tamamilə silməyə çalışdıqlarından söz açıb. Şuşa azad edildikdən sonra Azərbaycan hökuməti tərəfindən aparılan və həyata keçirilmiş bərpa işləri haqqında məlumat verib. Kitabın fransızdilli oxuculara Şuşanın tarixi, mədəniyyəti, böyük şəxsiyyətləri haqqında məlumat verəcəyinə inamını ifadə edib.
Kitabın həmmüəllifi Jan Mişel Brən nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə, eləcə də Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyevə, kitabın işıq üzü gördüyü nəşriyyat evinin nümayəndələrinə minnətdarlığını bildirib. J. M. Brən Azərbaycana, eləcə də Şuşaya səfərindən söz açaraq, qala-şəhərin ölkəmizin mədəniyyət mərkəzi olmasından danışıb.
Fransa mətbuatında və televiziya kanallarında Qafqazla bağlı məqalə və reportajlarda qərəzlilik olduğunu deyərək, Fransa mətbuatının həmişə birtərəfli mövqe tutduğunu tənqid edib. J. M. Brən Şuşaya səfəri, fotoqraf Reza Deqati, eləcə də müxtəlif ölkələrdən olan tədqiqatçılarla görüşü ilə bağlı xatirələrini bölüşüb.
Siyasi elmlər doktoru, beynəlxalq münasibətlər üzrə müəllim Sebastyən Bussua çıxış edərək, Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycan paytaxtına ilk səfərindən danışıb. Dünyəvi ölkə olan Azərbaycanın mədəniyyətinin təşviq edilməyə layiq olduğunu vurğulayıb. Avropanın, xüsusilə də Fransanın bu ölkə ilə mədəni əlaqələrini daha da məhkəmləndirməli olduğunu deyib. Bu gün Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu diqqətə çatdırıb. İşğaldan azad olunmuş ərazilərində nəhəng bərpa işləri aparılmasından danışıb.
Qeyd olunub ki, bu gün iki ölkə arasında gedən danışıqlar prosesinə yalnız erməni lobbisi ciddi –cəhdlə mane olmağa çalışır. Regionda isə hamı sülhün tezliklə tam bərpa olunmasını istəyir. Sosial-iqtisadi çətinliklər yaşayan Ermənistanın xilası Azərbaycanla sülhdən keçir. Azərbaycan regionun lideridir, gələcək inkişaf Azərbaycanla əməkdaşlıqdadır.
Tədbirin bədii hissəsində vəkil Alən Tremolyer “Qafqazın mirvarisi - Şuşa” kitabında yer almış Günel Anarqızının “Qarabağ” poemasını səsləndirib. Fransada yaşayan istedadlı azərbaycanlı Səddam Novruzbəyov balabanda “Laçın” mahnısını ifa edib.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
“İpək Yolu” festivalı çərçivəsində isə Çin ansamblı konsert verib
Şəkidə davam edən “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 4-də axşam musiqisevərlərə Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblının konserti təqdim olunub.
“Yuxarı Karvansaray” mehmanxana-kompleksində keçirilən konserti festivalın təşkilatçı qurumlarının rəhbərləri, Lianşan-İy Muxtar Vilayətindən gəlmiş qonaqlar və şəkili musiqisevərlər izləyiblər.
AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertin əvvəlində məlumat verilib ki, Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblı 1956-cı ildə yaradılıb. Ansambl ərazinin İy millətindən olan əhalisinin ilk peşəkar ədəbi-bədii kollektividir. Yarandığı gündən ansambl görkəmli bəstəkarlar, rəqqaslar, müğənnilər, ifaçılar, eləcə də tanınmış ssenaristlər və rejissorlardan ibarət böyük bir sənətçilər ordusu yetişdirib. Ansamblın təqdim etdiyi 100-dən çox tamaşa beynəlxalq, milli və əyalət mükafatlarına layiq görülüb. Lianşan-İy Muxtar Vilayətinin ansamblı beynəlxalq mədəniyyət və incəsənət mübadiləsi məqsədilə fəal tədbirlər həyata keçirir, onlarla ölkədə qastrol səfərlərində olub. Ansambl dünyada sülhün, mədəni inteqrasiyanın və milli birliyin möhkəmləndirilməsinə böyük töhfə verir.
Ansamblın təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertin sonunda kollektivə festivalın simvolu təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Heydər Əliyev Mərkəzində kubalı cazmenin konserti olub
Heydər Əliyev Mərkəzində Beynəlxalq Bakı Yay Caz Günləri çərçivəsində məşhur kubalı caz pianoçu Alfredo Rodrigesin konserti təşkil olunub.
Beynəlxalq Bakı Yay Caz Günlərinin ikinci günündə də cazsevərlərə unudulmaz musiqi axşamı bəxş edilib.
Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigezin (Kuba-ABŞ) triosu ilə Bakı konserti dünya turnesi çərçivəsində keçirilib.
Konsertdə musiqiçilərin dinamik improvizələri tamaşaçıların coşqulu alqışları ilə qarşılanıb.
Alfredo Rodriges ilk dəfə 2006-cı ildə İsveçrənin Montre şəhərində keçirilən nüfuzlu caz festivalında iştirak edib. O, burada ecazkar caz improvizasiyaları ilə yadda qalıb. Həmin vaxtdan Alfredo Rodriges yüksək potensiala malik pianoçu kimi şöhrət qazanıb. 2009-cu ildə Alfredo Rodriges ABŞ-a köçərək cazın vətənində öz sənətini nümayiş etdirib. Beləcə o, “Caz-Latın Amerika musiqisi-klassika” üçbucağında aparıcı ifaçılardan birinə çevrilir. A.Rodriges, eyni zamanda, Esperansa Spolding, Makkoy Tayner, Patti Ostin, Riçard Bona, Ueyn Şorter kimi məşhur musiqiçilərlə bir səhnəni bölüşüb.
Qeyd edək ki, artıq 5-ci dəfədir təşkil edilən festivalın konsertləri qapalı məkanlarla yanaşı, açıq havada da təqdim ediləcək. Əvvəlki illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı olduqca zəngindir.
Belə ki, bu gün pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Həmçinin Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər.
Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq.
Park ərazisindəki konsertlərə giriş sərbəstdir.
Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Mədəniyyət naziri Adil Kərimli Lənkəranda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 14 iyul tarixində saat 10:00-da Lənkəran şəhəri Mədəniyyət Mərkəzində (Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 99) əsasən Lənkəran, Astara və Lerik şəhərlərindən olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 10 iyul 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Günün fotosu: Stoltenberq daha bir il postunda qalacaq
Günün fotosu: Stoltenberq daha bir il postunda qalacaq
NATO-nun Baş katibi Yens Stoltenberq (milliyyətcə isveçlidir) öz postunda daha bir il - 2024-cü ilin oktyabrınadək qalacaq. Bu qərarı Alyansa üzv ölkələr veriblər.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)