Super User

Super User

Cümə axşamı, 06 İyul 2023 15:00

18 min unsiya qızıl, 42 min unsiya gümüş!

Qiymətli metallar gözəllik mənbəyi hesab edilir. Bu dəfə Açıq portfeldəki statistika onlar barədə olacaq. Mənbə “AzərGold” QSC-dir. 

 

Bu ilin ilk 6 ayı ərzində Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdə aparılan hasilat işləri nəticəsində ümumilikdə 18 min unsiya qızıl, 53 min unsiya gümüşün istehsalı həyata keçirilib. 

 

Qızıl hasilatı plandan 3 faiz, gümüş hasilatı isə 53 faiz artıq yerinə yetirilib. Hesabat dövründə 18 min unsiya qızıl, 42 min unsiya gümüşün dünya birjasında satışı təmin edilib. Qızıl və gümüş ixracı isə müvafiq ardıcıllığa uyğun olaraq plandan 31 faiz və 74 faiz artıq icra edilib. Birinci yarımil ərzində qiymətli metalların daxili və xarici bazarlarda satış əməliyyatları nəticəsində 73 milyon manat gəlir əldə edilib. Bu vəsaitin 61 milyon manatını ixrac gəlirləri təşkil edib.

Birinci yarımildə dövlət büdcəsinə vergi formasında ödənilən vəsait isə 15 milyon manata yaxın olub. Hesabat dövründə təqribən 2 milyon manat DSMF-yə vəsait köçürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Ağayev Rahim Əlifağa oğlunun qanunsuz əməlləri ifşa olunub.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib. 

Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətlə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə kömək göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşdirilib.

Rahim Ağayevin xidməti otağında axtarış aparılmaqla iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Rahim Ağayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin və cinayətə aidiyyəti olan şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)

Günün fotosu: Taliblər qadın salonlarını bağlayırlar

 

Öncələr əfqan qızlarına məktəbə getmək, qadınlarına bir çox sahələrdə çalışmaq, yanlarında kişi olmayanda səyahət etmək qadağan edilmişdi.

İndi isə Talibistan hökuməti qadın gözəllik salonlarının bağlanılması göstərişini verib. Bu həm ölkə daxilində, həm də xaricdə böyük narazılıqlar yaradıb.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)

Rəsm qalereyası: “Veneranın doğulması”, Sandro Botiçelli

Cümə axşamı, 06 İyul 2023 16:00

“Möcüzələrə inanıram...”

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Hər bir bölgənin parlaq istedadlı adamları olur. El onlara dayaq duranda, meydan verəndə, yol açanda üzləşdikləri sədləri aşa bilirlər. Nəticədə hamının tanıdığı məşhurlara çevrilirlər. Vay o gündən ki, bu amansız dünyada hər yerdə təkbaşına- yalqız qalasan. İrəlilədikcə məkrli əllər sinəndən vurub, səni dayandırsın. Dəyanət də bizim ata-baba yurdumuz- Yardımlının yalqız qalan şairlərindən biridir. Necə deyərlər, nə arxası var, nə də bahalı çuxası...

 

Bəli, bu gün sizə şair, publisist Dəyanət Səlimxanlıdan söhbət açmaq istəyirəm. O, Dəyanətdən ki, 1960-cı ilin iyul ayının 1-də Yardımlı rayonunun Çanaxbulaq kəndində dünyaya gəlib. Doğma kənddə yeddiillik məktəbi bitirdikdən sonra qonşu Bərcan kəndində tam orta təhsilə yiyələnib. 1983-1989-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil alıb. 1990-cı ildə əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 2 saylı yataqxanada tərbiyəçi müəllim kimi başlayıb. Bir il orada çalışıb. Sonra qismətinə "Açıq söz" qəzetində müxbir, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmək düşüb. Daha sonra bir müddət fərdi yaradıcılıqla məşğul olub...

 

Onu görəndə həmişə Əbdülrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” əsərinin adı yadıma düşür. 2009-cu ildə Təbrizə üz tutur. Düşünür ki, yeni yazacağı kitab ona uğur gətirəcək. O da kasıblığın daşını atıb ev-eşik sahibi olacaq. Və...

 

Deyir ki:- “Əndəbil Təbrizin VIII əsrlik tarixə malik olan və əsasən də seyidlər yaşayan qədim tiklilər və  abidələrlə zəngin turizim kəndidir. Bu kəndlə tanışlığımızın tarixi 2009-cu ilin iyun ayından başlayır. İsti bir yay günündə kəndə ilk səfərimiz oldu. Kənd camaatı bizim qardaş Azərbaycandan gəlişimizi böyük sevinclə qarşıladılar. Gəlişimizin məqsədini biləndə, bu kəndin görkəmli Azərbaycan yazıçısı, böyük ədəbiyyatşunas alim Mircəlal Mirəliəşrəf oğlu Paşayevin ata yurdu olduğunu bildirdilər. Onların yaşadığı Əliəşrəf dərbəndini bizə göstərdilər. Evin qapısını üzümüzə doğma ocağın sakini olan Mirhüseyn Cavanmərd açdı. Mirhüseyn Mirmaqsud oğlu Cavanmərd görkəmli yazıçı Mircəlal Paşayevin bacısı nəvəsidir. Nənəsi Rüqəyya xanım Mircəlal Paşayevin bacısıdır. Mirhüseyn Cavanmərd o vaxt Cənubi Azərbaycanın “Zərrin- Jarin, Marina” şirkətinin Təbriz-Urmiya, Ərdəbil-Zəncan üzrə satış müdiri işləyirdi. Eyni zamanda Təbrizdə topdan satış yağ ticarəti ilə məşğul olurdu...”

 

Dəyanət bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. "Qayıt ata" adlı ilk şeiri 1983-cü ildə "Azərbaycan qadını" jurnalında işıq üzü görüb. Bəstəkar Ələsgər Abbasovun bu şeirə bəstələdiyi mahnı Bakıda keçirilən "Odlar yurdu - 90" festivalında üçüncü yerə, 1991-ci ildə Orta Asiyada keçirilən "Ümumşərq xalqlarının musiqisi" festivalında isə birinci yerə layiq görülüb və o dövrün "Komsomolskaya pravda" qəzetinin diplomu ilə mükafatlandırılıb. Onun “Anam dua oxumasa” adında ilk kitabı 1992-ci ildə dərc olunub. “Qayıt ata” kitabı isə 2002-ci ilə təsadüf edir. Səhv etmirəmsə, sonradan daha iki kitabı da işıq üzü görüb...

 

Dəyanət sözünü davam etdirərək:- “Mirhüseyn Cavanmərd bizi baba və dayılarının məskunlaşdığı kəndin qədim tarixi ilə tanış etdi. Dayısı Mircəlal Paşayevin təhsil almaq üçün 1920-ci ildə Şimali Azərbaycana getməsi ilə bağlı nənəsi Rüqəyya xanımın xatirələrini danışdı: “Nənəmin 6 qardaşı olub. Biri cavan dünyasını dəyişib. Digərləri isə ali təhsil alaraq, elm aləminə böyük naliyyətlər bəxş ediblər. Dayım Mircəlal və Mirxəlil isə Şimali Azərbaycanda yaşayıb orada da dünyalarını dəyişiblər. Yaxşı yadımdadır 2004 və 2005-ci illərdə Mircəlal dayımın oğlu Hafiz Paşayev ata yurdunda qonaq oldu. Birinci səfərində yarım saat, ikinci səfərində isə bir saat istirahət edib nənə və babalarının ruhunu yad etdi. Bu doğma yurd, bu doğma ocaq bizim üçün əzizdir. Mən baba yurdumu dayım Mircəlalın yaşadığı evi təmir etdirib, ona yeni bir görkəm, yeni bir ruh vermişəm. Belə bir fikrim var ki, yaxın gələcək üçün evin bir mənzilində Mircəlal dayımın ev müzeyini yaradım.” 

Mirhüseyn Cavanmərd Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu taya bir neçə dəfə qonaq gəlib. Və hər gəlişində də dayısının ikinci fəxri xiyabanda olan məzarını ziyarət edib, ruhuna dualar oxuyub.”- söyləyir.

 

Dəyanət Səlimxanlı ömrünün böyük bir hissəsini arxada qoysa da, hələ də keçmiş ali partiya məktəbinin yataqxanasında oğlu, iki bacısı və bacısı uşaqları ilə kirayədə qalır. Min cür əziyyətlərə sinə gərir və ümidini Allahdan üzmür. İnanır ki, nə vaxtsa taleyi üzünə güləcək...

 

Bəli, o artıq 63 yaşına qədəm qoyub. Nəzərə alanda ki, Napoleon 30 yaşından o boyda Fransiyaya rəhbərlik edirdi və eləcə də Həzi Aslanov 33 yaşında artıq general idi, onda Dəyanətin taleyinə təəssüflənməmək olmur. Belə məsəlləri uzatmaq da olardı, amma nə fayda? El arasında deyildiyi kimi- “Artıq qatar gedib.” Fəqət möcüzələrə inanıram...

 

Əlimizdən nə gəlir? Biz ancaq onu ad günü münasibətilə təbrik edib sevindirə bilərik. 

Yeni yaşın mübarək, Dəyanət Səlimxanlı!..

 

Yeri gəlmişkən, Dəyanətdən bir bənd:

 

Baş yastığın gözlərimin bəbəyi,

Kipriklərim gül üzünün örpəyi.

Gecələsən, gözlərimdə gecələ,

Bəlkə onda gözlərim də dincələ...

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən sevilən şairimiz Əlizadə Nuri sizlərin görüşünə gəlib. Bu dəfə o, “Çətin səndən sonra bu şəhər qala” deyir. 

 

Çətin səndən sora bu şəhər qala…

 

Tüstünün içində boğulan damam,

Dünən oğlum idim, sabah atamam.

Mən paxıl adamam, paxıl adamam-

Qoymaram kiməsə bu kədər qala.

 

Dünyanı böldünüz belə kəm düşə?

Min sevinc içindən mənə qəm düşər.

Əlinə sehirli bir qələm düşə,

Hamını pozasan…bir nəfər qala.

 

Ya tanrı gizlədib, ya cahan səni,

Bu könül saraydı-gəzir xan səni….

Axtara, tapmaya bu oğlan səni

Bu dərdin əlində dərbədər qala…

 

Əllərim uzanan ətəkdi adın, 

Bir az bal götürüm-pətəkdi adın.

Dünya bir güldandı, çiçəkdi adın-

Bu güldan köhnəlsə, adın tər qala.

 

Düşür GÜL-ÖMÜRDƏN hər gün bir ləçək…

Gətir əllərini-üşüyür əlcək.

…Bir gün uzaqlara  köçüb gedəcək-

Çətin səndən sonra bu şəhər qala…

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

16 –cı dərc

 

Polkovnik fikirləşirdi. Bəxtiyara İsfəndiyarın yaxın dostlarından başlayacaqlarını dedikdə, bunun səbəbini açıqlamasa da, ilk əvvəl illərlə saxladığı, heç kimlə bölüşmədiyi şübhələrini yoxlamağı düşünmüşdü. Xüsusilə də Səlim haqqındakı şübhələrini. Hətta Səttar sağ olsaydı belə, yenə onu yoxlamağı sadiq tələbəsinə tapşıracağını, Səlimi isə özü yoxlayacağını bilirdi.

Onun yaşadığı villasının yerini çoxdan bələdləmişdi. Məlumatı aldıqdan sonra isə, yanında qalan sevimli nəvəsinin həftənin cüt günlərində, axşam saat 8-də evdən çıxıb məşqə getdiyini öyrənmişdi. Oğlanı Səlimin həmişə kostyumda olan sürücüsü aparır, saat yarımdan sonra geriyə, evə gətirirdi.

Özünü məhz məşq günü, saat 8-də Səlimin villası qarşısında halı pisləşmiş kimi göstərərək avtonom rejimdə işləyən, olduqca kiçik ölçülü, birdəfəlik istifadə üçün nəzərədə tutulmuş mikrofonu ona su gətirən sürücünün pencəyinin cibinə atmış, bundan sonra yaxınlıqda onu gözləyən maşına oturub göndərdiyi kitabın Səlimə çatmasını gözləmişdi.

Kitab Vidadi Babanlının «Vicdan susanda» romanı idi. Xidmətçi qadının «Dostlarınız göndərib, dedilər sizə aid kitabdır» sözlərindən sonra bağlamanı açıb kitabın adını görən Səlimin sürücünü dərhal geri çağırması, həyəcanlı şəkildə nəvəsinə evdən çıxmağı qadağan etməsi bütün bunları qulaqcıqlarda dinləyən polkovnik Dadaşzadəyə çox şeydən xəbər vermiş, həmin andan adamlarına Səlimi bir an da gözdən qoymamağı tapşırmışdı.

Səlim həyatda çox şeyə nail olmuş ağıllı adam idi. Bəzi sözlər kimi, dost sözünün də dırnaq arasında işlənərkən hansı mənanı verdiyini bilirdi. Xidmətçi qadının dediyi sözlərdən sonra kitabı göndərənlərin dostları ilə heç bir əlaqəsi olmadığını, əksinə, bunun dırnaqarası mənada deyildiyini gözəl başa düşmüş, dərhal təhlükəsizlik tədbirlərini almış, ilk növbədə isə məşqə gedən sevimli nəvəsini qorumaq üçün təcili geriyə çağırmışdı.

Hər şey təxminən aydın idi. Ancaq bu təxminəni də aradan qaldırıb tam əminlik əldə etmək üçün indi onu ikinci, sonuncu yoxlama gözləyirdi. Bu yoxlama ilə polkovnik Səlim haqqında olan-qalan şübhələrinə son qoyacaq, eyni zamanda onun ilk növbədə kimlərlə kontakta girəcəyini öyrənməyə çalışacaqdı.

 

* * *

Məhəlləmizin Kərbəlayi Meydan kişinin rəhbərlik etdiyi «torağaylar» qrupunun üzvü kimi, səhər tezdən oyanmağa vərdiş etdiyimi sizə demişdim. Ancaq bəzi hallar var idi ki, bu zaman, növbəti gün gümrah olmaq üçün saat 9-a, bəzən isə 10-a qədər yatmağı lazım bilirdim. Kim əvvəlki söhbətlərimdən məni tanıyırsa, belə günlərdə məni yatmağa qoymayan qonşu xoruzunu da tutub başını kəsdiymi xatırlayır. Bu hərəkətimə görə kimsə əvvəlcə məni qınamışdısa, sonradan, yaxından tanıyandan və səbəbini biləndən sonra o zəhlətökən yapon xoruzunu kəsməyimə bəraət vermişdi.

Bu səhər də belə səhərlərdən biri idi. Şifrin üzərində gecə saat 3-ə qədər baş sındırmışdım. Ayrı-ayrılıqda hər bir məzar daşındakı tarixlərin rəqəmləri ilə başdaşındakı misraların hərflərini nömrələyib sıraladıqda, alınmış kombinasiyalarda rabitəsiz hərf yığınından başqa bir şey ortaya çıxmamışdı.

Bundan sonra doğum və ölüm tarixlərindəki rəqəmlərin cəmini həmin üsulla tətbiq etmiş, hətta Ömər Xəyyamın farsca yazdığını nəzərə alıb, misraları sağdan sola nömrələməyim də bir nəticə verməmişdi. Bir sözlə, hələ ki, şifr mənimçün qaranlıq olaraq qalırdı.

Asta addımlarla yataq otağına girib sakitcə yerimə uzananda isə yorğanı üstümə çəkməyə macal tapmamış qazdan ayıq yatan Gülü oyanıb bir anda qarnımın üstündə oturmuş, onun  nazik gecə köynəyindən başqa heç bir şey geyinmədiyi qaynar bədəninin təmasını duyarkən saat 3-də yuxuya getmək barədəki planlarımı bir qədər korrektə etməli olmuşdum, sevdiyim qadının ehtiraslı pıçıltılarının müşayiəti ilə keçən növbəti iki saatdan sonra telefonun zəngli saatını 9-a qurub yuxuya getmişdim.

-Cənab tənbəl detektiv, səhər yeməyi hazırdır, gəlirsiz?

Zəngli saatın səsini eşidən Gülü qalxmaq vaxtımın olduğunu başa düşüb məni səslədi.

-Əgər bu səhər yeməyindən sonra gecəkinin təkrarını tələb edəcəksinizsə, o zaman mən səhər yeməyindən imtina edirəm, -zarafatca cavab verdim.

Gülü qaşlarını yuxarı qaldırıb ciddi görkəm almağa çalışsa da, gülməyini saxlaya bilmədi.

-Bunu necə başa düşək, cənab?

-Bunu, yaşlaşmaqda olan zavallı bir kişinin imdadı kimi qəbul edin, xanım.

-Sənsən yaşlaşan zavallı kişi? Dur, dur görək, çayı yarım saatdı dəmləmişəm, köhnəlir, yuyun gəl, -Gülü dartıb yorğanı üstümdən çəkdi.

-Onda tələsmə, duş qəbul edim, sonra süfrəyə oturarıq. Çaya heç nə olmaz.

İyirmi dəqiqədən sonra yuyunub, geyinib süfrədə oturmuşdum. Gülünün süfrəsindəki təamlar srağagün səhər Xaçmazda yediyim səhər yeməyindən heç də geri qalmırdı. Ancaq təmiz meşə havasını açıq pəncərədən içəri dolan mikrorayan havası, bulaq şırıltısını isə həmin pəncərədən gələn avtomobil səsləri ilə heç cür müqayisə etmək olmazdı. Gərək vaxt tapan kimi Gülünü də götürüm, gedim bir gecə «Çənlibel»də qalım.

Bu gün ikinci konvertdə ünvanları mənə verilən adamlarla görüşməyə çalışacaqdım. Əsas məni maraqlandıran, vaxtilə ekspertiza rəylərini imzalamış məhkəmə tibb ekspertləri idilər. Üç ekspertdən biri vəfat etsə də ikisi həyatda idi. Bu mənə bəs edirdi. Onlara verəcəyim bəzi sualların cavabları maraqlı ola bilərdi.

-Birini də süzüm?

Gülünün səsi məni fikirdən ayırdı.

-Yox, bəsdi, hazırlaşım çıxım.

Axşam qoburu silahla bir yerdə çıxarıb başımın yanına qoymuşdum. Yataq otağına keçib qoburu çiyinlərimə keçirdim. Geri çevriləndə Gülünü qapının arasında dayanan gördüm.

-Bu iş tezliklə bitsin, səni yaxşı bir yerə aparacam.

-İnşallah.

-Daha çıxım, işim çoxdur.

-İşin avand olsun.

-Sağ ol.

Dəhlizə birlikdə keçdik. Gülü pencəyimi asılqandan götürüb geyinməyimə kömək etdi. Ayqqabılarımı geyinib sağollaşıb evdən çıxdım.

Ekspert komissiyasının sədri olmuş Matvey Semyonoviç Proxorov Biləcəridə yaşayırdı. İkinci ekspert isə bu yaxınlarda, dördüncü mikrorayonda qalırdı. Ondan başlayacaqdım.

Rasim Məmmədovun ünvanına iyirmi dəqiqəyə çatdım. «Xruşovka» tipli binanın üçüncü mərtəbəsində yaşayırdı. Lazım olan mərtəbəyə qalxıb mənzillərin nömrələrinə baxdım. Aha, bu da axtardığım mənzil. Zəngi basıb gözlədim.

-Kim lazımdır? -qapının dalından yaşlı kişi səsi gəldi.

-Zəhmət olmasa deyin, Rasim müəllim evdədir?

Qapının kilidi şaqqıltı ilə açıldı.

-Buyurun, sizi eşidirəm.

İlk baxışdan Rasim müəllimə altmış yaş vermək olardı.

-Salam, Mən Bəxtiyar Nəzərliyəm. Detektiv fəaliyyəti ilə məşğul oluram. Sizdən bir neçə sualıma cavab vermənizi xahiş edirəm.

Rasim müəllim diqqətlə mənə baxdı. Sonra qapıdan kənara çəkilib məni içəri dəvət etdi.

-Buyurun içəri, əgər buraya qədər gəlmisizsə, deməli vacib məsələdir.

-Çox sağ olun.

Rasim müəllimin evi ortastatistik vətəndaşın evi idi. Sadə, səliqəli. Qonaq otağının pəncərəsindəki tül pərdənin arxasından görünən eyvan müxtəlif güllər əkilmiş dibçəklərlə dolu idi.

Güllərə baxdğımı görən Rasim müəllim dedi:

-Yoldaşım həvəskardır. Harada özündə olmayan bir gül növü görsə, o dəqiqə gətirir, şitil edib dibçəyə əkir.

-Çox gözəl xobbidir. Gülləri sevən insanın təbiəti də gözəl olar.

-Hə, elədir, çox mülayim həyat yoldaşım var. Dükan-bazara çıxıb, indilərdə qayıdar, bizə bir yaxşı çay verər. O vaxta qədər isə söhbətimizi edərik.

Rasim müəllimin sadə biri olması və məni belə qarşılaması çox yaxşı oldu. Daha mətləbə keçə bilərdim.

-Sizi otuz il əvvəl baş vermiş və ölümlə nəticələnmiş bir yol-nəqliyyat hadisəsi ilə bağlı narahat edirəm. Siz də həmin vaxt ekspert komissiyasının üzvü olmusuz.

Qəsdən hadisəni yol-nəqliyyat hadisəsi kimi qələmə verdim. Əgər nə isə xatırlayarsa, Rasim kişi məhz yol-nəqliyyat hadisəsini xatırlayacaqdı.

-Otuz il… Yadıma salın, o hansı hadisə idi?

-Gənc bir oğlanı Çəmbərəkənddə gecə saatlarında maşın vurmuş, sürücü hadisə yerindən qaçmışdı.

Rasim müəllim bir qədər fikrə getdi. Sonra birdən dilləndi.

-Çəmbərəkənd… Dayan, dayan, bu İsfəndiyar Mövlayevin oğlunun maşınla vurulması hadisəsi deyil ki?

-Özüdür ki, var. Həmin hadisəni nəzərdə tuturam.

-Yaxşı, bəs sizi nə maraqlandırır?

-Hər şey. Xatırladığınız hər bir şey.

-Bilirsiniz, İsfəndiyar Mövlayev çox tanınmış adamdır. Ona görə də o hadisə mənim yadımda qalıb. Biz komissiyada üç nəfər idik. Komissiyanın sədri Matvey Semyonoviç həmin dövrün ən tanınmış məhkəmə tibb eksperti idi, bizim də müəllimimiz olmuşdu.  İndiki kimi yadımdadır, oğlanın meyitini müayinə etdikdən sonra onun gəldiyi ilk qənaət bu oldu ki, oğlanı maşın vurmayıb, hansısa küt alətlə, ola bilər ki, dəmir parçası ilə qətlə yetirilib. Amma bu ilkin qənaət idi. Belə xəsarətlər bəzən ön tərəfi düz olan, məsələn «UAZ» markalı maşınla vurulmuş adamlarda ola bilirdi. Həmin maşınları yəqin xatırlayırsınız, təxminən bizim indiki «Ambulans»ın kiçik və primitiv forması.

-Xatırlayıram, əlbəttə xatırlayıram. Ural Avtomobil Zavodunun istehsalı. Həmin dövrlərdə belə maşınlar çox idi şəhərdə. Bir çox müəssisələrin balansında belə xidməti maşınlar var idi. Salonunun genişliyinə görə «Təcili yardım» maşınları kimi də istifadə olunurdu. Sonra tədricən sıradan çıxdılar.

-Hə, elədir. Bax elə məhz belə xəsarətlər, başqa sözlə, küt alətlə vurularaq öldürülən və ön tərəfi düz olan maşınla vurularaq ölən şəxslərin xəsarətləri bəzən olduqca oxşar xarakterli olur. Belə xəsarətləri yalnız çox təcrübəli ekspertlər ayırd edə bilir. Bayaq dediyim kimi, Matvey Semyonoviç belələrindən idi. Ona görə də növbəti gün onun öz gəldiyi ilkin qənaəti dəyişib oğlanı məhz maşın vurması barədə rəy verməsi bizdə heç bir sual doğurmadı və yekdilliklə rəyi imzaladıq. Müəllimimizin verdiyi rəyi şübhə altına almağa heç bir əsasımız yox idi. İlkin rəy heç də həmişə mütləq olmur.

-Zəhmət olmasa xatırlayın, həmin vaxt Matvey Semyonoviçin əhvalında hansısa dəyişiklik hiss etmədiniz ki?

-Elə bir şey xatırlamıram. Ancaq adətən rəy tərtib olunmamışdan əvvəl həmişə komissiya üzvləri ilə müzakirə edər, bizim fikrimizi soruşar, sonra yekun qərar verərdi. Bu məsələdə isə sadəcə qərar verib rəyi imzalamağımızı istədi. Hə, bir də ki, bir neçə gün sonra hərəmizə yüz rubl verdi. Dedi İsfəndiyar müəllim göndərib, əziyyətimizə görə.

-Bəs sizə qəribə gəlmədi ki, oğlu ölmüş biri, öz işinizi gördüyünüzə görə sizə pul göndərib? Siz ki qeyri-adi, deyək ki, istintaq üçün daha maraqlı olan, məsələn oğlanın qətlə yetirilməsi və sairə kimi bir hal aşkar etməmişdiz.

-İsfəndiyar Mövlayevin çox əliaçıq biri olduğunu şəhərdə hamı bilirdi. Bizim də maaşımız elə yüksək deyildi o dövrlərdə. Ona görə burada qəribə bir şey görmədik. Fikirləşdik, elə deyildiyi kimi, zəhmətimizə qiymət verib. Yəqin bilirsiniz, onunçün yüz, iki yüz rubl pul deyildi. 

Daha sualım qalmamışdı. Ayağa qalxıb Rasim müəllimlə sağollaşdım.

-Bəs çayı gözləmirsiz?

-Sağ olun, getsəm yaxşıdır.

-Sağ olun.

Rasim kişi məni qapıya qədər ötürdü. Bir daha sağollaşıb qapıdan çıxdım.

Rasim müəllimin suallarımı olduğu kimi cavablandırması, hətta onlara yüz manat verilməsi barədə dedikləri onun söhbət zamanı səmimi olduğuna dəlalət edirdi. Özü də heç bir sual vermədi. Əvvəla bu o deməkdir ki, bu məsələdə o təmizdir, narahat olmasına bir səbəb görmədiyi üçün nə xatırladısa danışdı. İkincisi də, uzun illər bu sahədə işləmiş biri kimi, hətta həmin vaxt bir səhvləri olubsa belə, hadisənin üstündən otuz il keçdiyinə görə heç bir məsuliyyət daşımadığını gözəl bilir. Üstəlik də, o danışdıqca mən gözlərinin içinə baxır, hiss etdirmədən verdiyim suallara reaksiyasını izləyirdim. Yox, burada yalan yox idi.

İndi Biləcəriyə getmək olardı. Bunun üçün əvvəlcə «Şamaxinka»ya getməli, orada başqa avtobusa minməli idim. Yolu keçib avtobus dayanacağına tərəf getdim.

Rasim müəllimgilə piyada, Matvey Semyonoviçgilə isə avtobusla getdiyim üçün demək olar ki, hər iki ünvana getməyimə eyni vaxt sərf etdim. İyirmi dəqiqədən sonra Matvey Semyonoviçin mənzilinin qapısı qarşısında idim. Mənzil köhnə ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşirdi. Qapının zəngini basıb gözlədim. Bir azdan qapı arxasından yaşlı qadın səsi soruşdu:

-Kim lazımdır?

-Salam, mənə Matvey Semyonoviç lazımdır.

-Bir dəqiqə gözləyin.

Bir azdan qapı azca aralandı. Gözucu qapının zəncirlə bağlı olduğuna fikir verdim.

-Sizi eşidirəm.

Matvey Semyonoviçin səksənə yaxın yaşı olardı. Arıq, ovurdları batmış biri olan bu adamın qapının çərçivəsinə söykədiyi əli əsirdi.

-Bağışlayın, narahat edirəm, Matvey Semyonoviç. Mən detektiv Bəxtiyar Nəzərliyəm. Otuz il əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bir neçə sualıma cavab vermənizi xahiş edirəm. Yəqin xatırlayarsınız, İsfəndiyar Mövlayevin oğlunu maşın vurması hadisəsi.

-Mən heç nə xatırlamıram, cavan oğlan.

Matvey Semyonoviçin səsi olduqca sərt səsləndi. Həyəcanlandığı da aşkar hiss olunurdu.

-Sizi əmin edirəm ki, narahatlığa bir əsas yoxdur.

-Çıxın gedin, cavan oğlan. Bir daha məni narahat etməyin.

Bu sözləri deyən Matvey Semyonoviç qapını üzümə necə çırpdısa, qapının səsi bütün binada əks-səda verdi. Növbəti cəhdlərimin heç bir nəticə verməyəcəyini və yaşlı insan olan Matvey Semyonoviçin qan təzyiqinin qalxması ilə müşayiət oluna biləcəyini düşünərək sakitcə pilləkənləri enib küçəyə çıxdım.

Həəə, Matvey kişi, deməli torbada pişik var. Bu etdiklərin heç nə xatırlamayan adamın reaksiyası deyil. Heç nə xatırlamayan adam qaşların çatar, üzünə nəsə fikirləşən ifadə qonar, nəyisə yada salmaq üçün bir neçə sual verərdi. Sən isə çox həyəcanlandın. Deməli, söhbətin nədən və kimdən getdiyini dərhal xatırladın. Həyəcanın isə, sənin normal düşünmək qabiliyyətini korşaltdığından, qapını çırpmaqdan başqa ağlına heç nə gəlmədi. Həyəcan, adətən qorxu hissi ilə paralel, ya da ondan bir qədər əvvəl gəlir. Səni qorxudan nədir, qoca? Axı məsələlər belə həll olunmur, əzizim. Qapını çırpmaq heç də çıxış yolu deyil.

Bunları fikirləşə-fikirləşə avtobus dayanacağına çatdım. İşim artdı. Yenə də Arif müəllimə müraciət etməli olacaqdım.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(06.07.2023)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Əyyub Türkayın növbəti uşaq hekayəsini sizlərə təqdim edir. Onu balalara oxuyun, axı balalar üçün ədəbiyyat demək olar ki, heç yazılmır.

         

 

Atam ayaqqabı ustası idi. Onun ayaqqabı təmiri zamanı istifadə etdiyi bıçağı tez-tez götürüb ağacların qabığını cızır, oraya yazılar yazırdım. Bəzən öz adımı, bəzən də dostlarımın adını və ya yaxınlarımın adını yazırdım. Bunu etməklə elə başa düşürdüm ki, görənlər çox razı qalıb mənə təşəkkür edəcəklər. Çünki onların adları ağaclar var olduqca daim budaqlarda görünəcəkdi.

Bir gün yenə həmin bıçağı götürüb bağımızda atamın uzun illər öncə əkdiyi dəmirağacın yoğun budağına dırmaşdım. Bu dəfə mən çox sevdiyim atamın adını səliqə ilə cızıb ağaca yazmağa başladım. Söhbət atamdan getdiyi üçün digərlərindən daha gözəl yazmağa çalışırdım. Həqiqətən də iş bitdikdən sonra gördüm ki, atamın adı hamısının adından daha qəşəng görünür. Sevincək budaqdan yerə hoppanıb bıçağı yerinə qoyduqdan sonra atamın yanına getdim. Əlindən tutub onun üçün maraqlı sürpriz hazırladığımı dedim. Atam da bu sözümə ən azı mənim qədər sevincək oldu. Gülümsəyərək mənimlə dəmirağacın yanına gəldi. Budaqda öz adını görəndə atamın üzündəki gülüş bir anda yox oldu. Qaşlarını çatıb əlini budaqda yazılmış öz adına sürtərək mənə dedi:

-Oğul balam, cızma üsulu ilə sənət əsərləri yaratmaq çox maraqlı işdir. Bu işlər adətən daş, taxta və ya müxtəlif metallardan hazırlanmış əşyaların üzərində edilir. Bu sənətə nəqqaş, oyma sənəti də deyilir. Əgər bu sənət növünə marağın çoxdursa dərsdən sonra boş vaxtlarında səni sənətkar yanına kursa apara bilərəm. Lakin həyətimizdə olan yaşıl ağacların budaqlarını cızıb yaralamaq heç də doğru iş deyil. Ağacların qabıqları onun üçün geyim rolunu oynayır. Bitkini xarici təsirlərdən qoruyur. Eynən bizim əynimizdə olan geyimlər kimi. Geyimlərimiz bizi qışda soyuqdan, yayda isə istidən qoruyur. Ağacların qabığını cızıb yaraladığın üçün onlar yayda Günəşin yandırıcı istisindən, qışda isə şaxta vurması səbəbindən məhv ola bilər. 

Atamın sakitcə mənə səhvimi başa salması məni nə qədər utandırdısa təbiətə vurduğum ziyana görə də bir o qədər utandım. Yaraladığım ağac budağının həmin hissəsinə atamın göstərişi ilə yaş torpaq qoyub bağladım. Bir daha ağaclara ziyan vurmayacağıma dair atama söz verdim.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu gün Əkbər İsmayili (Qalan) öz şeirləri ilə hüzurunuzdadır. 

O, bu dəfə “Özümdən köçürəm” və “Ürəyim sıxılır” söyləyəcək. 

 

 

ÖZÜMDƏN KÖÇÜRƏM

 

Özümdən köçürəm,

Bilmirəm hara!

Haralarda mənə,

İzin verməyir

İstəyirəm qaçam, anılarımdan

Anılar da mənə,

Aman verməyir.

 

 

ÜRƏYİM SIXILIR

 

Ürəyim sıxılır darıxıram mən

Sevgidən qismətim payım olmadı.

Doğuldum payızda yaşadım qışda,

Yazdan bir əlamət, yayım olmadı.

 

Qələmlə dost oldum, kağızla yoldaş

İçimə qapanıb özümdə qaldım.

Söz verdim özümə sevməyim daha,

Hər zaman verdiyim sözümdə qaldım.

 

İndisə təkliyə məhküm olmuşam,

Bəlkə də gərəkdir qədrini bilim.

Allah da nədənsə tək yaşayırmış,

Düşünüm allahı, dərdini bilim.

 

Ədəbiyyat və incəsənət”

(06.07.2023)

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Uğurun bir şərti də sağlamlıqdır.

                                  

Xəstəliyə yenilməyək

Bizim uğursuzluq təsnifatımızda «Xüsusi uğursuzluq» (XU) bölümündə yer alan «xəstəlik» mövzusunda danışmaq zamanı yetişdi. Sağlamlığın fəsadı, orqanizmin fəaliyyətinin pozulması anlamını daşıyan xəstəlik patogen faktorların həmləsi nəticəsində insanın həyat fəaliyyətini pozur, onun əmək qabiliyyətini, sosial faydalılığını əlindən alır.

Hippokrat xəstəliyin səbəbi kimi orqanizmin dörd əsas mayesinin (qan, selik, öd, venoz qan) qeyri-düzgün qarışığında görürdü. Demokrit atomun formasının dəyişməsini və düzgün yerləşməməsini xəstəlik törədən səbəb elan etmişdi. İbn Sina xəstəliyin arıq və kök, gödək və hündür adamların fərqli bədən quruluşunda daha fərqli inkişaf keçməsini mikroorqanizmlər barədə dolayısı ilə danışmaqla izah etmişdi. Sonra zaman-zaman alimlər və mütəxəssislər xəstəliyə fərqli-fərqli səbəblər göstərmiş, təriflər vermişlər.

Görünən dağa nə bələdçi. Gün kimi aydındır ki, hansı tərif verməyindən, yaranmasına nələri səbəb gətirməyindən asılı olmayaraq xəstəlik həyatı büsbütün rənglərindən məhrum edən bir nəsnədir, istər mexaniki, istər fiziki, istər kimyəvi, istər bioloji, istər də psixogen – yaranışı hansı səbəbdən olursa-olsun xəstəlik sonda insanı yataq xəstəliyinədək, ölümədək aparıb çıxara bilir.

Xüsusən ətraf mühitin kəskin hücumunu şərtləndirən (ekoloji tarazlığın pozulması, informasiya-kommunikasiya texnologiyalarının məişətdə hədsiz dərəcədə nüfuzu, kimyəvi qida əlavələri ilə tədrici zəhərlənmələr və s.) hazırkı durumda bu və ya digər xəstəliklərin sürətlə artması, immun sistemi və müqaviməti get-gedə zəifləyən stasistik insanın bu hücuma qalxan qaldıra bilməməsi 3-cü minilliyin insanını fakt qarşısında qoyur. Bu gün insana həm molekulyar, həm xromosom, həm hüceyrəvi, həm orqan xəstəlikləri hərtərəfli basqı edir. Son onillikdə dünyada insan ömrünə son qoyan ən əsas xəstəliklər formalaşıb ki, onların sırasında ürəyin işemik xəstəliyi, insult, aşağı nəfəs yollarının respirator infeksiyaları, ağciyərin xroniki obstruktiv xəstəliyi əsas yer tutur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünya üzrə təkcə ağciyər xərçəngindən və diabetdən 4 milyona yaxın insan həyatını itirir.

Bu gün insanların uğursuzluq sindromunda, həyatdan küskünlüyündə xroniki xəstəliklərin böyük çəkisi var. İnsanlar əllərində qorxulu diaqnoz barədə həkim epikrizi, rentgen şəkli tutaraq bəzən, sadəcə, ölümlərinin gəlişini gözləyirlər. Amma bir şeyin fərqində deyillər: hətta müalicəsi tibb elminə bəlli olmayan xəstəliyə belə təslim olmadan yaşamaq və ömür sürmək mümkündür. Əvvəlki hissələrdən birində, xatırlayırsınızsa, sizə 82 yaşında prostat vəzi xərçəngindən qurtulmağı bacaran Uorren Battet barədə yazmışdım. Güc, iradə, dözüm və inam! Bax bunların sayəsində istənilən nəticəni hasil etmək olar.

Xəstəliyə yenilməməyin ən vacib şərti sağlam həyat tərzi keçirməklə yanaşı vaxtaşırı profilaktika üçün həkim qəbuluna getmək də hesab olunur. Sağlamlığına münasibətdə 3 insan tipi müşahidə olunmaqdadır: vaxtaşırı profilaktika üçün həkim qəbuluna gedənlər; xəstəliyin ilk əlamətləri hiss ediləndə həkim qəbuluna gedənlər; xəstəlik tüğyan edəndə həkimə aparılanlar.

Razılaşın ki, 2-ci və xüsusən də 3-cü tipin nümayəndəsi olmaq yolverilməzdir.

 

                               *           *          *

Bu yerdə, əziz oxucularım, mən sizə ən son illərin fenomen bir şəxsiyyətinə çevrilmiş azərbaycanlı İlham Zəkiyev barədə də söz açmaq, onu bir əyilməzlik, sınmazlıq etalonu kimi örnək gətirmək istəyirəm.

1999-cu ildə hərbi xidmət keçərkən İlham Qarabağda, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində erməni snayperinin gülləsinə tuş gəldi. Atəşkəs rejiminə baxmayaraq silahı susdurmayan erməni silahlıları tərəfindən 18 yaşlı serjant ağır yaralandı, güllə onun sağ gicgahından girib sol gicgahından çıxmışdı. 5 gün koma vəziyyətində qalan gəncin sağalacağına heç kəs inanmırdı. Amma o, görmə qabiliyyətini büstütün itirsə də həyat sevgisi hesabına sağaldı, ayağa durdu.

Əlbəttə, 18 yaşında dünya işığından məhrum olmaq bir gənc üçün taleyin ən böyük zərbəsi hesab olunar. Adi bir uğursuzluqdan, kiçicik bir problemdən sınan, həyatdan küsən gənclərimiz məgər azdırmı?

İlhamsa dövlətin hesabına xarici ölkədə müayinə edilib müalicə alarkən görmə qabiliyyətinin bərpasının mümkünsüz olması barədə eşitdiyi xəbərdən belə sınmadı, həyatdan küsmədi, vətəninə yenə də faydalı olmaq, ailəsinə yük olmaqdansa dəstək olmaq düşüncəsi ilə paralimpiya hərəkatına qoşuldu. Cüdo idman növündə axtardığını mütləq tapacağına bir əminlik yarandı onda. Gərgin məşqlər özünəinam hissləriylə, özünəgüvənlə birləşdi, hətta ilk dövrdəki uğursuzluqlar belə onu sındırmadı. 2004-cü ildə İlham Afinada paralimpiya oyunlarında bütün rəqiblərinə üstün gələrək Paralimpiya çempionu oldu, ardınca Avropa və Dünya çempionluqları gəldi.

2008-ci ildə Pekində qəhrəmanımız dalbadal ikinci dəfə Paralimpiya çempionluğu zəfərini yaşadı.

Hazırda İlhamın medal qarderobu çox zəngindir, ikiqat Paralimpiya, ikiqat dünya, altıqat Avropa çempionu, 2015-ci il Bakı Avropa Oyunları çempionu olan, ölkənin  «Tərəqqi» medalına, «Şöhrət» ordeninə layiq görülən İlhamın daha bir qələbəsi ailə həyatı qurmasıdır. İndi İlhamın iki oğlu, bir qızı var.

Müasir dövrdə dünya film industriyası uydurma qəhrəmanlar ixrac edirlər. Bir ucdan detpullar, X-mənlər, hörümçək-adamlar, tonistarklar, klarkkentlər yaranmaqdadır. Zənnimcə, İlham Zəkiyev obrazı canlı, real qəhrəman tapmayan dünya sinematoqrafiyası üçün olduqca cəlbedici ola bilər.

Ey qarşılıqsız sevgi, işsizlik, xəstəlik, maddi çətinlik problemi ilə küskünləşmiş motivasiya axtaran insan! Sənin üçün ən böyük motivasiya  İlham Zəkiyev ola bilər!

Dünyada «dünya işığı» adlandırdığımız görmə qabiliyyətindən gözəl nə ola bilər? Amma bu gözəlliyi itirən, üstəlik, dəhşətli, dözülməsi mümkünsüz ağrılar keçirən bir gənc əgər sınmırsa, əlilliyə və ağrılara meydan oxumaqla həyatın özündən qisas ala bilirsə, qazandığı hər bir parlaq idman qələbəsi ilə ona ölüm hökmü çıxaranları mənəvi cəhətdən min yol öldürürsə, belə bir şəxsdən örnək götürüb öz xırda problemlərinə yenilmə, əziz ümidsiz oxucum!

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.