“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Əyyub Türkayın növbəti uşaq hekayəsini sizlərə təqdim edir. Onu balalara oxuyun, axı balalar üçün ədəbiyyat demək olar ki, heç yazılmır.
Atam ayaqqabı ustası idi. Onun ayaqqabı təmiri zamanı istifadə etdiyi bıçağı tez-tez götürüb ağacların qabığını cızır, oraya yazılar yazırdım. Bəzən öz adımı, bəzən də dostlarımın adını və ya yaxınlarımın adını yazırdım. Bunu etməklə elə başa düşürdüm ki, görənlər çox razı qalıb mənə təşəkkür edəcəklər. Çünki onların adları ağaclar var olduqca daim budaqlarda görünəcəkdi.
Bir gün yenə həmin bıçağı götürüb bağımızda atamın uzun illər öncə əkdiyi dəmirağacın yoğun budağına dırmaşdım. Bu dəfə mən çox sevdiyim atamın adını səliqə ilə cızıb ağaca yazmağa başladım. Söhbət atamdan getdiyi üçün digərlərindən daha gözəl yazmağa çalışırdım. Həqiqətən də iş bitdikdən sonra gördüm ki, atamın adı hamısının adından daha qəşəng görünür. Sevincək budaqdan yerə hoppanıb bıçağı yerinə qoyduqdan sonra atamın yanına getdim. Əlindən tutub onun üçün maraqlı sürpriz hazırladığımı dedim. Atam da bu sözümə ən azı mənim qədər sevincək oldu. Gülümsəyərək mənimlə dəmirağacın yanına gəldi. Budaqda öz adını görəndə atamın üzündəki gülüş bir anda yox oldu. Qaşlarını çatıb əlini budaqda yazılmış öz adına sürtərək mənə dedi:
-Oğul balam, cızma üsulu ilə sənət əsərləri yaratmaq çox maraqlı işdir. Bu işlər adətən daş, taxta və ya müxtəlif metallardan hazırlanmış əşyaların üzərində edilir. Bu sənətə nəqqaş, oyma sənəti də deyilir. Əgər bu sənət növünə marağın çoxdursa dərsdən sonra boş vaxtlarında səni sənətkar yanına kursa apara bilərəm. Lakin həyətimizdə olan yaşıl ağacların budaqlarını cızıb yaralamaq heç də doğru iş deyil. Ağacların qabıqları onun üçün geyim rolunu oynayır. Bitkini xarici təsirlərdən qoruyur. Eynən bizim əynimizdə olan geyimlər kimi. Geyimlərimiz bizi qışda soyuqdan, yayda isə istidən qoruyur. Ağacların qabığını cızıb yaraladığın üçün onlar yayda Günəşin yandırıcı istisindən, qışda isə şaxta vurması səbəbindən məhv ola bilər.
Atamın sakitcə mənə səhvimi başa salması məni nə qədər utandırdısa təbiətə vurduğum ziyana görə də bir o qədər utandım. Yaraladığım ağac budağının həmin hissəsinə atamın göstərişi ilə yaş torpaq qoyub bağladım. Bir daha ağaclara ziyan vurmayacağıma dair atama söz verdim.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)