Super User

Super User

Bazar ertəsi, 10 İyul 2023 12:30

45 min 117 kredit və 8 min qeydiyyat

“Ədəbiyyat və incəsənət” portalı Açıq portfel rubrikasında sizə iki statistik məlumatı təqdim edir.

Birinci məlumat: İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) məlumatına görə, Fondun xətti ilə indiyədək 45 min 117 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 664 milyon 164 min 941 manatdır.

İkinci məlumat: Dövlət Vergi Xidmətinin məlumatına görə, cari ilin 6 ayı ərzində 8 min 12 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların da 87,9 faizi yerli investisiyalı, 12,1 faizi isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,3 faizi elektron qaydada qeydə alınıb. 

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (FİN kod+mobil nömrə) 2023-cü ilin 6 ayında 6 min 989 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. 

Bu ilin 6 ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 17 faiz artıb. 

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

“Həsrətinin yollarındayam”, “Yenə o bağ olaydı”, “Mənə dəniz verin”, “Əzizizm”, “Kim bilir”… Hər müğənninin bu qədər hit mahnısı olmaz. Amma Eyyub Yaqubovda var…

 

Avqustun 19-20-də Yaşıl Teatr Bakı Konsert Kompleksində Eyyub Yaqubov və "Big band sound pro" qrupunun birgə konserti təşkil olunacaq. Fuad Musayevə aid “Big band sound pro” qrupunun müşayiəti ilə Xalq artistləri Eyyub Yaqubov, Cavan Zeynallı və qrupun bədii rəhbəri Fuad Musayev bənzərsiz ifaları ilə tam fərqli şou formatında yenidən tamaşaçıların qarşısına çıxacaqlar.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə növbə “Dərgidə kitab”ındır. Türk yazarı Ömər Seyfəddinin “Üç nəsihət”ini dilimizə Azad Yaşar çevirib.

 

 

DƏRGİDƏ KİTAB                                                     

 

Ömər SEYFƏDDİN

(1884-1920)

 

Türk nasiri, yazıçısı və şairidir. 36 illik qısa ömrünə o həm də hərbi və pedaqoji fəaliyyəti sığdıra bilib.

Türk ədəbiyyatında qısa hekayə janrının banilərindən biri olmaqla yanaşı, ədəbi dilin sadələşdirilməsinin təəssübkeşi kimi də tanınıb.

Ədəbiyyatda türkçülük cərəyanının başlıca təmsilçilərindəndir.  

 

 

ÜÇ NƏSİHƏT

 

Durmuşun anasından başqa bir kimi-kim­səsi yox idi. Kasıb olsa da, cavan idi, güc­lü idi. İki ökü­zü­nün biri öləndən sonra daha tarlasını da şumlaya bilmədi.

Pul qazanmaqdan, təkrar əkinçiliyə girişmək­dən ötrü qürbət ellərə yollanmaq qərarına gəldi. Qürbət isə İstanbul demək idi. Həmin kənddə çarəsiz qalan, işi­nin axarı pozulan hər kəs İstanbula üz tuturdu axı. Durmuş da yol torbasını çiyninə aldı. Çarıqları­nın iplərini sıxdı. Əlinə bir dəyənək aldı. Qür­bətə gedənlərə qoşuldu. Dərələr, təpələr aşdı. Ən nəha­yət, İstanbula yetişdi.

İlk iki günü həmyerlilərinin yı­ğış­dığı qəhvəxanada gecələdi. Hansı işə girişəcə­yi­ni bilmirdi, çünki bir işi-peşəsi yox idi. “Ən azından nö­kərçilik edim” – dedi. Qapı-qapı dolaşmağa başladı. Bir həftəni belə yola versə də, uyğun bir iş tapa bilmədi.

Bir gün qəhvəxanada ona Müstəqim əfəndi adlı biri­sinə müraciət eləməyi məsləhət gördülər, evi Ədir­nə­qapı tərəfdə imiş.

Durmuş üzündən nur yağan həmin ahıl əfəndini tapdı. Ağsaqqal adam idi. Ətə­yini öpdükdən sonra dedi:

– Nökər axtarırmışsınız, məni işə götürün, əfən­dim, – dedi.

Müstəqim əfəndi onu təpədən-dırnağa süzdü, ha­ralı olduğuyla maraqlandı.

– Qastanboludanam, – dedi.

– Evlisən?

– Yox.

– Ata-anan varmı?

– Təkcə anam var. Atam rəhmətə gedib...

– Bəs İstanbula nə vaxt gəlmisən belə?

– On gün əvvəl...

– Bu on gün boyu boş-bikarmı dolaşmısan?

– İş axtarırdım.

– Tapa bildinmi?

– Tapmadım.

Sonra ev sahibi onun qazanacağı pulu nəyə xərcləyəcəyi, bir borcu olub-olmadığıyla da maraqlandı. Durmuşun verdiyi cavablardan məmnun qaldı.

– Yaxşı, oğlum, – dedi. – Səni yanıma almağa razıyam, ancaq... çox pul ödəyə bilməyəcəyəm...

Durmuş dedi:

– Mən sizdən çox pul ummuram ki, əfəndim.

– Amma mən sənə hədsiz az pul verəcəyəm.

– Nə qədər verəcəksiniz ki?

– Bircə quruş.

– Günə bir quruş?

– Yox.

– Həftəyə bir quruş?

– Yox.

Durmuş karıxıb qaldı. Təkrar soruşdu:

– Yəqin, aya bir quruş, eləmi?

– Yox! İlə bir quruş...

Durmuş bu ahıl kişinin onunla zarafat elədiyini düşündü. Güldü. Sonra özünü yığışdırdı. Amma Müstəqim əfəndi yenə dediyində durdu:

– Hə, ilə bir quruş... Amma bununla da məsələ bitmir. Hələ sənə nəsihət də verəcəyəm.

Durmuş baxışlarını yerdən qaldırdı:

– Nəsihəti neyləyəcəm ki?! Mənə pul lazım­dır, əfəndim.

– O pul dediyin şey ya xərclənib gedər, ya da iti­ri­lər, oğ­lum. Amma insanın aldığı nəsihət qalıcı olar və ta ölənə qədər işinə yarayar.

                         

***

 

Durmuş məhzun halda yenə önünə baxdı. Quru sözlərin nə vaxtsa işinə yarayacağı ağlına heç cür batmırdı. Yenidən Müstəqim əfəndinin ətəyini öpdü. Çı­xıb getmək istəyirdi. Ahıl kişi ona:

– Dayan, oğlum, – dedi. – Hələ bu divarlara bax­sana... Görürsən də... Hamısı kitablarla doludur... Bu­ra­da beş min kitab var. Mən bunların hamısını oxu­­muşam. Ömrümü elmə sərf eləmişəm. Bu saç-saqqalı da o kitablar üzərində ağartmışam. Nəticədə ağlın pul­dan daha qiymətli olduğu, puldan daha çox işə ya­ra­dığı qənaətinə gəlmişəm. Nəsihət – yığcam şəklə salınan bir ağıl, zəka deməkdir. Yoxsa sənə ildə beş-on lirə də verə bilərdim. Ancaq mən puldan daha dəyərli sa­yılacaq nəsihət verməyə niyyətliyəm. Ağlın varsa, yanımda qal, getmə. Yəni xidmətimdə dur.

– Olmaz, əfəndim, mənə nəsihət yox, pul-para la­zımdır... – deyən Durmuş qapıdan çıxdı.

Küçədə tək-tənha qalıb fikrə getdi: “Görəsən, o puldan qiymətli nə­si­hət nəmənə şeydir elə?”

Qəhvəxanaya yollandı.

O gecə içinə qurd düşdü və yata bilmədi. Bircə qu­ruşa əlavə kimi veriləcək o nəsihət nə ola bilərdi axı?

Sə­hər açılan kimi Ədirnəqapının yolunu tutaraq, təkrar Müs­tə­qim əfəndinin yanına getdi. Ətəyini öpüb dedi:

– Verəcəyiniz o nəsihət məndə maraq oyatdı. Onun qarşılığında düz bir il xidmətinizdə duracağam.

– Yaxşı, oğlum, il başa çatanda sən o nəsihəti alacaq­san.

                       

***

 

Sonrakı bir il boyu Durmuş kitablarla dolu o ota­ğı silib-süpürdü. Bağı bellədi, su daşıdı. Nərdivanları yu­du, pəncərələri silib parıldatdı. Müstəqim əfəndinin hərtərəfli  xidmətində durdu.

İlin tamamında ağası onu yanına ça­ğırıb dedi:

– Hə, oğlum, yanımda çalışmağının bir ili geridə qal­dı. Qulaqlarını açıb verəcəyim bu nəsihəti diqqətlə din­lə:

– Yo­lu­na, izinə bələd olmadığın yerə əsla getmə. Al, bu da sənin bir quruşun...

Durmuş ağasının ona uzatdığı quruşu aldı. Qə­fildən canı sıxıldı, çünki ondan müdrik bir nəsihət alacağını umurdu, ancaq eşitdiyi quruca bir söz idi. Dedi:

– Mən bu nəsihəti elə sizsiz də bilir­dim.

Müstəqim əfəndi bu cavaba güldü:

– Bilmək yaxşıdır... Amma indi o bildiyin qə­naə­ti xatırlamağın daha yaxşı oldu...

Durmuş key-key durub baxırdı. Belə çıxırdı ki, bu üç-beş kəlmədən ötrü o, düz bir il çalışıbmış, elə­mi?.. Ağasının ətəyini öpüb, izn istədi ki, çıxıb get­sin. Ağsaqqal yenə dilləndi:

– İstəyirsənsə, bir il də qal, işlə. Yenə sənə növbəti nəsihət və bir quruş ödəyim.

Durmuş:

– Xeyr, əfəndim, istəmirəm, – deyərək, tələsik oranı tərk elə­di.

Həmyerlilərinin yığışdığı qəhvəxanaya üz tutdu. Hə­min gecə marağı ucbatından yuxusu ərşə çəkildi. Görəsən, veriləcək növbəti nəsihət nədən ibarət idi? İşlədiyi bir il qarşılığında o, birinci nəsihəti artıq öyrən­miş­­di. Marağından az qalırdı dəliyə dönə: görəsən, ikinci nəsihət nə idi axı?

Dözə bilməyib yatağından qalx­dı. Birbaşa Müstəqim əfəndinin evinə yollandı. Yenə düz bir il ona xidmət göstərdi. İl başa çatanda Müs­təqim əfəndi yenə onu yanına çağırdı. Bu dəfə bir quruşu bəri başdan verdi. Sonra isə: “Bu da sənin nəsihə­tin: Əmanətə heç vaxt xəyanət eləmə!” – dedi.

Durmuşun yenə səbri daraldı:

– Əfəndim, mən bu nəsihəti bilirdim axı.

– Bu daha yaxşı oldu... Bilirdinsə, indi sən onu bildi­yi­ni də xa­tırladın. Çünki bildiyini xatırlamaq təzə bir şey öyrənmək qədər faydalı sayılır.

Durmuş onu tərk edərkən ağası, eynilə ötənilki kimi, dedi:

– Oğlum, əgər bir il də qalsaydın, sənə verəcək bir quruşum və sonuncu nəsihətim də var idi.

Durmuş bu təkliflə razılaşmayıb, qapıdan çıxdı. Yenə həmyerlilərinin qəhvəxanasına üz tutdu. Bir ge­­cə, iki gecə, üç gecə keçdi... Yuxusuna haram qatıldı ki, görəsən, ağasının o sonuncu nəsihəti nə imiş? Bəlkə, yenə bildiyi həqiqətlərdən biriydi? Amma nə idi axı? Oturub-durub bu barədə düşündü. Veyil-veyil dolaşıb özünə iş axtardı. Amma tapa bilmədi. Nəhayət, qəti qərara gəldi: “On­suz da iki illik əməyim puça çıxdı. Ən azından bir il də işləyər, o son nəsihəti də öyrənər və bu nigaran­çı­lıqdan qurtularam”.

Yenidən ora qayıtdı, köhnə işinə davam elədi. Daha bir il Müstəqim əfəndinin xidmətin­də dayandı. İl tamamlanınca, ağası yenə onu hüzuruna çağırdı. Quruşu ovcuna basdıqdan sonra dedi:

– Nəsihətini də al: Özün gecələmədiyin yerdə arvadının qalmasına əsla razı olma!

Bu nəsihəti eşidincə Durmuş yenə çiyinlərini çək­di. Ürəyində: “Bu nə mənasız sözmüş belə?” – de­di.

İzn istəyib qapıdan çıxacağı əsnada ağası ha­ra­ya gedəcəyi ilə maraqlandı.

– Artıq məmləkətə dönəcəyəm, əfəndim.

– Başqa heç yerə getməyəcəksənmi?

– Yox.

– Niyə ki?

– Üç ildən bəri qürbətdə idim. Anam yaşlanıb, ge­dib maraqlanım, görüm necədir.

– Elə də et, oğlum, amma yola çıxmazdan qa­baq yolunu buradan sal, sənə bir hədiyyə verim. Onu məndən anana hədiyyə kimi apar, olarmı?

– Əlbəttə, olar, – dedi.

Həmyerlilərinin qəhvəxanasına yollandı. Bu il və­­tənə dönəcək qürbətçilərə başına gələnləri danış­dı. Hamısı gülərək dedi:

– Adə, sən lap dəli imişsən ki!

Daha İstanbulda qalmaq istəmədi. Amma öz el-obasına hansı üzlə dönəcəkdi? Cibində o üç quruşdan başqa pulu yox idi. Qürbət elə piyada gəlmək olardı, amma qürbətdən yurda piyada dönmək də ol­maz­dı axı. Pul tapmalıydı. Hər kəs kirayə haqqı  ödəməklə, özünə qafilə atı tuturdu, axı piyada halda o qəriblər kar­vanıyla ayaqlaşmaq imkansız iş idi.

Həmyerli­ləri onun halına acıdılar. Bir köhlən at kirayə götürə  bil­məsi üçün yetərli məbləği topladılar.

Üsküdar tərəfə keçməzdən əvvəlki axşam Durmuş öz ağa­sının evinə baş çəkdi və dedi:

– Artıq gedirəm, əfəndim.

Ağsaqqal yerindən qalxdı:

– Yolun uğurlu olsun. Bu hədiyyəni də al, ana­na verərsən, – deyə ona bir cüt iri kömbə çörək uzat­dı. Durmuş ürəyində: “Vay səni, vecəyaramaz hə­rif! Bunun göndərdiyi hədiyyəyə bax da!” – deyib hid­dət­ləndi. Amma bunu üzdə heç büruzə verməyib, köm­bə­ləri aldı. Qəhvəxanaya qayıtdı. Çörəkləri heybəsi­nə qoydu. Karvan yoldaşlarına qoşulub Üsküdar tə­rəfə keçdi. Karvansarada onları gözləyən atlara mindilər. Gecəyarı, Ay işığında yola düzəldilər. Də­rə-tə­pə, düz gedib dağlar aşdılar.

Səfərin ikinci günündə yolçuların önünə dəli-dolu, çağlayan bir çay çıxdı. Qarşı sahilə adlamaq üçün uyğun bir yer tapa bilmədilər. Həmyerlilərinin sel qar­şı­sın­dakı qorxaqlığını görən Durmuşu gülmək tutdu. Elə atını çaya sürmək istəyirdi ki, ağasının verdiyi ilk nəsihət ağlına gəldi: “Yoluna-izinə bələd olmadığın yerə əsla getmə!”

Yüyəni çəkdi. Artıq atın qabaq ayaqları suyun için­də idi. Böyründəki yoldaşı isə dayanmayıb, atını irəli sürdü. Heç ikicə addım getməmiş adam qəfildən sulara qərq oldu. Çıxar deyə, gözlədilər, amma adam çıxmadı. Ətrafda bir çobana rast gəldilər. Suyun keçid yerini ondan öyrəndilər. Sən demə, bayaqkı yerdə su burulğanı varmış... O ölən zavallıdan əv­vəl atla çaya girmədiyinə görə Durmuş şükür elədi, çünki o ara ağasının nəsihətini yadına salmışdı. Bir illik haqqını o ağ­saqqala halal elədi. Yol boyu həmyerliləri onu ye­di­rdib doyururdular.

Bir gün o, möhkəm acdı. Dü­şündü: “Gəlsənə, ağamın hədiyyə verdiyi o kömbələrdən biri­ni kəsib yeyim...”

Elə əlini heybəsinə atmaq istəyəndə düz bir illik əməyi qarşılığında eşitdiyi ikinci nəsihət yadına düş­dü: “Əmanətə heç vaxt xəyanət eləmə!”

Əlini heybədən çək­di. “Şeytana uymayım” – dedi.

Bir neçə gün və bir ne­çə gecə də yol getdilər. Qaranlıq me­şənin yanından keçəndə sıx ağaclığın arasından: “Təslim olun!” – nidası eşitdi. Ayaq saxladı. Ona baxıb bütün karvan da dayandı. Quldurlar dörd tə­rəf­lərini bürümüşdülər.

Quldurbaşı irəli atı­lıb bağır­dı:

– Canını qurtarmaq istəyən kəs üst-başında olan-qalan nəyi varsa, buraya qoysun ki, öz yoluna sağ-salamat davam eləyə bilsin...

Bir kimsə nə müqavimət göstərə, nə də qaça bil­di, çünki quldurlar dörd tərəfi tutmuşdular. Can mal­dan şirindir deyə, hər kəs əlində-ovcunda olanı qul­dur­başının qarşısına tökdü. Bunların arasında illər uzunu işlə­yib yığ­dıq­ları lirələr və qızıllar ilə dolu bel kəmərləri, pul kisə­ləri, gümüş zinət əşyaları, daha nələr, nələr vardı...

Növbə Durmuşa çatanda dedi:

– Mənim heç nəyim yoxdur.

Quldurbaşı bu sözə inanmadı:

– Bəyəm sən də qürbətdən qayıtmırsan ki?!

– Qürbətdən qayıdıram.

– Yəni heçmi işləmədin?

– İşlədim.

– Pul-para qazanmadınmı?

– Yox, qazanmadım...

– Yalan deyirsən.

– Vallah, qazanmadım. İnanmırsansa, həmyerli­lə­­rim­dən soruş...

Quldurbaşı onun həmyerlilərinə də eyni sualı verdi. Hamısı Durmuşun ilə bir quruş qarşılığında işlədiyi üçün pul qazana bilmədiyini ona izah elədilər. Qul­dur­başı da Durmuşun bu axmaqlığına həm güldü, həm də acığı tutdu. Adamlarına əmr elədi:

– Bu yelbeyinin sümüklərini yaxşıca isladın ki, bir daha pul qazanmadan qürbətdə sülənməyə tövbə eləsin.

Durmuşu yerə yıxdılar. Ta ölümcül vəziyyətə dü­şə­nə qədər tüfənglərinin qundaqlarıyla döydülər.

                          

***

 

O biri qürbətçilər də, eynilə Durmuş kimi, əl­lə­ri ətəklərindən uzun halda evlərinə dönməli oldu­lar.

Durmuşun anası xeyli yaşlanmışdı. Zavallı qa­dın üç ildə qatlaşdığı səfalətdən oğluna bəhs elədikdən sonra, qınayarmış kimi, ondan xəbər aldı:

– Bəs niyə pul qazanmadın, ay oğul?

Durmuş dedi:

– Əgər mən də həmyerlilərim kimi pul-para qa­zansaydım belə, quldurlar onları  əlimdən alasıydılar və mən yenə də evə əliboş dönəcək­dim...

Çox acımışdı deyə, anasından yeməyə bir şey is­tədi. Bunu eşidən qadın ağlayaraq dedi:

– Heç nəyim yoxdur, ay bala. Bu iki gündə dilimə heç­ nə dəyməyib.

Durmuş dedi:

– Bu heybənin içində ağamın sənə hədiyyə ola­raq göndərdiyi iki kömbə var. Gəl onlardan birini bölüb birlikdə qarnımızı doyuraq.

Heybədən kömbəni çıxartdılar. Or­ta­dan böldükləri zaman içindəki qızıl pullar cingil­tiy­lə yerə töküldü. Heyrətdən ana-bala yerində donub qaldı. Digər kömbəni də böldülər, onun da içi qızıl pul­larla dolu idi. Sevincək bunları bir yerə yığdılar. Dur­muş iki il boyu qapısında çəkdiyi zəhməti ağa­sı­na halal elədi. Əgər bir il boyu işləyib, eşitdiyi: “Yo­lu­na, izinə bələd olmadığın yerə əsla getmə” nəsihətini vaxtında ağlına gətirməsəydi, o, burulğana düşüb məhv ola­­caqdı. İkinci ilin qarşılığında aldığı: “Əmanətə heç vaxt xəyanət eləmə” nəsihətinə əgər məhəl qoymasaydı, yol­da kömbələrin içində qızıl olduğunu öyrənəcək və sonra bunlar da, həmyerlilərinin qazancı kimi, o qul­durlara qismət olacaqdı...

İndi oturub, soyuq ağıl­la dü­şündükcə, ağasının necə müdrik, necə dərin bir ağıl sahibi olduğunu anlamağa başlayırdı. Əgər ona İstanbulda aylıq maaş versəydi, böyük ehtimalla Dur­muş onu da sağda-solda xərcləyəcək və yığa bil­mə­yəcəkdi. Hətta nələrsə alıb yığsaydı belə, onlar da o soyğunçulara qismət olasıydı. Bütün bunları düşünən Durmuş da ağı­lın puldan daha dəyərli olduğu qənaətinə gəl­di, çün­ki ağlı olmayan adam əlindəki pulu da hədər edə­rdi. Həmyerliləri buna əyani sübut idi... İçi pulla dolu kəmərlərlə dağlar aşıb, meşələrdən keçərkən quldur­la­ra ürcah olmağın aqibətini onlar yaşamışdılar.

Var-dövlətə yiyələnən Durmuş özünə torpaq sa­hə­si və bağ aldı, iri bir tövlə qurdu. Kəndin ağa­larından birinə çevrildi. Ancaq heç cür evlənə bilmirdi. Ya­şı otuzu ötsə dəS, bir qız tapıb bəyən­mək­də aciz idi. Ona evlənməyi məsləhət görən kənd ağalarına da deyirdi:

– Bunu mən də istəyirəm ey, ancaq bircə şərtim var.

– O nə şərtdir, ağa?

– Arvadımı özüm olmadığım yerə əsla qonaq gön­dərmərəm.

– Heç qohumlarının yanına da göndərməzsən ki?

– Yox, göndərmərəm.

– Ata-anasının yanına da göndərməzsən?

– Özüm olmadığım heç bir yerə göndərmərəm.

– Niyə ki?

– Orasını bilmirəm...

Öz ağasının üçüncü nəsihəti Durmuşun ağlın­dan heç cür çıxmırdı. Elə ilk iki nəsihətin faydasını da o əvvəl-əvvəl anlamamışdı. Amma sonradan onların nə qədər xeyirli olduğunu görmüşdü. Nə öz kəndlərində, nə də qonşu kəndlərdə bu şərti eşidən heç kəs qızını ona ərə vermirdi. Hamı deyirdi: “Biz qızımızı əsir-yesir elə­­mə­rik”.

Ən nəhayət, Durmuş öz evlərindən iki saat­lıq məsafədəki kənddə ata-anasız bir qız tapıb onunla evləndi, öz adına layiq toy məclisi qurub xoş­bəxtliyə qovuşdu. Hələ bir oğlan övladı da dünya­ya gəldi.

Aradan dörd il ötsə də, o, arvadını heç yerə qonaq göndərmədi, getdiyi hər yerə də onunla getdi.

Bir gün arvadının qohumları qapılarına gəldi, qadını kənddəki qo­humlarının toyuna aparmaqdan ötrü Durmuşdan bir ge­cə­lik izn istədilər.

O etiraz elədi:

– Xeyr, olmaz.

– Niyə ki?

– Deyə bilmərəm.

Ağasının verdiyi nəsihət onun ağlından heç cür çıxmırdı. Nə qədər yalvarıb-yaxarsalar da, buna razılıq vermədi ki, vermə­di. Öz kəndliləri də onu dilə tutub yumşalt­mağa çalışdılar:

– Belə getsə, zavallı qadın lap vərəmləyəcək! – de­dilər.

Hamılıqla üstünə necə düşdülərsə, axırda Dur­muş bu qədər israra davam gətirmədi. Bircə gecə qal­maq şərtiylə arvadını qonşu kəndə göndərdi. Am­ma həmin axşam qapıldığı peşmanlıq ucbatından boğazından bir loxma da keçmədi: “Axı niyə mən ağamın nəsihətinə əməl eləmədim?!” – deyə təlaşlandı. Axı o biri  iki nə­si­hətdən o heç gözləmədiyi qədər fayda görmüşdü. İndi isə üçün­cü nəsihətə məhəl qoymadığı üçün, kim bilir, necə böyük zərərə uğrayacaqdı. Dözə bilmədi. Nökərlə­rə atını hazırlamağı tapşırdı. Gecəylə iki saatlıq məsafədəki o qonşu kəndin yolunu tutdu və toy evinin qabağını kəsdirdi.

Çəpərlərə söykənən cavanlar həyətdə yanan məşəllərin işığında rəqs edən qız-gəlinə tamaşa edirdilər. O da cavanlara yaxınlaşdı. Qucağında uşağı­nı saxlayan arvadının bir küncdə büzüşüb oturdu­ğu­nu görüb düşündü: “Görəsən, qadın bu gecə hansı qohumu­nun yanında qalacaq?”

İçinə qurd düşmüşdü. Qan­rılıb arxasına baxdı. Bir qoca qarı yanından keçirdi.

– Mənə bax, nənə, səndən bir şey soruşa­cam.

– Buyur, oğlum.

– O küncdə oturub qucağında uşaq tutan cavan gəlin var ey, onu görürsən?

Diqqətlə baxan qarı: “Görürəm” – dedi.

– Kimlərdəndir o?

– Eh, ay oğul, orasını heç soruşma. Onu zalım bir kişi alıb və zavallı gəlinin başına bütün dünyanı dar eləyib. Aradan dörd il ötüb və o, öz kəndinə ilk dəfə qə­dəm qoyub...

– Qəribədir.

– Hə, bu gün bütün kənd əhli yalvar-yaxarla onun ərindən güc-bəla izn ala bilib. Əri elə qaraürəkli, elə zalım bi­ridir ki...

Ürəyi köksündə çırpınmağa başlayan Durmuş dedi:

– Bəs bilmirsən o gəlin bu gecə harada yata­caq?

– Yox, bilmirəm, – dedi qarı.

Bir az düşünüb-daşınan Durmuş qarıya belə bir təklif elədi:

– Əgər mənim bu gecə o qadınla yatmama şərait yaratsan, sənə beş qızıl verərəm.

– Qadası, bundan asan nə var ki?!

– Deməli, sən o gəlini mənim yatağıma salacağını vəd edirsən?

– Əlbəttə.

– Bəs bunu necə edəcəksən?

– Onun qohumları mənim qapıbir qonşularım­dır. Mənim sözümdən də əsla çıxmazlar. Həyətlərinin aşağı başında təkotaqlı bir tikili var. Gedib onları razı salaram ki, gəlinə həmin otaqda yataq açsınlar. Əl-ayaq çəkiləndən sonra isə səni gizlicə həmin o ota­ğa ötürərəm.

– Dediyini edəcəksən də?

– Əlbəttə, qadası! Sən qızılları bəri ver.

Durmuş pul kisəsindən beş qızıl çıxarıb qarıya uzatdı. Atını onun həyətində bağladı. O ara qəzə­bin­dən də tir-tir əsirdi.

Gecə yarı oldu. Qarı ardınca gəlib onu apardı. Dar bir bağça qa­pısından keçirdikdən sonra onu həyətin lap ayaq qis­min­dəki tək otağa saldı. Durmuş üzünü şal ilə sa­rı­mışdı deyə, arvadı onu tanımayıb tez çığır-bağıra baş­­ladı. Durmuş isə səsini çıxartmadan qapını arxa­dan kilidlədi və qadının üstünə getdi. Bir küncə bü­zü­şən qadın o ara həm bağırıb həm də təpik atmaqla Dur­muşu əsla yaxınına buraxmadı. Axşam­dan ya­tan uşağı isə yatağın üstündə idi. Anasının o qədər haray-həşirinə oyanmadan mışıl-mışıl yatırdı. Arvadı çığır-bağırına ara versin deyə, Durmuş qapının ağzındaca oturdu. Heç cınqırını da çıxartmadı. Bütün gecəni göz yaşı axıdan qadın sübhə doğru həm təlaşdan, həm də yorğunluqdan süst düşdü.

Həyətdən ilk xoruz banı yüksəldi. Durmuş yataq­da uyuyan övladını ehmalca qucağına alıb səssiz­cə bayıra çıxdı. Həyəti keçib atına mindi. Dördnala çaparaq öz kəndlərinə qayıtdı.

                         

***

 

Arvadının qohum-əqrəbası həmin gecə uşağın oğurlandığını öyrənincə nə edəcəklərini bilmədilər: “Bəs indi biz ağaya nə cavab verəcəyik?!” – deyə baş sındırmağa başladılar.

O araçı qarı bu müşkülə də bir çözüm tapdı: “Bu tikili onsuz da köhnədir... Od vu­run buna. Deyərsiniz ki, gecə yanğın baş verdi və uşağı xilas eləyə bilmədik.

Qarının dediyi kimi də elədilər. Ti­kilini külə döndərəndən sonra ağlayıb-sızlamaqla Durmu­­şun arvadını öz evinə gətirdilər. Alınlarına qara yaylıq bağlayan bu yaslı adamlar hey ağlayıb-sıt­qayırdılar.

Durmuş onlardan:

– Bəs uşaq hanı? – deyə soruşdu.

– Ehh, başımıza müsibət gəldi. Gecə tikilimiz yandığından övladını oddan qurtara bilmədik, – dedilər.

Durmuş güldü:

– Niyə ağlayırsınız, canım?! Allah səbir versin. Əlhəmdülillah, biz hələ cavanıq. Allah-təala bizə başqa bir öv­lad verər.

Durmuşun müsibətə belə soyuqqanlı yanaşma­sı­­nı görən adamlar qismən fərəhlənən kimi ol­dular. Tam o məqamda qapı açıldı və Dur­mu­şun oğ­lu içəri girib anasının qucağına atıldı. Bayaqdan bu uşağın yandığını iddia eləyənlər karıxıb qaldılar.

Durmuş onların üstünə qışqırdı:

– Ay alçaq yalançılar! Özüm olmadığım yer­də arvadımın gecələməsinə niyə izn vermədiyimi bəs in­di ne­cə, anladınız?

Gələnlərin hamısını şillə-yumruqla evdən qov­duqdan sonra o, ar­vadının yanına qayıtdı:

– Ötən gecə əgər sənə toxunmama izn versəy­din, bax, səni oradaca öldürəcəkdim. Odur ki, bu hadisədən ibrət al və bir daha ərindən ayrı harayasa get­mək niyyətinə düşmə, – dedi.

Sonra isə üç il boyu ahıl ağasına göstərdiyi xidməti də ona ha­lal elədi.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

 

 

 

Xalq yazıçısı İsmayıl Şıxlının istedadlı nəvəsi barədə maraqlı xatırlamalar

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Hiss etmə bacarığı güclü olan, özünə güvənən, həssas xanımdır. Acizliyə, zəifliyə nifrət edir. Özünü qorumaq üçün yaratdığı qəribə sədləri var. Kənardan heç kəs bu sədləri asanlıqla hiss edə bilmir. Əslində, bu sədlərin arxasında son dərəcə mülayim bir xarakter gizlənir. Həmin sədlər ancaq qarşısındakı insana güvəndiyi zaman dağılır. Amma hər kəsə asanlıqla güvənmir. Birdən düşünərsiniz ki, bu kobudluqdan irəli gəlir, əsla yox. Onun heç vaxt qarşısındakı insanın qəlbini qırmaqdan xoşu gəlmir. 

Deyib-gülməyi sevir və yumor anlayışı çox yaxşı inkişaf edib. Dostlarına və dostluğa böyük önəm verir. Köməyə ehtiyacı olan hər kəsə əl uzatmağı bacarır. Olduqca xarizmatik bir kimliyə sahibdir. Zamanla onu daha yaxından tanıyan insanlar, onun daxilən əzab çəkdiyini zənn edə bilərlər, amma o, çox şən və mehriban adamdır. Ortaya hər hansı bir problemi çıxanda cəmiyyətdən uzaqlaşmağı üstün tutur. Bəli, o, bunu heç kimi narahat etməmək üçün edir. O qədər əsrarəngizdir ki, bu xüsusiyyəti onun varlığına xüsusi bir rəng qatır...

 

Haqqında söhbət açdığım Aysel Şıxlinskaya ictimai siyasi xadim, məşhur xalq yazıçısı İsmayıl Şıxlının oğlu Fərrux bəyin ailəsində, 1994-cü ildə dünyaya gəlib. Orta təhsilini Bakıda 102 saylı məktəbdə başa vurub. Sonra təhsilini BDU-da davam etdirərək Turizm və Otelçilik ixtisasına yiyələnib. 2016-2018-ci illərdə Azərbaycan “Bentley”, 2019-cu ildə isə “Corn Advertising” şirkətlərində çalışıb. Daha sonra bir müddət müstəqil fəaliyyət göstərib. Ömür-gün yoldaşının xaricdən iş təklifi alması ilə əlaqədar Hollandiyanın Amsterdam şəhərinə köçüblər. Hazırda orada yaşayır. “Qanadsız mələk” adlı ilk kitabı işıq üzü görüb...

 

Deyir ki,- “Sevgi və dostluq həmişə aktual mövzudur. Bu kitabda həmin dəyərləri müasir gənclərin gözündə təsvir etmək istədim. Düşünürəm ki, hər kəs fərqli hekayələr, həyatlar yaşayır, ancaq hisslər eynidi. Əgər insanlar hər hansı bir kitabı oxuyarkən, öz yaşamlarında hiss etdiklərindən bir parça tapa bilirlərsə, o zaman kitab uğurludur...”

 

Atası rəssam Fərrux Şıxlinski, anası yazıçı Reyhan Yusifqızı olan Aysel xanım uşaqlıqdan özünü Qazax bölgəsindən olan əksər ailələrdə olduğu kimi yaradıcı mühitdə - kitabların, rəsmlərin arasında görüb. Rəsm çəkməyə də erkən yaşlarından başlayıb. Bir gün plastilindən düzəltdiyi miniatür fiqurlar rəsm müəlliminin diqqətini cəlb edib və o, bu fiqurları məktəbin sərgisinə qoyub. Günlərin birində də Azərbaycan televiziyasından evə çəkiliş qrupu gələrək, bu, hörüklü balaca qızı lentə alıblar. Plastilindən fiqurlar düzəldə-düəldə aparıcının suallarını həvəslə cavablandırıb... 

 

Ümumiyyətlə, məktəb illəri ərzində Aysel bir çox sahələrdə özünü sınayıb: musiqi ilə məşğul olub, fortepianoda çalmağı öyrənib. Özünü ifadə etmək qabiliyyətini kəşf edəndən sonra, fikirlərini yazıya köçürməyə başlayıb və kiçik hekayələr yazaraq, onlara illüstrasiyalar çəkib. Orta məktəbin sonuncu sinfində Aysel birdən-birə dekorativ sənətlə məşğul olmaq qərarını dəyişərək, sənədlərini 2-ci qrupa verib və Bakı Dövlət Universitetinin Turizm və Otelçilik ixtisasına qəbul olunub. Amma yaradıcılıq həvəsi onda heç vaxt sönməyib. Təhsilini bitirdikdən sonra isə yenidən yaradıcılığa qayıdaraq, qrafik dizayner kimi çalışmağa başlayıb. Daha sonra fəaliyyətini müstəqil olaraq davam etdirib. Peşəkar yazıçılıq fəaliyyətinə isə 2018-ci ildən girişib. İlk dəfə “Mənəm, Yusif” adlı hekayəsi “525-ci qəzet”də nəşr olunub. 44 günlük müharibəyə həsr etdiyi bu əsər, müasir gənclərin savaş boyunca necə böyüdüyünü, hadisələrin məğzini, vətən sevgisini daha dərindən dərk etmələrindən bəhs edir. İkinci- “İşıq” adlı hekayəsi isə sahibini itirmiş bir itin həyatına həsr olunub. Heyvanlara qarşı olan sevgisi onu evsiz heyvanlara qarşı biganə qalmağa qoymur. Bu hekayə ilə bütün canlıların evə və sevgiyə möhtac olduğunu göstərməyə çalışıb...

 

Ayselin hələ nəşr olunmamış “Arzuların səyahəti” və “Dostum Çinar” adlı hekayələri də var. Özünü müxtəlif janrlarda sınayandan üzü bəri o, böyük fantastik əsər üzərində çalışır. Və bu əsərin Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirəcəyindən əmindir...

 

“”Qanadsız mələk” ilk kitabım olsa da ilk əsərim deyil. Uşaqlıqdan yazmağa həvəsim var idi. Hətta məktəb vaxtı gündəlik yazırdım. Biri bitən kimi yenisinə başlayırdım. Öz fikirlərimdən ibarət qısa yazılarım var idi. Çox mütaliə edirdim. Vaxt keçdikcə özümü təkmilləşdirdim. Ancaq hamıdan gizlədirdim, paylaşmaq istəmirdim. Yazıçı ailəsində böyümək məsuliyyətlidir. Bu qorxuma güc gəlmək məndən xeyli zaman aldı, ancaq sevinirəm ki, bu addımı atdım...”- söyləyir.

 

Deyir ki,- “Yazmağa, fərqli janrlarda özümü sınamağa davam edirəm. Onsuz yaradıcılıq elədir ki, sənə fikir gələn zaman onu ərsəyə gətirməyənə qədər yaxanı buraxmır. Yazmağa başlayanda isə real dünyadan qopursan, başqa yerə gedirsən. Öz yaratdığın, idarə etdiyin bir dünyaya düşürsən. Nə demək istədiyimi yaradıcı insanlar anlayar, yəqin ki...”

 

Arzuları çoxdur. Ağlında yığışıb qalmış bütün yeni ideya və fikirlərini yazıya çevirmək, onları ərsəyə gətirmək və yeni uğurlar qazanmağı planlaşdırır. On il sonra televizoru açdıqda insanların onun əsərləri əsasında çəkilmiş filmləri, animasiyaları izləməsini, bir sözlə, oxucu auditoriyasının genişlənməsini istəyir. Pianoda ifa etmək, yağlı boya ilə rəsmlər çəkmək, manqa və komikslər oxumaq onun hobbisidir. Düşünür ki, müasir gənclərə dəstək olmaq, yön göstərmək vacibdir. Onları həvəsdən salmamaq, ilk uğursuzluqda kəsib atmamaq lazımdır. Axı yaradıcı insanların həmişə dəstəkləndiyini və sevildiyini bilməyə ehtiyacı olur. Hesab edir ki, ədəbiyyatda hələ tam yerini tutmayıb. Bu da onun arzular siyahısına daxildir...

 

Aysel hələ gəncdir, inanıram ki, İsmayıl Şıxlının ocağından pərvazlanan digər istedadlar kimi, onun da şöhrəti gələcəkdə Azərbaycanı gəzib dolaşacaq. Və Aysel Şıxlinskaya babası kimi xalqımızın sevimli yazıçılarından biri kimi tanınacaq...

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Bazar ertəsi, 10 İyul 2023 13:00

Tülkü və quyruq!

Qax Kukla Teatrı yeni tamaşa hazırlayıb

 

 

Mövsümü başa vurmağa hazırlaşan Qax Dövlət Kukla Teatrında daha bir tamaşa ərsəyə gətirilib və ictimai müzakirəyə çıxarılıb.

 

Qaxlı müəlliflərdən olan Osman Abdullayevin qələmə aldığı “Tülkü və quyruq” adlı səhnə işinin quruluşçu rejissoru Araz Mehrablı, quruluşçu rəssamı Qoşqar Fətəliyev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. 

Səhnə əsərində rolları İlmar Abdullayev, Elnarə Razıyeva, Məlahət Məmmədova, Azər Kərimov, Cəbrayıl Quluşov, Afət Yaqubova, Aynurə Abbasova, Elnurə Əliyeva, Araz Mehrablı və Cəryət Abuzərli ifa edirlər.

Xudpəsəndlik, həsəd və tənbəllik kimi mənfi xüsusiyyətlərinin tənqid hədəfinə çevrildiyi tamaşa uşaqlara özünəinam və zəhmətsevərlik aşılayır, şükranlıq hissini təbliğ edir.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Bazar ertəsi, 10 İyul 2023 11:00

Ən maraqlı hadisə Hadisənin konserti olacaq

Bakıya gələn növbəti qonağı təqdim edirik. Avqustun 26-da “Dalğa Beach Aquapark Resort”da Türkiyənin məşhur ifaçısı Hadisə möhtəşəm konsert verəcək.

 

Təkrarsız mahnıları, şouları və səhnə performansı ilə insanların rəğbətini qazanan müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.

Qeyd edək ki, Kristina Aquilera, Brandi Norvod və Beyonsdan ilham aldığını bildirən Hadise yeddi “Qızıl kəpənək mükafatı” və üç “TMF Mükafatı” da daxil olmaqla, çoxsaylı mükafatlara layiq görülüb.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair İqbal Nəhmətin şeiri təqdim olunacaq. 

 

Salam olsun!

 

Ruha nə var, ölən bədən,

Qayıdacaq bir gun gedən,

Qohum qohumdu, özgədən

Yarıyana salam olsun.

 

Halal süfrə, halal çörək,

Yaşadınmı danış görək? 

Bir yastıqda iki ürək,

Qarıyana salam olsun.

 

Gördüm qaça-qaçlarını,

Tox dediyin aclarını, 

Bir yetimin saçlarını,

Darayana salam olsun.

 

Əlləşəsən tər içində,

Ər olasan ər içində,

Vətəni səngər içində,

Qoruyana salam olsun! 

 

Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Bazar ertəsi, 10 İyul 2023 10:30

Göyçayda gənc rəssamların sərgisi davam edir

İyulun 8-də Göyçay şəhərindəki Rəsul Rzanın ev- muzeyində açılan gənc rəssamlar Rahim İbrahimov və Yunis Həmidovun əsərlərindən ibarət “Duyğuların rəngi” adlı rəsm sərgisi müvəffəqiyyətlə davam edir. 

 

Açılış tədbirində sərgi ilə bağlı ətraflı məlumat verilib və gənc fırça ustalarına gələcək fəaliyyətlərində uğurlar arzulanıb. 

Gənc rəssamlar yaradılmış şəraitə görə muzeyin direktoru Solmaz Həsənovaya minnətdarlıqlarını bildirərək, nümayiş edilən sənət əsərləri ilə bağlı fikirlərini bölüşüblər.

Sonra qonaqlar gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi iyulun 15-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

“Ədəbiyyat və incəsəət” portalının Avto rubrikasını Nihat Alimoğlu aparır. Bu dəfə o, Jin / Tags: Changan, Auto - ya istinadən Changan avtomobilinin yeni modelinin gözəllikləri və özəllikləri barədə məlumat verəcək. 

 

Bu yaxınlarda - daha dəqiqi, 4 sentyabrda  Çinin Changan avtomobilinin yeni - Changan CD701 modeli - 3-cü avtomobil elmləri və texnologiyaları konfransında təqdim ediləcək. Bu yeni nəsil elektrikli krossoverlər Çin avtomobilinə baxışı tam dəyişəcək.

 

Tutacaqlar, yan güzgülər və alət paneli yoxdur, lakin bu, çox müasir avtomobildir. 

Changan SDA arxitekturasına əsaslanan avtomobil ölçüləri 5000 x 1970 x 1630 mm və təkər bazası 3100 mm olan bir gövdəyə malikdir, 5 nəfərlik bir salonu var. 

Xarici güzgülər kameralarla əvəz olunur. Kameralara əlavə olaraq, qabaqcıl sürücülük yardım sistemini idarə etmək üçün lidarlar, millimetr dalğa radarları və ultrasəs radarları da olacaqdır.

İnteryerə gəldikdə, salonda tablo yoxdur. Bunun əvəzinə baş üstü ekran var. Torpedonun mərkəzində böyük bir mərkəzi idarəetmə ekranı var.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə töhfə olaraq “44 günlük müqəddəs müharibənin xronologiyası” adlı 3 cildlik kitabın üçüncü cildi işıq üzü görüb.

Olduqca yüksək poliqrafik üslubda işıq üzü görən 520 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərın Siyasətinə Dəstək Fondu (TDSDF) tərəfindən hazırlanaraq çap edilib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına TDSDF-nin sədri Nüsrət Məmmədov məlumat verib. 

Nüsrət Məmmədov bildirib ki, Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun ərsəyə gətirdiyi kitabda 44 günlük müharibə ərzində müvafiq dövlət qurumları rəhbərlərinin keçirdikləri brifinqlər, görüşlər, müsahibələr xronoloji ardıcıllıqla verilib. 

Ulu Öndərimiz Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad görmək idi. 

Biz, bunu 2020-ci il noyabr ayının 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanını ziyarət edərkən dövlətimizin başçısı orada Azərbaycan xalqına müraciətində dediyi sözlərdən də görürük: -“Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Ona görə də “44 günlük müqəddəs müharibənin xronologiyası” üçcildliyini Ulu Öndərimiz Heydər Əliyev ilinə ərməğan olunub. 

Bişkekdəki “Uluu Toolor” nəşriyyatında çap edilən kitabda yer almış bütün materiallar Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-dan götürülüb.

Kitabın rus dilində çap edilməsi ondan təkcə Türkdilli dövlətlərində deyil, bütün postsovet məkanında istifadə imkanlarını genişləndirəcək. Kitabın Bişkekdə nəşr edilməsi Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə sevilməsindən xəbər verir. 

Fond öz ənənəsinə sadiq qalaraq, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr etdirdiyi bu, 153-cü kitabı da pulsuz yayacaq.

Xatırladaq ki, kitabın ilk təqdimatı Fondun Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Bişkekdə nəşr etdirdiyi kitablarla birlikdə Şuşada rusiyalı tanınmış kinorejissor Qriqoriy Naxapetovun müəllifi olduğu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən “Planetlə dialoq” adlı filmin premyerası zamanı nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.