Super User

Super User

“Yeni adlar” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti konsert proqramı təqdim olunub. 

 

Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan konsertdə istedadlı gənc ifaçılar Atabala Manafzadə (piano) və Orxan Hüseynov (violonçel) maraqlı musiqi nömrələri ilə çıxış ediblər. 

Konsert proqramında Frans Şubertin Sonata a moll, D.821, Robert Şumanın “Fantasiestücke” op.73, Dimitri Şostakoviçin Sonata d moll, op.40 əsərləri istedadlı gənclər tərəfindən səsləndirilib. 

Dinləyicilərin zövqünü oxşayan konsert gecəsi maraqlı anlarla yadda qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

 

Yay mövsümündə səyahətlərin intensivləşməsi ilə əlaqədar vətəndaşların xüsusən xarici ölkələrə istirahət məqsədli səfərlərinin təşkili zamanı bir sıra hallarda müştəri və turizm şirkəti arasında müəyyən problemlərin və narazılıqların yaşanması risklərinin artmasını nəzərə alaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara diqqətli olmalarını tövsiyə edirik.

 

Bu fikirlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının açıqladığı məlumatda yer alır. 

Məlumatda deyilir: “Əsas problemlər sırasında - şirkətlərin müştəriləri qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməməsi, müəyyən ödəniş əsasında təklif etdikləri xidmətlərin lazımi səviyyədə olmaması və müştərilərin aldadılması kimi məsələlərə daha çox rast gəlinməsi öncədən ehtiyat tədbirlərinin görülməsini önə çıxarır. Əvvəlki illərə nəzər yetirdikdə təəssüf ki, baş vermiş bu cür hallar nəticəsində vətəndaşların istirahətlərinin ya baş tutmaması, ya da gözləntilərinin qarşılanmaması, bəzi hallarda isə məsələnin hüquq-mühafizə orqanlarına və məhkəmələrə qədər çıxması müşahidə olunub. Bu cür halların baş verməməsi üçün Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq xarici ölkələrə istər fərdi, istərsə də ailə və ya qrup şəklində səyahət etməyi nəzərdə tutan vətəndaşları turizm şirkətlərinin xidmətlərindən yararlanarkən daha diqqətli olmağa və ehtiyatlı davranmağa çağırırıq. Bununla yanaşı, vətəndaşlara turpaketlər alarkən və ya turizm şirkətinin xidmətlərindən yaralanarkən turizm bazarında keyfiyyət standartlarına cavab verən, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasında qeydiyyatda olan və ən əsası Turizm Reyestrindən keçmiş turagentlərə üz tutmağı tövsiyə edirik. Eyni zamanda vətəndaşlara turizm şirkətlərinin xidmətlərindən istifadə edərkən mütləq şəkildə müqavilə əsasında əməkdaşlıq etməyi tövsiyə edirik. Tərəflər arasında imzalanan müqavilə yaşanan hər hansı bir problemin hüquq müstəvisində həlli üçün əsas vasitədir. Qeyd etmək istərdik ki, hazırda Turizm Reyestrindən keçən Azərbaycan Turizm Agentlikləri Assosiasiyanın 120- üzvü mövcuddur. Vətəndaşlar qeyd olunmuş meyarlara cavab verən turizm şirkətlərinin xidmətlərindən istifadə etməklə yay mövsümündə daha çox müşahidə olunan vətəndaşla turizm şirkəti arasında yaşanan problemlərdən, narazılıqlardan və aldadılmalardan sığortalanmış ola bilərlər. Sonda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq turizm bazarında fəaliyyət göstərən şirkətləri bir daha Turizm Reyestrindən keçməyə çağırırıq”.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Çərşənbə axşamı, 11 İyul 2023 19:34

Şahin Musaoğlunun 60 illiyinə

 

VƏTƏN ADAM 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki:- “O zaman ordumuz təzə-təzə formalaşdığı üçün könüllülərdən ibarət batalyonlar yaradılırdı. Həmin könüllülər Şəhidlər Xiyabanında and içərək, birbaşa cəbhəyə yollanırdılar. O uşaqlar, Azərbaycan ordusunun canlı tarixləridir. İlk yaranan batalyon isə “birinci batalyon” oldu. Mən də orada idim. Əksəriyyət xüsusi təlim keçmiş əsgər və zabitlərdən ibarət idi. Qürurverici anlar yaşayırdım. Heç kəs ölüm haqda fikirləşmirdi. Hamı qələbədən, zəfərdən danışırdı. Bax, “İgid əsgər möhkəm dayan” şeirini o dönəm yazdım. Oxudum razı qalmadım, yenidən yazdım. Yenə razı qalmadım. Elə bil, nəsə çatmırdı tamamlanmağa. Xeyli çək-çevirdən sonra gitarama sarıldım. Melodiya özü barmaqlarımın arasından süzülməyə başladı və nəhayət ürəyimcə oldu. Bu, mənim ilk bəstəm idi. Və mən, necə deyərlər, musiqiyə gəldim. Böyük, nəhəng və zəngin musiqi dünyasına. Başa düşdüm ki, şeirlərimdə anlada bilmədiyim hislərimi, düşüncələrmi musiqi ilə ifadə edə bilərəm. O vaxtdan əksər mahnılarımın musiqisi kimi, sözlərinin də mənə aid olmasının səbəbi budur. Bəstəni əvvəlcə xalq artisti Faiq Ağayevə verdim. Lakin onun Sankt- Peterburqa qastrol səfərinə yollanması ilə əlaqədar, mahnının yazılma prosesinin yubancağından ehtiyat edib, bəstəni Şəmistan Əlizamanlıya verdim.”

 

Haqqında söhbət açmaq istədiyim Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində dünyaya gəlib. Orta təhsilini bu kənddə alıb. 1980–1986-cı illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb institutunda ali təhsilə yiyələnib. Və təyinatla Biləsuvar rayonuna yollanıb. Dörd il burada həkim- terapevt kimi çalışdıqdan sonra yenidən paytaxta dönüb. 1990-cı ildə Xəzər Dəniz Hövzə Xəstəxanasında “USM” üzrə öz həkimlik təcrübəsini artırmağa başlayıb. Burada həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında o, Müdafiə Nazirliyi Tibb İdarəsi, “HET”-(Hərbi Elmi Tədqiqatlar)  idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq gözəl bir ilkə imza atıb. Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradıb...

 

“1991-1994-cü illər ərzində mən Müdafiə Nazirliyinin bir neçə idarəsi ilə əməkdaşlıq etmişəm. İlk əməkdaşlıq etdiyim idarə tibb idarəsi idi. Ağır döyüşlər gedirdi. Ön xətdən çoxlu yaralılar gəlirdi. Onların hansı xəstəxanada və ya hospitalda yerləşdirilməsi ilə bağlı məlumat və informasiya almaq mexanizmi yox idi. Yaralıların valideynləri, yaxınları Müdafiə Nazirliyinin, baş qərargahın, tibb idarəsinin, respublikanın şəhər, rayon xəstəxanalarının qapısı qarşısında saatlarla vaxt itirir, ən xırda məlumatı belə ala bilmirdilər. Məhz o zaman bu məqsədlə operativ qərargah yaradıldı. Mən həmin qərargaha rəhbərlik edirdim. Və biz o dönəm ilk hərbi tibbi arxivi yarada bildik. Sonralar yaradıcılıq əlaqələri məni Müdafiə Nazirliyinin “Hərbi sənədli filmlər kino-tele studiyası”-na gətirib çıxardı. Mən orada bu studiyanın qurucuları olan Seyidağa Mövsümlü, Şəmistan Əlizamanlı, Nəriman Əbdülrəhmanlı, Nizami Abbas, Rahib Qərib, Nadir Diridağlı və sairləri ilə birlikdə çalışdım. Bununla yanaşı, həm də Müdafiə Nazirliyi “HET” idarəsi ilə əməkdaşlıq edirdim. “Hərbi bilik” jurnalı, “Azərbaycan ordusu” qəzetlərində yazılarla, reportajlarla çıxış edirdim.”- söyləyir.

 

Bəli, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur "Əsgər marşı"ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Və Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan bu mahnı- "İgid Əsgər, Möhkəm Dayan!"- ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra o, növbəti savaş türkülərini yazır.Heç şübhəsiz ki, 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunan "Qərib Karvan", Milli Ordunun ilk batalyonu haqda yazılan "Birinci Batalyon", "Cənab Leytenant" və s. bu kimi bir-birinin ardınca bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırıb. Şahin Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirib. Sözləri Rəsul Rzaya aid "Elegiya", Şəhriyarın vətən yanğısıyla qələmə aldığı eyni adlı "Azərbaycan", Bəxtiyar Vahabzadəyə məxsus "Bay yurdum", Əhməd Cavadın sözlərinə yazdığı "Bismillah", Anarın şeirlərindən biri olan "Gedirəm Zəngilana", Ramiz Rövşənin şeri əsasında bəstələdiyi "Yalquzaq" mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verib...

 

Deyir ki:- “Bəziləri hərbi vətənpərvərlik mahnılarının olmamasından gileylənirlər. Amma bir faktı unudurlar ki, bu, içdən gəlməlidir . Bu janrda işləmək məsuliyyət və professionallıq tələb edir. Bu tip mahnılarda bir tərəfdən zəfər, qələbə, savaş, qisas ruhu, digər tərəfdən isə qan-qadaya, ölümə meydan oxumaq, sülhü tərənnüm etmək xətti olmalıdır. Ona görə də vətənpərvərlik mahnıları deyiləndə təkcə marşlar yadda düşməməlidir. Vətəni tərənnüm edən, onun dağı, daşı, təbiətini vəsf edən hər hansı melodiya da vətənpərvərliyə aiddir. Bu sahədə xeyli populyar mahnı və marşlarımız var. Təkcə mənim yaradıcılığımda 30-a yaxın mahnı var ki, bunların hamısı sırf hərbi vətənpərvərlik mahnılarıdır. Məsələn, “Cənab Leytenant” mahnısı. Yadınızdadırsa orduda bir müddət leytenant poqonunda iki kiçik ulduz və ay vardı. Mahnı o vaxtlara təsadüf edir. Sonralar uniforma dəyişildi. Bəziləri buna irad tutsalar da mən sözlərdə redaktə etmədim. Çünki bu, bizim ordumuzun tarixi idi. “Səngər başındakı çatdığım ocağın” misrasını da kimlərsə- səngərdə ocaq çatmaq olmaz- deyib uğursuz misra kimi qələmə verirlər. Razıyam. Əslində mən ilk dəfə cəbhə bölgəsinə gedəndə qış idi. Hər tərəf qarın içindəydi . Blindaja girdik. Ortada bir odun peçi var idi. Bilindaj soyuq, peç isə yanmırdı . Daha doğrusu yandırmaq olmazdı. O zaman anladım ki, düzgün iraddır. Axı müharibə verilişlərində görmüşdük ki, əsgərlər həmişə tonqal ətrafında toplaşırlar. Yəqin bunun assosasiyası olub.”

 

Şahin Musaoğlunun qələmə aldığı şeirləri, o cümlədən bəstələdiyi mahnıları təftiş edəndə adam heyran qalmaya bilmir. Bu adamın mayası necə deyərlər, vətən sevgisilə yoğrulub- büsbütün VƏTƏN ADAMDIR. Qismətinə düşən bu tale, onu həmişə yaşadacaqdır…

 

İyulun 11-də Şahin Musaoğlunun 60 yaşı tamam olur. Azərbaycan torpaqlarının işğaldan azad olunmasında, isanları döyüşə, qələbəyə səsləyən mahnıları ilə əvəzsiz xidmətləri olan bu həkim, şair, bəstəkar qardaşımızı təbrik edirəm. Çox yaşasın!..

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Orta məktəbdə “Vətənimdir” şeirini hamımız əzbərləyirik, bu, uşaqlar üçün ən mükəmməl Vətən şeiri hesab edilir. Onun müəllifi vətənpərvər şair, maarifçi Abbas 

 Səhhətdir. 

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə xuda

Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək,

Vətəni, məncə, unutmaq nə demək ?!

Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu .

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhətin vəfatından 105 il ötür.

Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyir.

İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövrü mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu qeyd etdik, vətən idi. O “Vətənimdir” şeirində vətən müqəddəsliyinin tərifini yazmışdır. 

Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.

1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.

O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.

1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.

Abbas Səhhətin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi. 

Ümumən o, Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü.

Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Çərşənbə axşamı, 11 İyul 2023 18:00

Sabah hava əsasən yağmursuz keçəcək

 

Azərbaycanda iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 27-31° isti olacaq.

Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 16-21° isti olacağı ehtimal edilir.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçiriləcək.

 

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, sentyabrın 7-si və 8-də keçiriləcək konfransda 50 xarici, 110 yerli nümayəndə, eləcə də 40 beynəlxalq təşkilat iştirak edəcək.

İki plenar və üç paralel iclasdan ibarət olacaq konfransda yerli və beynəlxalq ekspertlərin müxtəlif mövzularda təqdimat, panel müzakirə və çıxışları dinləniləcək.

Konfransın məqsədi yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində surətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Həmçinin vahid platforma üzrə mövcud təcrübələrin bir araya gətirilməsi, trendlərin müəyyən edilməsi, qlobal məqsədlərin formalaşdırılması, DOST konsepsiyasının yerli və qlobal miqyasda tanınma səviyyəsinin artırılması, müsbət və mənfi təcrübələrdən faydalanılması, DOST Agentliyinin uğurla nəticələnmiş layihələrinin və fəaliyyətlərinin gündəmə gətirilməsi, eləcə də DOST xidmətləri barədə ictimaiyyətin məlumatlandırılması konfransın əsas məqsədlərindəndir.

Əsas hədəf qrupuna dövlət qurumlarında, özəl sektor təşkilatlarında, beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə çalışan, o cümlədən, ali təhsil müəssisələrində təhsil alan və çalışan şəxslər aiddir.

 

Konfransda iştirak üçün DOST Agentliyinin rəsmi internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçmək olar: https://dost.gov.az/page/sep2023

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu gün Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.

 

Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət sahəsindəki layihələr, o cümlədən muzeylər və kitabxanalar arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Çərşənbə axşamı, 11 İyul 2023 17:00

Günün lətifəsi

“Ədəbiyyat və incəsənət” portalında günün lətifəsini Sərtyel təqdim edir. 

 

Bağçadan qayıdan 3 yaşlı uşaq nənəsinə deyir:

-Nənə, təzə oyun öyrənmişəm, «qaçan kubiklər oyunu», gəl oynayaq!

Nənə razı olur:

-Əlbəttə oynayaq. Öyrət nənəni, necə oynayırlar? 

Uşaq  deyir:

— Nənə, bax, bu kubiklərdən birini götürüb qaçırsan...

— Nə vaxtacan qaçıram, bala?

— Bax, orasını bilmirəm!..

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

TOY QİYMƏTLƏRİNDƏN

 

"Bizim müğənnilərimiz xarici ifaçılardan 10 dəfə daha dəyərli və qiymətlidir. 10 dəfə onlardan artıq çalışsaq da, 50 qat az qonorar alırıq". 

“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən bildriir ki, bu sözləri aparıcı və aktyor Sərxan Kərəmoğlu "Maqazin plyus" verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, Xalq artistləri Aygün Kazımova və Röya Ayxan kimi xarici ulduzlar toya 250 min dollara gedirlər: 

"Bu gün toya 10 minə gedən kimdir ki? Röya Ayxan və Aygün Kazımovanın adını eşitmişəm. Heç onlar toya 10 minə yox, 8 min manata gedirlər. Röya və Aygün kimi eyni ulduzları Türkiyədə və Rusiyada götürün, görüm, 250 min dollardan aşağı toya gətirə bilərsiniz? 10 min pul nədir? Bir ulduzu ki, ölkədə 10 milyon insan var və o 10 milyonun hamısı sevir. Niyə o ulduz 10 minə getməsin ki? Məni, misal üçün ölkədə 50 faiz insan sevir, 50 faiz isə yox. Amma Röya ilə Aygünü 10 milyon insanın hamısı sevir".

“Ədəbiyyat və incəsənət”
(11.07.2023)

 

Türkiyənin vaxtilə ən baxımlı seriallarından olan "Kurtlar vadisi" serialının ssenaristi Bahadır Özdener, Raci Şaşmaz və serialın məsləhətçisi Soner Yalçın bir araya gəlib.

 

“Ədəbiyyat və incəsənət” metbuat.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Sina Koloğlu açıqlama verib. O bildirib ki, tərəflər mafiya hadisələrindən bəhs edən yeni serial çəkmək istəyirlər.

Məlumata görə, müzakirələri davam edən serialın sujet xətti İstanbulda mafiya liderləri arasında baş verən qarşıdurmalar əsasında qurulacaq. Jurnalist son dövrlər İstanbulda bir neçə mafiya liderinin öldürülməsini misal gətirib.

Türkiyəli jurnalistin sözlərinə görə, İstanbulda öldürülən serb mafiya lideri Vukotiç, azərbaycanlı mafiya lideri Elnur Qasımov və digər mafiya liderləri ilə bağlı hadisələr çəkilməsi nəzərdə tutulan serialın sujet xətti olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.