Super User

Super User

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Müstəqil Dövlətlər Birliyi və Rusiya Dövlət Kitabxanası, Müstəqil Dövlətlər Birliyi üzrə Federal Agentliyin “Yeni nəsil” xarici dövlətlərin siyasi, ictimai, elmi və işgüzar dairələrinin gənc nümayəndələrinin Rusiya Federasiyasına qısamüddətli tədris səfərləri proqramı çərçivəsində “Kitabxanaların Birlik Təhsil Əməkdaşlığı” birgə layihəsinə dəvət alıb. 

 

Kitabxanadan verilən məlumata görə, Respublika Gənclər Kitabxanasının İnformasiya və media ilə iş şöbəsinin müdiri Nubar Cəlilova layihədə iştirak edərək, 14 günlük distant tədrisə cəlb olunub. Rəqəmsal texnologiyalar, elektron resurslar, müasir avtomatlaşdırılmış kitabxana informasiya sistemləri kimi mövzuları əhatə edən tədris proqramı iki mərhələdə - distant və əyani formada keçirilir. Artıq geridə qalan distant mərhələnin sonunda yüksək göstəricilər nümayiş etmiş Gənclər Kitabxanasının əməkdaşı sertifikat ilə qiymətləndirilib. 

Sertifikatların təqdimat mərasimi Moskva şəhərində keçiriləcək layihənin ikinci mərhələsində baş tutacaq.

Layihə 25 yaşdan 35 yaşa qədər olan gənc kitabxana mütəxəssisləri arasında keçirilir. Birinci mərhələdə distant təhsil texnologiyalarından istifadə etməklə virtual formatda 

“Kitabxanaların rəqəmsal transformasiyası” təhsil proqramı tədris edilib, ikinci mərhələnin isə 14-20 avqust tarixlərində Moskva şəhərində keçirilməsi planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2023)

YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan böyüklər üçün “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir. 

 

YARAT-dan verilən məlumata görə, layihənin növbəti ustad dərsi iyulun 26-da “Qadın portreti” mövzusuna həsr olunacaq. 

Ustad dərsində iştirakçılar kollaj texnikasından istifadə edərək rəngli kağızdan qadın portreti yaradacaqlar.

Azərbaycan Rəngkarlığı Muzeyində reallaşacaq dərslərdə 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər. 

Dərslər zamanı hər bir iştirakçı kətan üzərində akril boyalarla rəsm çəkməklə öz yaradıcılığını üzə çıxaracaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.

Qeydiyyat çərşənbə axşamı və bazar günü saat 11:00-dan 18:00-dək aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2023)

Cümə axşamı, 13 İyul 2023 16:30

Fəqət, möcüzələrə inanıram...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Hər bir bölgənin parlaq istedadlı adamları olur. El onlara dayaq duranda, meydan verəndə, yol açanda üzləşdikləri sədləri aşa bilirlər. Nəticədə hamının tanıdığı məşhurlara çevrilirlər. Vay o gündən ki, bu amansız dünyada hər yerdə təkbaşına- yalqız qalasan. İrəlilədikcə məkrli əllər sinəndən vurub, səni dayandırsın. Dəyanət Səlimxanlı da bizim ata-baba yurdumuz- Yardımlının yalqız qalan şairlərindən biridir. Necə deyərlər, nə arxası var, nə də bahalı çuxası...

 

Bu gün sizə şair, publisist Dəyanət Səlimxanlıdan söhbət açmaq istəyirəm. O, Dəyanətdən ki, 1960-cı ilin iyul ayının 1-də Yardımlı rayonunun Çanaxbulaq kəndində dünyaya gəlib. Doğma kənddə yeddiillik məktəbi bitirdikdən sonra qonşu Bərcan kəndində tam orta təhsilə yiyələnib. 1983-1989-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil alıb. 1990-cı ildə əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 2 saylı yataqxanada tərbiyəçi müəllim kimi başlayıb. Bir il orada çalışıb. Sonra qismətinə "Açıq söz" qəzetində müxbir, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmək düşüb. Daha sonra bir müddət fərdi yaradıcılıqla məşğul olub...

 

Onu görəndə həmişə Əbdülrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” əsərinin adı yadıma düşür. 2009-cu ildə Təbrizə üz tutur. Düşünür ki, yeni yazacağı kitab ona uğur gətirəcək. O da kasıblığın daşını atıb ev-eşik sahibi olacaq. Və...

 

Deyir ki:- “Əndəbil Təbrizin VIII əsrlik tarixə malik olan və əsasən də seyidlər yaşayan qədim tiklilər və  abidələrlə zəngin turizim kəndidir. Bu kəndlə tanışlığımızın tarixi 2009-cu ilin iyun ayından başlayır. İsti bir yay günündə kəndə ilk səfərimiz oldu. Kənd camaatı bizim qardaş Azərbaycandan gəlişimizi böyük sevinclə qarşıladılar. Gəlişimizin məqsədini biləndə, bu kəndin görkəmli Azərbaycan yazıçısı, böyük ədəbiyyatşunas alim Mircəlal Mirəliəşrəf oğlu Paşayevin ata yurdu olduğunu bildirdilər. Onların yaşadığı Əliəşrəf dərbəndini bizə göstərdilər. Evin qapısını üzümüzə doğma ocağın sakini olan Mirhüseyn Cavanmərd açdı. Mirhüseyn Mirmaqsud oğlu Cavanmərd görkəmli yazıçı Mircəlal Paşayevin bacısı nəvəsidir. Nənəsi Rüqəyya xanım Mircəlal Paşayevin bacısıdır. Mirhüseyn Cavanmərd o vaxt Cənubi Azərbaycanın “Zərrin- Jarin, Marina” şirkətinin Təbriz-Urmiya, Ərdəbil-Zəncan üzrə satış müdiri işləyirdi. Eyni zamanda Təbrizdə topdan satış yağ ticarəti ilə məşğul olurdu...”

 

Dəyanət bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. "Qayıt ata" adlı ilk şeiri 1983-cü ildə "Azərbaycan qadını" jurnalında işıq üzü görüb. Bəstəkar Ələsgər Abbasovun bu şeirə bəstələdiyi mahnı Bakıda keçirilən "Odlar yurdu - 90" festivalında üçüncü yerə, 1991-ci ildə Orta Asiyada keçirilən "Ümumşərq xalqlarının musiqisi" festivalında isə birinci yerə layiq görülüb və o dövrün "Komsomolskaya pravda" qəzetinin diplomu ilə mükafatlandırılıb. Onun “Anam dua oxumasa” adında ilk kitabı 1992-ci ildə dərc olunub. “Qayıt ata” kitabı isə 2002-ci ilə təsadüf edir. Səhv etmirəmsə, sonradan daha iki kitabı da işıq üzü görüb...

 

Dəyanət sözünü davam etdirərək:- “Mirhüseyn Cavanmərd bizi baba və dayılarının məskunlaşdığı kəndin qədim tarixi ilə tanış etdi. Dayısı Mircəlal Paşayevin təhsil almaq üçün 1920-ci ildə Şimali Azərbaycana getməsi ilə bağlı nənəsi Rüqəyya xanımın xatirələrini danışdı: “Nənəmin 6 qardaşı olub. Biri cavan dünyasını dəyişib. Digərləri isə ali təhsil alaraq, elm aləminə böyük naliyyətlər bəxş ediblər. Dayım Mircəlal və Mirxəlil isə Şimali Azərbaycanda yaşayıb orada da dünyalarını dəyişiblər. Yaxşı yadımdadır 2004 və 2005-ci illərdə Mircəlal dayımın oğlu Hafiz Paşayev ata yurdunda qonaq oldu. Birinci səfərində yarım saat, ikinci səfərində isə bir saat istirahət edib nənə və babalarının ruhunu yad etsi. Bu doğma yurd, bu doğma ocaq bizim üçün əzizdir. Mən baba yurdumu dayım Mircəlalın yaşadığı evi təmir etdirib, ona yeni bir görkəm, yeni bir ruh vermişəm. Belə bir fikrim var ki, yaxın gələcək üçün evin bir mənzilində Mircəlal dayımın ev müzeyini yaradım.” Mirhüseyn Cavanmərd Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu taylı qardaş Azərbaycana bir neçə dəfə qonaq gəlib. Və hər gəlişində də dayısının ikinci fəxri xiyabanda olan məzarını ziyarət edib, ruhuna dualar oxuyub.”- söyləyir.

 

Dəyanət Səlimxanlı ömrünün böyük bir hissəsini arxada qoysa da, hələ də keçmiş partiya məktəbinin yataqxanasında oğlu, iki bacısı və bacısı uşaqları ilə kirayədə qalır. Min cür əziyyətlərə sinə gərsə də ümidini Allahdan üzmür. İnanır ki, nə vaxtsa taleyi üzünə güləcək...

 

Bu ayın əvvəli onun 63 yaşı tamam oldu. Nəzərə alanda ki, Napoleon 30 yaşından o boyda Fransiyaya rəhbərlik edirdi və eləcə də Həzi Aslanov 33 yaşında artıq general idi, onda Dəyanətin taleyinə təəssüflənməmək olmur. Belə məsəlləri uzatmaq da olardı, amma nə fayda? El arasında deyildiyi kimi- “Artıq qatar gedib.” Fəqət möcüzələrə inanıram...

 

Yeri gəlmişkən, Dəyanətdən bir bənd:

Baş yastığın gözlərimin bəbəyi,

Kipriklərim gül üzünün örpəyi.

Gecələsən, gözlərimdə gecələ,

Bəlkə onda gözlərim də dincələ...

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2023)

Cümə axşamı, 13 İyul 2023 12:45

Dadlı yay salatı

Rubrikanı Aysel Qarayeva aparır.

 

 

İstəkli “Ədəbiyyat və incəsənət” izləyiciləri. Bu gün sizinlə dadlı və çox asan hazırlana biləcək bir salat resepti bölüşəcəyik. Əsl yay malıdır. 

 

Hazırlanması üçün lazım olan ərzaqlar :

2 ədəd toyuq filesi

100 qr qoz

Zövqə uyğun mayonez

2-3 kök 

Zövqə görə 1-2 diş sarımsaq və duz, istiot...

Gerisi isə yəqin aydındır. Toyuq filesini qaynadıb xırda-xırda doğrayıb çəkilmiş qoza və xırdalanmış kökə qarışdırır, ədvanı əlavə edirsiniz! Sonra isə mayonezdə yaxşı-yaxşı qarışdırırsınız. 

Bəyənəcəyinizə əminik!

Nuş olsun !!!

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

21 –ci dərc

 

Əlimi kövrəlmiş Matvey kişinin çiyninə qoydum.

-Sizə, şərəfi ilə vətəninə xidmət etmiş polis zabiti kimi söz verirəm. Bunu edən və ya edənlər kimlərdirsə, mütləq cəzalarına çatacaqlar.

Matvey əlinin arxası ilə yaşarmış gözlərini sildi.

-Sizə inanıram Bəxtiyar, bilmirəm niyə, ancaq inanıram.

Yaranmış zərurətdən əvvəlini bir qədər fərqli başlasam da, Matveylə söhbətimizin sonunun yaxşı olacağına şübhəm yox idi. Bu yaşlı adamı qətiyyən narahatçılıq içərisində qoyub getməyəcəkdim. Ancaq söhbətimizin belə bir məcraya, belə bir səmimiyyətə gətirib çıxaracağını açığı, heç gözləmirdim.

Otaqdakı divar saatına baxdım. Daha getmək lazım idi. Sağollaşmaq üçün ayağa qalxdım. Ancaq fikrimi göydə tutan ev sahibi məndən əvvəl ayağa qalxıb dedi:

-Heç elə şey yoxdur. Çay içməmiş sizi heç yana buraxan deyiləm.

Sonra üzünü bayaq keçdiyi otağa tərəf tutub həyat yoldaşını səslədi: -Nataliya, çayımızı gətir görək.

 

* * *

Layiqə «Azadlıq prospekti» stansiyasında metrodan çıxdı. Ətrafa boylanıb yolun qarşı tərəfinə keçməli olduğunu anlayıb yenidən stansiyanın yeraltı keçidinə düşdü və bir qədər sonra əks tərəfdə keçiddən qalxdı. Ona lazım olan, əsas küçəyə birləşən ara küçə düz keçidin çıxışının qarşısında idi. Buraya şefinin tapşırığı ilə, kamera görüntülərində sonuncu dəfə bu ara küçəyə dönmüş, artıq ona tanış olan «Nexia» markalı maşının izinə düşmək üçün gəlmişdi. Əlbəttə, nə onun, nə də şefinin bu böyük ərazidə, hansısa həyətdə saxlanılan maşının tapılacağına elə də böyük ümidləri yox idi. İkinci dəfə «Moskva» univermağının qarşısında görüşərkən başqa şeylərlə yanaşı bu tapşırığı verən şefi elə belə də demiş, Layiqə də razılaşmışdı. Ancaq əldə edilmiş informasiyaya uyğun hərəkət etmək tələb olunurdu. Çəkməçini izləyən orta yaşlı kişinin sürdüyü maşının səksən yaşlı bir kişinin adına sənədləşdirildiyini, kişininsə, idarə olunması üçün heç bir şəxsə etibarnamə vermədiyini öyrənən şefi, bunun iz verməməkçün düşünülmüş şəkildə edildiyini dərhal anlamış, bəlkə də son on ildə sükan arxasına oturmamış bu yaşlı kişinin kimliyini öyrənməyin yalnız vaxt itkisinə gətirib çıxaracağını düşünərək maşını axtarmağın ən primitiv üsulunu seçmişdi. Təbii ki, maşın cinayətkarlar tərəfindən son üç gündə yox, elə bu məqsədlərlə istifadə edilməsi üçün nə vaxtsa alınarkən belə sənədləşdirilmişdi. Qalır etibarnaməsiz idarə edilməsi, onu da çox güman ki, nadir hallarda istifadə olunan bu maşınla qaydaları pozmamaqla ötüşdürürlər. Qayda pozuntusuna yol verməsən, yol polisinin səni saxlaması ehtimalı bir faizdir. Ona görə də Layiqə axşamadək, bəlkə sabah da bütün günü bu küçədə və ona birləşən ara yollarda müşahidə aparmalı idi.

Əslində, Bəxtiyar, onu azdıraraq Xırdalan şəhərinə yönəltmək məqsədi ilə çəkməçinin olduğu küçəyə göndərilmiş bu köhnə maşının sahibinin hansısa neytral birisi olacağını, bu yoxlamanın heç nə verməyəcəyini təxmin etmişdi. Bunun yemişbaşdan fərqli olaraq, onu göndərən çox ağıllı, gedişləri əvvəlcədən hesablaya bilən rəqibin çəkməçi ilə etdiyi fəndə cavab addımının olduğunu gözəl başa düşürdü. Sadəcə, hər şeyi axıradək yoxlamağa öyrəşmiş biri kimi bunu da dəqiqləşdirmiş və gözlədiyi kimi bu ehtimalı təsdiqlənmişdi. Bütün bunları Daxili İşlər Nazirliyinin Baş cinayət axtarışı idarəsində işləyən dostu Nadir vasitəsilə öyrəndikdən sonra maşının son dəfə kamera görüntülərinə düşdüyü ara küçəni Layiqəyə izah etmiş, orada müşahidə aparmasını tapşırmışdı. Maşın bu küçəyə döndükdən sonra bir daha oradan çıxmamışdı.

Peşəkar əməliyyatçı olan Nadir müşahidə kameraları vasitəsilə Balababa Məcidov küçəsindən qəfildən tərpənərək gözdən itən «Nexia»nın Xırdalan şəhərinə getdiyini müəyyən etmiş, bir gün sonra isə Bakı istiqamətində hərəkətdə olduğu marşrutu izləyib əsas yoldan döndüyü ara küçəni Bəxtiyara nişan vermişdi. Bundan sonra, maşının başqa hərəkəti kameralar tərəfindən qeydə alınmamışdı. Fotoşəkli verilmiş, sükan arxasında olan adam haqqında isə hələ ki, bir məlumat əldə etmək mümkün olmamışdı.

Hər-halda qarşı tərəf bu addımı ilə istifadəsində olan maşınlarından birini aşkara çıxarmışdı və Bəxtiyar bundan yararlanmaq üçün hər şeyi edəcəkdi. Maşını axtarmaqda da məqsəd, onun saxlanıldığı həyəti müəyyən etmək və bu ünvan vasitəsilə sahibinin kimliyini öyrənmək idi. Əgər bu dəfə də saxta biri çıxmazsa, o zaman nə isə müəyyən edəcəyinə ümid edirdi Bəxtiyar. Qarşı tərəfin kim olduğunu mümkün qədər tez öyrənmək çox vacib idi. O, bunun üçün ən xırda ehtimalı da yoxlamağa hazır idi.

Bütün bunları son söhbətləri zamanı şefindən öyrənən Layiqə «bismillah» deyib ona lazım olan küçəyə döndü. Artıq hava qaralmışdı…

 

* * *

Gülanəyə bir müddət onun yanında gecələyəcəyimi demişdim. Matveydən ayrılandan sonra birbaşa yanına getmiş, yüngül şam yeməyindən sonra çay süfrəsi ətrafında xeyli söhbət etmişdik. Dünən gecə şifrin üzərində baş sındırmayacağıma qərar vermişdim. Bu mənim adətim idi. Əgər bir şey alınmırsa, onu bir müddət kənara qoyur, başqa işlərlə məşğul olurdum. Elə son günlər narahatçılığı aşkar hiss olunan Gülanəyə də bir qədər diqqət ayırmağım vacib idi.

Matveyin danışdıqları, xüsusilə bu qətlin arxasında «Harun» və adamlarının durması barədə vaxt itirmədən polkovnik Dadaşzadəni məlumatlandırmağım tələb olunurdu. Ona görə də bu gün səhər yuxudan duran kimi lazım olan məlumatı bir vərəqə yazıb konvertə qoymuşdum. Gülanə ilə sağollaşıb çıxdıqdan sonra avtomat telefondan Elbrus Cavadovun xidməti otaq nömrəsinə zəng vurub xəstəxanaya nə vaxt gedəcəyimizi soruşmuşdum. Elbrus vacib işi çıxıdığı üçün gedə bilməyəcəyini, səfərin başqa vaxta qaldığını bildirmişdi. İndi cibimdəki konverti lazımi ünvana verməliydim. Əslində, aldığım son məlumatlar mütləq müzakirə tələb edirdi. Ancaq hələ ortaya «Harun» barədə məlumat çıxmazdan əvvəl qarşı tərəfin kimliyini öyrənmək məqsədi ilə Layiqəyə verdiyim bir tapşırığın nəticəsini ən azı bir gün gözləməyə qərar vermişdim. Layiqə dünən axşamdan həmin tapşırığı yerinə yetirməyə başlamışdı. Əgər bir nəticə olarsa, onu da aldığım məlumatlara əlavə edib sonra polkovniklə görüşməyim daha yaxşı olardı. Bu halda, artıq müəyyən etdiyimiz adamın «Harun»un şəhərdə olan səlahiyyətli adamlarının ilk üçlüyündə yer almasına şübhəm olmayacaqdı. Polkovniksə, görüşməyi vacib bilərsə, özü vaxtını və yerini mənə bildirəcəkdi.

Yarım saat sonra lazımi ünvana çatıb konverti artıq məni üzdən tanıyan, ilk dəfə gələrkən gördüyüm kişiyə verdim. Yenə də parolu dinləyən kişi mənə həmin cavabı verdikdən sonra valyutadəyişmə məntəqəsini tərk etdim.

Çoxdandır Dənizkənarı bulvarda olmamışdım. Oraya gedib bir qədər dəniz havası almaq, həm də təhlillərimi davam etdirmək qərarına gəldim. Yaxın olduğu üçün on dəqiqə sonra bulvardakı boş skamyalardan birində oturmuşdum.  

Layiqəyə verdiyim tapşırıq «Nexia» markalı maşının saxlanıldığı həyəti müəyyən etmək idi. Ona qısa şəkildə nə edəcəyini izah etmiş, çox şeyi açıqlamağı lazım bilməmişdim. Ancaq əslində isə qarşı tərəfin kimliyini müəyyən etmək üçün başqa bir istiqamətdə də iş aparılırdı. Bunu Nazirlikdə işləyən, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili olan dostum Nadir edirdi. Maşının səksən yaşlı bir kişinin adına sənədləşdirilməsi bu maşının başqası tərəfindən idarə olunmasını mümkünsüz edirdi. Çünki heç kimin adına etibarnamə verilməmişdi. Bu halda, həmin  maşının başqası tərəfindən idarə olunmasını Layiqəyə fərqli şəkildə izah etsəm də, əslində vəziyyət elə deyildi. Qanun ata və oğul arasında eyni maşının etibarnaməsiz idarə olunmasına icazə verir. Məhz Layiqənin sükan arxasında gördüyü adamla maşın sahibinin ata-oğul olub-olmamasını indi Nadir araşdırıdı. Bu təsdiqlənərsə, məkanı bilinən birini izləmək və onun vasitəsilə əsas obyektin yerini müəyyən etmək elə də çətin olmayacaqdı. Qarşı tərəfin «çəkməçi» fəndimə qarşı atdığı yayındırıcı cavab addımı ilə istəmədən mənə verdiyi ipuclarından maksimum yararlanmağa çalışırdım.

Tapşırığı Layiqəyə fərqli şəkildə verərək bu dediklərimi ondan gizlətməyimin səbəbi var idi. Bu araşdırmada hələ o qədər nəzərə çarpmasa da, ilk gündən hiss etdiyim və get-gedə artan real təhlükəni görürdüm. Kəllə-kəlləyə gəldiyimiz aləmdə zarafatı sevmirlər. Bu səbəbdən ona yalnız texniki məsələlərlə bağlı tapşırıqları verir, dəstə üzvləri ilə bağlı heç bir işi tapşırmamağa çalışırdım. Əlbəttə, çəkməçini izləyən adamı müəyyən etməyi ona tapşırmışdım, ancaq bu, zərurətdən yaranmışdı və məsafədən həyata keçirilmişdi. Həm də həmin vaxt təhlükənin miqyası tam bəlli deyildi. Ancaq daha bu işlərə onu qatmamağa maksimum çalışırdım. Ona görə də maşının sahibi ilə onu idarə edənin ata-oğul olmalarını və təsdiqlənərsə, sonrakı işləri görməyi yaxın dostum Nadirə həvalə etmişdim. «Harun»un bu işdə bilavasitə əli olduğunu bildikdən sonra isə Layiqəni daha az tapşırığa cəlb etməyə çalışacaqdım. Əvvəlki araşdırmalarda özünü tam doğrultsa da, hər anı gözəgörünməyən təhlükə ilə müşayiət olunan bu araşdırmanın yükü onun çiyinləri üçün deyildi. «Qanuni oğru» adının indiyənədək heç bir qadına verilmədiyi bu aləmin adamları ilə savaş, bizim, oddan-alovdan keçmiş, həyatını qatı cinayətkarlarla mübarizəyə həsr etmiş kişilərin, polis zabitlərinin işi idi.

Özünəməxsus qoxusu olan bulvar havası burnumu qıcıqlandırır, dənizdən əsən meh yumşaq bir sərinlik yaradırdı. Ancaq daha getmək lazım idi. Hələ başqa işlər vardı, axşam da Layiqə ilə görüşməli idim.

 

* * *

-Mən sənə nə demişdim?

«Qızılbaş»ın sərt baxışlarından büzüşüb baxışlarını aşağı dikən Aydəmir susur, nəsə deməyə cürət etmirdi.

-Cavab ver!

-Demişdiniz, maşını o qocanın qapısının qarşısında saxlayım.

-Bəs niyə sürüb bura gətirmisən?

-Ora getdim. O küçədə yas məclisi var idi, böyük bir çadır qurulmuşdu. Heç küçəyə dönə bilmədim. Məcbur olub bura sürdüm.

-Küçədə çadır var idi, bütün şəhərdə də çadır qurulmamışdı ki? Başqa yer tapmadın? Mən bu Bəxtiyarı az-çox tanıyandan sonra bu maşın, nə bilim Xırdalan məsələsini boş yerə etdiyimi anladım. Ona görə, heç olmasa bir qədər onun işini artırmaq üçün bir gün sonra maşını o qocanın qapısına sürməyi tapşırdım, dedim, mən deyənə qədər qalsın o küçədə. Sən nə vaxtdan mənim sözümü çevirməyə başlamısan?

Onsuz da qorxudan büzüşmüş Aydəmirin rəngi ağardı.

-Bağışlayın. Çadırı görəndən sonra ağlıma heç nə gəlmədi, fikirləşdim özbaşına haradasa sürüb saxlasam işləri korlamış olaram, sürdüm qapıda saxladım ki, sizdən soruşum nə edim. İçəri salmaq fikrim yox idi. Siz də dincəlirdiz deyə, yarım saatacan gözlədim, sonra qorxdum ki, küçədə görən olar, başqa çarəm olmadı, gizlətmək üçün sürüb həyətə saldım.

Onun sözünə əhəmiyyət verməyən «Qızılbaş» davam etdi:

-İndi sənə deyirəm. Əgər o səndən qat-qat ağıllı olan Bəxtiyar maşının izi ilə bu həyətə qədər gəlib çıxsa, səni elə o maşını saxladığın yerdə basdıracağam. Bilmirsən hər yer kameradır? Cəhənnəm ol gözümdən.

Aydəmir ayaqları bir-birinə dolaşa-dolaşa həyətdən çıxdı, küçədə divara söykənib əlləri əsə-əsə cibindən çıxardığı qutudan bir siqaret götürdü. Sonra qutunu cibinə qoyub alışqanı çıxardı. Hava küləkli olduğu üçün yandırdığı alışqan sönür, heç cür siqaretini alışdıra bilmirdi. Nəhayət titrəyən əlinin ovucu ilə alışqanı küləkdən gizlədib birtəhər siqaretini yandırdı və tüstüsünü ciyərlərinə çəkdi. O, «Qızılbaş»ın dediyi heç bir sözü unutmadığını bilirdi…

Onun ardınca baxan «Qızılbaş» iki qullab vurduqdan sonra bayaqdan barmaqları arasında sıxdığı siqarı hirslə yerə çırpdı. Qarşı tərəfin məkanını müəyyən edə biləcəyi, əlbəttə, ona xoş gəlmirdi. Ancaq baş verənlərdə ən dəhşətli olan bu deyildi. «Oğru» qanunları ilə yaşayan bu adam, tək özünün deyil, cavabdeh olduğu adamının buraxdığı səhvə görə də sorğu-sualın ondan ediləcəyini bilirdi… Yenə də bunu Dəmirdən birtəhər gizlədə bilərdi. Ancaq bununla da hər şey bitmirdi. Yaşadığı aləmin «qanun»ları ilə hər bir hərəkətini, hər bir sözünü ölçüb-biçən, heç vaxt «səhv» buraxmayan nüfuz sahibi kimi indi baş verənlərdə şəstinə toxunan və onu təbdən çıxaran başqa bir şey də var idi. Son dərəcə iti zəkaya malik olan və rəqibinin hörmətə layiq ağlına qiymət verməyi bacaran biri kimi, adamının etdiyi bir axmaqlıq nəticəsində özünün qarşı tərəfin gözündə axmaq yerinə qoyula biləcəyi fikri onu dəliyə döndərirdi.

 

* * *

Bəxtiyarın verdiyi məlumat polkovnik Dadaşzadəni yenidən fikrə getməyə məcbur etmişdi. İsfəndiyar Mövlayev kimi birinin oğlunu qətlə yetirməyə cürət edənlərin adi adamlar olmadıqlarını təxmin etmişdi lap əvvəldən. Ancaq məsələnin «Harun»a qədər gedib çıxacağını heç ağlına gətirməzdi. Qarşısında isə, bunun məhz belə olduğunun təkzibedilməz sübutu var idi - təcrübəsinə və bacarığına ən çox inandığı tələbəsi Bəxtiyarın verdiyi məlumat. Bəxtiyar heç vaxt doğruluğuna arxayın olmadığı bir məlumatı ona ötürməzdi.

Bu, cürbəcür ağır və dolaşıq cinayətləri açmış polkovnik üçün məntiqdən kənara çıxan bir məlumat idi. Əgər İsfəndiyar Mövlayev özü qətlə yetirilmiş olsaydı və indi o, bu qətli araşdırarkən belə bir məlumat alsaydı qətiyyən təəccüblənməzdi. İsfəndiyarın mənsub olduğu dairələr və nüfuzu bəlli idi. Ancaq gənc bir oğlanla, qoy lap soyadı Mövlayev olsun, «Harun»un nə məsələsi ola bilərdi? Özü də onu qətlə yetirməyə qədər gedib çıxmış bir məsələ. Axı oğlunun İsfəndiyarın işlərinə heç vaxt heç bir qarışacağı olmayıb, bu dəqiqdir.

Polkovnik əlini çənəsinə dayayıb dərindən nəfəs aldı. Yoox, nəsə düz gəlmir. Deyək ki, Səlimin qeyri-adekvat addımını təhlil edib bir məntiqi nəticəyə gəldim. Bəs bu qətldə «Harun» kimi birinin əlinin olmasını hara yozmalı?

Yaxşı bəs, bunu öyrəndikdən sonra Bəxtiyar niyə mənimlə şəxsən görüşmək istəməyib? İstənilən əməliyyatçı başa düşər ki, bu məlumat «SOS» siqnalıdır və mütləq müzakirə tələb edir. Bəxtiyar da bu qaydaları bilir. Bunu etməyibsə, deməli bir səbəbi olmalıdır. Belədirsə, onda tələsməyək, görək daha nə öyrənə bilərik. Hələ ki, vaxta var…

 

* * *

Layiqə şefinin sonuncu dəfə təyin etdiyi yeni görüş yerinə gedirdi. Verilmiş tapşırığa əsasən iki gün metronun «Azadlıq prospekti» stansiyasının yaxınlığındakı böyük ərazini gəzdikdən sonra lazım olan maşını tapa bilməsə də, bəzi müşahidələrini bölüşmək istəyirdi. Təxminən beş dəqiqədən sonra deyilən yerə çatdı. Tam vaxtında gəlmişdi. Amma nədənsə Bəxtiyar gözə dəymirdi.

Şefinin heç vaxt heç yerə gecikmədiyini bilən Layiqə ətrafa boylandı. Aha, bu da yaxınlıqdakı şirniyyat mağazasından çıxan şefi.

Sol əlində şirniyyat dolu torba olan Bəxtiyar mağazadan çıxıb Layiqəni görmürmüş kimi yanından ötdü və asta addımlarla təyin etdiyi yerdən bir qədər aralıdakı parka tərəf getdi. Torba Bəxtiyarın sağ əlində olsa idi, Layiqə heç bir halda ona yaxınlaşmalı deyil, təcili buranı tərk etməli idi. Görünür təcrübəli şefi mağazanın vitrin şüşəsinin arxasından onun gəlişini izləmiş, hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra mağazadan çıxıb özünü göstərmişdi. Torbanın Bəxtiyarın sol əlində olması «bir qədər sonra ardımca gəl» demək idi. Şefinin uzaqlaşmasını gözləyən Layiqə bir azdan onun getdiyi istiqamətə addımladı.

Elə də böyük olmayan bu park, həmişə adamla dolu olardı. Parka çatan Layiqə ən qıraqdakı, arxası parka tərəf olan skamyada oturmuş, əlindəki kətəni iştahla yeyən şefini o dəqiqə gördü. Yaxınlaşıb çantasından çıxardığı salfet kağızını ona uzadıb yanında əyləşdi.

-Salam, şef.

-Salam, sənə də kətə verim?

-Yox şef, nuş olsun.

-Onda sən başla, mən qulaq asım.

-Deyilən ərazini ələk-vələk elədim. İçərilərə getdikcə, o küçə o qədər şaxələnir ki, zorla axırına çıxa bildim. Oralardakı avtoyuma və avtotəmir məntəqələrinə də baş çəkdim, bizə lazım olan maşın heç yerdə yoxdur. Ancaq düşünürəm ki, o ərazidəki bir ünvanı yoxlamağa dəyər, -Layiqə ünvanı dedi.

-Başa düşdüm, -kətəni yeyib qurtarmış Bəxtiyar salfetlə əlini sildi.

-Tapşırdığınız kimi, gələrkən yolüsütü ofis tərəfdən gəldim. Ağacda heç bir işarə yoxdur.

-Bu da aydındır.

-Şef, bu ağac məsələsinin bir başqa yolu yoxdur? Bax yenə qiyafəmi dəyişməli oldum. Bəlkə proqram yükləyim, ofisdəki kameranın görüntüləri telefonuma gəlsin? Ağac kamerada aşkar görünür.

-Elə bilirsən mən bunu fikirləşməmişəm? Ancaq texniki vasitələrdən istifadə etməyimiz indiki halda arzuolunan deyil. Bizim edə biləcəklərimizi qarşı tərəf də hesablaya bilir və onların hər yerdə adamları ola bilər. Sənin yükləyəcəyin proqramı izləyən başqa proqramlar da var. İpucu verib onları sevindirməyək. O ki qaldı ağaca, razıyam, sabaha «dostlarımızla» görüş təyin edəcəyəm. Elə həmin görüşdə bu məsələni də həll edəcəyəm.

-Hə, yaxşı olar.

-Ağac məsələsi sənə elə də primitiv görünməsin, atdığımız hər addımın bir mənası var. Bəzən qarşı tərəf bizim hansı qəliz əlaqə vasitələrindən istifadə edəcəyimizi düşünüb baş sındırarkən, biz ən sadə üsulları seçib onları azdırırıq. Peşəkarlıq elə budur, Layiqə. Qeyri-standart addımlar atmaqla sığortalanmaq, eyni zamanda məlumatsız qoymaqla rəqibin əl-qolunu bağlamaq.

Bilirsənmi, əlaqə vasitəsi təyin olunanda uzun müddət gizli qalacağımızı, rahat ofisə gəlib-gedəcəyimizi, lazım olan anda üzə çıxacağımızı düşünürdük. Hər şey də buna hesablanmışdı və rahatlıq üçün belə qərar verilmişdi. Ancaq gözləmədiymiz halda, elə ilk gündən vəziyyət dəyişdi.

-Başa düşdüm, şef. Bəs ümumi vəziyyət necədir?

-Yaxşı deyil Layiqə. Bu iş çox dərinlərə gedib çıxır. Üstəlik də, son görüşümüzdə bu işdəki gedişatla bərabər qonşumun oğlu Salamın tutulduğunu, bunun şərə oxşadığını sənə demişdim. Hələ onun işi ilə də ətraflı maraqlanmağa vaxtım olmayıb.

-Bəlkə o işə mən qoşulum, mənim boş vaxtım kifayət qədərdir?

-Hələ ki, ehtiyac yoxdur. İşi aparan müstəntiqlə uşağın günahsız olmasında həmfikir olduğumuz üçün çox narahat deyiləm. Həm də sən hər an lazım ola bilərsən. İndi isə get dincəl. Tapşırıq olsa, zəng vuracam. Bu şirniyyatları da sizə almışam, rəifqənlə çay içərsən.

-Sağ ol, şef. Ancaq ikimiz də pəhrizdəyik. Söz vermişik, iki kilo arıqlayaq.

-Rəfiqən nə qədər istəyir arıqlaya bilər. Sən isə fiziki formanı həmişə saxlamalısan, bunu unutma.

Çarəsiz torbanı götürən Layiqə sağollaşıb uzaqlaşdı. Bəxtiyar hələ bir xeyli bu skamyada oturacaqdı. Onun düz yarım saat sonra burada başqa bir adamla da görüşü var idi.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2023)

 

 

 

 

 

 

 

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Elmira ismayılova (Camalova) 1949-cu ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olub. Azərbaycan dili və ədəbiyyatı müəlliməsidir. Hal-hazırda təqaüddədir.  Üç övladı, iki nəvəsi var.

 

 Elmira xanımla tanışlığım Ülviyyə Əbülfəzqızının “Ruhumun nəğməsi” adlı ilk şeirlər kitabının təqdimatı zamanı başladı. Azacıq ünsiyyətdən sonra onun necə səmimi bir insan olduğunun fərqinə vardım. Zəmanəmizdə nadirən belə insanlar tapılar. “Möcüzəli faktlarla” kitabını mənə təqdim edən zaman ruhunun səsini eşidirdim sanki. O ruh ki, bir ömür boyu sözün əsl mənasında möcüzələrə şahid olmuş, hər kəsə nəsib olmayan bir həyat yaşamışdı. Ah necə bir həyat...

 “Möcüzəli faktlarla” zəngin olan bu kitabın taleyi çox təəssüf ki, olduqca talesiz olmuşdu-biganəlikdən, görməzlikdən və bəlkə də qısqanclıqdan...

Kitabı vərəqləyərkən özümü möcüzələr diyarında hiss edirdim sanki... Kitab məni həyatın dərinliklərinə baş vurdurmuş, ruhumu sarsıtmışdı. Bir insanın həyatında bu dərəcədə möcüzələr olarmı ilahi?... Hansı sətrə biganə yanaşasan, hansı vərəqi ötəri keçəsən, hansı möcüzəni unutmağı bacarasan... Bu kitabda yazılanları azacıq da olsun duymaq üçün oxumaq gərək və ən əsası ürək gərək, ürək... Zatən ürək yoxsa milyon dəfə oxusan nə yarar. Müxtəsərcə çox təsirləndim bu kitabdan. Və bu kitabın daha böyük oxucu auditoriyasına çatdırılması gərək. Xüsusən gənclər bu kitabdan daha çox faydalanmalıdır, düşünürəm. Həqiqətləri, xoşbəxtliyi, həyatın mənasını dərk eləmək üçün bu kitab o qədər əlverişlidir ki...

Sonda Elmira xanıma daha böyük uğurlar, uzun ömür, can sağlığı arzulayır, kitabının da gec-tez minlərin sevimlisinə çevriləcəyinə inanıram...

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Əyyub Türkayın növbəti uşaq hekayəsini sizlərə təqdim edir. Onu balalara oxuyun, axı balalar üçün ədəbiyyat demək olar ki, heç yazılmır.

 

Ağıllı Dovşan və yalançı Qoca

 

(Nağıl)

         

 Keçmiş zamanlarda meşə ətrafında bir qoca kişi öz qarısı ilə yaşayırdı. Onlar çox yaşlı olmalarına baxmayaraq çətinliklə də olsa gündəlik yeməklərini təmin etmək üçün bağlarında tərəvəz becərib satırdılar. Qoca çox vaxt meşə ərazisində quş ovlamaq üçün tələ qurardı. Günlərdir qurduğu tələni yoxlamağa gedən qoca hər dəfə evinə əliboş qayıdardı. Qarı da onun əliboş gəldiyini görəndə deyinərdi. Çoxdandır dilinə ət dəymədiyini, tezliklə quş ətindən kabab yemək istədiyini bildirərdi. Bir gün qoca yenə meşədə qurduğu tələni yoxlamağa gedirdi. Birdən tülkünün kök bir dovşanı qabağına qatıb qovduğunu gördü. Həyəcandan ora-bura hoppanıb qaçan dovşan quş tələsinə doğru gəlirdi. Qoca ağacların arasından boylanıb bu qovmacanın sonunun nə ilə bitəcəyini gözləyirdi. Çox çəkmədi ki, yolunu itirən dovşan qocanın qurduğu quş tələsinə özünü çırpdı. Tərpənmək istəyəndə pəncələri və ayaqları ilişib tələdə qaldı. Qoca cəld önə çıxıb tülkünü qovub uzaqlaşdırdı. Daha sonra tələyə düşmüş dovşanı tutub sevinclə

gülməyə başladı. 

-Bu gün sən mənim ailəmin qismətinə düşən paysan. Xanımım məni çoxdandır dəng edib, ürəyindən kabab yemək keçir. Səni özümlə aparıb ətindən dadlı kabab

çəkəcəyəm. Dovşan bunları eşidəndə qocaya yalvarmağa başladı. 

-Mənim  yuvam yerin altındadır. Orada yeni doğulmuş balalarım var. Məni yesəniz onlar yerin altında aclıqdan öləcəklər. Gəl sən məni yeməkdən əl çək. Əvəzində mən bostanda əkilən bütün tərəvəzləri toplamaq üçün sənə kömək edəcəyəm. Beləcə sənin də, xanımının da işləməkdən canı qurtarar. Qoca məhsul toplanan vaxtı nə qədər əziyyət çəkdiklərini yadına salıb dovşanın sözləri ilə razılaşdı. Dovşana qəti xəbərdarlıq edib dedi:

-Bax dovşan, mən və xanımım çox qocalmışıq. Məhsul toplamaq bizi lap əldən-ayaqdan salır. Həyatını balalarına bağışlayıb səni azad edəcəyəm. Amma sən də sözünü tutub bizim bostanın məhsulunu başdan-başa toplayacaqsan. Dovşan razılıq edəndən sonra qoca onu qucağından yerə qoydu. Dovşan sağollaşıb torpaqda qazdığı dəliyə girib balalarının yanına getdi.

Qoca evə gələndə acgöz qarı qaşqabağını sallayıb onu gözləyirdi. Qocanı görən kimi tez başladı deyinməyə. 

-Yenə əliboş gəlmisən? Sənə demədim ki, ürəyim dadlı kabab istəyir?  Sən isə görünür heç bir işə yaramırsan. Qoca gülüb dedi: 

-Ay xanım, əsəbiləşmə. Mənim qurduğum tələyə quş düşməsə də əvəzində kök, yağlı bir dovşan düşmüşdü. 

Ağzı sulanan qarı daha da qəzəbləndi və dedi:

-Bəs hanı o dovşan? Niyə gətirib ətindən kabab çəkmirsən mənim üçün? Qoca Qarını sakitləşdirib dedi:

-Ay xanım, mən nə etdiyimi yaxşı bilirəm. Dovşan bunun əvəzində bostanın

məhsullarını başdan-başa toplayacaq bizim üçün. Daha biz iki beli bükülmüş qoca

bundan sonra əziyyət çəkməyəcəyik. Hələ iş bununla bitmir. Öyrəndim ki, dovşanın yerin altında təzə doğulmuş balaları var. Çox keçməz ki, onlar da böyüyər. Onda həm ana dovşanı, həm də balalarını tutub ətlərindən bir neçə cürə dadlı yeməklər bişirərik özümüz üçün. Acgöz qarı qocanın bu sözündən xoşhal oldu. Tək-tük dişləri olan ağzını açıb xeyli güləndən sonra dedi:

-Bəh-bəh, nə yaxşı, daha bundan sonra iş görməyəcəm. Bir neçə aydan sonra da hər gün dovşan ətindən dadlı yeməklər yeyəcəyəm.

           Vaxt ötdü, vədə çatdı. Bostanda bol məhsul yetişdi. Dovşanın balaları da artıq böyümüşdü. O balalarını da götürüb bostana gəldi. Əvvəlcə dovşanlar torpağın altından kartofları çıxarıb səbətlərə yığdılar. Sonra kələmləri bir yerə topladılar. Ardınca yemiş, qarpız və balqabağı da dərdilər. Bir neçə gündən sonra dovşan və balaları bostandakı bütün məhsulları yığıb qoca və qarısına təhvil verdilər. Daha sonra ana dovşan qoca və qarısına səslənib dedi: 

-Biz sözümüzü tutduq. Bostanda olan bütün məhsulu topladıq sizin üçün. İndi isə mən və balalarım gedirik. Növbəti məhsul vaxtı yenə sizə kömək etməyə gələcəyik. Qoca dovşanların aradan çıxmaq istədiyini görüb tez həyətin qapısını bağladı. Təəccüblə baxan dovşanlara üzünü tutub dedi:

-Mənim xanımım dovşan ətindən kabab yeməyi çox xoşlayır. Mən də ona söz vermişəm ki, siz dovşanların ətindən ona dadlı yeməklər hazırlayacam. Ana dovşan qocanın verdiyi sözdən döndüyünü görüb hiyləyə əl atdı. Qocaya bir az da yaxın gedib dedi:

-Mən və balalarım sizin bu istəyinizə etiraz etmirik, ancaq bizim ətimizi gərək səhər gün çıxmamış yeyəsiniz. Gün çıxandan sonra ətimiz acı və dadsız olur. Ömründə heç vaxt dovşan əti yeməyən qoca dovşanın bu sözünə inanıb dedi:

-Lap yaxşı, necə də olsa həyətin dörd bir yanı daş hasardır. Qapını da yaxşıca

bağlamışam. Heç yana qaça bilməyəcəksiniz. Səhər tezdən gün çıxmamış mən sizin ətinizdən özümə və xanımıma dadlı yeməklər bişirəcəyəm. Bunu deyəndən sonra qoca evə girdi. Axşam oldu. Qoca və qarı dovşan ətinin kababını xəyal edərək yuxuya getdilər. Dovşan və balaları isə gecəni yatmadılar. Hasarın altından çölə dərin bir yol qazıb bağlı yerdən qurtuldular. Gedəndə özləri üçün yeməyə qocanın anbarından xeyli tərəvəz götürdülər. Meşənin dərinliklərində özlərinə yuva qurmaq üçün qaçaraq gözdən itdilər.

           Qoca və qarı səhər sübhdən qalxıb dovşanları axtardılar. Həyətdə heç bir

dovşan gözlərinə dəymədi. Qoca hasarın altında qazılan dəliyi görəndə işin nə yerdə olduğunu anladı. Dadlı dovşan ətindən kabab elə onlar üçün xəyal olaraq qaldı. Heç vaxt dovşan ətinin dadına baxa bilmədilər. Növbəti məhsul vaxtı isə iki beli bükülmüş qoca yenə də əvvəllər olduğu kimi çətinliklə tərəvəzləri özləri toplamağa başladılar.

Acgözlük etdikləri üçün elə hey özlərini danlayırdılar. Çünki onlar əllərinə düşən şansı yaxşı dəyərləndirə bilməmişdilər.         

 

 “Ədəbiyyat və incəsənət”

(13.07.2023)

 

 

 

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Bir müddət mövzumuz sağlam qidalanmaq olacaq. Axı, uğura doğru yolda sağlamlıq vacib şərtlərdən biridir.

 

Ötən gün sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyimiz Yer kürəsinin ən faydalı qidaları ilə tanış etmişdik. Bu dəfə daha təkmil siyahı ilə tanış olun.

 

A. göyərti və tərəvəzlər.

1.     Qulançar (az kalorilidir, asan həzm olunur, vitaminlərlə (K, B1, B2, B9, C, E, A, PP), mikro və makroelementlərlə (sink, kalsium, maqniy, dəmir) zəngindir).

2.     Şirin bibər (Antioksidantların və C vitamininin mənbəyidir).

3.     Brokkolli kələmi (K və C vitaminlərinin və sellülozun çoxluğuna görə təkrarsızdır, xərçəngin bütün növlərinə tutulma riskini azaldır, bədəni toksiki maddələrdən təmizləyir).

4.     Kök (karotinin əsas mənbəyidir, insanın hüceyrələrinin inkişafı, dərinin, selikli qişanın və gözün sağlamlığı üçün çox vacibdir).

5.     Rəngli kələm (tərkibindəki A, B, PP vitamini, kalium, fosfor, dəmir və sellüloz, eləcə də protein adi kələmdəkindən dəfələrlə çoxdur, bu tərkib bağırsağın mikroflorasına müsbət təsir göstərir).

6.     Xiyar (95% sudan ibarət olan və ən az kalorili bu tərəvəzdə yağ, zülal çox azdır, amma kalium və digər vitaminlər çoxdur).

7.     Sarımsaq (ən güclü antioksidantlardan hesab olunur, güclü bakterisid təsiri var, soyuqdəymə ilə mubarizədə güclü silahdır, ürək xəstəlikləri riskini, yemək borusu xərçəngi riskini azaldır).

8.     Zəncəfil (immungücləndirici, həzmə kömək edən bu bitkinin kökündə efir yağları, vitamin və minerallar boldur).

9.     Soğan (bakterisid xassəsinə, dəmir və kalsium bolluğuna, B və C vitamini bolluğuna görə seçilir).

10.Pomidor (xərçəng əleyhinə likolin kimi güclü antioksidanta, ən müxtəlif mikroelement və vitaminlərə malikdir).

11.Cəfəri (tərkibində limondan 4 dəfə çox vitamin olduğundan soyuqdəymədə, habelə avitaminozda çox faydalıdır, bitki proteininə malik olduğundan isə pəhriz saxlayanlar, xüsusən ət yeməyənlər üçün əvəzsizdir).

 

B. Meyvə və giləmeyvələr

12.Alma (tərkibində pektin, antioksidantlar və C vitamini çoxdur, arıqladıcı xüsusiyyətə malikdir).

13.Avokado (77% sağlam yağlardan ibarətdir, vitamin və sellülozla zəngindir).

14.Banan (fiziki əməkdən sonra gücün bərpasına kömək edir, kalium, protein, B 6 vitamini ilə zəngindir).

15.Yemişan (ən güclü antioksidant mənbələrindəndir, gözə çox faydalıdır).

16.Portağal (digər sitruslar kimi bol C vitamini mənbəyidir, habelə antioksidantla zəngindir).

17.Çiyələk (tərkibində C vitamini, marqans var, az kalorilidir).

18.Nar (qan dövranını tənzimləyir, damarları qoruyur, şiş xəstəliklərində şişlərin böyüməsinə mane olur).

19.Qarağat (xərçəngdən qoruyan antioksidantlarla boldur, yaddaşı gücləndirir).

20.Limon (C vitamini anbarı hesab edilir, qan dövranının effektiv fəaliyyəti üçün çox xeyirlidir).

 

C. Yarmalar və paxlalar

21.Mərci (bitki mənşəli proteinlə, vitaminlərlə, zülalla boldur, toxluq vermə xüsusiyyətinə malikdir).

22.Lobya (zülal bolluğuna görə onu ət və balıqla bir tutmaq olar, mikro və makroelementlərlə zəngindir, bir çox xəstəliklər zamanı pəhriz qidasına daxil edilir, xərçəng və ürək xəstəliklərindən qoruyur, çəkini, qan şəkərini tənzimləyir).

23.Qəhvəyi düyü (qanda şəkərin miqdarına, arterial təzyiqə, mədəaltı vəzə müsbət təsir göstərən dietik məhsuldur).

24.Yulaf (30% sellüloza, «pis xolesterin»in səviyyəsini azaldan beta-qlyukana malikdir).

 

D. Qoz və tumlar

25.Badam (E vitaminli, maqnium və antioksidantlarla boldur, çəki salmaq üçün əvəzsizdir, metabolizmi sürətləndirir).

26.Hind qozu (günə 7 ədədi yeyilsə insan immunitetini yüksəldir, ürək-damar xəstəlikləri riskini azaldır, insançün faydalı əksər vitamin və minerallara, üzvi turşulara malikdir, tərkibindəki potasium əzələlərin inkişafına xidmət edir).

27.Araxis (çiy halda çox faydalıdır, çəki atmağa kömək edir, antioksidantdır).

28.Balqabaq tumu (vitamin və minerallarla, üzvü turşularla zəngindir, tərkibindəki 32-52%-lik balqabaq yağı insanın dərisinə, saçına və dırnaqlarına sağlanmıq verir, tərkibindəki bol sink cinsiyyət orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Əsəb sistemi, yaddaş üçün də faydalıdır).

29.Fındıq-fıstıq (həftədə 5 dəfə yemək ürək problemlərini 50 faizədək (!) azaldır).

 

 

E. Ət və süd məhsulları

 

30.Qırmızı ət (Omeqa-3 vitamini ilə zəngindir, protein və B 12 vitamininin mənbəyidir, bədəni gücləndirir).

31.Yoqurt (bu turş süd məhsulu adi südün bütün müsbət xüsusiyyətlərini qoruyub saxlayır, üstəlik, tərkibindəki faydalı bakteriyalara görə həzm prosesini də yaxşılaşdırır).

32.Süd (Kalsiumun ən yaxşı mənbəyi, eləcə də vitamin və mineralların, protein və sağlam yağın mənbəyidir, faydalı bakteriyalarla boldur).

33.Yumurta ( yağ turşuları, B qrupu vitaminləri ilə zəngindir, ən sağlam, ən qüsursuz qidalardan hesab olunur, beyni və göz sağlamlığını gücləndirir).

 

J. Dəniz məhsulları

34.Losos (zülal, D vitamini və omeqa 3 yağ turşuları ilə boldur, yaddaş üçün, beyin fəaliyyətinin düzgün funksiya göstərməsi üçün çox faydalıdır).

35.Forel (yalnız təmiz sularda yaşadığından xüsusi maraq doğurur, bol A, D, B, E vitaminlərinə, omeqa 3 yağ turşularına malikdir).

36.Tuna (zülalın miqdarına görə (22%-dən çox) bütün digər balıqları üstələyir, gözə, beyinə fayda verən, ürək-damar xəstəlikləri riskini 2 dəfə azaldan onlarca vitamin, mikro və makro elementlərə malikdir).

37.Krevetka (olduqca az yağ və piyə malik olduğundan az kalorilidir, amma zülal, protein, yağ turşuları ilə boldur. Eləcə də tərkibində selen, sink və B 12 vitamini var).

38.Qara kürü (Nərə balıqlarının kürüsündə 30% yüksək keyfiyyətli zülal var, lesitin, A, D, E vitaminləri var, onlarca mineral var, çox faydalı yod var. Profilaktik və bədən gücləndirici xassələrə malikdir).

 

K. Digər ərzaqlar

39.Qara şokolad (insana lazım olan gündəlik dəmir, maqniy, marqans və antioksidant normasının yarısını verir, arterial təzyiqi yüksək olanlar üçün faydalıdır).

40.Alma sirkəsi (pəhriz zamanı toxluq verdiyi üçün çox gərəklidir, qanda şəkərin miqdarını azaldır).

41.Zeytun yağı (yağlardan ən faydalısıdır, immuniteti yüksəldir, qan təzyiqini salır, qanda xolesterinin miqdarını azaldır).

42.Kokos yağı (arıqlamaq üçün çox kömək edir).

43.Yaşıl çay (4000 ildən çoxdur ki, öz müalicəvi cəhətləri ilə seçilir, sitrus bitkilərindən 4 dəfə çox P vitamininə malikdir, hüceyrələri dağılmaqdan qoruyur, immun sistemini gücləndirir. Kokdəkindən 6 dəfə çox A (karotin) provitamininə malikdir, görmə qabiliyyətini yaxşılaşdırır, azad radikalların çıxardılmasını gücləndirir. Eləcə də B qrupu vitaminləri və E vitamini ilə zəngindir. Maraqlıdır ki, çinlilər 400 xəstəliyi onunla müalicə edir, onu «möcüzə həkim» adlandırırlar).

44.Zəfəran (qədimdən bəri ağrıkəsici və qan təzyiqini sabitləşdirən vasitə kimi istifadə edilir, tərkibində 150-dən çox xüsusi maddə var. Xüsusən xərçəngə qarşı təsirlidir, həzm problemlərini həll edir, iştahanı kəsdiyi üçün arıqlamaq istəyənlərə çox faydalıdır).

45.Bal (minbir dərdin dərmanı adlanan bu arı möcüzəsi 75-80% karbohidratlardan (qlükoza, fruktoza, saxaroza) ibarətdir, habelə, E, K, C vitaminlərinə malikdir, antibakterial, antimikrobakterial, virus əleyhinə xüsusiyyətlərə malikdir, diabetin, yara və yanıqların, öskürəyin müalicəsində xüsusən effektivdir. Ən böyük bal istehsalçısı olan Çin, Türkiyə, Argentina və Ukrayna, ən böyük bal idxalçısı olan ABŞ, Almaniya və Yaponiyanı, eləcə də bal ehtiyacını ödəyə bilməyən digər ölkələri fasiləsiz olaraq bu möcüzəvi ərzaqla təmin edir. Ümumən, hər il 1,4 milyon ton bal istehsal olunaraq bazarlara çıxarılır).

Əziz oxucum, hər bir şeydən öndə sağlamlıq gəlir, bunu biləsiniz. Ona görə də, əgər uğur qazanmaq, böyük hədəflər vurmaq istəyirsinizsə, ilk öncə mütləq sağlamlığınızın qeydinə qalın. Bununçün isə sağlam qida qəbul etmək başlıca şərtdir.

 

 “Ədəbiyyat və incəsənət”

(13.07.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri İkisində layihəsində nəsr fırtınası davam edir. Bu dəfə sizlərə Həmid Piriyevin hekayəsi təqdim ediləcək.

 

 

 

Həmid PİRİYEV

 

ŞANAPİPİK HAQQINDA MAHNI

 

Şanapipik, bir də mənim yuxuma girmə...

Məmməd Araz

 

Baharı bizim kəndə şanapipiklər gətirir, başqa yerlərə qaranquşlar gətirsə də.  Qaranquşlar şanapipiklərdən sonra gəlib çatırlar. Sərçələr bildirki yuvalarını dağıtmayıbsa, orda, dağıdıbsa da, təzə yuva düzəldib orda məskunlaşırlar. İnişil ev qapısının düz üstündə yuva qurublar. Təzə gələndə nə qədər qovladımsa, getmədilər, daha dəymədim. Üçüncü ildi ki, qapımızın üstündə qaranquşlar yaşayır. Hər il gəlirlər, üç-dörd ay yaşayırlar, bala çıxardırlar, payızda da uçub gedirlər. Bir xasiyyətləri də var ki, heç vaxt yuvanı batırmazlar. Yuvanın altına qəzet sərməyə başlamışam. Belə baxanda sərçədən vəfalısı yoxdu. Mənimsə ən çox şanapipiklərdən xoşum gəlir. Şanapipikləri görən kimi baharın gəldiyini bilirəm. Özləri də qəşəng quşdular. Rəngləri də qəşəngdi, uzun dimdikləri də, başlarındakı şana lələkləri də.

Bu il də şanapipiklər baharı özləriylə gətirib.

Oyanmışam, amma hələ yerimdən durmamışam. Yerim elə istidir ki, heç durmaq istəmirəm. Yaz gəlsə də, havalar hələ soyuq keçir. Pəncərədən əncirin pöhrələnmiş budaqlarına, budaqların arasından görünən göy üzünə baxıram.

Anam məni səsləyir. Durmaq vaxtıdı. Durub geyinib bayıra çıxıram. Həyətdə əl-üzümü yuyanda küçədən atamın səsini eşidirəm. Kimisə söyür.

Alaqapının balaca gözünü açıb boylanıram. Təzəlikcə o biri məhəllədə yaşayan Xosrov bizim küçədən su çəkib. Boru üzdədi, maşınlar üstündən keçir. Gecə maşın keçəndə qaynağı qopub, küçəni su basıb. Atam da Xosrovu borunu partladan sürücüyə qatıb, sürücünü Xosrova. Məni görən kimi səsini bir az da qaldırır:

– Allah-taala buyurub ki, beləsi doğulan kimi kəs başını, biz tutub şeyini kəsirik. Necə murdar adamlar var, ala...

Başını yellədə-yellədə küçənin o başına baxır.

– Bu Saşa harda qaldı? Demişdi, səkkizdə gələcək.

Söz ağzından çıxmamış Saşa tini burulub yellənə-yellənə bizə tərəf gəlməyə başlayır.

Adı Sədrəddindi, amma bütün kənd ona Saşa deyir. Fəhlə balası fəhlədi, atası da həmişə kənddə fəhləlik edib, üç uşağı da bununla dolanır. Atasına Kinq-konq deyirlər, böyük qardaşı Pələngdi, ortancıla ləqəb tapmayıblar, elə Eliş çağırırlar. Bu da Saşadı. Hündür, sarışın uşaqdı. Bir suyu ruslara çəkir. Biləsən-bilməyəsən pəltəkliyi var. Çox gonbuldu, gedəndə şalvarı aşağı sürüşür, köynəyi yuxarı dartılır. İl uzunu qarnı bayırdadı. Bir əliylə gah şalvarını çəkişdirir, gah köynəyini dartışdırır. Amma xeyri yoxdu. Qarnı Saşaya tabe olmur.

– Harda qalmısan? – Saşa yanımıza çatanda atam soruşur. – Demişdin, səkkizdə gələcəksən.

– Gəldim də.

Bir az da çatışmazlığı var Saşanın. Beləsinə el arasında “qoldan qüvvətli, ağıldan kəm” deyirlər. İş tapşırdın, gərək başının üstündə dayanasan, yoxsa yarıtmayacaq.

– Gir içəri.

Atam Saşanı həyətə ötürür, özü də girib qapını bağlayır.

Bizim tərəflər şoranlıqdı. Torpağın şoru daşları yeyir. Hasarın bir tərəfdən altı ovulub getmişdi, atam hasarı söküb, təzədən çəkir. Saşanı fəhlə kimi çağırıb.

Atamla Saşa evin dalına keçirlər. Mən anamın hazırladığı termosu, qənddanı, stəkanları aparıb onların yanında qoyuram.

– Saşa, çay içirsən? – atam soruşur.

Saşa başını yellədir.

– Onda başla palçığı qatmağa.

Gedirəm toyuqlara dən verim. Sonra da danamı yemləyirəm. Alnı ağ qaşqalı, qəhvəyi rəngli erkək danadı. Adı Kolyadı. Kimisə onunla tanış edəndə Nikolay deyirəm, ikimiz olanda sadəcə Kolya. On aylıqdı. Ərköyün böyütmüşəm onu. Yeyib yatmaqdan başqa bir şey bilmir. Nə versən, yeyəcək. Şalqarının yekəsidi. Özü də pintibalaqdı. Altını batırır, sonra da üstündə ağnayır. Budları, quyruğu şaqqıldaq bağlayıb. Eşşəkdi də mənim Kolyam. Özü də gəbaşdı, buynuzu yoxdu. Anası da gəbaş idi, indi olmasın. Adətən, gəbaş inəklərin südü çox olur, amma bizimkində tərsinə oldu. Az süd verirdi, get-gedə də azaldırdı. Satdıq qonşu kənddəki qəssaba. Kolyanı da böyüdək, satacağıq.

Kolyanın yemini qabağına qoyub altını təmizləməyə başlayıram. Quyruğuyla sifətimə vurur. Mən də ona təpik ilişdirirəm. Eybi yox, böyüyəndə yadından çıxar.

Tövlədən çıxandan sonra sifətimi sabunlayıb yuyuram.

Gedirəm çörək alım.

Əvvəlcə nənəgilə dəyirəm.

– Nənə, necəsən?

– Şükür.

– Nəsə lazımdı, alım?

– Yox, hər şey var.

Sağollaşıb çıxıram. Gündə iki-üç dəfə gəlib nənəmi başa çıxıram. Həmişə deyir, heç nə lazım deyil. Yarım saatdan sonra evə zəng edir ki, gəl dükana get. Bu gün də bir azdan zəng edər.

Max-max kənd içində gicəllənir. Pensiya olacaq bu gün. Hər ayın yeddisi-səkkizi pensiya günüdü. Max-max səhərdən gəlir dayanır bankomatın qabağında, həmişə də cibində üç dənə pensiya kartı olur – özünün, arvadının, qardaşının. Özü çıxarda bilmir, ya dükanda işləyən oğlunu çağırır, ya da növbədəkilərdən birinə çıxartdırır. Balacaboy, yumru kişidi; eniynən uzunu bir olar. O qədər kökdü ki, boynu itib. Daldan çağıran olsa, gərək bütün bədənini fırlatsın ki, daldakını görsün. Yumru qarnından balaca bir yumru da pırtlayıb – mədəsi. Qıraqdan çox pis görsənir.

Dükanın yanında çörək sexi var. Hər gün səhər burdan çörək alıram. Sexin qabağında çörək satmaq üçün şüşəli yer ayırıblar. Orda Sultan xala oturur. Hər səhər Sultan xala çörəyi torbaya qoyanacan şüşədən içəri boylanıram, amma dəmir stolun üstündəki xəmir kündələrindən başqa heç nə görə bilmirəm. Hərdən də kündələri götürən və ya hazır çörəkləri ləməyə daşıyan çörəkçi arvadlardan hansınınsa bir hissəsini görə bilirəm. Bu Sultan xala gürcüstanlıdı. Kəndə gəldiyi iki-üç il olar. Gələndən də bu sexdə işləyir. Onu kənddə məmə deyəndən pəpə yeyənə hamı tanıyır. Arıq, qara, çəlimsiz arvaddı. Gürcü ləhcəsində şirin-şirin danışır. Həftənin bir gününü istirahətdədi. Evdə olan günləri şəhərə gedir. İki dəfə avtobusda görmüşəm. Birincisində yolpulunu verdim onun yerinə. Gözlədim, bəlkə, səhər bir çörəyi pulsuz verdi mənə. Ay-hayy. Ölmüşdü Xankişi. Acığa düşüb ikinci dəfə yolpulusunu vermədim. Adam arasında olmasaydıq, dil də çıxaracaqdım, utandım. Bir dəfə girəm içəri, deyəm “sabahın xeyir”. O da qayıda ki, “lyuboy vaxtın xeyir”. Soruşam “rusca da bilirsən?” Deyə “rusca, azərbaycanca, gürcücə təmiz bilirəm, farsca da alayarımçıq”. Odu-budu, ondan gen gəzirəm, qorxuram şpion-zad ola. Bir adam da bu qədər dil bilər?! İçəridə də üç-dörd arvad işləyir. Hərəsi bir bölgədən. Biri var, yaşlı, balacaboy, qarayanız, yumru arvaddı, bığları da var. Ləçəyinin altından qıvrılıb çıxan birçəkləri və bığları ağarıb. Saçına xına qoysa da, rəngi tez gedir. Ucuza qaçıb geydirmə xına alır, deyəsən. Sultana “bacı” deyir, hirslənəndə “qancıq” dediyi də olur. Lotoreya oynayanların pulunu yığır. Bu lotoreya dedikləri qəribə şeydi. Hər ay on-on beş manatdan verirsən, il tamamında, ya da altı aya aybaay verdiyin pulları birdəfəlik götürürsən. Aldım qoz, satdım qoz məsələsi kimi bir şey. Bilmirəm bunun nəyi lotoreyadı. Bir də Bahar var. Cavan gəlindi, baxsan, heç otuzuncu baharını yaşamayıb. O da qarabənizdi. Burdakıların hamısı qaradı. Kəndin yarısı qara arvadların bişirdiyi ağ çörəklərlə dolanır. Bir də səhərlər şüşədən içəri boylananda içəridən bir isti vurur ki, gəl görəsən! Dalımı qapıdan vuran külək sərinlətdiyi halda üzümə vuran istinin təsirindən tərləyirəmsə, gör içəridəkilər nə çəkir.

Sultan xala məni görən kimi iki dənə çörək götürüb torbaya qoyur.

– Üç dənə elə, – deyirəm.

– Qonağınız var? – soruşur.

– Yox, – deyirəm, – qonşu istəyib.

Desəm, həyətdə fəhlə işləyir, söhbət uzanacaq. Nəyimə lazım? Çörəkləri alıb bayıra çıxıram. Kənd içində adam azdı. Max-maxla salamlaşıb getməyə başlayıram. Max-maxın nəzərlərini kürəyimdə hiss edirəm, tini dönənəcən məni izləyir.

Gəlib çörəkləri evə qoyuram, həyətə çıxıb samovara su doldururam. Xoşum gəlir samovar çayından. Hər gün azı bir dəfə qaynadıram samovarı.

Odunu balta ilə nazik-nazik doğrayıram. Bir parça qəzeti yandırıb samovarın içinə buraxıram, lap nazik odunlardan üç-dörd dənə atıb dudkeşi qoyuram ki, havanı sovurub odunları alışdırsın. Bir-iki dəqiqə sonra dudkeşi götürüb bir az böyük odunları doldururam samovara. Dudkeşi yerində bərkidib samovarın qabağında otururam, dudkeşdən çıxan tüstüyə baxıram.

Sərçələrin səsi aləmi götürüb.

Evimizin damındakı şiferlərin altı boydan-boy sərçə yuvalarıdı. İl boyu damımızdan sərçə, evimizdən sərçə səsi əksik olmur. Gözümü açıb sərçələri həyətimizdə görmüşəm. Onlar mənimçün ailə üzvü kimi  bir şeydir. Haçansa sərçələr həyətimizdən uçub getsə, darıxaram. Hava xoş olanda sərçələr yuvalarından çıxıb göyüzünün onlara düşən hissəsində uçuşurlar, həyətdəki ağaclara, küçədəki işıq naqillərinə qonurlar, Allahın verdiyindən tapıb qarınlarını doyuzdururlar. Elə onlar da özlərini atalarının evindəki kimi hiss edir.

Amma hər dəfə sərçələrə baxanda bir hadisə yadıma düşür.

Haradasa on-on iki yaşım olardı onda. Sərçələr təzəlikcə bala çıxartmışdılar. Hər il sərçələr bala çıxaranda nə qədər ətcəbala yuvadan düşür, anaları onları təzədən yuvaya qaldıra bilmədiyi üçün ya pişik yeyir, ya da yerdə qalıb ölürlər. Bir gün həyətdə gəzirdim. Evin divarının dibində sərçə balası gördüm. Ətcəbala deyildi, amma çox balacaydı, bədənindəki tüklər hələ bərkiməmişdi, uça bilmirdi. Onu ovcuma götürdüm. Qorxudan titrəyirdi, ciyildəyirdi. Hələ bərkiməmiş sarı dimdiyinin arasından nazik dili görünürdü. Ovcumdan çıxmaq üçün çırpınırdı, nazik caynaqları ovcumu qıdıqlayırdı.

Onunla bir az oynadım. Yazıq çırpınıb ciyildəməkdən lap əldən düşdü. Bilmirəm hardan ağlıma gəldi ki, başını kəsim. Zirzəmidən çoxdandır işlətmədiyimiz küt bıçaq tapdım. Bıçağın tiyəsi pas atmışdı. Sərçəni yerdəki kərpicin üstünə sıxdım. Bıçağı boğazına sürtməyə başladım. Küt idi deyə kəsmədi, bıçağı sıxanda sərçə balasının nazik boynunun necə xırçıldayıb sındığını eşitdim. Birdən-birə sərçə balasına yazığım gəldi, beynimdən “neyçün belə elədim?” fikri keçdi. Sərçə balasının ürəyinin necə döyündüyünü hiss edirdim. Amma bu biri əlim biixtiyar bıçağı onun boğazına sürtürdü. Axırda başı bədənindən ayrıldı. Ürəyi başı ayrılandan sonra bir-iki saniyə döyünüb dayandı. Yaman peşman oldum... Bir xeyli sərçənin cansız bədəninə, bədənindən ayrılmış başına baxdım. Bıçaqla torpağı yumşaldıb balaca çuxur qazdım, sərçəni orda basdırdım.

Hələ də o sərçə balasının necə titrədiyini ovcumda hiss edirəm...

Samovar qaynayanacan üç-dörd dəfə odun atıram. Axırda pıqqıldamağa başlayır. Evdən altı his bağlamış dəm çaynikinə quru çay töküb üstünə samovar suyundan alıram, qoyuram dəmlənsin. Çay dəm alanacan evdən stəkanla şokolad götürürəm. Təzədəm çaydan süzüb səkinin üstünə qoyuram. Siqaret yandırıb çəkməyə başlayıram.

İki-üç şanapipik həyətə qonub asfaltın üstündə eşələnir. Siqaretə qullab vura-vura onlara baxıram.

Qapı açılır, quşlar hürküb uçur. Zəki başını həyətə uzadıb məni çağırır:

– Həci, ay Həci.

– Hə, Zəki, gəl içəri.

Amma quşları hürkütdüyünə görə ürəyimdə onu söyürəm. Zəki həyətə girib qapını bağlayır.

Zəki bizim qonşudu, boş vaxt tapan kimi qaçır yanıma. Yaxşı uşaqdı, bir az hozəkiliyi olmasa. Tez qızışır, davakarın biridi.

– Çay içirsən?

– Yox, çox sağ ol. Həci, axşam neynəyək?

– Axşam gəl, baxarıq.

– Yaxşı.

Zəki gedir. Hərdən atışıb pivə alırıq, “axşam neynəyək?” bizim parolumuzdu. Həmişə içmək istəyəndə eyni sualı verir, mən də həmişə eyni cavabı verirəm. Gərək axşama pul tapım. Qardaşımın yanına gedirəm, iki manat alıram. Hə, işim düzəldi. Mən işləmirəm, heç vaxt pulum olmur. Lazım olanda gedirəm qardaşımın qulağını kəsirəm. Sağ olsun, heç vaxt məni əliboş qaytarmır. O, maşın ustasıdı, qazancı babatdı.

Çayımı içib yenə bir stəkan doldururam. Toyuqların qaqqıltısı gəlir. Hinə tərəf boylanıram. Deyəsən, yenə yer üstündə davadı. Hində toyuqların yumurtlamağı üçün iki dənə yeşik qoyub içini samanla doldurmuşam. Qanuna  qalanda yumurtlayan toyuq durub yeri boşaltmalıdır ki, başqaları da yumurtlaya bilsin. Toyuq çox, yeşik iki dənə. Qanun bir yana, heç ədəb-ərkandan da deyil ki, sən yerini rahatlayıb yumşaq və isti yeşikdə kef edəsən, o birisi də qarnındakı yumurtayla qovrula-qovrula qalsın. Amma yumurtlayan toyuq daha durmaq istəmir. Mənim toyuqlarım nə qanun tanıyır, nə də ərkan qanır. Buna görə də dava başlayır. Bir-birini dimdikləyə-dimdikləyə qaqqıldaşırlar. Yəqin, öz dillərində söyürlər. Onlar dava edəndə yeşikdəki yumurtalar ya yerə düşüb sınır, ya da bir-birinə dəyib çatlayır. Quşbeyinlər! Bir dənə yeşiyi də bölüşdürə bilmirlər. Amma sonra elə mehriban yan-yana dayanıb yemi dənləyirlər ki, elə bil heç dava eləyən bunlar deyilmiş. Olan yumurtaya olur.

Ara sakitləşir, deyəsən, yer məsələsi həll olunur. Xoruz yenə tüklərini qabardıb kişiyana gəzir.

Durub evin dalına gedirəm. Əncir ağacının yanında dayanıb atamgilə baxıram. Atam kəmçə ilə palçıq götürüb daşın üstünə yaxır, başqa daşı götürüb onun üstünə qoyur. Əliylə o yan-bu yana tərpədib yerini rahatlayır, daş baltasıyla üstünə vurub bərkidir.

– Saşa, palçıq ver, – deyir.

Saşa vedrəyə palçıq dolduranda məni görür.

– Ey, neynirsən? – soruşur.

– Heç nə, əncir yeyirəm, istəyirsən, sən də gəl.

Mənə fikir vermir. Vedrəni götürüb atamın yanına qoyur. Saşa, əslində, məndən cavab gözləmirdi. O elə-belə sual vermişdi. Cavab onunçün maraqlı deyil.

Əncir yetişməyə başlayan kimi ağacın yarpaqları, gövdəsi, yer bütün şirə olacaq. Qarışqa, arı, sərçə, sığırçın meyvələrə daraşacaq. Bütün yesələr, adamı yandırmaz. Meyvələri  bir az dimdikləyib yarıdançərək eləyib qoyurlar. Hər il nə qədər məhsul zay olur.

Abşeronunku əncirlə üzümdür. Başqa meyvə ağacları burda çox davam gətirmir, beş-altı ilə quruyur. İki-üç ildən bir şaftalı, qaysı, albalı, gilas ağacları alıb əkirik. Xeyri yoxdu, heç biri qalmır. Ata-baba bir şey bilib ki, hər yerə əncir-üzüm əkib də. Amma elə bu əncir-üzüm nəyə desən dəyər. Yedikcə adamın gözünə işıq gəlir. Haçansa bu meyvələr bağlarımızın bəzəyi idi. Haçansa bu bağlar adla idi. Heyif ki, mən bağların hasar-çəpər tanımadığı vaxtları görməmişəm. Atam deyir, əvvəl kənddəki bağların arası açıq olurdı, heç kim bağa hasar çəkmirdi. Payızda meynə kəsilən vaxt çubuqları dərz bağlayıb bağ mərzinin ətrafına düzürdülər. Hamı öz mərzinin harda başlayıb harda qurtardığını bilirdi, heç kim heç kimin yerinə göz dikmirdi. Bağ mövsümündə həmin dərzləri ocağa, samovara işlədirdilər. Payızda yenə təzə dərzlər bağın sərhədlərinə düzülürdü...

İndi, maşallah, bağ hasarlarına baxanda adamın gözü qaralır. Bağlar tərəfə keçəndə marağa  saymışam. Gördüklərim arasında ən hündür hasar iyirmi bir daşdı – dörd metr iyirmi santı (bir mişar daşı iyirmi santimetr hesablanır). Evivəcən sənin, hasar yiyəsi! Bu boyda hasar olar? Hələ üstünə şüşə-müşə də düzüblər. Oğru qabağı saxlayırlar öz aləmlərində. Guya oğru dörd metr iyirmi santilik malalı hasara çıxacaq, qabağını bu şüşələr kəsəcək! Oğru köpəyoğlu nərdivanla gəzir bəyəm? Birinci dəfə Bakı bağlarına daş töküb hasar çəkən adam Bakı bağlarının da başına daş saldı. Hündür hasarlar, neçəmərtəbəli sarayaoxşayan villalar Bakı bağlarını, Abşeronu öldürdü. Həmin hasarların ucbatından bağlarda külək əsmədi, ağac-uğac qurudu, məhv oldu getdi. Ölən əncir-üzümün yerini tutan palmalar, şamlar ölən bağların başdaşısı oldu. Abşeron küsdü bizdən.

Bağlardan əlimiz üzülüb. Kənd nəyi qoruyub saxlaya bilibsə, əlimizdə-ovcumuzda qalan odu...

Məsciddən azan sədaları yüksəlir. Günorta namazının vaxtıdı.

Məscidimiz qədimi məsciddi. Hardasa beş-altı yüz yaşının olduğunu deyirlər. Adı Seyid Qədir məscididi. Sovet vaxtı bir müddət məktəb kimi fəaliyyət göstərib, sonra kolxozun anbarı olub. Həştadıncı illərin axırlarında təzədən məscid kimi bərpa ediblər. Bunları nənəm danışıb. Arada babasından da danışır. Nənəmin babası Aydəmir kişi müəzzin olub. Gündə üç dəfə bu məscidin damına çıxıb, – onda məsçidin minarəsi yox idi, – dörd istiqamətə azan verib. Nənəmin dediyinə görə, gur, canayatan səsi olub. Yaxın kəndlərdə də onun azanını eşitməmiş namaza durmayıblar.

Azan qurtarır. Gedib soyumuş çayımı içirəm. Həyətdə gicəllənirəm.

Anam məni səsləyir.

– Saşanı çağır, yemək yesin.

Gedib atamgili çağırıram. Atam daşı yerinə bərkidib əlcəklərini çıxarır.

– Saşa məllim, sən də gəl, – deyirəm. Çağırmasam, gəlməyəcək.

O da əlindəki sarı fəhlə əlcəklərinin tozunu çırpıb çıxarır, kubiklərin üstünə atır, yırğalana-yırğalana gəlir.

– Saşa, əllərini yu, yeməyini gətirim.

– Adım Seyfəddindi, – deyir.

– Bilirəm, – deyirəm, – amma Saşa yaxşıdı.

Həyətdəki kranı açıb əllərini yuyur.

– Gəl bura.

Hamamın yanındakı otağın qapısını açıb əlimlə işarə edirəm ki, içəri girsin. Qaloşlarını çıxardıb içəri girir.

– Saşa, neçə kilosan? – soruşuram.

– Bimyəm, – deyir.

– Altmış kilo olarsan, – deyirəm, – lap uzağı altmış dörd.

Azı yüz on-yüz iyirmi kilosu var, istəyirəm zarafat edim, amma qanmır.

– Bimyəm, – deyir, – hamısı evdə kağazda yazılıb.

– Nə kağız?

– Keçən il vayenkamata çağırmışdılar, orda çəkdilər, ölçdülər. Hamısı yazılıb evdə.

– Neçə yaşın var? – soruşuram.

– Bimyəm, o da kağazda yazılıb.

On səkkiz-on doqquz yaşı olar Saşanın.

– Sən otur, gəlirəm indi, – deyirəm.

Çıxıb evdən yeməyi gətirirəm. Kasanı, doğranmış çörəyi, göy soğanı, duzu stolun üstünə düzürəm.

– Çox sağol, Allah canını sağ eləsin, – deyir.

Elə-belə də deyir, fasiləsiz, birnəfəsə. Çox güman, heç dediyinin mənasını bilmir, dili öyrəşib.

Siqaret yandırıram. Saşa yeməyə başlayır. O yeyən vaxt danışmıram ki, rahat yesin. Amma Saşa yemir, tikələri diri-diri udur. Mən siqareti qurtarmamış Saşa yeyib qurtarır. Qabları aparıb çay gətirirəm. O saat stəkanı götürür. Qəribə çay içməyi var Saşanın. Stəkanı dodaqlarına yaxınlaşdırıb çayı sovurur.

– Həə, Saşa məllim, söhbət elə, – deyirəm.

– Səlman evlənir, – deyir. Səlman dayısı oğludu.

– Haçan? – soruşuram.

– Apreldə, – deyir. – Dayım dedi. Qonşudan alıb qızı. Öz qonşularıdı. Qoyun da alıb. Toyçün saxlayır.

– Səlman səndən böyükdü? – soruşuram.

– Yo, bi yaş balacadı. Elməddin də mənnən bi yaş böyüydü.

Elməddin bunun ortancıl qardaşıdı.

– Deməli, Elməddin Səlmandan iki yaş böyükdü, – deyirəm.

– Yox, – deyir, – mən Səlmannan bi yaş böyüyəm, Elməddin də mənnən bi yaş böyüydü.

– Hə də,  – deyirəm, – deməli, Elməddin Səlmannan iki yaş böyükdü.

Bir az fikirləşir.

– Yo, – deyir, – o mənnən bi yaş böyüydü.

– Həə, – deyirəm, onsuz da bunu başa sala bilməyəcəyəm, – mən səhv başa düşdüm.

– Bir az pul yığım, mən də evlənciyəm, – deyir.

– İstədiyin var? – soruşuram.

– Var. O vaxt internatda məniynən oxuyub. Sonra itirdim onu. Bimədim hardadı. Axırda tapdım. Pajarninin yanında olullar.

– O da səni istəyir? – soruşuram.

– Hə. Hər gün danışıram.

– Telefonun var? – soruşuram.

– Yox, – deyir.

Çayını içib qurtarır.

– Çox sağol, Allah canını sağ eləsin.

Qapının ağzında qaloşlarını geyinir.

– Pul yığım, evlənciyəm. Çıxıb gedciyəm buydan.

– Hara? – soruşuram.

– Hələ bimyəm.

– Allah köməyin olsun, – deyirəm.

– Əmi hardadı? – soruşur.

– Çörək yeyir, sən get evin dalına, o da bir azdan gələcək. Amma heç nə eləmə a, onu gözlə.

Saşa gedir. Stəkanı götürüb evə girirəm, anam mənim üçün də yemək çəkir.

– Yedi? – atam soruşur.

– Hə, – deyirəm. – Ötürdüm evin dalına.

– Deyəydin heç nəyə əl vurmasın.

– Dedim.

Çörəyimizi yeyirik. Atam durub çıxır, mən də içəri keçirəm bir az uzanım. Yuxu aparır məni, bir az mürgüləyirəm.

 

***

 

Anamın səsinə oyanıram.

– Dur, çağıran var. Deyəsən, Zəkidi.

Pəncərədən bayıra baxıram. Axşamüstüdü. Durub bayıra çıxıram.

– Həci, dəmirkəsən mişarı ver də. – Zəki deyir.

– Onu neynirsən? – soruşuram.

– Qoçun buynuzu əyridi axı, ətinə girir. Baba ucunu kəsəcək.

Tövləyə girirəm, əşya yığdığımız ləmənin üst rəfindən mişarı götürəndə qabdakı qoza tumları yerə dağılır. Çıxıb mişarı Zəkiyə verirəm.

– Bir azdan gəlirəm, – deyib gedir.

Tövləyə girib qoza tumlarını yerdən yığmağa başlayıram. İstər-istəməz Süleyman yadıma düşür. Süleyman sinif yoldaşım idi, bu qoza tumları ondan qalıb. Doqquzda oxuyurduq onda. Yenə həmin gün gözümün qabağına gəlir.

İndiki kimi axşamüstüydü Süleyman gələndə.

– Gedək meşədən qoza yığaq da, – dedi.

– Qozanı neynəyirsən? – soruşdum.

– Tumlarını əkib böyüdərik, satarıq, – dedi.

– Başın xarabdı?

– Yolka bilirsən neçəyədi? Yaxşı pul var e yolkada.

– Kimdi yolka alan?

– Bağ camaatı. Bağlar tərəfə getməmisən? Hamısı yolka əkir həyətdə. Gəl gedək.

– Sən get. Mənim işim var.

– Ee, adamsan da. Yarım saata qayıdarıq.

Axır saqqızımı oğurladı. Kəndin qırağındakı balaca meşəyə getdik. Adına meşə deyirik, amma əl boyda yerdi. On beş-iyirmi sıra şam ağacıdı, haçansa əkiblər. Heç sıx da deyil. Şor tərəfdən dayananda ağacların arasından yol, yol tərəfdə dayananda da şor görünür. O vaxt əmək müəllimimiz demişdi ki, buna süni meşə deyirlər. Çünki bu ağacları kimsə əkib, öz-özünə yetişməyib.

Meşəyə çatan kimi büküb cibinə basdığı yem kisəsini çıxartdı. Əl atıb budaqdan iki dənə qoza qopartdım.

– Ağacdan dərmə, – dedi, – yerdəkiləri yığ. Onlar yetişmişdi.

– Bunları nəyə əkəcəksən? – Əyilib yerdəki qozaları yığa-yığa soruşdum.

– Nəyə olsa. Zibillik doludu yağ qablarıynan.

Beş-on dəqiqəyə kisəni yarıladıq.

– Bəsdi, – dedi.

Kisəni dalına atdı, kəndə qayıtmağa başladıq.

Süleymanın anası bizim kənddən idi, atası şəhərliydi. Bizdən bir yaş balaca bacısı da vardı. Bunlar balaca olanda ataları ölüb. Anaları qayıdıb gəlib kəndə. Bir-iki ildən sonra söz-söhbət gəzməyə başlayıb, guya bunun anası kimiynənsə gəzirmiş. Dayısı başını kəsmişdi anasının. Dayısı hələ də türmədəydi, uşaqlar uzaq qohumlarının yanında qalırdılar.

Süleyman bütün günü küçələrdəydi. Gah dəmir yığırdı, gah şüşə butulka. Arada fəhləlik də edirdi. Əlinə düşən pulu gizlincə yığırdı. Həmin il özünün də, bacısının da məktəb ləvazimatlarını, pal-paltarını özü almışdı. Bir də məktəbdə bacısıyçün bulka, şokolad alırdı.

İndi də hardansa ağlına düşmüşdü ki, ağac əkib satsın.

– Qozaları bütöv əkirsən? – soruşdum.

– Yox, – dedi, – sındırırsan, tumları içindədi. Bir qozada kalan tum olur.

Bizim qapıya çatdıq. Süleyman nə sənə, nə mənə, birbaş həyətə girib kisədəki qozanın təxminən yarısını yerə boşaltdı.

– Bu sənin, – dedi.

Qalan qozanı yenə dalına atıb getdi.

Əlbəttə ki, ağac əkmək fikrim yox idi. Qozaları vedrəyə yığıb bir küncə qoydum. Qoy qalsın, uzaq başı hamamı qızdıranda yandıraram.

Səhəri gün məktəbdən çıxanda soruşdu:

– Əkdin?

– Yox, – dedim, – sındırıb tumlarını yığdım, bu gün əkəcəyəm.

Nə üçün yalan dediyimi bilmirəm.

Sağollaşıb ayrıldıq.

Axşamüstü qonşu kəndə, bibimgilə getdim. Həftəsonuydu, gecəni onlarda qaldım. Bu biri gün axşam evə qayıdanda qardaşım dedi ki, Süleyman ölüb.

– Dünən axşam zibillikdə dəmir yığırmış. İtlər cumub üstünə. İtlərdən qaçanda maşın yoluna çıxıb, maşın vurub onu. Yerində qalıb.

Süleymanı günorta basdırmışdılar.

Gecəylə bütün qozaları sındırıb tumlarını yığdım, amma əkmədim. O vaxtdan qalıb bu tumlar.

Tum yığdığım qabı yenə ləmənin üst rəfinə qoyuram. Kolyanı yemləyirəm.

Həyətə çıxanda atamla Saşa gəlir. Saşa əl-üzünü yuyur, qapıdan çıxanda atam deyir:

– Sabah yenə gəl a, yadından çıxmasın.

Saşını başını tərpədib gedir.

Saat altıda nənəmin yanına gedib pensiya kartını götürürəm. Çıxıb dükanın qabağına gəlirəm. Pensiya vurulub artıq, Max-max yoxdu. Pulu alıb gedib. Növbədə adam azdı. Pulu alıram, nənəyə verib evə qayıdıram.

Bir-iki saat başımı girələyirəm. Zəki gəlir. Dəmirkəsən mişarı da gətirib. Mişarı alıb yerinə qoyuram, küçəyə çıxırıq.

– Nə qədər pulun var? – soruşuram.

Cibindən bir manatlıq, bir də altmış qəpik çıxartır.

– Getdik.

Siqaret yandırıram. Zəki də məndən birini alıb yandırır.

– Həci, fərli siqaret al da.

Mən ucuzundan çəkirəm, altmış qəpiklik.

– Bağışla, Zəki, gələn dəfə bahalısından alaram.

– Yox e, sənə görə deyirəm, – Zəki sözü fırladır. – Çox ağırdı bu, sinəvi yatırdar. Uzaqdan Mehrabı görürəm. Zəkiyə deyirəm yolu dəyişək. Qışdan Mehrabla aram dəyib, üz-üzə gəlmək istəmirəm.

Mehrab mənim curumdu. Belə baxanda əclafın dal ayağıdı, amma həmtayıq, uşaqlığımız bir yerdə keçib. Quşbazdı, bir dam quşu var. Quşbaz olmasam da, söhbətimiz tuturdu Mehrabla. Elə kənddə bir Mehrab idi oturub-durduğum, bir də bu Zəki.

Bir dəfə axşam gəldi ki, səhər bazara gedək mənimlə. Quş aparırdı satmağa. Dedi, quşları sataq, axşam oturarıq. Araq alaram, bir az da kolbasadan-zaddan. Razılaşdım.

Bu biri gün səhər tezdən gəldi, qoltuğundakı qutuda üç cüt quş vardı. Sabunçu bazarına getdik. Cins quşlar idi deyə, yaxşı qiymətə satıb qayıtdıq. Dedi, axşam gələrəm.

Axşam oldu, amma Mehrab gəlmədi. Hava qaralanacan gözlədim, axır durub getdim bunlara. Atası dedi ki, günorta şəhərə gedib, hələ gəlməyib.

O vaxtdan Mehrabla danışmıram. Söhbət araqdan getmir, adam söz verdisə, gərək eləsin.

Dalanla kənd içinə çıxırıq. Müslüm budkanı bağlayır. Kənddə yanacaqdoldurma məntəqəsi yoxdu, müslümün atası gedib Zabratdan benzin alıb gətirir, Müslüm litrlə satır burda. Budkanın adını "Qıf-petrol" qoymuşam.

Müslümlə salamlaşıb Mirzənin dükanına giririk. Pivəni həmişə bu dükandan alırıq. Mirzə də bizi bir yerdə görməyə öyrəşib. Amma bu gün həmişə aldığımız pivədən yoxdu.

– Nenəyək? – Zəki soruşur.

– Yekəbaşın yanına gedək, – deyirəm.

Bu yekəbaş da mənim sinif yoldaşım olub. Doğrudan başı çox yekədi. Həm formaca yekəbaşdı, həm xasiyyətcə, ləqəbi onu hərtərəfli tamamlayır. Özü də mənim adaşımdı, yanlarını basa-basa gəzir. Kefim kök olanda ona Cəsur ayı balası deyirəm. Yekəbaşdan ikilitrlik pivəylə ağ tum alıb bizə gedirik. Evdən cibimdə iki dənə stəkan çıxarıram. Bayaq Saşanın yemək yediyi otağa giririk. Atam bura gəlmir, rahat içə bilərik.

Pivəni açıb süzürük, tumu açıb stolun üstünə tökürük. Püff. Pivə qaxsıyıb. Ay sənin, yekəbaş köpəyoğlu...

– Heç nə eləməz bizə? – Zəki soruşur.

– Noolar olar da, –  deyirəm. – Pul vermişik, tullamayacağıq ki.

Yekəbaşı söyə-söyə pivəni içirik. Zəki bir stəkan içən kimi başlayır danışmağa. Pivə dilini açıb yenə.

– Həci, – deyir, – bizim axırımız necə olacaq?

Çiyinlərimi çəkirəm.

– Yəqin, yaxşı olar da, – deyirəm.

– Hardan yaxşı olacaq e? Cibdə pul yox, qızlar üzümüzə baxmır...

De, yenə başladı öz nəğməsini. Dərdi-azarı ancaq qızdı. Gündə birinin dalınca düşür.

– Sabah gedəcəyəm məktəbə, – deyir.

– Xeyir ola?

Zəki cavab vermir.

– Yenə kimin arxivini qurdalayırsan?

Zəkinin öz sözüylə deyirəm. Haçan hansı qızın dalınca düşsə, əvvəlcə “arxivini qurdalayır”. Gic oğraş, çıxmadığı oyun qalmayıb, camaatda eyib axtarır.

– Ruqiyyənin.

– Azərin qızının?

Başını tərpədir.

– Gijdəmə, o sənin tayın deyil.

Fikir vermir. Tum çırtlaya-çırtlaya pivəni içirik.

İçib qurtarandan sonra tum qabıqlarını, pivə butulkasını sellofan torbaya yığıram. Qapının ağzına çıxırıq.

– Həci, bir dənə siqaret ver də.

Hərəmiz birini yandırırıq. Torbanı Zəkiyə verirəm.

– Gedəndə tullayarsan.

Alıb başını tərpədir.

– Özün də, mənə bax, Ruqiyyənin dalınca düşmə. Atası bilsə, səninçün yaxşı olmaz.

– Qorxma, Həci. Uşaq deyilik ki, – deyib Zəki yellənə-yellənə gedir.

 Siqareti tullayıb həyətə girirəm.

 

***

 

Səhəri gün hava qaralandan sonra Zəki gəlir. Üzündə qan ləkələri var, döyüblər onu. Həyətə salıb üzünü yuyuram, üst-başını sahmana salıram, su verirəm içir.

– Nolub? – soruşuram.

Heyvərə mənə qulaq asmayıb, gedib Ruqiyyəgilin məhəlləsinə. Azər görüb bunu, başa düşüb. Tutub nəyi var döyüb.

İstədim bir-iki dənə də mən ilişdirim buna, lənət şeytana deyib özümü saxladım. Özünə gəlsin, sabah başa salaram.

Bir az oturub özünə gəlir, durur getsin.

– Özün gedə biləcəksən? Ya gəlim səninlə?

– Yox, Həci, gedirəm.

Amma tək getməli halda deyil. Aparıb evlərinə ötürürəm. Qayıdanda küçədən üç manat tapıram. Bayaq Əbdülün qızı pul axtarırdı, yəqin, o itirdiyidi. Əvvəl istəyirəm aparım verim onlara, amma getmirəm. Onsuz da Əbdül döyüb qızı, versəm, nə olacaq guya?

Çox sakitdi bu gecə. Şanapipiklər də gözə dəymir. Onların gecə hara getdiyini bilmirəm, çünki yuvalarını görməmişəm. Hava qaralan kimi yoxa çıxırlar, səhər yenə peyda olub yem axtarırlar.

Mirzənin dükanına gedirəm. Həmişə aldığımız pivədən gəlib. Yoldan tapdığım pula pivə alıram.

– Bu gün təksən, – Mirzə deyir. – O birisi hanı?

– Onun yanına gedirəm, – deyirəm. Nağıl açmağa halım yoxdu.

– Tum istəmirsən? – soruşur.

– Yox, – deyirəm, – balığımız var.

Qayıdıb həyətdə pivəni içirəm. Sonra küçəyə çıxıb butulkanı tullayıram, siqaret yandırıram.

Doğrudan, maraqlıdı, nə olacaq bizim axırımız?

Xəzri əsməyə başlayır. Əvvəlcə zəif əsir, pencəyimin ətəyini tərpədir, getdikcə güclənir.

 

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair Yusif Nəğməkarın şeirini təqdim edirik.

 

BƏSİRƏT YOLÇUSU

 

Yönüm məşriqdən məqribə,

Uzun həsrət yolçusuyam,

Saattək dönüb əqrəbə,

Vaxt nəfsi qət yolçusuyam.

 

Doğuldum dilək danda mən,

İndi mənəm hər yanda mən...

Mövlayam sözə, anda mən,

Car -- cəsarət yolçusuyam.

 

Yazam, yayam, payız, qışam,

Batin, zahir -- içəm, dışam,

Qançəkərə uçar quşam;

Eşq-əsarət yolçusuysm.

 

Səmaviyəm Göy tacımla,

Dilimdə dua açımla,

Xeyrül-əməl illacımla

Qurban kəsrət yolçusuyam.

 

Həm gerçəyəm, həm yuxuyam,

Həm comərdəm, həm qorxuyam,

Xalı xalıtək toxuyan

İmsak-nüsrət yolçusuyam.

 

Rizam cinahdan gələndi,

Əzam min ahdan gələndi...

Yazım Allahdan gələndi,

İzzət, həzrət yolçusuyam.

 

Nə arizəm, nə qüsuram,

Nə ariyəm, nə qüsulam,

Nə fər fəndəm, nə üsulam,

Nə basarat yolçusuyam.

 

Dərdim dərinə yazıdı;

Ölüm-dirimə yazıdı...

Üzüm özümə sarıdı --

Mən bəsirət yolçusuyam.

 

Ədəbiyyat və incəsənət”

(13.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.