Super User
Özbəkistanda Xivənin 2024-cü ildə İslam dünyasının turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərinin “2024-cü ildə İslam dünyasının turizm paytaxtı” elan edilməsi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsini nəzərdə tutan Qərarı imzalayıb. Bu qədim şəhər 2022-ci il iyunun 27-29-da Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin XI sessiyasında İslam dünyasının turizm paytaxtı elan edilib.
AzərTAC Özbəkistan KİV-lərinə istinadla xəbər verir ki, 2024-cü ilin martında Xivə şəhərində “Xivə-2024-cü ildə İslam dünyasının turizm paytaxtı” çərçivəsində beynəlxalq tədbirlərin rəsmi açılış mərasimi, həmin ilin mayında isə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin XII sessiyası təşkil olunacaq. Eyni zamanda, “Taste of Uzbekistan Festival” qastronomik festivalının, Pəhləvan Mahmudun xatirəsinə həsr olunmuş “Strongman” beynəlxalq güləş turnirinin, habelə Beynəlxalq Zəvvar Turizmi Həftəsinin keçirilməsi nəzərdə tutulur.
Bu ilin oktyabrında Xivə şəhərinin yerləşdiyi Xarəzm vilayətinə informasiya turlarının təşkili planlaşdırılır. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri və blogerlər bu tura cəlb olunacaq.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
Könül adamı barədə könüllü qeydlər
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Şair, publisist Tapdıq Əlibəyli haqqında o qədər deyilib, o qədər yazılıb ki, deyiləsi bir söz qalmayıb. Heç bilmirəm nədən başlayım. Sosial şəbəkədəki səhifəsini araşdırdıqca onun nə qədər alicənab, dostcanlı, genişürəkli adam olduğunun şahidi oluram. Bütün bayramlarda, o cümlədən dostların ad günlərində insanları müntəzəm təbrik etməyə tələsir. Sanki bunu özünə bir borc bilir…
Bəlkə bir az yaradıcılığından söhbət açım, fərqli bir rakusdan ona yanaşım? Yox, yaxşısı budur, onun şəxsi keyfiyyətlərindən danışım. Tapdıq mənim də ata-baba yurdum Yardımlıda, Bürzünbül kəndində dünyaya gəlib. İnsanları qoçaq, mərd, məğrur və cəsur olduqları üçün o kəndə həmişə Yardımlının Çeçenstanı demişəm. Bürzünbül kəndi dağların qoynunda yerləşir. İnsanları zəhmətkeş, əməksevərdirlər. Süfrələrində yalnız halal nemətlər görərsən...
Yaxşı yadımdadır, el ağsaqqalı Mir Baxas ağa haqqında film hazırlayanda yolum o kəndə düşmüşdü. Kənd əhalisinin necə mehriban, qayğıkeş olduqlarına heyran qalmışdım. Uşaqdan böyüyə hər kəs can yandırır, filmin uğurlu alınmasında bizə kömək edirdilər. Yeri gəlmişkən, uzun illər prokurorluq orqanlarında çalışan, şeirlərinə bir sıra məşhur mahnılar bəstələnən, şair Sabir Abdinov da həmin kənddəndir.
Bax, haqqında danışdığım Tapdıq Əlibəyli bu kənddə, Abış kişinin ailəsində dünyaya gəlib. Burada böyüyüb boya-başa çatıb. Orta təhsilə qonşu Hamarkənd məktəbində yiyələnib. Oranı tərifnamə ilə bitirib. Sonra Bakıya üz tutub, əvvəlcə Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuyub, daha sonra Bakı Dövlət Universitetində ali təhsil alıb...
Daxili dünyası çox zəngin, həssas, güclü olmağı xoşlayan adamdır. Hər eşitdiyinə inanmaz, necə deyərlər, həqiqət onun üçün gözlə qulağın arasında baş verən hadisələrdən ibarətdir...
Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş “Azərbaycan” adlı diski kütləvi tirajla işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) Təşkilat Komitəsinin üzvü, “Heyrət” dərgisi və “Konstitusiya” qəzetinin təsisçisidir. Yanılmıramsa indiyədək iyirmi beşə yaxın kitabı işıq üzü görüb...
Jurnalist, yazıçı Akif Cabbarlı onun barəsində deyir:- “Tapdıq Əlibəyli imzası mənə çoxdan tanış idi. Şeirlərindəki vətənpərvərlik hissləri, yurdsevərlik duyğuları bu adamın bütövlüyündən, milli ruhundan, mərdliyindən soraq verirdi. Və bir gün görüşməli olduq. Türk Ağsaqqalları İctimai Birliyinin təsis yığıncağında bir araya gəldik. İlk baxışdan bu adamın Vətənə, dövlətə nə qədər böyük məhəbbət bəslədiyini, Azərbaycanı, Azərbaycan əsgərini bağrına basmağı özünün şərəf işi, vicdan borcu hesab etdiyini duymaq o qədər də çətin deyildi. Tədbirin sonunda xeyli söhbətləşdik, sonra digər dostlarımızla birgə çay süfrəsi ətrafında fikir mübadiləsi də etdik, düşüncələrimizi bölüşdük. Ayrılanda mənə “Payız çöhrəsində yazdı 44 gün” adlı şeir toplusunu bağışladı. Və təvazökarlıq duyğuları ilə: “...vərəqləyin, xoşunuza gəlsə, fikrinizi bildirərsiniz”, dedi. Bu istiqanlı adam bəziləri kimi mütləq bir yazı amacında olduğunu demədi və onun bu təbiiliyi də ürəyimcə oldu.”
Ümumiyyətlə Tapdıq Əlibəylinin ədəbi yaradıcılığı “Qızıl qələm” media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Fəxri diplom” və “Hərbi vətənpərvərlik - 80” Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Təşəkkürnamə” və diplomlarına layiq görülüb. Prezident təqaüdçüsüdür...
O, sözün əsl mənasında könül adamıdır, səmimidir, qeyri təbiilik ruhuna yaddır. Əzəmətli görünüşü isə vücuduna bir başqa yaraşıq verir. Necə deyərlər, köhnə kişilərə xas olan görkəmi onu daha da zabitəli göstərir. Azərbaycançılıq ənənələrinə həmişə sadiqdir, ona böyük dəyər verir…
Bəli, ağsaqqallığı, müdrikliyi ilə qəlblərdə yuva quran Tapdıq Əlibəylinin artıq 62 yaşı na qədəm qoyub. Ona möhkəm can sağlığı arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
75-ci Primetime Emmy Awards nominantları elan edilib
Nüfuzlu “Primetime Emmy Awards” - 2023 televiziya mükafatına bütün kateqoriyalar üzrə nominantların siyahısı açıqlanıb. Proqrama 2022-ci il iyunun 1-dən 2023-cü il mayın 1-nə qədər olan dövrdə yayımlanan layihələr daxil olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı XXL dərgisinə istinadən məlumat verir.
Nominasiyalarda ən çox “Varislər” serialının adı hallanır. O, eyni zamanda, 27 kateqoriyada qələbə uğrunda mübarizə aparacaq. “The Last of Us” - 24, “Ağ lotus” komediya dramı isə - 23 nominasiyaya layiq görülüb. Bundan başqa, nominasiya sayına görə “Ted Lasso”, “Möhtəşəm xanım Meyzel”, “Ayı”, “Didişmə”, “Vəhşi: Ceffri Damerin hekayəsi” və “Vensdey” liderlər arasında yer alıblar.
Aktyorlar arasında “Qəribə El” televiziya filmindəki roluna görə Deniel Redkliff, “Qara quş” altıseriyalı bioqrafik trillerdəki roluna görə Teron Ecerton, eləcə də Stiven Yan (“Didişmə” serialı), Kumeyl Nanciani (“Çippendeylsə xoş gəlmisiniz” şousu), Maykl Şennon (“Corc və Temmi” layihəsi) və Evan Piters (“Vəhşi: Ceffri Damerin hekayəsi”) mükafata layiq görülüblər.
Digər kateqoriyalarda Pedro Paskal, Ceremi Strong, Bob Odenkyork, Martin Şort, Ceyson Sudeykis və digərləri mükafata təqdim edilib. Aktrisalar arasında baş mükafatlara namizədlər sırasında Nataşa Lionn, Reyçel Brosnaxen, Cenna Ortega, Cessika Çesteyn, Ali Vonq və başqaları da vardır.
“Emmi” mükafatının 75-ci təqdimatı mərasimi sentyabrın 15-də olacaq və Fox kanalı ilə nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
Azərbaycanın ilk qorxu filmi “Xənnas” Türkiyə kinoteatrlarında nümayiş olunur
Rejissor Elvin Abdullanın 2017-ci ildə çəkdiyi tammetrajlı bədii, qorxu janrlı filmi “Xənnas” ölkə hüdudlarından kənarda prokata çıxarılır.
Bu barədə rejissor Elvin Abdulla məlumat verib.
Onun sözlərinə görə, 6 ildən sonra “Xənnas”ı geniş auditoriya qarşısına çıxarmağa nail olunub: “Türkiyənin ən böyük distribütor şirkəti olan “Mars Dağıtım”la razılaşdıq və filmi bütün Türkiyədə prokata çıxarırıq. Bu bizim üçün qürurdur!”.
“Xənnas” bədii filmi iyulun 14-dən Türkiyənin bütün kinoteatrlarında prokata çıxacaq.
Xatırladaq ki, sözügedən film Azərbaycan kinosunda qorxu janrına aid olan ilk ekran nümunəsidir.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
“Düşməni eylədik yalan, Kəlbəcər...” – Xanım Sevərin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bü gün Debüt vaxtıdır, Xanım Sevərin şeirləri ilə tanışlıqdır.
DEBÜT
Xanım SEVƏR
KƏLBƏCƏR
Dözmürdük biz sənin ayrılığına,
Elindən aralı qalan Kəlbəcər.
Dərbədər salaraq övladlarını,
Etmişdilər səni talan, Kəlbəcər.
Həsrətlə baxırdıq Murova sarı,
Çarə eyləmirdi dağların qarı.
Şükür kərəminə, ey uca Tanrı,
Dönür qucağına balan, Kəlbəcər.
Yağı əlindəydi ləlü-gövhərin,
Vədəsiz solmuşdu şux gözəllərin.
Aldı qisasın ər igidlərin,
Etdilər düşməni yalan, Kəlbəcər.
Xanım illər idi intizarındı,
Dəlidağ əyilməz dağ vuqarındı.
Qarşıla,öz doğma balalarındı
İndi qucağına gələn, Kəlbəcər.
Düşməni eylədik yalan, Kəlbəcər.
ŞUŞAM MƏNİM
Şeir, sənət beşiyisən,
Başı qarlı Şuşam mənim,
İllərdir bizi gözlədin,
Etibarlı Şuşam mənim.
Qovuşur indi gül gülə,
Qoynunda xarıbülbülə,
Bax, gəlirik gülə-gülə,
Düz ilqarlı Şuşam mənim.
Buludlardan yuxarısan,
Qarabağın vüqarısan,
Elin qiymətli varısan,
Xoş baharlı Şuşam mənim,
Başı qarlı Şuşam mənim.
ANAMDIR MƏNİM
Nə qədər ürəkdən yananım olsa,
Halıma qalanım anamdır mənim.
Ayağım büdrəyib yıxılan zaman
Qadamı alanım anamdı mənim.
Onu əvəz etməz dünyada heç kim,
Odur güvənc yerim, qəlbimə hakim.
Bir gün köçüb getsəm, oxunsa hökm,
Saralıb solanım anamdır mənim.
O həm sirr yerimdi, həm güvəndiyim,
Tərifə söz yetməz, hansını deyim?
Bəzən nəhs gətirsə bəxtim, taleyim,
Saçını yolanım anamdır mənim.
Halıma yananım anamdır mənim.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
İlqar Fəhminin ssenarisi əsasında qısametrajlı film çəkilir
Tanınmış yazıçı və kinossenarist İlqar Fəhminin ssenarisi əsasında, Vüsal Məmməfovun quruluşçu rejissorluğu və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Bakı Bələdiyyə Teatrının aparıcı aktyoru İlqar Musayevin iştirakı ilə yeni qısametrajlı filmə çəkilir.
“Ana” adlandırılan ekran əsəri Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun hekayəsi əsasında ssenariləşdirilib.
Filmin rejissoru Vüsalə Tağı, operatoru Mehdi Yaqubovdur. Rollarda İlqar Musayev, Firəngiz Babayeva, Gülər Nəbiyeva və Mirhüseyn Yaqubov çəkilir. Filmin çəkilişləri Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağacda aparılır.
Real hadisələr əsasında çəkilən film Qarabağ həqiqətlərindən bəhs edir.
Şəhidlərə həsr olunan filmdə kənddə yaşayan iki dostun müharibəyə getməsi, onlardan birinin şəhid olması və son nəfəsində dostundan, ölümünün anasından gizlədilməsini xahiş etməsi filmin süjet xəttini təşkil edir. Ancaq sonda sağ qalan dost, baş verən hadisəni təsirli formada şəhidin anasına hiss etdirir. Nəticədə şəhid anası bu durumu qəbul edir, ana kimi məğrur duruşunu itirmir, öz hisslərinə hakim olur və şəhidliyin uca bir zirvə olduğunu qəbul edir.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
“Bir gün zibil qabında...” – Zaur Ərmuğanın hekayəsi
Bölgələrimizdə ədəbiyyat necə inkişaf edir? “Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Ərmuğanın “Kitab” adlı hekayəsini oxucularına təqdim edir.
-- Bir əhvalat danış, heç olmazsa! Elə susub qalmısan. Adını de barı! -- Yaxınlıqdakı zibillikdə həyatı ilə çarpışan Ağac dilə gəldi.
-- Nə danışım axı? Necə dinim? Görmürsən ki, atılıb qalmışam burada, heç danışmalı halım var mənim?! Ölmüşəm, yerdən götürənim də yoxdur. -- Bir az nəfəsini dərəndən sonra yenə dilləndi. -- Kitabdır adım.
-- Tanış olduğumuz üçün çox məmnunam. Amma mənə elə gəlir ki, biz çoxdan tanışıq. -- Ağac dedi.
-- Hə, bilirəm. Bizim bir-birimizlə bağlılığımız çoxdur.
-- Elədir. Bir bağlılığımız da odur ki, hər ikimiz indi eyni taleyi yaşayırıq, dözmək olmur bu üfunətə. Bura bax, necə düşmüsən buraya? Desənə bir!
-- Bir ədəbsizin, mənəviyyatsızın biri atıb məni buraya. Şüşə qırıntısı kimi, məişət tullantısı kimi ilişib qalmışam bu zibillikdə. Hansı əqidəsizin biridir o, yaxşı tanıyıram. Nə edim? Bəxtim belədir. Nankor çıxdı da. Məndən öyrəndiklərini mənimsədi, məqsədinə çatdı, sonra da tulladı məni. -- Kitab həyəcanlandı.
-- Zər qədrini zərgər bilər. --Ağacın dərdi yadına düşdü.
Kitab susmadı:
-- Mən lap yaxşı Kitabam. Oxunaqlı, dilim şirin, nəfəsim təmiz, maraqlı bir Kitab. Ürəyim sözlə doludur. Hər kəsə gərəkliyəm, dostluqda da çox möhkəməm mən. Bir aləm həyatım var mənim. Məni ağıllı, çox nəcib, dərin bir zəka sahibi qələmə alıb. İndi o, məşhur adamdır, nə etsin ki, bu halımdan xəbərsizdir. Sətir-sətir yazılar mənim damarlarımdır. Səhifələr insanların yoluna işıq saçan pəncərələrdir. Bu aynada hərənin öz nəsibi. Üz-gözümə, kürəyimə sığal çəkib məni cildə salıblar, kitab olmuşam. Adım, doğum tarixim, hamısı üstümdədir rəsmi sənəd kimi. Müəllif laborotoriyasından tutmuş nəşriyyat evinə, çap mətbəsinə qədər uzun yol keçmişəm. Qələm altında, dəzgahlar arasında döyülmüşəm, əzilmişəm, bərkimişəm. Biri məni əlinə alıb, biri qoltuğunda sıxıb, kimsə çantasında gəzdirib, kimsə də masası üstündə əziləyib. Evlərin, kitabxanaların bəzəyi olmuşam. İndi günümə bax! Gör haraya atıblar məni?! Axı başqalarına da gərək ola bilərdim. Hələ ki canım safdır.
Kitab danışır, dərdini dilə gətirdikcə Ağac da dərindən ah çəkirdi:
-- İnsanlar çox laqeydləşib. Sən mənim əhvalıma bax. Qırx ilin Ağacıyam mən. İndi bu zibillikdə boğub öldürmək istəyirlər məni. Nə bu zibilliyi buradan yığışdıran var, nə qayğıma qalanım. Təravətli nəfəsimlə qorumuşam hamını. Məndən qidalanıblar da, kölgəmdə sərinləniblər də. Təmənnasız xidmət göstərmişəm həmişə. Xeyirxahlıq etməkdən, gözəllik yaratmaqdan zövq almışam. Axırıma isə bir şey qalmayıb. Sabah məni kəsib yox edəcəklər, kökümü siləcəklər yer üzündən.
-- Yəqin bilirsən? -- Kitab xəbər aldı.
-- Düz sözümdür! Yaxşıca bəhanə də tapıblar: "Plana düşürəm!" Yerimdə isə iri bir dükan, nə bilim, o marketdir, nədir, ondan tikəcəklər. -- Ağac dedi.
-- Allah! Allah!
-- Allahın bu işlərdən xəbəri yoxdur.
-- Bu necə ola bilər?
-- Özüm gördüm. Dünən qolları portfelli, əlləri imzalı, möhürlü sənədlərlə dolu olan Boynuyoğunla bir Yekəqarın lap yanımda pıçıldaşırdılar. Mən demirəm ki, şadlıq sarayı, qaraj, market tikməyin, axı bunun üçün nə qədər boş yerlər var, nəyə görə güdaza mən getməliyəm? Hər şeydən xəbərdaram. Kim kimə nə ötürüb, nə qədər ötürüb, yaxşı bilirəm. Ancaq öz cibini düşünənlər min cür yollarla saxta sənəd düzəldib halal ömrümü əlimdən almaqdan ötrü dəridən-qabıqdan çıxırlar.
Birdən qəfil qopan gurultu Kitabı da, Ağacı da səksəndirdi. Əlləri əlcəkli kimsə yava ilə zibil tullantılarını nəfəsi uğultulu maşının yük yerinə atır, ətrafı sahmana salırdı.
Əlcəkli kişi əlini saxladı. Aşağı əyilib Kitabı yerdən götürdü. Üstünü təmizləyib vərəqlədi. Bir-iki sətir oxuyub yana çəkildi. İri bir daşın üstündə oturub kitabı dizinə qoydu.
-- Hə, nə oldu? Yenə alimliyin yadına düşdü? -- Sürücü əsəbi halda dilləndi.
Əlcəkli kişidən səs çıxmadı. Cavan sürücü maşının mühərikini söndürüb kabinədən endi. Əlləri əlcəkli kişiyə yaxınlaşdı. Gözlərini Kitaba zillədi. Kitab sevindiyindən donub qalmışdı. Ağacın da üzü, gözü gülürdü, sabahkı aqibətini bir anlıq da olsa, unutmuşdu.
Sürücü inam dolu baxışlarıyla üzünü yana tutub dilləndi:
-- Sən də ürəyini sıxma, ay Ağac. Qətlinə fərman verənlərin cinayət əməli ifşa olundu. Sabah onların işinə baxılacaq. -- Sonra gülə-gülə maşına sarı yönəldi.
Ağac bu dəfə dözə bilmədi. Ona elə gəldi ki, yenidən doğuldu. Sevincindən bütün vücudu titrədi.
Kitabın fərəhi aşıb-daşırdı, onu əlinə alan, ona diqqət, qayğı göstərən adamın əsl insan olduğunu duymuşdu. O yaşayacaqdı. Elə Ağac kimi...
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi verdiyi film mükafat qazanıb
“Qara pişik ağ şanı” sənədli filmi “Chinar film”in proyekti olaraq “CineDOC” Tbilisi beynəlxalq sənədli film festivalının mentorluq proqramında “Current Time TV”nin mükafatına layiq görülüb.
AzərTAC xəbər verir ki, bu proqramın əsas məqsədi sonda hər bir layihəni beynəlxalq jüri qarşısında təqdim etməkdir.
Film şəxsi hekayə haqqındadır. Özünün keçmiş səhvlərindən xilas olmaq üçün Bakı ətrafında yerləşən bağ evinə köçən Füruzənin və nəvəsi Ələmdarın hekayəsidir. Burada Füruzə öz üzüm bağında üzümçülüklə məşğul olur və həyətə gələn qara pişiyi bəsləyir. Günlərin birində ordudan yeni qayıtmış nəvəsi Ələmdar ona baş çəkir və hər ikisi keçmiş ailə səhvləri ilə üzləşirlər. Filmin prodüseri Türkan Hüseyn, rejissoru Ələmdar Faiqdir.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı da bu layihəyə kiçik maliyyə dəstəyi ayırıb.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
Parisdə doğulan, 2-ci dünya müharibəsində vuruşan, adı qardaşının kölgəsində qalan Vidadi Nərimanbəyov
Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsinin 94-cü ildönümünə
Ötən gün Azərbaycan Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 94-cü ildönümü idi. Onu daha çox məşhur qardaşı Toğrul Nərimanbəyovun adı ilə tanıyıblar, halbuki bu şəxs həqiqətən böyük rəssam olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, XX əsr Azərbaycan rəssamlıq məktəbində iz qoymuş sənətkarlardan biri olan Vidadi Nərimanbəyov Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordeni laureatı, Qrekov adına gümüş medalın sahibi, dünyaşöhrətli şəxsiyyət, Azərbaycan təsviri incəsənətinə böyük töhfə vermiş ustaddır.
Vidadi Nərimanbəyov 1926-cı il iyulun 13-də Fransanın Kann şəhərində Fərman Nərimanbəyovun ailəsində dünyaya göz açıb. 1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır. 1930-cu il avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu Toğrul dünyaya gəlir. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Vidadinin tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir. Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.
Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan Toğrulun anası İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı Özbəkistana - Səmərqəndə sürgün edirlər. O, 1961-ci ilə qədər sürgündə yaşamağa məcbur olur. Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərirmanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Belə ki, Vidadi Nərimanbəyov əvvəlcə rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda, sonra isə V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında davam etdirir. Bu təhsil ocaqlarında dövrünün böyük rəssamlarından dərs alan Vidadi Nərimanbəyov yaradıcılığında ənənələrə sadiq qalıb.
Rəssam könüllü olaraq İkinci Dünya müharibəsinə yolladığından müharibə mövzusuna yaradıcılığının bütün dövrlərində müraciət edib. Vidadi Nərimanbəyovun bu mövzuda olan əsərləri SSRİ mədəniyyət günlərində nümayiş olunub.
V.Nərimanbəyov tələbə ikən "Düşmənin sevinci..." tablosu ilə şöhrət qazanıb. Gənc rəssam həmin əsərdə qəribə mənzərə təsvir edib. Açıq səmanın, Günəşin fonunda qara bulud layları təsvir olunub. Tablonun önündə iki insan obrazı görünür. Onlardan biri yağış, digəri quraqlıq arzulayır. Bu mənzərə o qədər inandırıcı, bədii, gələcəyə inam, ümid həvəsi ilə işlənib ki, seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat həqiqətinin rəmzi tək baxır, müəllifin fikrini asanlıqla dərk edirlər. Vidadi Nərimanbəyov 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu onu daha da şöhrətləndirib. Əsərin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif az ştrixlə mövzunu açmağa nail olub. Əsər Azərbaycan Milli İncəsənət Muzeyinin daimi eksponatıdır.
V.Nərimanbəyovun əsərlərinin əsas qəhrəmanı insandır. Tablolarda onların müxtəlif anları, ovqatları əbədiləşib. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulur. Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi açılmışdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq almış, əsərlərinin hər birini yüksək qiymətləndirmişdilər.
Görkəmli təsviri sənət ustası fəal çalışır, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradırdı. 20 Yanvara həsr etdiyi “Qatillər” tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilmiş, qəddar sovet rejiminə qarşı nifrət oyatmışdı. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaratmışdı.
Özündə Azərbaycan və Fransa kimi iki ölkəni və iki nəhəng mədəniyyəti cəmləşdirən bu görkəmli rəssam 1961-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. O, 1982-ci ildə Azərbaycan Xalq rəssamı adına layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılan Nərimanbəyov elə həmin il dekabrın 13-də Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
Sonrasını özü bilər...
MÜBARİZ ÖRƏNİN DOĞUM GÜNÜNƏ
Elman Eldarooğlu, “Ədəbiyyat və incəsənət”
Gözəl xasiyyəti var. Özünü bəziləri kimi yuxarıdan aparıb müştəbehlik etmir. Necə deyərlər, başını aşağı salıb Tanrıdan gələn təyinatını icra edir. Bilir ki, insan ömürü elə də uzun olmur, görüləsi çox işlər, yazılası çox əsərlər var. Amacı insanları maarifləndirmək, bu günki adamların həyat tərzini, cəmiyyətin problemlərini gələcək nəsillərə ötürməkdən ibarətdir...
Deyir ki,- “Yaşca gənc olmasam da, ədəbiyyatda özümü gənc sayıram: yaradıcılıqda təzəyəm. Planlar, perspektivlər də öz yerində... O ki qaldı, bugünkü mövqeyimə. Məncə burda iki incə məqam var: bir var, yazıçının əsərləri ədəbiyyatda özünə yer eləyir, mövqe tutur, – əsas olan budur və bu baxımdan bəxtim deyəsən bir az gətirib: hekayələrim özümdən fərasətli çıxıb, bir də var yazıçının özünün ədəbiyyatda bir fiqur kimi yeri. Bu, daha mürəkkəb məsələdi və burada təkcə mətnyaratma prosesi ilə iş bitmir. Gərək ədəbiyyatın əhatə etdiyi bütün o müstəvidə – hətta müstəvilərdə – cərəyan edən, daima qaynamaqda olan proseslərdə iştirak edəsən, "qazanın içində qaynayasan”. Bu yerdə mövqeyimdən razı olmaya bilərəm. Bunun da, necə deyərlər, obyektiv və subyektiv səbəbləri var. Birincisi odur ki, məşğul olduğum sahə – fəaliyyət sahəm ədəbiyyatla daban-dabana zidd sahədi; nəinki ortaq sərhədi, heç ortaq nöqtəsi də yoxdu. İkincisi ədəbiyyat Olimpizim "allahları”, "yarımallahları” öz mövqelərindən elə bərk yapışıblar ki, "Qar tanrısı” da gəlsə xeyri yoxdu. Adamı nəinki Olimpin özünə, heç ətəklərinə də buraxmazlar…”
Yazıçınin məişətdə hansı işlə məşğul olması önəmli deyil. O qədər ədəbiyyatla daban-dabana zid işlərdə çalışan yazıçılar olub ki. Önəmli olanı odur ki, istedadlısan. İstedad isə qum kimidir, onu nə qədər ovcunda gizlətsən də yol tapıb axacaq. Bunun qarşısını heç “Qar tanrısı” da ala bilməz...
Uşaqlıq illəri ağır keçib. Əzizlərini itirə-itirə böyüyüb. Beyləqanın ilan mələyən istisində zəmanənin ağırlığını, yaşamağın nə qədər çətin olduğunu zaman-zaman dərk edib. Təfəkkürü qat-qat dərinləşdikcə, qarış-qarış yüksələ bilib...
Şirin suda kürü qoyan dəniz balıqlarına bənzəyir. Nə vaxtsa həmin kürülərin balığa çevrilib, dənizə qovuşacağı ümidi, onu heç vaxt tərk etmir. Axı yaxşı bilir ki, dəniz üçün doğulanlar çaylarda yaşaya bilməz...
Deyib gülməyi xoşlayır. Yumor hissi yüksək səviyyədədir. Dostluq etməyi bacarır. Ehtiyacı olan hər kəsə əl uzatmağa çalışır. Çətinliyi olanda cəmiyyətdən uzaqlaşmağı üstün tutur. Tək qalanda sanki özünü tapir. Ünsiyyətdə tərbiyəli və nəzakətlidir. Zəngin fantaziyası, düşüncə tərzi ilhamına xüsusi təkan verir. Yaradıcılığına söz ola bilməz. Ərsəyə gətirdiyi əsərlər ciddi ədəbiyyat nümunələridir. Azərbaycanın ən yaxşı yazarlarından biri sayılır. İnanıram ki, əlahəzrət Zaman nə vaxtsa layiq olduğu dəyəri verəcək. Bunu eşidəndə təəccüblənməsin…
Mütaliəsi çox güclüdür. Hadisələri müşahidə etmək qabiliyyəti isə yüksək səviyyədədir. Satqınlığı, böhtanı bağışlaya bilmir. Dostluqda sədaqət, onun üçün ən önəmli anlamdır…
Bəli, Mübariz Örən gözəl insan olduğu kimi, çağdaş Azərbaycan ədəbiyyatına gözəllik gətirən yazıçılardan biridir. Təxəllüsünün mənası- “əkilməmiş sahə” deməkdir. Yəni xam torpaq. Necə deyərlər, qoy bu sahədə “SÖZ” əkib, ərsəyə gətirdiyi məhsul ona “Nobel” qazandırsın!..
İyulun 13-də Mübarizin 56 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, məşhur çex əsilli, fransız yazıçısı Milan Kunderanın ömrü qədər- nə az, nə çox 94 il ömür arzulayıram. Sonrasını özü bilər...
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)