Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında bu gün sizə Azərbaycanın ən çox sevilən şairi Ramiz Rövşənin “Bağışla” şeirini təqdim edir. 

Biz bağışlamağı bacarırıqmı? Əksər halda yox. Amma bağışlamaq böyüklük deməkdir.

 

 

Səhər ölmək istəyirəm, 

Gecə ölsəm, bagışla. 

Bilmirəm necə yaşadım, 

Necə ölsəm bağışla.

 

Tanrıdan bəxt borc alsaydım,

Sənə də saxlayardım. 

Ağlamagı bacarsaydım, 

Sənə gün ağlayardım.

 

Gizli ölmək istəyirəm, 

Xəbər tutsan, bağışla.

Qorxuram unutmayasan, 

Yox, unutsan, bağışla. 

 

Qışda ölsəm, qəm eləmə, 

Yerim isti olacaq. 

Ruhum uç…uç cəhənnəmə 

Gedən tüstü olacaq. 

 

Səssiz ölmək istəyirəm, 

Səsim gəlsə, bağışla. 

Sənsiz ölmək istəyirəm, 

Sən də ölsən bağışla...

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edən azərbaycanlı ilk pianoçu xanım Xədicə Qayıbovanın 130 illiyinə həsr edilmiş xatirə gecəsi təşkil olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xatirə gecəsində tarzən, Əməkdar artist Sahib Paşazadənin müşayiətilə musiqi solistlərinin ifasında yerli və xarici bəstəkarların musiqiləri səsləndirilib. 

Koncertdə iştirak ediblər:

 1. Rafael Əsgərov-balaban ifaçısı 

2. Anar Quliyev - Xanəndə.

3. İslama Abdullayeva - Vokal

4. Renata Abubekirova və Aydan Jafarova - skripka və fortepiano 

5. Nazxanım Dadaşova - pianoçu

6. Amina Zülfüqarova - fleyta

7  Саида Таги-заде - pianoçu 

8. Maryam Huseynova və Nigar Hasanova - pianoçu 

9. Elnur Mikayılov - Kamança

10. Rüstəm Müslümov - Tar

11. Rafiqa Guluzadə və Nuridə Novruzova - pianoçu 

12. İlham Nəzərov - Azərbaycanlı opera müğənnisi, kontratenor.

 

Qeyd edək ki, Xədicə Qayıbova (1893-1928) Azərbaycanın ilk qadın pianoçularından biri olub. Ailənin altıncı övladı olan Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. X.Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurub. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru yaradılıb və birbaşa onun iştirakı ilə azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılıb. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi respublikanın mədəni həyatında fəal iştirak edib. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azərbaycan musiqi folklorunun toplanması istiqamətində öz səylərini əsirgəməyib.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

İyunun 16-da Heydər Əliyev Mərkəzinin səhnəsində məşhur Vyana Kamera Orkestri çıxış edəcək. 

 

Konsertin solisti fleyta ifaçısı, müxtəlif ölkələrdə keçirilən konsert və festivallarda Azərbaycanı uğurla təmsil Nicat Məmmədovdur. 

Vyana Kamera Orkestrinin konsertinə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar. 

1946-cı ildə yaradılan Vyana Kamera Orkestri dünyanın ən yaxşı musiqi kollektivləri siyahısında qərarlaşır. Kollektiv tanınmış dirijorlar, solist və müğənnilərlə əməkdaşlıq edir. 

Vyana Kamera Orkestri konsertlərini əsasən öz daimi yaradıcı meydanı olan “Vienna Musikverein” konsert zalında təqdim edir. Bu baxımdan Bakı konserti musiqisevərlər üçün əsl hədiyyə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Yaşar Nuri ilə   müsahibə 09.06.1998 tarixində götürülüb.

 

 

KOMEDİYA ƏN BÖYÜK CİDDİLİKDİR

 

 

 

Sevimli aktyorumuz, Xalq artisti Yaşar Nuri yubiley sayımızda bizә bunu arzu etdi.

 

-        Yaşar müәllim, necәsiniz, işlәriniz necә gedir?

 

-        Çox yorğunam. Eyni vaxtda bir neçә filmə çəkilirәm: Ramiz Hәsәnoğlunun ‘Nigarançılıq", Eldar Quliyevin “Ah, bu gözәl, gözәl, gözəl dünya", Lütfi Mәmmәdbәyovun “Yağışdan sonra", Vaqif Mustafayevin Yerlә göy arasında", Mәraһim Fәrzәlibәyovun “Günәşdәn doğanlar" filmlәrindә. Bir dә sentyabrda Әmir Pәһlәvan “Spasibo"ya bәnzәr nә isә bir film çәkәcәk, mәni dә ora dәvәt edәcәk (Havanı ciyәrlәrinә çәkәrәk). Necә yaxşı һavadır! Cavan vaxtı görüşə belә tutqun һavalarda gedәrdik, tanış-biliş görmәsin. Çünki belә һavada küçәyә çıxan az olur.

 

-        İlk mәһәbbәtinizi xatırlayırsınız?

 

-        İlk mәһәbbәt orta mәktәbdә oxuyanda olur. Mәnim başım qarışıb oxumağa. Yaxşı oxuyan olmuşam.

 

-        Bәs, nә әcәb elm dalınca getmәdiniz?

 

-        Qismәt, tale mәsәlәsi var. Atamın 4 övladından һeç biri onun sәnәtini davam etdirib aktyor olmadı, çöp mәnә düşdü.

 

-        Sizin atanız Mәmmәdsadıq Nuriyev tanınmış aktyor olub. Sənətə gәlişinizdә onun rolu olubmu?

 

-        Atam aktyor olmasa idi, yәqin ki, mәn bu sənətə gәlmәzdim. Uşaq vaxtlarımda tez-tez atamla birlikdə teatra gedərdim. O, Musiqili Komediya teatrında işləyirdi. Axşam Ağası Mәşәdibәyov və Mәһәrrәm Әlizadәnin “Toy kimindir?” tamaşası olmalı idi. Birdәn mәlum oldu ki, Qoşunun oğlu Tapdıq rolunun ifaçısı xәstәlәnib. Rolu verdilәr mәnә. Respublikanın Әmәkdar artisti İbraһim Hüseynov mәnimlә sәһnәdә bir neçә dәfә mәşq etdi. Sonra qәrara gәldilәr ki, sözlәrimi yazıb әzbәrlәyim. Hə qәdәr axtardılarsa, bir parça kağız tapmadılar. Axırda rolun sözlәrini atamın ev üçün bazarlıq etdiyi torbanın üstünә yazdılar. O qәdәr һәvәslәnmişdim ki, evә çatana qədәr sözlәri әzbәrlәdim. Axşam tamaşada oynadım. Atam Qoşunun rolunu Lütfәli Abdullayev vә İbraһim Hüseynov ifa edirdilәr. Sonralar bu rolu Sәyavuş Aslan da oynadı. Sәһnәyә gәlişim belә olub. Heç bir il keçmәdi “Hacı Qara”da Bәdәli oynadım.

 

-        Atanız niyә sizin qәdәr populyarlıq qazana bilmәdi?

 

-        Mәnә һәmişә bu sualı verәndә deyirәm ki, sənət zәrdir, bәxtәbәxtdir. Atam da, Fazil Salayev dә istedadlı aktyorlar olsalar da, Allaһın onlara verdiyi talant sәviyyәsindә iş görә bilmәdilәr. Görünür, Allaһla һesablaşmaq lazımdar.

 

-        Sizin o Kişi ilә ilə münasibәtlәriniz nә yerdәdir?

 

-        Hәr gecә yerimә girәndә deyirәm ki, ay Allaһ, günaһımdan keç. Qonşu arvad bunu eşidib deyib ki, görәsәn, onun nә günaһı var ki, һәr gün Allaһa belә yalvarır.

 

-        Sizin dә Sәyavuş Aslan kimi Haçı olmaq fikriniz yoxdur ki?

 

-        Mәn Sovetskidә doğulmuşam. Bibim Qayaxanım 40 il mollalıq edib. Allaһ nә vaxt buyursa, Hәcc ziyarәtinә onda gedәcәyәm.

 

-        Sizә xalq arasında әn böyük sevğini Elçin muәllim obrazı qazandırıb. Özünüz bu işinizdәn razısınızmı?

 

-        Bu suala tamaşaçılar çavab veriblәr. Bu tamaşadan sonra evә, teatra yüzlәrlә mәktub gәlmәyә başladı. Elə rollarım olub ki, mәn daһa çox mәktub gozlәmişәm: İsi Məlikzadənin “Qatarda” tamaşasında Dadaşov, İslam Sәfәrlinin “Göz hәkimi”ndә Hәsәnağa. Amma görünür, Elçin daһa uğurlu alınıb.

 

-        Anarın “Evlәri köndәlәn yar” tamaşasında tamadaları biabır etdiniz. Tamada dostlarınız sizdәn küsmәdilәr ki?   

 

-        Mәnim sәnәtim biabır etmәk deyil, yaratmaqdır.

 

-        Milli Teatra gәlişiniz necә olub?

 

-        Mәn o vaxtlar radio vә televiziyada görkәmli sәnәtkarlarla birlikdә çıxış edirdim. Tәdris teatrının aktyoru idim. Әli Zeјnalov bir gün mәnә dedi ki, Tofiq Kazımov sәni axtarır. Gәldim teatra. Tofiq müәllim Vampilovun "Övlad" tamaşasında Silva rolunu verdi mәnә. Bu rolla da mәn teatra aktyor götürüldüm. 1974-cü ildәn bu günә qәdәr bu teatrın aktyoruyam.

 

-        Niyә “ciddi”, dramatik rollar oynamırsınız?

 

-        Mәncә, komediya әn böјүk ciddilikdir. Mәnim haqqımda yazan jurnalistlәrdәn biri mәqalәni elә belә dә adlandırmışdı: “Komediya әn böyük ciddilikdir”.

 

-        Atanız sizin aktyorluğunuza necә qiymәt verirdi?

 

-        Heç vaxt demәzdi ki, sәndәn јaxşı aktyor olacaq. Mәn bundan pәrt olardım. Tamaşa qurtaran kimi qaçardım evә ki görüm nә deyәcәk? Elәcә baxıb, һeç nә demәzdi. Axıra yaxın, yataqda olanda bir dәfә dedi ki, sәndәn aktyor olacaq.

 

-        “Yarımştat” tamaşasındakı Musik obrazının һәyatda prototipi varmı?

 

-        Aktyor bәzәn obrazın xarakterinin һәr cәһәtini rast gәldiyi bir adamdan götürür. Mәn sirk müdirinin tez-tez “şey-zad” demәyini mәrһum rejissor Әliһeydәr Әlәkbәrovdan götürmüşәm. Tәlәbә idik. Ostrovskinin “Günaһsız müqәssirlәr”ini diplom işinәһazırlayırdıq. Әliһeydәr müәllim obrazı mәnә başa salmaq üçün dedi ki, Yaşar, sәn gәrәk şeyi elә zad elәyәsәn ki, şeydәn bir zad çıxa bilsin. Qәribәdir ki, bu sözlәrlә mәn onun nә demәk istәdiyini başa düşdüm vә obraz alındı. Sonra mәn bu ifadәdәn "Yarımştat" tamaşasında istifadә etdim.

 

-        Bu qәdәr gәrgin işlәmәyә necә vaxt çatdırırsınız?

 

-        Cәmi 3 saat yatıram.

 

-        Yenidәn gәnclik illәrinә qayıtmaq istәrdinizmi?

 

-        Yox, һәr yaş dövrünün öz gözәlliyi var. Aktyor gәrәk tamaşaçının gözü qabağında yaşa dolsun, qoçalsın.

 

-        Deyirlәr, guya Yaşar müәllim son vaxtlar yerindә sayır.

 

-        Tәxminәn 15 gün qabaq bir jurnalist qız zәng vurub deyir ki, Yaşar müәllim, niyә son vaxtlar xırda rollar oynayırsınız? Bizim nә oynamağımız rejissorlardan asılıdır. Bir dә bir ilә yaxındır ki, “Qurbanәli bәy“ tamaşasında Qurbanәli bәy rolunu һazırlayıram. Tamaşaçı isә gözlәmir, darıxır. Әlbәttә, buna görә çox sağ olsunlar.

 

-        Düşmәniniz, paxılınız var?

 

-        Mәnim elә işlәrlә mәşğul olmağa vaxtım yoxdur, boş vaxtlarımda bilirәm nә işlә mәşğul olmaq gәrәkdir. Bir dә ki, bәrk qaçan atın dalınca toz qopar.

 

-        Heç arxanızca toz qopur?

 

-        Hiss etmәmişәm. Etsәm dә,һeç vaxt üzә vurmaram. Üzә vursam, mәn dәolaram elә o xislәtdә.

 

-        Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-        Ailәmi götürәrdim.

 

-        Ailә üzvlәriniz barәdә nә deyә bilәrsiniz?

 

-        İki qızım var. Böyük qızım Ülviyyә bu günlәrdә Universitetin һüquq fakültәsini bitirdi. Kiçik qızım Ülkәr İncәsәnәt Universitetinin menecerlik fakültәsindә oxuyur.

 

-        Әn yaxın dostunuz kimdir?

 

-        Tәk qalanda özüm.

 

-        Bәs, tәk olmayanda.

 

-        Kim sәһvlәrini üzümә deyirsә, o.

 

-        Niyә son vaxtlar Firәngiz Mütәllimova ilә yöndaş olmursunuz?

 

-        Elә indicә rejissor Tariyel Vәliyevlәһbәt etmişik. Gülnar vә Elçini tamaşaçılarla yeni görüş gözlәyir.

 

-        Mәtbuata münasibәtiniz...

 

-        Arzu edәrdim ki, sensasiya xatirinә yalan yazmasınlar. Bir dәfә bir jurnalist götürüb yazıb ki, Yaşar Nuriyev maşını divara vurub. Heç ömrümdә maşın sürməmişәm.

 

-        Maşınınız yoxdur?

 

-        Na maşınım var, nә bağım.

 

-        Hәyatınızda әn qәribәһadisә.

 

-        Fәxri ad alanda tanımadığım bir xanım mәnә belә bir bayatı yazıb göndәrmişdi:

 

Әziziyәm Yaşardı,

 

Vurdum, gözü yaşardı,

 

Meymun güzgüyә baxdı,

 

Elә bildi Yaşardı.

 

 

 

 “Ədəbiyyat və incəsənət”

 

(02.05.2023)

GÜNEYLİ ŞAİR TOHİD NAMVƏRİN ŞEİRLƏRİ

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla “Güneydən gələn səslər” rubrikasının növbəti buraxılışını təqdim edir. Bu dəfə sizlərə Tohid Namvərin şeirləri təqdim ediləcək.

 

Tohid Namvər (Adlım)

 Adlım təxəllüsü ilə tanınan Tohid Namvər, 1974-cü ildə Muğanda anadan olmuşdur.

O, uşaq yaşlarından ədəbiyyata marağı olsa da, 1990-cı ildən şeir yazmağa başlamışdır.

Tohidin "Mənə gözlərində bir dəniz gətir" adlı şeir kitabı Güneydə çap olunmuşdur.

 

 

SƏNİ BU DƏNİZƏ KİM ATDI AXI?!

 

Bu ilki əzabdı, o sonu dərddi,

Mamırı kədərdi, yosunu dərddi.

Sən ki, oturmuşdun, de, kim tərpətdi?!

Səni bu dənizə kim atdı axı?

 

Sevgi təlatümlü həyatdı baxsan,

Hər dalğa yüyənsiz bir atdı baxsan,

Atlar bir-birindən inaddı, baxsan.

Səni bu dənizə kim atdı axı?

 

Hələ min oyuna qatacaq səni,

Dalğalar atacaq, tutacaq səni,

Bir köpək balığı udacaq səni,

Səni bu dənizə kim atdı axı?

 

Qarşına dəmir baş tilov çıxacaq,

Ayaq buz, başından alov çıxacaq,

Yoluna su altı kalav çıxacaq,

Səni bu dənizə kim atdı axı?

 

Suyun su atəşi, su odu olur,

Dənizdə cinayət su altı olur,

Quldur naqqaların su koltu olur,

Səni bu dənizə kim atdı axı?

 

Mayaklar sahildə sönən ocaqdır,

Görünən bu liman yox olacaqdır,

Ümidin yelkəni yıxılacaqdır,

Səni bu dənizə kim atdı axı?

 

Kor olar, bir işıq saçmaz ümidlər,

Batarsan, qanadın açmaz ümidlər,

Dənizdən sahilə uçmaz ümidlər,

Səni bu dənizə kim atdı axı?

 

 

GECƏLƏR YUXUDA GÖRÜŞƏK BARI

 

Ürəyim dözməyib yola çıxdı, gəl!

Niyə gəlməyirsən?.. Yol açıqdı, gəl!

Yuxum dağ başında alaçıqdı, gəl!

Gecələr yuxuda görüşək barı!

 

Göynətdi bağrını izim, yolların,

Saraldı ağında gözüm, yolların,

Olmadı qovşağı bizim yolların,

Gecələr yuxuda görüşək barı!

 

Yuxular deyil ki, dərə, qorxasan,

Bir it yox üstünə hürə, qorxasan,

Adam yox qəfildən görə qorxasan,

Gecələr yuxuda görüşək barı!

 

Bu gecə yuxuda bir ah çəkmişəm,

Gəl, ahdan mən sənə yolaq çəkmişəm!

Köhnə xatirədən araq çəkmişəm,

Gecələr yuxuda görüşək barı!

 

Sevgilim, hər şeyi xeyirə yozaq:

Dünyada nə dərd var, nə hicran, nə dağ,

Həyatı aldadaq, həyatdan uzaq

Gecələr yuxuda görüşək barı!

 

Gecələr yuxuda, yuxu yatmayaq,

Gecələr bir dastan oxu! Yatmayaq,

Gecələr şəhəri yuxuda qoyaq

Gecələr yuxuda görüşək barı!

 

 

TANIYIRAM BU DƏRDİ

 

Demə hər şey dağılandı, itəndi,

Dərd var ötüşməyən, dərd var ötəndi,

Ömür sürüb öləcəyim vətəndi,

Torpağından tanıyıram bu dərdi.

 

"Sevincin azlığı bir növ əzabdı"

Bol sevinc axtardım, dərd məni tapdı,

Bu, içdiyim qırx beş illik şərabdı,

Bardağından tanıyıram bu dərdi.

 

O sürgündən, bu sürgünə dönmüşəm,

Hansı dindən, hansı dinə dönmüşəm!

Tüfəng olub hədəfinə dönmüşəm -

Qundağından tanıyıram bu dərdi.

 

Gündən-günə çiçəklənən, güllənən,

Hər puçuru budağımda minlənən,

Yeri tutan, göyü tutan, enlənən,

Yarpağından tanıyıram bu dərdi.

 

Sıxar məni otağımda dər-divar,

Dərdlərin də namərdi var, mərdi var,

Hər əzabın tətiyində rəddi var,

Barmağından tanıyıram bu dərdi.

 

Üst-başımı yalatmışam bu dərdə,

Öz əlimlə qol atmışam bu dərdə,

Ürəyimi yal atmışam bu dərdə,

İt çağından tanıyıram bu dərdi...

 

 

ŞAPALAQ ŞƏKİLİ

 

Rəssam! Otur bir danışaq,

Sən allah, burax şəkili!

Məndən min şəkil çəkilər,

Tutmaz bu varaq şəkili!

 

Ayağını yollar yeyən,

Yorğun adam, əldə yüyən,

Atına çata bilməyən,

Baxtımın çolaq şəkili.

 

Quşammı qanad çəkəsən?

Ya bir tala ot çəkəsən;

Yanında bir at çəkəsən;

Atlı bir otlaq şəkili?

 

Mən nataraz, sən inadlı,

Bir ürək çək, min bir çatlı,

Sifətimdə neçə qatlı -

Neçə şapalaq şəkili...

 

 

SAHİLDƏ

 

Sevgidən Biz iki sınmış qanadıq, sahildə,

Közmələnmiş yara idik, qanadıq sahildə.

 

Sanki dağdan düzə enmiş iki qurduq və ac-ac,

Yağlı bir cəmdəyə möhtac uladıq, sahildə.

 

Susduq ancaq ki, baxışdıq təpədən dırnağadək,

Duz kimi gözlərimizlə yaladıq sahildə.

 

"Mövcu-həsrət" üzünə şillə çəkən sal qayayıq,

Tufana qarşı dayanmış inadıq sahildə.

 

Sevgi qoynunda ki, dünyaya göz açmaqdır ölüm,

Ölməyə qolları biz çırmaladıq sahildə.

 

Yaşlı gözlərdə ümid tapmaq üçün zilləndik,

Biz yasaq bir adanı tapdaladıq sahildə.

 

İki yanmış kösöv olduq dayanıb gizlincə,

Bir ocaq varlığımızdan qaladıq sahildə.

 

Sevgimiz güllə toxunmuş quşa bənzər, Adlım,

Sevgidən biz iki sınmış qanadıq, sahildə.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi etdi. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.

 

Ondan başlayaq ki, müsabiqəyə ümumilikdə 417000 foto daxil olub. Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.

 

Növbəti mükafatçını təqdim edirik: ABŞ-dan olan Al Bello “Qadın peşəkar beysbol oyunçusu kişi peşəkar Liqasında uğur qazanır" Foto seriyasına görə mükafatlandırılıb.

Xatırladaq ki, əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur. Ötən gün onun barəsində sizə məlumat vermişdik.

İtaliyalı fotoqraf Alessandro Sinke daimi inkişaf nominasiyaaınd 5000 ABŞ dolları qazandı. Habelə o, SPWA-nın sərgilərində iştirak və fotoalbomlarında təmsilolunma hüququ əldə etmişdi. 

"Açıq" kateqoriyasında iştirakçılar yalnız bir şəkil təqdim edə bilər və qalib Cənubi Texasdakı bir cüt Taraklı karakarının - tutuquşusunun ağ-qara fotoşəkilini təqdim edən Meksikadan Dinora Graue Obsura  olmuşdu. 

Bu tədbir çərçivəsində tələbə və gənclər müsabiqələri də keçirilib. Yun Nan  İncəsənət Universitetinin Çinli fotoqrafı Long Jing Yun Nan opera teatrına həsr olunmuş bir sıra əsərlərinə görə Sony-nin 30.000 dollarlıq avadanlığına layiq görülmüşdür.

Bunlar barədə də məlumat almışdınız.

Çindən Fan Li, Cənubi Afrikadan Li-Ann Olvaj və Böyük Britaniyadan Hugh Kinsella Cunningham müvafiq olaraq "Memarlıq", "yaradıcılıq" və "sənədli film" nominasiyalarında qalib olublar. 

 

Şəkildə siz Sony World Photography Awards 2023-ün növbəti mükafatçısı - Al Bellonun 

lentə aldığı fotonu görürsünüz.

 

Növbəti buraxılışlarda “Ədəbiyyat və incəsənət” portal sizləri digər mükafatları qazanan fotoqrafların işləri ilə tanış edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Çərşənbə axşamı, 02 May 2023 11:00

Baletlə tet-a-tet

XOREOQRAFİYA AKADEMİYASININ MƏZUNLARININ HESABAT KONSERTİNDƏN REPORTAJ 

 

Balet incəsənətin ən elitar sahəsidir. Biz baletə getmirik. Əfsus. Getmək lazımdır. Bu sahə bizdə ən tələbedilən sahə olmalıdır. 

“Ədəbiyyat və incəsənət” sizləri Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsilli məzunları ilə tanışlığa dəvət edir. Onlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Beynəlxalq Rəqs Gününə həsr olunmuş buraxılış-hesabat konserti keçiriblər. Özü də necə.

 

Konsertdə Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, mədəniyyət xadimləri, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.

Buraxılış-hesabat konsertində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında P.Çaykovskinin “Yevgeniy Onegin” operasından Polonez əsəri, A.Qlazunovun “Raymonda” baletindən Divertisment parçası, Xalq musiqisi “Bayram süitası”, C.Cahangirovun “Lirik rəqs” əsəri, F.Şopenin “Prelüd variasiyası”, Acar rəqsi "Qandaqan”, xalq musiqisi “Qafqaz rəqsi”, Ə.Bədəlbəylinin “Qız qalası” baletindən “A dajio”, xalq musiqisi “Qaval ilə rəqsi" və digər müxtəlif rəqs kompozisiyaları nümayiş olunub. 

Qeyd edək ki, buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.

Gəlin baleti sevək. Balet əsl zövq formalaşdırır, inanın!

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında açılan “Dərman arardım dərdimə” adlı sərgi davam edir. 

Rəssamlar Səma Abdalova, Ayten Abdullayeva, Aygün Baxşiyeva, Zaur Qəhrəmanov, Ceyran Mir-Qasım, Nərmin Nəsibova, Lenay Seidəlizadənin əsərlərinin yer aldığı sərgi mayın 4-dək ziyarətçilər üçün açıqdır. 

 

İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. “Dərman arardım dərdimə” sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır. 

Sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Çərşənbə axşamı, 02 May 2023 14:00

Hacıqabul avtomobili sürəcəyik!

“Mayın 1-də Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulan istehsal müəssisəsində avtomobillərin boyaq, qaynaq və yığım mərhələsi həyata keçiriləcək.

Bu layihəyə 88 milyon manat vəsait qoyulub. Layihəyə 2025-ci ilin mayında start veriləcək. 1200 nəfərin çalışacağı müəssisədə 35 min avtomobil istehsal olunacaq. Layihə ölkəmizdə qeyri-neft sektorunun inkişafına, istehsalın lokallaşdırılmasına və məşğulluğun təminatına təkan verəcək”.

 

Bu sitatı jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib. 

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) son günlər baş verən ardıcıl mina partlayışlarının sayının artması ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib.

 

Müraciətdə deyilir: “İşğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən qaydalara riayət etməmək, təhlükəsiz ərazilərdən kənara çıxmaq, xəbərdaredici nişanların tələblərinə riayət etməmək, məsuliyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər. Bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!”.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.