Super User

Super User

İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi “Ən yaxşı Avropa Filmi” nominasiyasında nüfuzlu “Qoyya” mükafatı uğrunda müsabiqəyə qatılıb. Bu, Azərbaycan kinosu tarixində bir ilkdir. Filmi müsabiqəyə Azərbaycan Kinematoqrafçılar İttifaqı təqdim edib.

 

Bu barədə Azərbaycan Kinematoqraflar İttifaqı məlumat yayıb.

 

Filmdə baş rolları Günəş Mehdizadə, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, uşaq aktyorlar Hümbət Əhmədzadə, Paşa Məmmədli ifa ediblər. Filmin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo (Niderland), quruluşçu operatoru Avropa kinoakademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Mixael Menzkedir (Almaniya).

 

Qeyd edək ki, bu mükafat İspaniya Kino Sənəti və Elmləri Akademiyası tərəfindən təsis olunub (Academia de las Artes y las Ciencias Cinematográficas de España (Academy of Motion Picture Arts and Sciences of Spain) və “Oskar”. “BAFTA”, “Sezar”la yanaşı Kino akademiyaları tərəfindən təqdim edilən ən nüfuzlu kino mükafatlarındandır. Alexandra Amnebar, Pedro Almodovar, Karlos Saura kimi nüfuzlu kinorejissorlar bu mükafatın qalibi olublar.

 

Dünya premyerası Busan Beynəlxalq Film Festivalında (Cənubi Koreya) baş tutan Suğra və oğulları” film Hindistan, İsveçrə, ABŞ və Almaniyanın nüfuzlu kino meydanlarında nümayiş olunmuş, “Asiya və Sakit Okean ölkələri Kino Akademiyasının”( Asiya “Oskar”ı) mükafatına “Ən yaxşı ssenari” kateqoriyasında nominant olub.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Azərbaycan Dünya Səyahət və Turizm Şurasının rəsmi destinasiya tərəfdaşı seçilib.

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, bu haqda qərar Ümumdünya Səyahət və Turizm Şurasının noyabrın 1-də Ruandanın Kiqali şəhərində “Dayanıqlı gələcəyə körpülərin qurulması” mövzusunda keçirilən Qlobal Sammitində qəbul edilib.

Noyabrın 3-dək davam edəcək sammitdə ölkəmizi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbir çərçivəsində Fuad Nağıyevlə Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru xanım Culiya Simpsonla görüş keçirilib, yeni turizm destinasiyası kimi ölkəmizin tanıdılması, turizmin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Tədbir çərçivəsində “Qlobal Liderlər Dialoqu” görüşündə bir sıra ölkələrin turizm nazirləri və turizm üzrə səlahiyyətli şəxsləri ilə görüşlər keçirilib, cari turizm tendensiyaları üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfdaş ölkə olmaqla, həmçinin Dünya Səyahət və Turizm Şurasının hotellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini özündə birləşdirən “Dayanıqlı Əsaslar” üzrə proqramına da üzv olub.

Dünya üzrə qlobal səyahət və turizm şəbəkəsi kimi Dünya Səyahət və Turizm Şurası 1990-cı ildən fəaliyyətə başlayaraq dünya turizmi üzrə dövlət və özəl sektor təmsilçilərini bir araya toplayan və tərəfdaşlığı təmin edən əsas platformalardan biri hesab olunur.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Noyabrın 2-də Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərindən ibarət not kitablarının musiqili təqdimatı olub.

 

AzərTAC xəbər verir ki, Könül Arifqızının aparıcılığı ilə keçirilən tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva təqdim edilən əsərlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əbədi imzalar” layihəsi çərçivəsində işıq üzü gördüyünü bildirib.

 

O qeyd edib ki, notlar Azərbaycan musiqi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından əhəmiyyətli rol oynayır.

 

Sonra “Əbədi imzalar" filminin nümayişi olub.

 

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Diqqətə çatdırıb ki, müasir dövrdə Azərbaycan musiqisi Heydər Əliyev Fondu tərəfindən bütün dünyada tanıdılır.

 

“Elə ölkə yoxdur ki, muğamımız və musiqimiz tanınmasın. Bu gün bütün ifaçılarımız hər bir əsəri səsləndirə bilər. Bir neçə müddət idi ki, bir qrup bu layihə üzərində çalışırdı. Layihə musiqimizin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir”, - deyə nazir müavini qeyd edib.

 

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə not kitablarının hazırlanması zamanı İttifaqın əməkdaşlarının böyük təşəbbüs göstərdiyini bildirib. Xalq artisti bu cür topluların bütün dünyaya yayılmasından şad olduğunu söyləyib.

 

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti, dirijor Yalçın Adıgözəlov və Əməkdar artist, bəstəkar Vüqar Camalzadə çıxış edərək layihə üzərində çalışan hər kəsə təşəkkürlərini bildiriblər.

 

Qeyd edilib ki, layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin altı görkəmli nümayəndəsi - Asəf Zeynallı, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Vasif Adıgözəlovun simfonik, kamera-instrumental, vokal, fortepiano əsərləri, eləcə də müxtəlif alətlər üçün solo və xor partiyaları çap olunub.

 

Tədbirdə Üzeyir Hacıbəylinin, Asəf Zeynallının, Qara Qarayevin, Fikrət Əmirovun və digər bəstəkarların xor, mahnı və instrumental əsərləri ifa edilib.

 

“Ədəbiyyat və incəsənət”(03.11.2023)

Cümə, 03 Noyabr 2023 12:45

Abşeronun tutu, ənciri…

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Hər regionun özünəməxsus, onu məşhurlaşdıran müxtəlif fərqli nələrisə olur. Xalçası, sənətkarlıq nümunəsi, tarixi abidəsi  və s.

Bu fərqlilikləri biz kulinariyada da görürük.

Bu  gün paytaxtımız olan- adına nəğmələr, şeirlər qoşulan, küləklər şəhəri adı verilən Bakımızın öz kulinariya  fərqliliklərini təqdim etmək istəyirəm.

İlk öncə Ağ tut doşabından danışmaq istəyərdim. Ağ tut yaxud, ümumiyyətlə, tut Abşeron zonasında daha geniş yayılmışdır. Daha çox Bakılıların sevə-sevə hazırladığı və istifadə etdiyi Ağ tut doşabı da məlhəmə bərabərdir. 

Uşaqlıqdan şahid olmuşam ki, babam, ya da nənəm tut ağacını çırpandan sonra biraz əzilmiş tutları yığar və yuyub doşab hazırlayardılar. Bildiyimiz kimi həkimlər də tuta min bir dərdə dəvadır deyirlər. Məsələn, boğaz ağrısına və s. 

Hətta insana güc-qüvvət versin deyə səhər yeməyindən öncə də tut yemək məsləhət görülür.

 

Bisgəndə isə qabığı soyulmuş əncir qurusudur. Dəvətikanını qırıb üzərinə ağır taxta qoyurlar. Taxtanın ağırlığından yastılanmış dəvətikanının üstünə səliqə ilə soyulmuş əncirləri düzürlər. Günəş şüası altında 3-4 gün ərzində quruyur. 

Əncirin özünü Bakılı kimi çox sevsəm də, əncir qurusunu da alınma yesəm də, son illər də öz həyətimin əncirindən bisgəndə yemək zövq verir. Torpaq da, torpaqdan bizə gələn nemətlərdə bir xəzinədir. Gəlin onlardan səmərəli istifadə edək.  Son olaraq qeyd  edim ki, 2017-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Unudulmuş yeməklər"adlı yemək festivalı keçirmişdi. Həmin festivalda da 8 Bakıya məxsus yemək təqdim edilmişdi .

 Bunlar Bakı mətbəxinə məxsus “Həlim aşı”, Qarabağa məxsus “Balva”, Qərbi Azərbaycan mətbəxinə aid “Təngab”, “Məkə şorbası”, “Zəngi çörəyi”, “Yeznə qalını”(şirniyyat), “Tər halva” və “Müsənbə plov” yeməkləridir.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyənin formalaşmasına, milli-mənəvi sərvətimizdən olan nağıllarımızın yaşadılmasına xidmət məqsədilə “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunub.

 

Xətai Sənət Mərkəzindən verilən məlumata görə, 18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan şəxslər noyabrın 28-dək sənədlərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməklə müsabiqədə iştirak edə bilər.

 

Seçim millilik, yanaşma, baxış və müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq və seçilən əsərlər yaş qrupuna uyğun olaraq quruplaşdırılaraq sərgilənəcək.

 

Təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn,.. ) və əvvəlcə sərgilənməmiş əsərlərə üstünlük veriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

 

Əlavə suallar üçün 051-310-74 01 telefon və ya vatsap ünvanına müraciət etmək olar.

 

Müsabiqənin sərgisi Xətai Sənət Mərkəzində açılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Cümə, 03 Noyabr 2023 17:00

Taleh əminin bir şeiri - XATİRƏ

Şəlalə Hüseynova

 

“Ədəbiyyat və incəsənət” portalı Xatirə rubrikasında Şəlalə Hüseynovanın mərhum şair Taleh Həmid barədə xatirəsini təqdim edir. 

 

Beşinci, ya altıncı sinifdə oxuyardım. Taleh əminin bu şeirini əzbərləyib güzgü qarşısında pafosla danışanda atam eşitmişdi. Taleh əmi bizə gələndə çağırdı, dedi əminin həminki şeirini oxu. Oxudum, kövrəldi. Məni bağrına basdı. 

Atamın qəbri üstündə bənövşə bitməsə də, hər ziyarətdə bu şeiri və Taleh əmini xatırlayıram.  

 

BƏNÖVŞƏ

 

Atamın qəbri yanında bənövşə bitmişdi. 

 

Sən bu dərdi çəkəmməzsən,

Burdan uzaq qaç, bənövşə.

Dünya dolu çöl-çəməndi

Get birində aç, bənövşə.

 

Gəl sındır bu inadını

Dadma həsrətin dadını.

İpək kimi qanadını

Yaralayar daş, bənövşə.

 

Bilmə mənim çəkdiyimi

Ağrı görmə ağrım kimi

Əllərimlə əkdiyimi 

Qurudubdu yaş, bənövşə.

 

Sən ömrünün bu yaz çağı

Eşidəsən niyə ağı?!

Görürsənmi bax, o dağı?

Get, o dağda bit, bənövşə. 

 

Ürəyim dolub, gəlmişəm,

Yaman çağlamağım gəlir.

Yazın bu xoş vədəsində

Bir az ağlamağım gəlir

Qulağını tut, bənövşə....

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə sevilən gənc şair Nigar Arifin “Olarsanmı gerçəyim” şeirini təqdim edirik. 

 

OLARSANMI GERÇƏYİM?

Nigar Arif

 

Ay fikrimdən çıxmayıb

Dilimdən heç düşməyən,

Ad verə bilmədiyim

Olan-bitən hər şeyim,

 

Sənə get deyəmmədim,

İndi gəl nətər deyim?

Bəlkə çətin biriyəm,

Bəlkə də biraz dərin.

 

Sözlərim alaçiydi,

Duyğularım kəmşirin.

Qışım şaxtalı keçər,

Yayım da ki, lap sərin.

 

Nolsun soyuq adamam,

Tək bu olsun dərd-sərim.

Nə varsa düzələndi,

Neynirəm, nə gərəyim?

 

Əsas arzum, istəyim,

Yalanı bacarmıram…

Sən bu yalan dünyada,

Olarsanmı gerçəyim?

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Cümə, 03 Noyabr 2023 16:30

Hansı əsərlərə film çəkilsin?

Oğuz Ayvazın sorğusu

 

 

Gənc yazar Oğuz Ayvaz sənət adamları və yazarlar arasında sorğu keçirib. 

“Azərbaycan ədəbiyyatında bəyəndiyiniz hansı əsərləri ekranda görmək istərdiniz?” sualına verilən cavabları “Ədəbiyyat və incəsənət” portalı sizlərə təqdim edir:

 

Xalq şairi Sabir Rüstəmxanlı:

 

Anatoli Zöhrabbəyov “Odlu diyar”, Y.V.Çəmənzəminli “Qızlar bulağı”, M.S.Ordubadi “Qılınc və qələm”, 

Sabir Əhmədli “Yamacda nişanə”, 

Sabir Rüstəmxanlı “Göy Tanrı”, “Difai fədailəri”, “Şair və şər”…

Təbii ki, mən yalnız oxuduğum (və yazdığım) əsərlərin adını çəkirəm. Film çəkilişinə material verən roman, povest və hekayələrimiz çoxdur.

 

Yazıçı Rövşən Yerfi:

 

"M.S.Ordubadi "Qanlı sənələr", 

Yusif Vəzir Çəmənzəminli "Qan içində".

 

Dramaturq və filosof Firuz Mustafa:

 

“Məhəmməd Fizuli haqqında bədii film yoxdur. Niyə olmasın? Heç haqqında sanballı roman da yoxdur. Onun yaradıcılığı, həyatı bir filmin mövzusudur. Bundan başqa Mirzə Cəlilin, Həsən bəy Zərdabinin, Natəvanın həyatını əks etdirən filmlər çəkilsə daha yaxşı olar. 

Azərbaycan yazarlarının əsərlərinə gəldikdə Məhəmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərinin adını çəkə bilərəm. Daha sonra siyahını belə artıraram: Yusif bəy Çəmənzəminlinin bütün romanlarına film çəkmək olar. Onun əsərlərində film üçün gözəl mövzulara toxunulub. Elə götürək “Studentlər” əsərini. Məncə, bu əsər ekranlaşdırılsa, çox uğurlu film alınar.

 

Teatrşünas Aliyə Dadaşova:

 

"Ümmül-Banu "Qafqaz günləri", 

Şərif Ağayarın qaçqınlıqdan bəhs edən hekayələri: "Cəfər əminin yolları" "Şeqlov üsulu", "Kərpickəsən kişinin dastanı", 

Rasim Qaraca "On bir gecə". 

 

Yazıçı Varis:

Anar “Mən, sən, o və telefon”, 

Kamal Abdulla “Yarımçıq əlyazması”.

 

Aktyor Faiq Mirzəyev:

“Ə.Haqverdiyev “Pəri Cadu”. Bu günün prizmasından. İnternet əsrində cadu, qara magiya necə işləyir? 

Çingiz Abdullayev “Metamarfoza”, Qəfil qazanılan haram pulla insanın aqibəti. 

44 günlük müharibədə həlak olan şəhidlərimizin fədakar ömür gün yoldaşlarının həyatından bəhs edən ssenari olsa o barədə bir film. 

Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın həyatından bədii film. Xalq artisti Zərnigar Ağakişiyeva haqqında bioqrafiya filmi. 

Yazıçı, millət vəkili Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov” doğula bilməz romanı əsasında bədii film”.

 

Yazıçı Cavid Zeynallı:

“Kamal Abdulla, "Sehrbazlar dərəsi" romanı. Əsl kino materialıdır. İnanıram ki, gec-tez bu roman film olacaq”.

 

Aktyor Kamran Ağabalayev:

İlqar Fəhminin "Qarğa yuvası”.

 

Kino araşdırmaçısı Vasif Ayan:

Son illər oxuduğum iki roman var. Azər Qismət "İlbizlər", Sənan İsmayılov "Hərflərin oyunu". Seyran Səxavətin "Daş evlər"i də yaxşı əsərdi. Yəni oxuduqca beynimdə film kimi gördüm.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İlahə Süleymanova- Hosman əslən Tərtər rayonundandır. 17 ildir ki, Banqladeş əsilli Anwor Hossainla (Ənvər Hüseyn) ailə qurublar. 4 övladları var- 2 qız, 2 oğlan. İlahə xanım Bakı Asiya Universitetini bitirib. Bir müddət "Lukoil" neft şirkətində tərcüməçi işləyib. Ömür-gün yoldaşı maliyyə məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır. Hazırda ABŞ-ın Nyu York ştatında yaşayırlar. 

 

Bu gün mən sizə İlahə xanımdan deyil, qızları Şevrin və Şannendən söhbət açmaq istəyirəm. Şevrinin 15, Şannenin 13 yaşları var... 

 

Əvvəlcə Şevrin barəsində

 

O, 9-cu sinifdə oxuyur, dərs əlaçısıdır. Eyni zamanda rəqsə gedir. "Broadway Dance" məktəbinin rəqqasələrindən biridir və 6 fərqli rəqs üzrə məşq edir. Şevrin bir çox ölkələrdə yayımlanan, uşaqların çox sevdiyi “Super Why” cizgi filminin baş qəhrəmanlarını səsləndirib... 

 

İndi də Şannen haqqında

 

8-ci sinifdə oxuyur. Musiqi alətlərinə çox böyük marağı var. Piano və skripkada sərbəst ifa edir…

 

"Bacılar, ay bacılar…"

 

"Travel Channel"də yayımlanan "Mysteries at the Museum" filmlərində hər iki bacı birlikdə müxtəlif rollar alıblar. Bundan əlavə karatenin Takvando növü ilə birgə məşğul olurlar, "Swim Team" üzgüçülük məktəbinə gedirlər…

 

Son 6 ildə bu iki bacı birlikdə və ayrılıqda filmlərdə, verilişlərdə, uşaq talk şou proqramlarında, reklamlarda çəkiliblər və müxtəlif cizgi filmlərini səsləndiriblər. 

Şannenin ilk rolu ona böyük şöhrət gətirib. Bollivud ulduzu Priyanka Çoprani haqqında çəkilən reklam çarxında sənətkarın uşaqlığını canlandırıb.

Şannen 3 il öncə dünyada tanınan, 45 ölkədə yayımlanan "Master Chef Junior" telemüsabiqəsinə qatılmışdı. 

Bu müsabiqə Amerika və Kanadada yaşayan 8-13 yaşlı uşaqların arasında aparılır. Təxminən 4 mərhələdən ibarət olan seçim turuna minlərlə uşaq qatılsa da cəmi 24 iştirakçı seçilir. Şannen də bu 24 uşağın arasında olub. O, bütün sınaqlardan uğurla keçdiyi üçün bu müsabiqədə iştirak etmək hüququ qazanıb. Yarışmaya münsiflik edən insanların arasında Qordon Ramsey, Kristina Tosi, Aaron Şancez kimi dünya şöhrətli aşpazlar da var. Əgər Şannen bu müsabiqənin qalibi olsaydı 100 min dollar pul mükafatına layiq görüləcəkdi…

 

Azərbaycana sevgi

 

Haqqında ABŞ mətbuatında çox məqalələr yazılıb, çox müsahibələrin qəhrəmanı olub. Qəzetlərdən birinin əməkdaşı Şannenə sual verir,- “Sən bu qədər fərqli və dadlı yeməklər hazırlamağı necə öyrənmisən?” O isə- “Anam Azərbaycandan olduğu üçün evdə həmişə yemək hazırlayır. Və adətən bişirdiyi yeməklər çox fərqli olur. Anamın vətəni olan Azırbaycanı insanların çoxu tanımır. Mən xüsusi olaraq kulinariya kurslarına getməmişəm. Elə evdə anamdan öyrənmişəm yemək hazırlamağı, çünki bu işi sevə-sevə edirəm, demək olar ki, elə anam mənim ilk müəllimimdir. Mən Azərbaycan mətbəxinin təamlarını da hazırlaya bilirəm. Atam Banqladeşdən olduğu üçün, gələcəkdə məni o yerlərə aparsa hind yeməklərini də hazırlamağı öyrənərəm. Bilirsiniz, hind yeməklərinin tərkidində çoxlu fərqli ədviyyat olur. Əslində, mən həm atamın və anamın birgə mədəniyyətinin təcəssümüyəm"- deyə, cavab verir… 

 

Bu da yekun…

 

Bəli, ABŞ-ın Nyu York ştatında bir beynəlmiləl ailə də var. Həmin ailədə ANA azərbaycanlıdır. Övladlarına Azərbaycanı sevdirən bu anaya, balalarını həmişə xoşbəxt görməyi arzulayıram…

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının poştuna daxil olan məktublardan daha birini diqqətinizə çatdırırıq. Coşqun Xəliloğlu yazdığı “Gözlərin aydın, Vətən” şeirinin dərc edilməsini xahiş edir. Şeir vətəndaşlıq poeziyasının uğurlu nümunəsidir, onu oxucularımıza təqdim edirik.

 

 

GÖZLƏRİN AYDIN, VƏTƏN!

 

Necə də xöşbəxtik biz, qələbə çalınıbdır,

Müqəddəs torpağımız yağıdan alınıbdır,

Hiyləgər düşmənimiz pis günə salınıbdır,

Ruhsuz yaşaya bilməz, bütöv olammaz bədən,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Üçrəngli bayrağımız əzizdir canımızdan,

Törpağımız güc aldı tökülən qanımızdan,

         Dəmiryumruqdur-ordum, xalqım, Ali Komandan,

Neçə bəxtiyar olur, arzuya, kama çatan,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Qarabağ ki var, bizim şanımız, şöhrətimiz,

Vətənin hər qarışı əbədi sərvətimiz,

Necə güclüdür bu xalq, göründü qüdrətimiz,

Bundan sonra yaşayar millətimiz xöşbəxt, şən,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Biz həmişə olmuşuq düz sözlü, düz ilqarlı,

Başımızı dik tutub yaşamışıq vüqarlı,

Hər günümüz xoş keçsin, yaylı, qışlı, baharlı,

Laləzardır yurdumuz, min cür nemətlər bitən,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Azadlığa qovuşub torpağımız, daşımız,

Bizə dəstək-arxadır böyük Türk qardaşımız,

Biryolluq azad olub  Xankədimiz, Şuşamız,

Sevinc ilə, qürurla, fərəhlə deyirəm mən:

-Anam gözlərin aydın, gözlərin aydın, Vətən.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.