“Düşməni eylədik yalan, Kəlbəcər...” – Xanım Sevərin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bü gün Debüt vaxtıdır, Xanım Sevərin şeirləri ilə tanışlıqdır.

 

DEBÜT                                                                                                                                                                                                           

 

Xanım SEVƏR

 

KƏLBƏCƏR

 

Dözmürdük biz sənin ayrılığına,

Elindən aralı qalan Kəlbəcər.

Dərbədər salaraq övladlarını,

Etmişdilər səni talan, Kəlbəcər.

 

Həsrətlə baxırdıq Murova sarı,

Çarə eyləmirdi dağların qarı.

Şükür kərəminə, ey uca Tanrı,

Dönür qucağına balan, Kəlbəcər.

 

Yağı əlindəydi ləlü-gövhərin,

Vədəsiz solmuşdu şux gözəllərin.

Aldı qisasın ər igidlərin,

Etdilər düşməni yalan, Kəlbəcər.

 

Xanım illər idi intizarındı,

Dəlidağ əyilməz dağ vuqarındı.

Qarşıla,öz doğma balalarındı

İndi qucağına gələn, Kəlbəcər.

Düşməni eylədik yalan, Kəlbəcər.

 

 

ŞUŞAM MƏNİM

 

Şeir, sənət beşiyisən,

Başı qarlı Şuşam mənim,

İllərdir bizi gözlədin,

Etibarlı Şuşam mənim.

 

Qovuşur indi gül gülə,

Qoynunda xarıbülbülə,

Bax, gəlirik gülə-gülə,
Düz ilqarlı Şuşam mənim.

 

Buludlardan yuxarısan,

Qarabağın vüqarısan,

Elin qiymətli varısan,

Xoş baharlı Şuşam mənim,

Başı qarlı Şuşam mənim.

 

 

ANAMDIR MƏNİM

 

Nə qədər ürəkdən yananım olsa,

Halıma qalanım anamdır mənim.

Ayağım büdrəyib yıxılan zaman
Qadamı alanım anamdı mənim.

 

Onu əvəz etməz dünyada heç kim,

Odur güvənc yerim, qəlbimə hakim.

Bir gün köçüb getsəm, oxunsa hökm,
Saralıb solanım anamdır mənim.

 

O həm sirr yerimdi, həm güvəndiyim,

Tərifə söz yetməz, hansını deyim?

Bəzən nəhs gətirsə bəxtim, taleyim,
Saçını yolanım anamdır mənim.

Halıma yananım anamdır mənim.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.