Super User
Vəfa Zeynalova: “Amma düzünü deyim ki, “hələ körpәlikdәn” aktrisa olmaq fikrinә düşmәmişәm...”
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Vəfa Zeynalova ilə müsahibə 12.03.1998 tarixində götürülüb.
“CÜLYETTA OYNAMAQ ƏN BÖYÜK ARZUMDUR”
Müsahibimiz Milli teatrın aktrisası Vəfa Zeynalovadır.
- Vәfa xanım, bir dәfә bu sualı Sәyavuş Aslana verdim, dedi ki, bu sualı nә qәdәr vermәk olar? Amma güman edirәm ki, siz һәlә bu sualdan bezmәmisiniz. Sənətə gәlişiniz necә olub? Ailәnizdә incәsәnәt mühiti olubmu?
- SSRİ Xalq Artisti, böyük sәnәtkar İsmayıl Osmanlı uzaq qoһumumuz olub. Evimizdә һәmişә onun һaqqında söһbәtlәr gedәrdi. Amma düzünü deyim ki, “hələ körpәlikdәn” aktrisa olmaq fikrinә düşmәmişәm.
-Deyәsәn, axı sizdә yumor hissi dә var. Nə әcәb komediya saһәsini seçmәmisiniz?
- Mən, ümumiyyәtlә, һeç nә seçmәmişәm. Hәr şeyi seçәn taledir, Allaһdır, ya da necә istәyirsiniz adlandırın, gözəgörünməz qüvvәdir?
-Bәs, onda necә oldu ki, aktrisa oldunuz?
-Tamamilә tәsadüfәn. Mәn uşaqlıqdan idmanı çox sevmişәm.
-Belә bir zәrif xanım vә idman?
-(gülür) Bәli. 1992-ci ildә orta mәktәbi bitirib sәnәdlәrimi Bәdәn Tәrbiyәsi İnstitutuna verdim. O vaxta qәdәr idman klublarına gedir, cüdo vә üzgüçülüklə mәşğul olurdum. İmtaһan zamanı әldә etdiyim nәticәlәrә görә mәnә 3-cü dәrәcә verdilәr. Hәvәsdәn düşdüm vә sәnәdlәrimi geri aldım.
-Elә niyә?
-Mәn birinci dәrәcәyә nail olmaq istәyirdim. Sonra bir müddәt qadın bәrbәri işlәdim. Bir dәfә İncәsәnәt Universitetindә oxuyan rәfiqәlәrimdәn biri dedi ki, sәn- dәn aktrisa olardı, niyә sәnәdlәrini bizim universitetә vermirsәn? Söz elә bil ağlıma batdı. Sәnәdlәrimi lap sonuncu gün һazırlayıb verdim dram vә kino aktyorluğu fakültәsinә. İmtaһan zamanı Şәfiqә xanım mәnә çox kömək etdi. Çünki im- taһanlara һazırlaşmamışdım.
-Sәһnәyә ilk dәfә nə vaxt çıxmısınız?
-Hәlә birinci kursda oxuyanda Bәxtiyar Xanızadә mәni “Pantomim" teatrına dәvәt etdi. Üç-dörd ay bu teatrda cavan aktyorlarla birlikdә işlәdim. Sonra Hәsәn Turabov mәni Milli Teatra dәvәt etdi. Bu işdә Lütfi Mәmmәdbәyovun da mәnә kömәyi dәydi. Dedi ki, sәnin yerin buradır. 1993-cü ildə 2-ci kursda oxuyanda Milli Teatra qәbul olundum.
-Hәr şeyin başlanğıcı çәtin olur. Siz nә kimi çәtinliklәrlә qarşılaşmısınız?
-İlk vaxtlar, doğrudan da, çәtin idi. Çox sağ olsun Lütfi müәllim, “Taleyin qismәti" filmindә Lamiyә rolunu mәnә verdi vә bundan sonra artıq açılışdığımı һiss etdim. Birdәn-birә elә bil, һamı mәnimlә sәmimi oldu. Ona görә teatra artıq öz evim kimi gedib gәlirәm.
-Ev demişkәn, ailә vәziyyәtiniz barәdә nә deyә bilәrsiniz?
-Ötәn il ailә qurmuşam. Hәyat yoldaşım Samir һәrbçidir.
-Doğrudur, indi 30-cu illәr deyil. Amma hər halda Samir sizi sәһnәyә qısqanmır ki?
- Bәlkә dә, qısqanır, amma һәlә bir söz demir. Әsas odur ki, arada inam, etibar olsun. Ümumiyyәtlә, taleyimdәn gileyim yoxdur.
-Sәһnә vә ailә dilemması qarşısında qalsanız, necә һәrәkәt edәrdiniz?
- Yәqin ki, ailәni üstün tutaram.
-Siz qısa müddәtdә xalqın sevgisini qazana bilmisiniz. Hansı rolları oynamısınız?
-Milli Teatrda ilk rolum Naһid Hacızadәnin “Qisas qiyamәtә qalmaz”ında Meһri olub. Sonra İlyas Әfәndiyevin “Hökmdar vә qızı”nda Sәltәnәti oynamışam. Rozovun “Şadlıq sorağında” tamaşasında Lena, Şıxәli Qurbanovun “Sәnsiz"indә Maral obrazlarını teatrda mәşq edirәm. Bәxtiyar Vaһabzadәnin “Yağışdan sonra" televiziya tamaşasında Reyһanı һazırlayıram. Sonuncunun rejissoru yenә dә böyük sәnәtkarımız Lütfi Mәmmәdbәyovdur.
-Әn çox һansı rolunuzu sevirsiniz?
-Lamiyәni. Düzdür, texniki imkansızlıqlar üzündәn filmin müәyyәn nöqsanları var idi. Amma mәn bu obrazı çox sevirәm.
-Bu rolda müəyyən açıq-saçıq sәһnәlәr var. Ailәnizdә bununla bağlı söz-söһbәt olmur ki?
-Yox, Samir bunu sənət kimi qәbul edir. O, mәnim sәdaqәtimә inanır. Bir dә ki, mәn ondan çox qısqancam.
-Hansı aktrisanı ideal һesab edirsiniz?
-Bütün aktrisalara һörmәt edirәm. Amma әn çox sevdiyim aktrisa Firәngiz Mütәllimovadır. Bu indinin sevgisi deyil, lap çoxdanındır.
-Milli teatrın Afroditası olmaq uğrunda mübarizәyә qoşulmaq fikriniz yoxdur ki? Mәncә, sizin buna haqqınız daһa çox çatır. Tәrәzi bürcündə doğulmusunuz. Bu bürc altında doğulanlara isә mәһәbbәt vә gözəllik ilahəsi Afrodita һimayәdarlıq edir.
-Yox, yox, mәn һәlә teatrda tәzәyәm. Hәlә һeç burada әmәlli-başlı açılışmamışam. Bir dә ki, mәn özümü gözәl һesab etmirәm.
-Gәnc aktrisa kimi arzusunda olduğunuz rol varmı?
- Cülyettanı oynamaq әn böyük arzumdur. Әgәr bu arzum baş tutsa, çox şad olardım.
-Vәfa xanım, sizә tәkcә bir rolun yox, saysız-һesabsız obrazların sevincini arzu edirәm.
-Sağ olun.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
- Samiri.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Uğur düsturunun beş vacib şərti
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.
Bu dəfə mövzumuz beş ən mükəmməl motivasiya təlimi barədə olacaq.
Bu beş şərtə diqqət edək
Bütün əvvəlki hissələrdə uğura aparan konkret yollardan bəs etdikcə özümüzə əxz edə bildik ki, 1) «Hər şey arzulamaqdan başlayır»; 2) «Uğura doğru getməkçün mütləq özündə möhkəm xarakter formalaşdırmalısan»; 3) «Sizə maneçilik törədən axmaq vərdişlərdən mütləq yan qaçmalısınız»; 4) «Məqsədə doğru iləriləyərkən ən kreativ üsullardan istifadə etməlisiniz»; 5) «Kifayət qədər gödək olan ömrü dəyərli yaşamaqla, dəyərsiz işlərə vaxt ayırmamaqla bir qədər uzatmalısınız».
Mən niyə məhz bu beş şərtlərin adını çəkdim? Çünki bu şərtlərlə bağlı ən mükəmməl hesab etdiyim motivasiya təlimlərini sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da Barbara Şer, Riçard Vaysman, Devid Şvarts, İrina Xakamada və Den Valdşmidtə məxsusdur.
Bacardığınız qədər hər bir frazaya diqqət etməyi sizdən rica edirəm. Beləliklə, sıra ilə Barbara Şerin «arzulamalarından» başlayıb ta ki, Den Valdşmidtin «6 il əlavə yaşamaq» sirrinə qədər davam edirik.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Rəsm qalereyası: Səyalı Məmmədova, “Adəm və Həvva” müasir interpretasiyada
Nadir Yalçının “Nina Nikolayevna”sı
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində Nəsr saatı davam edir. Növbəti gənc yazarı təqdim edirik: Nadir Yalçın və onun “Nina Nikolayevna” hekayəsi.
Zümzüməsi obamın nazlı gəlninin – Kürün qızıl tanasına çevrilən salxım söyüdləri titrədir, günəşlə ay arasında bardaş quran toranlığa layla çalır, sulardan boylanan ülvi arzulara dəm tuturdu. Yanıqlı, təmkinli, aramla oxuyurdu. Bütün susan qaratoyuqların acığına bu oğrun vədəni nəğmələndirirdi. Sözə avazı ilə yaraşıqlı libas geyindirsə də, bu avazla mizrabı telə möhkəm vurmaq olmazdı, od tutub yanardı qovaqlar.
Qəmlə nəşələnmək olardı bu sədada!
Gözlərini qırpmış, əllərini dizləri ilə tənləşdirmişdi. Bilirdim, qırışları dərinləşmişdi. Mən bilirdim, qeyrisi, tutalım, qonşu Əsgəri çağırsan, unamazdı bunu.
Oxuyurdu nənəsi deyən bayatılardan…
***
Yer yerindən silkələndi, darvaza şaraq-şaraq şaqqıldadı, toyuq-cücə çəpər başına tullanıb qonşu həyətinə keçdi, ağacın ətək budaqlarında sallanan gilaslar əsim-əsim əsdi, yazıq anamın yerindən dik atılmağı ilə həyətə qaçmağı bir oldu, dədəm necə diksindisə, mürgüsünə daş bağlandı. Qorxumdan tutun başına dırmaşdım.
Nənəm bu istinin cırhacırında qızmar günəşlə əlbir olub ocağımıza od ələyirdi.
Elə yana-yana haray çəkirdi! Deyirdin, yaylığındakı yarpaqlar yerlə bir olacaq.
– Ana, nolub, nə hay-həşirdi, qonum-qonşunun dincələn vaxtı niyə qıy-qışırıq salmısan? – atam gözlərini ovxalaya-ovxalaya pilləkənlərdən düşdü.
– Mərdan, evimi murdarladılar, həyətimə qara xal saldılar, başıma daş düşdü, bala. Qardaşın gəlib.
Atamın çiçəyi çırtladı. Elə həmin vaxt da sevinci gözündə qaldı. Anasının neçə illərdi həsrət çəkdiyini yaxşı bilirdi. Bəs nolmuşdu axı?
– Ənvərdən ötrü gecə-gündüz ah-vay edən sən idin də, indi nolub?
– Bir kafir qızını da yanına salıb, bala, sarı pişiyə oxşayır. Dinim-imanım yandı…
O gündən nənəmin əhlət ağacından da ağır olan boğçası evimizdə qərar tutdu. Zəhər tuluğu idi, alqışına alqış çatmazdı, aman-aman qarğışından…
Anamı hirsləndirəndə çalmasını açıb qaçırdım. Dalımca əlli söz deyirdi. Hərdən yazığım da gəlirdi. Qara yaylığının ucunu gözünə sıxıb gecələr astadan ağlayırdı. Əlhəmini çaşdırmışdı, qınamırdım… Anama tapşırmışdı:
“Nə Ənvəri, nə də yanındakı xaxolu üstümə qoymarsız…”
Nənəmin həmin hay-küyündən sonra həyətlərinə götürüldüm. Əmimi heç görməmişdim, həmişə atam ondan ağızdolusu, fərəhlə danışardı. Əmimdən çox yanında gələn adamı görmək üçün səbirsizlənirdim, axı nənəmi kim belə cin atına mindirmişdi?
– Bizə nə gözəl oğlan gəlib! – əmim Ənvər dedi.
Onu ilk görəndə şux qamətli, saçları arxaya dalğalanan, enlikürək bir oğlan idi əmim Ənvər… Sevgisi gözündən yağırdı. Par-par parıldayırdı gözləri. Kəlmə belə kəsməsə, yenə bilmək olurdu ki, o başqa cür sevirdi.
– Yaxın gəl, Mərdanın baş dərisisən. Məktəbə gedirsən?
– Hə, birinci sinfə.
– Oğulsan… Tanış ol, bu da Ninadır.
Nina Nikalayevna!
Əmim Ninanı mənə təqdim edəndə başımı sığallaya-sığallaya onun pərişan gözlərinə zilləndi. Bütün dərd-sərini canına çəkməkçün zillənirdi, axı o burda – doğma diyarda belə səs-küylə qarşılanmağa layiq deyildi. Əmim qorxurdu, birdən Nina onu qoyub getsə, bütün başına gələcək xoşagəlməz işlərdən bezsə… Əmim başqa cür sevirdi, bütün kəndi özünə düşmən edəcək cəsarətlə sevirdi…
Nina bu boz kəndimizdə qürub vaxtı körpə ərik budaqlarından zorən ayrılıb şərə qarışan narıncı şəfəqlərə bənzəyirdi. Quluncunun üstünəcən qıvrılan sünbül sarısı saçları Ninanın təbəssümünün ecazlı davamı idi. Şax qamətindən ayrılan sinəsi düzəngahda qabaran aran təpəciklərini xatırladırdı – bu da həmin böyük təbəssümün tamamı.
O bu axarlı-baxarlı çay ömrümüzə gecələr maviləşən tül kimi sərildi. Nina ilk illər bizim dildə qırıq-qırıq danışırdı. Amma elə bil dilimizin ahəngi onun nitqinə biçilmişdi, o, buz kimi soyuq danışıqçün yaranmamışdı. Kim bilir, bəlkə də, Nina öz məskəninə – əsl taleyinə qovuşmuşdu.
Qəribliyinə sıza-sıza yaş töksə də, əmimə olan məhəbbətindən əl çəkmirdi. Nina qürbətdə məskən sala bilməyən, köksünün döyüntüləri bədənini silkələyən qaranquşlar kimiydi. Elə hey çırpınırdı…
Bir dəfə əclaflıq eləyib Ninanın gözəlliyinin dərinliyinə varmışdım. Həyatımda gördüyüm ən cazibədar vücudun sahibi idi Nina Nikolayevna. Günün birində əmim biçində olanda fələyin felinə uyub taxta hamamın oyuq yerindən Ninanı o ki var süzdüm. Neyləyim? Ağzımın suyu axan vaxtlar idi. Amma o tindəki zeytun ağacı haqqı, ürəyimdə pis şey yox idi. Necə ki açan çiçək, yumurtasını yenicə çartlatmış sapsarı cücə, baramadan yenicə çıxan kəpənək bütün canlılara məhrəm idi, Nina da o taxta hamamın oyuğundan öz ana libasında – təbiətin qızı kimi məni xoşhallandırmışdı.
Yalnız həmin gün gözümdən yayınmayan bir şey məni fikir təşnəsində boğmuşdu, Ninanın boynunda nəsə parıldayırdı. Həmin işarəni hesab dərsində təzə-təzə öyrənmişdim. Az keçməmişdi, qəbiristanın göz işlədikcə uzanan dərinliklərindən, kol-kosun içindən boylanmışdı həmin işarələr mənə sarı.
Xaç idi – Ninanın inancı, duası, məmləkəti…
Kəndimizdə zülm ayaqladı gözəl Nina. Nə xaçını boynundan açır, nə sevgisini ürəyindən söküb ata bilirdi. Amma yaxşı bələd olmuşdu bu yerlərə. İl ili qovladıqca tərtəmiz danışırdı. Yatağında cilvələnən Kürə baxdıqca Volqanı xatırlayırdı. Buraları öz içinə sığdıra bilmişdi.
Günün birində Volqadan bir külək əsdi, külək gəlib yetişdi Kürə, Kürdən ocağımıza… Nənəm torpağa basıdırlan gün kəndin ağsaqqalları – dirsəklənəndə qolunun altına qoşa zər xaralı döşəkçə atılan, gəzəndə ağır tərpənən, danışanda asta dillənən, başıpapaqlı kişiləri Sotlanəhməd dayı, Əsəd əmi, Qəşəm kişi əmimin evinə ayaq basdılar, dədəm də böyürlərində.
Kişilər göy kimi guruldadılar, yel kimi əsdilər. Nina iç vurub ağlayırdı. Az qalırdım, gedim deyim, ay kişilər, görmürsüz necə gözəldi, nə istəyirsiz, amma deyə bilməzdim. Arxayın idim əmimə, bilirdim, lazım olsa, o deyər, canlarını da alar. Belə sevirdi o, başqa cür…
Kişilər çox danışdılar, çox dil tökdülər. Nəhayətdə Əsəd əmi dilləndi:
–Qayınanan Quran əhli idi. Sən də pis, yaxşı onun gəlinisən. Gərək məclisində olasan, bir işin qulpundan yapışasan. Lap bunu qoyaq kənara, nə vaxtacan tay-tuşuna qaynıyıb-qarışmayacaqsan? Əlini nəyə vursan, murdarlanacaq. Gəl biz deyənə qulaq as. Bu boyda kişilər gəlib ayağına, bizi yüngülsaqqal eləmə.
Nina yana-yana boynundakı xaçı açdı. O gecə Ninaya zülmətdən zülmət oldu. Anam ona qüsl verdirdi. Molla Məmmədi çağırdılar. Molla Məhəmməd kəlmeyi-şəhadəti dedikcə Nina təkrarlayırdı. Mollanın gur səsi evi də silkəliyirdi, Ninanın bədənini də…
Ninanın boynundakı xaç qeybə çəkildi!
Qız-gəlinlər əvvəl-əvvəl qaynayıb-qarışmasalar da, sonralar buzları əritmişdilər, tez-tez onun başına yığışar, gözəlliyinə maddım-maddım tamaşa eləyərdilər. Çünki o, müsəlman olmuşdu. Müsəlman olandan sonra kəndlə qaynayıb-qarışdı gözəl Nina, oğul-uşağa qaynayıb-qarışa bilməsə də…
Allah payın əsirgəyirdi əmimdən, xanımından.
O rus qızı laylanı iliyinəcən başa düşürdü. Övladsızlığının acığına layla qulaqlarına hopmuşdu, bəlkə. Qonşu gəlinlər körpə beşiyini yelləyib layla çalanda, o həzin zümzümə Ninanı beşiktək yırğalayır, xəyaldan xəyala aparırdı.
Əmim onun qəmini dağıtmaqdan ötrü əlindən gələni edirdi. Əmimlə əl-ələ verib Kürün sahilində o baş-bu baş gəzir, qoca qovağın altında sevişib qəmlərini dağıdırdılar. Allah bilir, neçə bala arzuları Kürdə boğulub sulara qərq olmuşdu. Əmim qovağın altında Nina üçün mahnı oxuyar, əllərini onun gur saçlarında gəzdirə-gəzdirə bu yerlərin əfsanələrini nəql edərdi.
Beləcə gün günə calanır, möhnət sevincə, şadyanalıq kədərə yoldaşlıq edirdi. İllərin qanadlarından yıxılanlar geri dönmədikcə böyüdüyümüzü, yaşlandığımızı hiss edirdik.
Həyətimizdəki tut ağacını kəsdilər, filmlər rəngləndi, arzular böyüdü, qayğılar çoxaldı. Mən də böyüdüm o arzularla birgə, Nina yaşlandı, əmim nuraniləşdi. Nina dəyişdi, qırışdı, balacalaşdı. Amma saçları həminki kimi gur, canlı idi, meşə kimi… Əmim isə… Qocaldıqca qəribə sükut bürüyürdü onu, bu səssizliyi bəzən ürpəndirirdi adamı.
Təkcə o tindəki zeytun ağacları həmən qaldı…
Günün birində əmimin səssizliyi kəndi başına götürdü. Nina adını dilinə gətirə bilmədiyi ölüm mələyinin ağuşuna sığındı. Həyətdə ağappaq parçadan bir yuyat yeri quruldu, ağappaq, köppüş əlli nənələr yumağa gəldilər, gümüş kimi par-par parıldayan vedrələr hovuzun yanında sicilləmə düzüldü. Ağ-ağ ağı deyən ağıçılar harayladı ötənləri keçənləri…
Nina yuyulanda anam da yuyat yerində idi. O, çox adamı yola salmışdı, ilk dəfə idi rəngi ağappaq olmuşdu. Fikirləşirdim, yəqin, Nina qəribdi, ona görə halbahal olub anam…
Gün batmağa tələsəndə anam məni evin dalına çağırdı. Adamlar səngimişdi, sakitlik idi. Gördüm, nəsə demək istəsə də çəkinir. Əlimi çiyinlərinə dayayıb gözlərimi qırpdım. Yavaşca pıçıldadı:
– Bunu Ninanı yuyanda tapdım, – corabını aşağı çəkib xaçı götürdü, ovcuma basdı, – heç kim görməyib məndən başqa, narahat olma.
– Axı bu xaç neçə ildi yoxa çıxmışdı, Nina müsəlman olmuşdu. İndi bu hardan çıxdı?
– Saçının arasından.
– Necə?.
– Xaçın nazik ipi saçının dibinə düyünlənmişdi.
Nina… O necə də sədaqətli idi. Ninanın saçı ölüncə nazilmədi, təravətdən düşmədi, həmişə gur, qıvrım-qıvrım dalğalandı. Soyuq yerlərdən gəlib qızmar məkana düşən Ninanın sarı saçları öz ölkəsində gur meşə idisə, bizim kəndimizdə səhraya bənzəyirdi, gün işığından cadar-cadar olan səhraya. O gur saçlar Ninanın sədaqət rəmzi imiş, sən demə… O saçlar nazilsəydi, xaçı harda gizlədəcəkdi? Necə bədənində daşıyacaqdı… O xaç bu illər ərzində həm yox imiş, həm var imiş.
***
Xaçı ovcuma bərk-bərk basıb düşünür, ayaqlarımı ardımca sürüyürdüm. Hara gedəcəkdim? Onun bu pünhan etibarının nişanəsini harda yoxa çıxaracaqdım. Əmim… Bilirdimi yazıq əmim? Düşünürdüm, qəbirstana getmək… Xaçı torpaqlara qərq eləmək… Ya da kəndimizdə lap çoxdan basdırılan rus qəbirlərinin üstünə qoymaq… Bilmirdim. Bütün bunları düşünə-düşünə gördüm gəlib çatmışam Kürün sahilinə. Bura məni gətirən o zümzümə idi… Əmim… oxuyurdu, yanıqlı, təmkinli, aramla oxuyurdu. Ötənləri yada salıb, Ninanı oxşaya-oxşaya bu oğrun vədəni nəğməsinin bağrına basırdı.
Qaratoyuqlar bu avaza məst olub ağacların koğuşuna sığınaraq ilıq havada xumarlanırdılar…
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Arı kimi səhərdən axşamadək çalışan xalq artisti...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki;- “Teatr hər zaman olub. Əvvəl də var idi, bu gün də var. Teatr ayrı-ayrılıqda bir prosesdir, haqqında danışarkən onu əsasən iki mərhələyə, sovet və müstəqillik mərhələsinə bölmək lazımdır. Təbii ki, bu dövrlərdə teatrın uğurlu, uğursuz vaxtları da olub. Məsələn, SSRİ dövründə böyük bir imperiyada Azərbaycan teatrı, Azərbaycan aktyorları çox böyük işlər görüblər, çox yüksək sənət əsərləri göstəriblər. Bu dövrdə çox böyük sənətkarlar yetişib. Müstəqillik dövrünə gəldikdə isə, ilk vaxtlar bütün sahələrdə olduğu kimi, teatrda da bir durğunluq yaşandı. Bu, hamı üçün gözlənilməz idi. İctimai formasiya dəyişirdi. Nəyin necə olacağını bilmirdik. Amma indi bütün bu proseslər öz yoluna düşüb və necə deyərlər, hər şey yaxşılığa doğru gedir. Öz fikirlərimi təsdiqləmək üçün təkcə bir faktı demək istəyirəm. Bu il biz Azərbaycanda ilk dəfə müstəqil teatrların festivalını keçirdik. Səmimi deyim ki, mənim də xəbərim yox idi, biz festival keçirəndə gördük ki, Bakıda 20-yə yaxın müstəqil teatr var. Bu çox gözəl göstəricidir, buna sevinmək lazımdır. Əlbəttə, bu teatrların çoxunun müstəqil binası yoxdur, stabil heyəti yoxdur, bir çox problemləri var. Amma bu yeni formalaşan məsələdir. Getdikcə daha da yaxşılaşacaq. Qeyd edim ki, Bakıda hər zaman teatr və teatrı sevən insanlar olub. Əgər biz yaşda aktyorlar hələ teatrdan bezib getməyibsə, deməli, hər şey yaxşıdır.”
Söhbət prezidentin fərdi təqaüdçüsü, xalq artisti Vidadi Həsənovdan gedir. O, 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Orta təhsilini orada başa vurub. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunda dram və kino aktyoru ixtisasına yiyələnib. 1986-cı ildən həmin elm məbədində müəllim kimi çalışır. "Estrada rejissoru" kafedrasının dosentidir. Eyni zamanda "Media Company"-nin nəzdində yaradılmış "M. Teatr Production"un bədii rəhbəridir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı işıq üzü görüb. Avropa kinematoqrafçılar Assosasiyasının xətii ilə Tiflis, eləcə də Moskvada ssenaristlər kursunu keçərək, beynəlxalq sertifikatlar alıb...
“Bəlkə də, bir az bəsit müqayisə olacaq, ancaq yenə də deyim. İnsan ac olanda yemək istəyir. Ac olmayanda yeməyə ehtiyac duymur. Teatr da insanın digər ehtiyacları kimidir. Adam var ki, özündə teatra getmək ehtiyacı duyur, adam da var ki, onun üçün teatrın varlığının və ya yoxluğunun elə bir əhəmiyyəti yoxdur. Sən nə qədər təbliğat aparsan da, izah etməyə çalışsan da- "mənə teatr lazım deyil", deyəcək. Bu, normal haldır. "Bizim insanlar niyə teatra getmirlər?" sualı ritorikdir. Bu sualın cavabı yoxdur. Heç kəs bu suala cavab verə bilməz. Getmək istəyən teatra gedəcək, getmək istməyən də getməyəcək.”- söyləyir…
Bir sıra əsərlərin səhnələşdirilməsində rejissorluq edib. Eləcə də tetrda və iyirmi beşə yaxın filmdə aktyor kimi müxtəlif obrazları canlandırıb.
Deyir ki;- “İndi bir çox insanlar ancaq nostalji hisslərlə yaşayırlar, müasir filmlərə baxmadan, müqayisə aparırlar. Mən bir neçə festivalda iştirak etmişəm. Həmin festivallarda Azərbaycanın yeni filmləri nümayiş olunub. O filmlər haqqında orada yüksək fikirlər deyilib. Hətta, Kazan festivalında bir çox peşəkar adamlar, böyük mütəxəssislər bu filmlər barədə çox yüksək fikirlər səsləndiriblər. Mən şəxsən bunun şahidi olmuşam və o fikirləri sosial şəbəkələrdə paylaşmışam. Belə olan halda indi belə filmlərin pislənməsilə bağlı fikirlərlə necə razılaşmaq olar? Gəlin, "Bəyin oğurlanması" filmini misal göstərək. Aktyorlar da, rejissorlar da, kinoşünaslar da qeyd edirlər ki, öz bədii dəyərinə görə bu film o qədər də yüksək film deyıl. Daha çox regional filmdir. Düzdür, orada deyilən hər söz insanların dilindədir, orada deyilən hər söz zərbi-məsələ çevrilib. Amma bu film bədii dəyər baxımından zəif filmdir. Sən onu götürüb Azərbaycandan hansısa festivala aparsan, heç onu müsabiqəyə də salmazlar. Ancaq uşaqdan-böyüyə hamı o filmi sevir. "Əhməd haradadır" filmini sevməyən var? Ancaq ona kateqoriya veriləndə ən aşağ kateqoriya verilmişdi. Amma bizim elə mürəkkəb, elə qəliz filmlərimiz var ki, onlar uğur qazanıblar. Ola bilər ki, o filmlər Azərbaycanda göstərilər və bəyənilməz. Ancaq bu, o demək deyil ki, həmin filmlər uğurlu deyil. Bu baxımdan Azərbaycanda kino prosesi çox uğurlu gedir. Hər sahənin çatışmayan cəhətləri olduğu kimi bu sahənin də çatışmayan cəhətləri var. Əsas məsələ də maddi məsələdir. Bu məsələ həll olunsa, biz daha yaxşı filmlər çəkə bilərik.”
Bəli, xalq artisti kino sənayesindəki problemləri görür və çox narahatdır. Haqlı iradları var: “Bizdə bu qədər tarixi filmlər çəkilib. Hansından razı qalmısınız? Ona görə tarixi seriallar çəkilməsə yaxşıdır. O cür serialları çəkmək asan məsələ deyil. Paltardakı detallar, sifət cizgiləri, təbiət mənzərələri və sair çox dəqiq olmalıdır. Buna isə külli miqdarda vəsait lazımdır. Türkiyə seriallarına baxın, demək olar ki, dünya teleməkanını zəbt ediblər. Elə bir ölkə yoxdur ki, orada türk serialları nümayiş etdirilməsin. Təbii ki, o səviyyəyə gəlib çatmaq üçün peşəkarlıqla yanaşı, maddi vəsait də əsasdır. Məsələn, bəzi deputatlarımız müəyyən məsələlərin həllində dünya təcrübəsini misal gətirirlər. Eyni şəkildə kinomuzun, teatrımızın problemlərini də dünya təcrübəsinə uyğun həll etmək olar. Çünki hər şeyi dövlətdən gözləmək olmaz. Ən azı ona görə ki, bu gün bizim bərpasını gözləyən Qarabağımız var. Düzdür, hər sahədə olduğu kimi, bu sahədə də müsbət yanaşmalar var. Ancaq nə edəsən ki, hələ də nəticə o deyıl.”- deyib köks ötürür...
Ümumiyyətlə Vidadi Həsənov zəhmətkeş adamdır. Necə deyərlər, arı kimi səhərdən axşamadək çalışır. İnanır ki, Azərbaycan kinosunun ən böyük uğurları hələ qabaqdadır...
İyulun 16-sı haqqında danışdığım xalq artistinin 65 yaşı tamam oldu. Ona möhkəm can sağlığı arzuları ilə.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
“Hamı bir dünyada yaşasa da, hərə öz dünyasında yaşayır” - Aforizmlər xəzinəsindən
“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Hamı bir dünyada yaşasa da, hərə öz dünyasında yaşayır.
2.İnsana qulaq as ki, onunla danışıb-danışmamağa qərar verə biləsən.
3.Bu dünyanı cənnət sayanlar sevinc, cəhənnəm sayanlar kədər içində yaşayarlar.
4.Paxıllıq öskürək kimidir, istəməsən də, üzə çıxır.
5.Sevgi olmasaydı, insanın bu dünyaya gəlməyinin heç bir mənası olmazdı.
6.Kar insana başqasının yaxşı eşitməyini tərifləmək əbəsdir.
7.Buzlaşmış qəlb yalnız isti nəfəslə açılar.
8.İnsan sevincini tutub saxlaya bilsəydi, qəfəs qurub onunla birlikdə yaşayardı.
9.Axmaqların yaratdığı səs-küydə sakitcə öz qəlbini dinləyə bilən müdrikdir.
10.Yalan danışanların içində susan insan həqiqətə dəstək olur.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Azad Şuşada 3-cü Vaqif Poeziya Günləri başa çatdı
İyulun 13-də Qazaxda - Yuxarı Salahlı kəndində ilk açılışı, ardınca Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə növbəti açılışı olan Vaqif Poeziya Günləri major notlarla başa çatdı.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən bu təntənəli mərasimi onun iştirakçıları uzun müddət unutmayacaqlar.
“Ədəbiyyat və incəsənət” portalı Şuşada keçirilən tədbirlərin xronologiyasını diqqətinizə çatdırır.
MƏQBƏRƏ ÖNÜNDƏ İZDİHAM
Dahi şairin məqbərəsi önündə keçirilən açıləş mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak ediblər. O cümlədən, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva açılış mərasimində iştirak edirdilər.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu ifadə edib.
Vaqif Poeziya Günlərinin hər il təşkil olunduğunu söyləyən Xalq yazıçısı görkəmli şair Molla Pənah Vaqifin yaradıcılığından söz açıb: “Biz fəxr edirik ki, öz mövqeyindən dönməyən Nəsimi, Vaqif, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi şairlərimiz olub. Bizim şairlərimiz, yazıçılarımız həmişə belə olublar. Bu gün biz böyük şairimizin məqbərəsinə toplaşmışıq. Azərbaycan Yazıçılar Birliyi adından hər birinizə təşəkkür edirəm, ona görə ki, bu, dövlətin, xalqın qiymətidir. Belə ədiblər olmasaydı, bu gün Azərbaycan ədəbiyyatı olmazdı. Nə qədər insan Şuşaya gəlmək istəyir. Ona görə ki, Şuşa Azərbaycanın ürəyidir. İnanıram ki, burada keçirilən bu bayramlar əbədi olacaq və düşmənin ayağı heç vaxt bu torpaqlara dəyməyəcək”.
Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhat Kabaklı Şuşada Vaqif Poeziya Günlərinə dəvət olunmasından qürur hissi keçirdiyini deyib və tədbirin təşkilatçılarına təşəkkür edib. Şuşanın işğaldan azad olunduğu günlərdə Bakıda olduğunu və burada gördüyü möhtəşəm qələbə sevincini ömrü boyu unutmayacağını bildirən Serhad Kabaklı deyib: “Həmin gün Bakının küçələrində Azərbaycan və Türkiyə bayraqlarının insanlar tərəfindən böyük coşqu və sevgi ilə dalğalandığını görmək olduqca sevincli idi. Gördüklərimdən o qədər duyğulanmışdım ki, göz yaşlarıma hakim ola bilmədim. İstanbula döndükdən sonra “Şükür” namazı qıldım və dua etdim ki, Allah mənə Şuşada da bu namazı qılmağı nəsib etsin. Çox şükür ki, Allah bunu mənə nəsib etdi. Bu gün Şuşada Vaqif Poeziya Günlərində aldığım unudulmaz hissləri ürəyimdə yenidən Türkiyəyə daşıyacağam. Bundan çox qürurluyam”.
Sonra çıxış edən Xalq şairi Vahid Əziz, Özbəkistanın Xalq artisti Xurşud Davron, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, şair-tərcüməçi Səlim Babullaoğlu Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi və “Türk dünyasının mədəniyyət paytaxtı” kimi önəmli yer tutması barədə danışıblar.
Sonra vətənpərvərlik mövzusunda, eləcə də əziz Şuşaya həsr olunmuş şeirlər səsləndirilib.
ELEKTRON MUĞAM VƏ QİRAƏT SAATI
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada tədbirlər gecə saatlarında da davam edib. Belə ki, Şuşanın müxtəlif məkanlarında şeirlər səsləndirilib, musiqi sədaları eşidilib.
Poeziya günlərinin növbəti tədbiri “Elektron muğam saatı” olub.
Tarzən və bəstəkar İbrahim Babayev milli və elektron musiqinin sintezindən ibarət ifa səsləndirib. Bundan başqa, açıq səhnədə gənc qiraətçilər və şairlər musiqinin müşayiəti ilə improvizasiya şəklində öz şeirlərini təqdim ediblər.
“DÖVRİ-SƏDA” ADLI KONSERT PROQRAMI
İyulun 14-də Şuşanın sevilən məkanlarından birində – Natəvanın evi qarşısında “Dövri-səda” adlı konsert proqramı təqdim olunub.
Konsert çərçivəsində Əməkdar artist Vüqar Camalzadənin ədvar sistemi üzrə bəstələdiyi 8 musiqinin Qədim Musiqi Alətləri Ansamblının ifasında təqdimatı olub.
Ədvar Şərq musiqisində “sistemçilik” adı ilə məşhur məktəbin banisi olan Səfiəddin Urməvinin yaradıcılığının Şərq musiqi nəzəriyyəsi sahəsində ən böyük nailiyyətidir. Ədvar sistemi ilə Azərbaycan, eləcə də bütün Şərq musiqisinin əsasını təşkil edən səs kompleksləri sistemi qaydaya salınır.
Konsertdə Xalq artistləri Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova, xanəndələr Rövşən Məmmədov, Hüseyn Məlikov, Aysel İbrahimova və digərləri Molla Pənah Vaqifin qəzəlləri ilə yanaşı, Xəqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mir Həmzə Nigari, Mir Möhsüm Nəvvab, Nizami Gəncəvi, Şah İsmayıl Xətainin ölməz əsərlərindən parçalar ifa edib, hər ifadan əvvəl isə qiraətçilər qəzəllərdən parçalar təqdim ediblər.
İncəsənət ustalarının bir-birindən maraqlı ifaları izləyicilərin zövqünü oxşayıb. Konsert proqramı maraqla qarşılanıb.
VƏTƏNİM QARABAĞ ADLI POEZİYA SAATI
Poeziya Günləri çərçivəsində iyulun 15-də “Vətənim Qarabağ” adlı poeziya saatı təşkil olunub.
Tədbirin açılışında Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək, hər il Şuşada ənənə halını almış poeziya günlərinin təşkilinin mədəniyyətimiz və ədəbiyyatımız üçün önəm kəsb etdiyini diqqətə çatdırıb. O, bu mötəbər tədbirə qatıldıqları üçün hər kəsə təşəkkür edib.
Çıxış edən şair-tərcüməçi Səlim Babullaoğlu deyib ki, hər dəfə gözəl, mübarək Şuşa torpağında olmaq hər kəsə böyük məmnuniyyətlik gətirir: “Biz bu məmnuniyyətə doğru həm Ali Baş Komandan, həm ordumuzla uzun yol gəlmişik və bu prosesdə bizə qardaşlarımız, dostlarımız dəstək oldu. 44 günlük savaş günlərində bizim yaxın-uzaq ölkələrdə yaşayan həmkarlarımız, dostlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xeyli böyük işlər görüb. Bunlardan biri əlbəttə ki, həmişə Azərbaycanın yanında olan Türkiyə Cümhuriyyəti və qardaş ölkənin dəyərli ziyalılarıdır. Ömer Küçük Mehmetoğlu da belə aydınlarımızdandır. O, istedadlı yazıçıdır, çağdaş Türkiyə nəsrinin tanınmış nümayəndələrindəndir və peşəkar tərcüməçidir. Ömərin tərcüməsində bizim görkəmli ədiblərin əsərləri Türkiyə türkcəsində nəşr olunub. Türkiyənin məşhur “Heca” dərgisinin 7-8 il bundan əvvəl Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi nömrəsi işıq üzü görmüşdür. Lap bu günlərdə jurnalın Azərbaycan poeziyasına həsr olunmuş xüsusi nömrəsi hazırlanaraq çap edilib. Bütün bu xidmətlərinə görə o, Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatına layiq görülüb”.
Sonra mükafat türkiyəli yazıçıya təqdim olunub.
Ömer Mehmetoğlu göstərilən etimada görə Azərbaycan Yazıçılar Birliyinə təşəkkür edib.
Xalq şairi Vahid Əziz çıxış edərək deyib: “Biz 30 il sınağa çəkildik, bu illər bir an da olsun müqəddəs yurd yerlərimizi, Qarabağımızı unutmadıq, daim bu günü düşündük və arzuladıq. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bu həsrətə, nisgilə son qoydu. Bu gün Azərbaycanın müqəddəs şəhərində belə bir möhtəşəm tədbirin keçirilməsi bir daha dövlətimizin gücünü, qüvvəsini, ordumuzun yenilməzliyini göstərir. Bu müqəddəs məkanda belə bir söz bayramına toplaşmağımıza görə Vaqif Poeziya Günlərinin iştirakçıları adından ölkəmizin başçısına minnətdarlığımı bildirirəm”.
Sonra yazıçı Seyran Səxavət, şairlər Barat Vüsal, Qəşəm Nəcəfzadə, Əlisəmid Kür, Əkbər Qoşalı, tərcüməçi İan Perart, türkiyəli şair Serhad Kabaklı, Özbəkistanın Xalq şairi Xurşud Davron və digərləri çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyətindən danışıb, fikirlərini bölüşüb, vətənpərvərlik ruhunda və Şuşa haqqında şerlərini səsləndiriblər.
“Vətənim Qarabağ” adlı poeziya saatının ikinci hissəsi də xeyli maraqlı olub. Bu dəfə tədbirdə bölgələrdən olan şairlər və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan gənc şairlər şeirlərini oxuyublar.
Əvvəlcə tədbirin aparıcısı, şair İbrahim İlyaslı Şuşada keçirilən Vaqif Poeziya Günləri haqqında təəssüratlarını bölüşüb. O, poeziya günlərini söz, sənət və mənəviyyat bayramı adlandırıb. Qeyd edib ki, hər zaman olduğu kimi, bu dəfə də poeziya günləri Şuşada yüksək səviyyədə keçirilir. Diqqətə çatdırılıb ki, builki poeziya günlərinin təşkili işğaldan əvvəlki illərdə olduğu kimi, Vaqifin doğulduğu Qazax şəhərindən başladı və əziz Şuşada davam edir.
Sonra söz şairlərə verilib.
Poeziya saatında şairlər Bəsti Əlibəyli, Ramiz Babayev, Qanun Ümman, Ziyafət Yəhya, Reyhan Kənan, Şahnaz Şahin, Fəxrəddin Teyyub, Namiq Məna, Aysel Fikrətqızı, Bilal Arallı, Xuraman Muradova və digərləri vətənpərvərlik mövzusunda qələmə aldıqları, həmçinin Şuşaya həsr etdikləri şeirlərini səsləndiriblər.
“VAQİF DÜNYASI” TAMAŞASI VƏ YEKUN
Vaqif Poeziya Günlərinin sonuncu tədbiri “Vaqif dünyası” adlı poetik-musiqili tamaşa olub. Tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və Türk dünyasının digər şairlərinin obrazları canlandırılıb.
Səhnə əsərinin nümayişindən öncə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyəti barədə danışıb: “Bu gün doğrudan da böyük bir poeziya bayramı olan Vaqif Poeziya Günlərinin, belə demək olarsa, builki finişinə çatmışıq. Bu gözəl tədbirlə layihənin builki hissəsini yekunlaşdırırıq. Doğrudan da bu il çox unikal və fərqli məqamlar oldu. Birinci məqam ondan ibarət idi ki, bu poeziya bayramı Qazaxda başladı. Şairin vətənində və sovet dövründə olduğu kimi, Qazaxda start verilən bayram şənlikləri Şuşaya ötürüldü və iki gün ərzində burada çox gözəl tədbirlər keçirildi. Bu il iki əlamətdar hadisə üst-üstə düşüb. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması. Bu günlər çərçivəsində məhz hər iki əlamətdar hadisəyə toxunduq. Mehmandarovların malikanəsində Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin yubileyinə həsr olunmuş kitabının təqdimatını keçirdik. Ondan əlavə, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması səbəbindən builki bədii hissələri də sadəcə, Vaqifin həyat və yaradıcılığı üzərindən yox, Vaqif və türk dünyası kontekstində qurduq”.
Yazıçı əlavə edib ki, “Vaqif dünyası” tamaşasını hazırlayanda əsas məqsəd məhz görkəmli şairin müasir Azərbaycan ədəbi dilinin formalaşmasında və ümumiyyətlə, ümumtürk kontekstində yerini göstərmək olub: “Tamaşanın əsas məğzi ondan ibarətdir ki, doğrudan da həmin dövrdə türk xalqlarının ədəbiyyatı paralel inkişaf edib və yaradıcı heyət bir-birini çox rahat başa düşüb, bir-birinin ruhunu hiss ediblər. Bu səhnə əsərində bu mesajları aydın şəkildə görmək mümkündür”.
Sonra tamaşa təqdim olunub.
Səhnə əsərinin kompozisiyası Vaqiflə Vidadinin dialoqu üzərində qurulsa da, digər şairlərin şeirləri, musiqilər, muğam parçaları da araya daxil edilib. Təqdimatda istifadə olunan səhnə geyimləri də kompozisiyanın yaratdığı hissləri gücləndirərək, tamaşaçıları bir neçə əsr bundan əvvələ aparıb.
Aktyorların məharətli çıxışı səhnə əsərini daha da təsirli edib, tamaşa maraqla qarşılanıb.
P.S.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşada yekunlaşardı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.
Şuşadan yüksələn ədəbiyyat sədaları aşağıdakı erməni düşmənlərin bağrını çatlatmırmı, çatladır.
Fotolar: AzərTAC-ındır.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Türkiyədə şair Qulu Ağsəs haqqında məqalə çap olunub
Türkiyənin tanınmış "Virüs" kitab-dərgisində tanınmış şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs haqqında məqalə çap olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bakı Slavyan Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudovanın şairin yaradıcılığının təməl mövzularını önə çəkən, üslub xüsusiyyətlərini, antropoloji axtarışlarını təhlil edən "İnsan mərkəzli şeir" adlı məqaləsi "Virüs" mədəniyyət, sənət və ədəbiyyat dərgisinin son 16-cı sayında (iyun-iyul-avqust) işıq üzü görüb. Həmçinin, sözügedən sayda şair Qulu Ağsəsin bir sıra şeirləri türkiyəli oxuculura təqdim olunub.
Şairin "Sual, Nida", Nöqtələr" ("Dur(y)ğu işarələri" silsiləsindən), "Çətirim səma", "Üstünü", "Bir də baş qoşan deyiləm", "Sizə kimdən deyim" və digər şeirlərinin tərcüməsini Kəmalə Umudova və Türkiyənin tanınmış tərcüməçisi Uğur Buke birgə həyata keçiriblər.
Qeyd edək ki, budan öncə Kəmalə Umudovanın təşəbbüsü və şair Ziya Qaratəkinlə işbirliyi nəticəsində Türkiyədə Qulu Ağsəsin Qarabağ mövzusuna aid son şeirləri də daxil olmaqla, bir sıra yeni poeziya nümunələri Adanada nəşr olunan "Yaşam Sanat" ədəbiyyat və mədəniyyət dərgisində (2021-ci il, noyabr-dekabr, say 54) işıq üz görmüşdü.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Milli Teatrın tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
Gürcüstanda keçirilən Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalı iyulun 15-də təntənəli bağlanış mərasimi ilə başa çatıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda iştirak edib və iyulun 6-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə festivalda uğurla çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalı teatra istinadən xəbər verir ki, tamaşa festivalın beynəlxalq münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib və münsiflərin qərarı ilə “Gürcü nəsrinin ən yaxşı interpretasiyasına görə” mükafatına layiq görülüb.
Festivalda Azərbaycan və Gürcüstanla yanaşı İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan olan teatrlar iştirak edib.
Tamaşanın quruluşçu rejissoru Boris Şukin adına Teatr İnstitutunun məzunu Nigar Güləhmədovadır.
Milli Teatrın yeni səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova iştirak edirlər.
Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.
Səhnə əsəri müharibədən qayıdan, çiynində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və torpağa çevrilir. Müəllifin mövqeyinə görə ən ciddi qayıdış təbiətə olmalıdır.
Tamaşanın qəhrəmanı Beri yaralanmağına, müharibədə çəkdiyi bütün əzablara baxmayaraq, təbiətlə ahəngdə yaşayır, yaradana qayıdış yolunu tapır. Yaşatmaq missiyalı insan müharibələrin vurduğu yaraları belə sağaltmaq istəyir. İnsan yaşadığı cəmiyyətdə və yer kürəsində özündən sonra iz qoyub getməli, canlı və canlıların yaşamasına xidmət etməlidir. Bu missiya ilə hətta yaralı əsgər belə çiynindəki küknarın yaşaması uğrunda savaş aparır. Bir canlını, təbiətin bir parçasını yaşatmaq istəyir.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)
Şuşada yazılan şeir - Əkbər Qoşalı
Şuşada keçirilən Vaqif Poeziya Günlərinin iştirakçısı Əkbər Qoşalı öz təəssüratlarını poetik şəkildə qələmə almışdır.
“Ədəbiyyat və incəsənət” portalı onun “Şuşa alxışı” adlı şeirini təqdim edir.
ŞUŞA ALXIŞI
Şuşada açmışam sabahı bu gün,
Şuşamıza şükür, sabaha şükür.
Dolaşdım, toxundum, gördüm-götürdüm,
Özümə tapdığım cavaba şükür.
Çox yerdə görmüşəm bayrağımızı,
Ondan öyrənmişəm növrağımızı,
Gündüzlər cilvəli qutsalımızı,
Sığala yetişən axşama şükür.
Yaddaşım oyandı, tərpəndi lay-lay,
Gah aypara oldum, gah da dolunay…
Xankəndi tərəfə boylandım bir az,
Orda çatacağmız tonqala şükür.
Əkbər, hər şəhərin öz gözəlliyi,
Burdakı gözəllik döz gözəlliyi…
Daha aramadım söz gözəlliyi,
İdraka, iqbala, amala şükür!..
İyul 2023, ŞUŞA
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)