Könül adamı barədə könüllü qeydlər Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Şair, publisist Tapdıq Əlibəyli haqqında o qədər deyilib, o qədər yazılıb ki, deyiləsi bir söz qalmayıb. Heç bilmirəm nədən başlayım. Sosial şəbəkədəki səhifəsini araşdırdıqca onun nə qədər alicənab, dostcanlı, genişürəkli adam olduğunun şahidi oluram. Bütün bayramlarda, o cümlədən dostların ad günlərində insanları müntəzəm təbrik etməyə tələsir. Sanki bunu özünə bir borc bilir…

 

Bəlkə bir az yaradıcılığından söhbət açım, fərqli bir rakusdan ona yanaşım? Yox, yaxşısı budur, onun şəxsi keyfiyyətlərindən danışım. Tapdıq mənim də ata-baba yurdum Yardımlıda, Bürzünbül kəndində dünyaya gəlib. İnsanları qoçaq, mərd, məğrur və cəsur olduqları üçün o kəndə həmişə Yardımlının Çeçenstanı demişəm. Bürzünbül kəndi dağların qoynunda yerləşir. İnsanları zəhmətkeş, əməksevərdirlər. Süfrələrində yalnız halal nemətlər görərsən...

 

Yaxşı yadımdadır, el ağsaqqalı Mir Baxas ağa haqqında film hazırlayanda yolum o kəndə düşmüşdü. Kənd əhalisinin necə mehriban, qayğıkeş olduqlarına heyran qalmışdım. Uşaqdan böyüyə hər kəs can yandırır, filmin uğurlu alınmasında bizə kömək edirdilər. Yeri gəlmişkən, uzun illər prokurorluq orqanlarında çalışan, şeirlərinə bir sıra məşhur mahnılar bəstələnən, şair Sabir Abdinov da həmin kənddəndir. 

Bax, haqqında danışdığım Tapdıq Əlibəyli bu kənddə, Abış kişinin ailəsində dünyaya gəlib. Burada böyüyüb boya-başa çatıb. Orta təhsilə qonşu Hamarkənd məktəbində yiyələnib. Oranı tərifnamə ilə bitirib. Sonra Bakıya üz tutub, əvvəlcə Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuyub, daha sonra Bakı Dövlət Universitetində ali təhsil alıb... 

 

Daxili dünyası çox zəngin, həssas, güclü olmağı xoşlayan adamdır. Hər eşitdiyinə inanmaz, necə deyərlər, həqiqət onun üçün gözlə qulağın arasında baş verən hadisələrdən ibarətdir...

 

Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş “Azərbaycan” adlı diski kütləvi tirajla işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) Təşkilat Komitəsinin üzvü, “Heyrət” dərgisi və “Konstitusiya” qəzetinin təsisçisidir. Yanılmıramsa indiyədək iyirmi beşə yaxın kitabı işıq üzü görüb...

 

Jurnalist, yazıçı Akif Cabbarlı onun barəsində deyir:- “Tapdıq Əlibəyli imzası mənə çoxdan tanış idi. Şeirlərindəki vətənpərvərlik hissləri, yurdsevərlik duyğuları bu adamın bütövlüyündən, milli ruhundan, mərdliyindən soraq verirdi. Və bir gün görüşməli olduq. Türk Ağsaqqalları İctimai Birliyinin təsis yığıncağında bir araya gəldik. İlk baxışdan bu adamın Vətənə, dövlətə nə qədər böyük məhəbbət bəslədiyini, Azərbaycanı, Azərbaycan əsgərini bağrına basmağı özünün şərəf işi, vicdan borcu hesab etdiyini duymaq o qədər də çətin deyildi. Tədbirin sonunda xeyli söhbətləşdik, sonra digər dostlarımızla birgə çay süfrəsi ətrafında fikir mübadiləsi də etdik, düşüncələrimizi bölüşdük. Ayrılanda mənə “Payız çöhrəsində yazdı 44 gün” adlı şeir toplusunu bağışladı. Və təvazökarlıq duyğuları ilə: “...vərəqləyin, xoşunuza gəlsə, fikrinizi bildirərsiniz”, dedi. Bu istiqanlı adam bəziləri kimi mütləq bir yazı amacında olduğunu demədi və onun bu təbiiliyi də ürəyimcə oldu.”

 

Ümumiyyətlə Tapdıq Əlibəylinin ədəbi yaradıcılığı “Qızıl qələm” media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Fəxri diplom” və “Hərbi vətənpərvərlik - 80” Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Təşəkkürnamə” və diplomlarına layiq görülüb. Prezident təqaüdçüsüdür...

 

O, sözün əsl mənasında könül adamıdır, səmimidir, qeyri təbiilik ruhuna yaddır. Əzəmətli görünüşü isə vücuduna bir başqa yaraşıq verir. Necə deyərlər, köhnə kişilərə xas olan görkəmi onu daha da zabitəli göstərir. Azərbaycançılıq ənənələrinə həmişə sadiqdir, ona böyük dəyər verir…

 

Bəli, ağsaqqallığı, müdrikliyi ilə qəlblərdə yuva quran Tapdıq Əlibəylinin artıq 62 yaşı na qədəm qoyub. Ona möhkəm can sağlığı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.