Sonrasını özü bilər... Featured

MÜBARİZ ÖRƏNİN DOĞUM GÜNÜNƏ

 

Elman Eldarooğlu, “Ədəbiyyat və incəsənət”

 

Gözəl xasiyyəti var. Özünü bəziləri kimi yuxarıdan aparıb müştəbehlik etmir. Necə deyərlər, başını aşağı salıb Tanrıdan gələn təyinatını icra edir. Bilir ki, insan ömürü elə də uzun olmur, görüləsi çox işlər, yazılası çox əsərlər var. Amacı insanları maarifləndirmək, bu günki  adamların həyat tərzini, cəmiyyətin problemlərini gələcək nəsillərə ötürməkdən ibarətdir...

Deyir ki,- “Yaşca gənc olmasam da, ədəbiyyatda özümü gənc sayıram: yaradıcılıqda təzəyəm. Planlar, perspektivlər də öz yerində... O ki qaldı, bugünkü mövqeyimə. Məncə burda iki incə məqam var: bir var, yazıçının əsərləri ədəbiyyatda özünə yer eləyir, mövqe tutur, – əsas olan budur və bu baxımdan bəxtim deyəsən bir az gətirib: hekayələrim özümdən fərasətli çıxıb, bir də var yazıçının özünün ədəbiyyatda bir fiqur kimi yeri. Bu, daha mürəkkəb məsələdi və burada təkcə mətnyaratma prosesi ilə iş bitmir. Gərək ədəbiyyatın əhatə etdiyi bütün o müstəvidə – hətta müstəvilərdə – cərəyan edən, daima qaynamaqda olan proseslərdə iştirak edəsən, "qazanın içində qaynayasan”. Bu yerdə mövqeyimdən razı olmaya bilərəm. Bunun da, necə deyərlər, obyektiv və subyektiv səbəbləri var. Birincisi odur ki, məşğul olduğum sahə – fəaliyyət sahəm ədəbiyyatla daban-dabana zidd sahədi; nəinki ortaq sərhədi, heç ortaq nöqtəsi də yoxdu. İkincisi ədəbiyyat Olimpizim "allahları”, "yarımallahları” öz mövqelərindən elə bərk yapışıblar ki, "Qar tanrısı” da gəlsə xeyri yoxdu. Adamı nəinki Olimpin özünə, heç ətəklərinə də buraxmazlar…”

Yazıçınin məişətdə hansı işlə məşğul olması önəmli deyil. O qədər ədəbiyyatla daban-dabana zid işlərdə çalışan yazıçılar olub ki. Önəmli olanı odur ki, istedadlısan. İstedad isə qum kimidir, onu nə qədər ovcunda gizlətsən də yol tapıb axacaq. Bunun qarşısını heç “Qar tanrısı” da ala bilməz...

Uşaqlıq illəri ağır keçib. Əzizlərini itirə-itirə böyüyüb. Beyləqanın ilan mələyən istisində zəmanənin ağırlığını, yaşamağın nə qədər çətin olduğunu zaman-zaman dərk edib. Təfəkkürü qat-qat dərinləşdikcə, qarış-qarış yüksələ bilib...

Şirin suda kürü qoyan dəniz balıqlarına bənzəyir. Nə vaxtsa həmin kürülərin balığa çevrilib, dənizə qovuşacağı ümidi, onu heç vaxt tərk etmir. Axı yaxşı bilir ki, dəniz üçün doğulanlar çaylarda yaşaya bilməz...

Deyib gülməyi xoşlayır. Yumor hissi yüksək səviyyədədir. Dostluq etməyi bacarır. Ehtiyacı olan hər kəsə əl uzatmağa çalışır. Çətinliyi olanda cəmiyyətdən uzaqlaşmağı üstün tutur. Tək qalanda sanki özünü tapir. Ünsiyyətdə tərbiyəli və nəzakətlidir. Zəngin fantaziyası, düşüncə tərzi ilhamına xüsusi təkan verir. Yaradıcılığına söz ola bilməz. Ərsəyə gətirdiyi əsərlər ciddi ədəbiyyat nümunələridir. Azərbaycanın ən yaxşı yazarlarından biri sayılır. İnanıram ki, əlahəzrət Zaman nə vaxtsa layiq olduğu dəyəri verəcək. Bunu eşidəndə təəccüblənməsin…

Mütaliəsi çox güclüdür. Hadisələri müşahidə etmək qabiliyyəti isə yüksək səviyyədədir. Satqınlığı, böhtanı bağışlaya bilmir. Dostluqda sədaqət, onun üçün ən önəmli anlamdır…

Bəli, Mübariz Örən gözəl insan olduğu kimi, çağdaş Azərbaycan ədəbiyyatına gözəllik gətirən yazıçılardan biridir. Təxəllüsünün mənası- “əkilməmiş sahə” deməkdir. Yəni xam torpaq. Necə deyərlər, qoy bu sahədə “SÖZ” əkib, ərsəyə gətirdiyi məhsul ona “Nobel” qazandırsın!..

İyulun 13-də Mübarizin 56 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, məşhur çex əsilli, fransız yazıçısı Milan Kunderanın ömrü qədər- nə az, nə çox 94 il ömür arzulayıram. Sonrasını özü bilər...

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.