Super User

Super User

Bazar ertəsi, 01 May 2023 12:15

Milli Dram Teatrının may repertuarı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı may ayında həm müasir, həm klassik əsərlər əsasında səhnələşdirilmiş maraqlı tamaşalarla çıxış edəcək. Teatrın may repertuarı açıqlanıb. Onu təqdim edirik. 

 

1 may –“Çippollino”

2 may – “Göyçək Fatma”

3 may – “Buratino axmaqlar ölkəsində”

5 may – “Anamın kitabı”

6 may – “Mənim günahım”

7 may – “Ah, bu uzun Sevda yolu”

9 may – “Qarabağnamə”

12 may – “Filumena Marturano”

13 may – “Dəli yığıncağı”

14 may – “Şah Qacar”

17 may – “Bir, iki, bizimki”

18 may – “Manqurt”

19 may – “Xurşidbanu Natəvan”

20 may – “Xanuma”

21 may – “Ölülər”

25 may – “Medeya”

26 may – “Zəfər yolu”

27 may – “Ah, bu uzun Sevda yolu”

28 may – “Danışan gəlincik”

28 may — “Qarabağnamə”

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək. Teatrın may repertuarını təqdim edirik.

 

2 may- “Şirinlər”

3, 4 may – “Mauqli”

5 may – “Çippollino”,

6 may - “Uzuncorab Peppi”, “Sərgüzəşti- vəziri xani-Lənkəran”

7 may – “Balaca və damda yaşayan Karlson”, “Mən gəldim qızlar”

12 may – “İstədiyim kimi yaşamışam”

13 may- “Möcüzəli pillələr”, “Qağayı”

14 may- “Danışan gəlincik”, “Ana”

20 may – Kod adı “V.X.Y”, “Şən Elf və cadugər”

27, 28 may – “Balaca kişilər” (yeni tamaşa)

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı Güney şairlərinin şeirlərindən seçmələri dərc etməkdədir.

Bu dəfə Əbasət Purhəsənin yaratdığı lövhələrlə sizləri tanış edirik.

 

 

Əbasət Purhəsən

 

Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət şəhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

 

BİZ BEŞ YOLDAŞIYDIQ

 

Biz beş yoldaşıydıq məhəlləmizdə,

İtlər ulayırdı küçələrində.

Biz beş yoldaşıydıq, biz beş beyni qan,

Əhərin dumanlı gecələrində.

 

Gündüzlər, gecəyə fikirləşirdik,

Gecələr, gündüzə fikirləşirdik.

Bizi aldadırdı matikli qızlar,

Yenə aldanmağa hazırlaşırdıq.

 

On beş yaşındaydıq həyatımızda,

Həyat bizdən qoca, arzumuz təbriz.

Hələ fikirimiz böyüməmişdən,

Günlər sovuşurdu, böyüyürdük biz.

 

Fəsillər sovuşdu, illər sovuşdu,

Nə oynaya bildik, nə gülə bildik!

Beş oğlan əhərdən dünyadan köçüb,

Dörd oğlan təbrizdə dünyaya gəldik!

 

Bizlər yerimizi dəyişə bildik,

Nədən fikrimizi dəyişənmədik?

Görən bu dünyanın dalında nə var?

Qaranlıqlarınan güləşənmədik!

 

Qəfələr bucağı yerimiz idi,

Ürəyi doluyduq, beyni boşuyduq.

Aldadırdı bizi bəzəkli təbriz,

Biz beş yoldaşıydıq, biz beş daşıydıq.

 

 

P.S. Növbəti lövhədə Əbasət Purhəsənin “Uşaqlıq yoldaşım” şeiri sərgilənəcək.

Rubrikanın aparıcısı “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağladır.

 

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

 

Həftəsonu ən çox oxunan xəbər Əməkdar artist Nüşabə Ələsgərliyə dosent elmi adının verilməsi xəbəri olub. Bu xəbər  Axşam.az saytında gedib. Müğənni sayta açıqlamasında deyib ki, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Esdrada sənəti" kafedrasında dərs deyən ifaçı dosent olub.

"Universitetdə Elmi Şura bunu təsdiqlədi və dosent oldum" deyə, Nüşabə Ələsgərli bildirib. 

Qeyd edək ki, Nüşabə Ələsgərli 2018-ci ildə "Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri" adlı elmi işini müdafiə edib və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim işləyir.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət Poertik Qiraət rubrikasında bu həftə   Elxan Yurdoğlunun şeirlərinin növbəsidir.

 

 

 

ŞAİR, YAĞIŞ, QUŞ BALALARI

 

Yağış pəncərəmdə quş balasıdır,

Hələ alışmayıb qanad çırpmağa.

Açıram ovcumda atılıb-düşür

Sevincdən ürəyim dönür bir dağa.

 

Yağış dimdikləyir ovuclarımı,

Uşaqtək sevinib çölə qaçıram.

Quş balalarına uçmaq öyrədir,

Qoşulub onlara mən də uçuram.

 

Elə bil çoxdandır bir küncdə küsən

İçimdən uşaqlıq inadım çıxır.

Hər tində, döngədə xatirələrim

Tutur əllərimdən – qanadım çıxır.

 

Sərçələr sevincək uçur yanımca,

Qopur qanadımdan bir lələk qələm.

Göylərə xoşbəxtlik şeiri yazıram,

Enirəm aprelin üzündən öpəm.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

 

Alaşın - qazax yurdunun mənəvi yazarı, millətin böyük oğlu Oljas Süleymenovun ailəsi daha bir ciddi faciə ilə üzləşib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Ulukbek Esdeuletə -  Qazaxıstan Yazıçılar İttifaqı İdarə Heyətinin sədrinə istinadən xəbər verir ki, Oljas Süleymenovun həyat yoldaşı Marqarita vəfat edib. 

Biz türk dünyasının böyük ədibinin kədərini bölüşürük, ona və ailəsinə səmimi başsağlığı veririk.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Xəbər verdiyimiz kimi, ölkəmizdə növbəti musiqi yarışması keçirilir, muğam ifaçılığı üzrə öncüllər müəyyənləşirdi. 

Dünən, aprelin 30-da  Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə Azərbaycan Milli Konservatoriyasında keçirilən Milli Muğam Müsabiqəsinin qaliblərinin adı açıqlandı və onlar mükafatlandırılıldılar.  

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilən  Milli Muğam Müsabiqəsində İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərova idilər. 

Xanəndəlik üzrə isə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasov idilər. 

Dünənki mərasimdə öncə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Milli Muğam Müsabiqəsinin əhəmiyyətindən danışdı. Müsabiqənin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür etdi. Bütün qalibləri təbrik edən Xalq artisti onlara uğurlar arzuladı. 

 

Münsiflərin yekdil rəyinə əsasən xanəndəlik üzrə müsabiqədə yerlər bu cür bölüşdürüldü:

1-ci yer:

 Mirəli Sarızadə;

2-ci yer:

Xəyal Hüseynov;

3-cü yer:

Zümrüd Məmmədova və Daşqın Kürçaylı.

 

İnstrumental ifaçılıq kateqoriyasında isə mükafatçılar aşağıdakılar oldu:

1-ci yer:

Vaqif Təhməzov;

2-ci yer:

 Cahandar Mikayılov;

3-cü yer Bayraməli Əliyev və Soltan Nadirov.

 

Sonra qaliblər qala-konsert proqramı ilə çıxış etdilər. 

 

Qapaq şəklində Mirəli Sarızadəni mükafatlandırma zamanı görürsünüz. 

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı QHT sədri, internet-media eksperti Səbuhi Abbasovun aktual şərhini diqqətinizə çatdırır. 

 

Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışında dünyanın yeni formalaşan siyasi düzəninə real qiymət verib.

Bu çıxışa həm mənəvi, həm də siyasi baxımdan yanaşmaq lazımdır - "Atalarımızın, əcdadlarımızın ruhu şaddır, çünki Türkiyə və Azərbaycan bir yerdədir" deməklə Prezident bütün dünyaya müttəfiqliyin nümunəsini göstərdi. Bu həm də Türkiyə və Azərbaycanın yeni geosiyasi reallıqlarda artan gücünün ən bariz nümunəsidir. 

Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” devizini xatırlatmaqla əcdadlarımızın mirasının etibarlı əllərdə olduğunu vurğulayıb. Məsələnin siyasi tərəfinə gəldikdə isə Türkiyənin hərb sənayesinin fantastik inkişafının əsas göstəricisi olan “TEKNOFEST” aerokosmik və texnologiya festivalını təhlil etmək yerinə düşərdi. Prezident İlham Əliyev çıxışında bu nüansa xüsusi diqqət ayırır və bir növ qarşıda duran hədəflərin yol xəritəsini açıq şəkildə bəyan edir. 

Azərbaycan Prezidenti çıxışında “Bu gün “TEKNOFEST”də iştirak edərkən “TEKNOFEST”in qurucusu əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda dəfələrlə olub, o cümlədən azad edilmiş torpaqlarda - Şuşada və son gəlişində - bu ayın əvvəlində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək əməkdaşlıq haqqında danışdıq və Bayraktar mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq”, - deməklə əslində yaxın 100 ilin regional və beynəlxalq təhlükəsizlik konsepsiyasının indidən hazır olduğunu qeyd edir. Bu çox mühüm məqamdır. Bütövlükdə Türkiyə-Azərbaycan münasibətlərinin dünyada analoqu yoxdur. Bəzi beynəlxalq beyin mərkəzləri üçün araşdırma mövzusudur. 

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.

Beləliklə ən yaxşı onluq.

10 -5-ci yerlərlə  tanış olmuşduq. Bu gün 4-cü yerlə tanış olacağıq.

 

10-cu yer:

Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»

9-cu yer:

Riçard Brenson. «Çılpaq biznes»

8-ci yer:

Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»

7-ci yer:

Robert Kiyosaki. «Varlı ata, kasıb ata»

6-cı yer:

Ayn Rend. «Atlant çiyinlərini düzəltdi”»

5-ci yer

Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək»

-----------

 

4-cü yer

Qay Kavasaki. «Startap»

Bu kitabın alt başlığı belədir: “Apple-in eks-yevangelisti, Çaxmaq daşı vadisinin ən cəsarətli kapitalistindən 11 master-klass“

Qay Kavasaki adı əminəm ki, çoxlarınıza tanışdır. Onun istedadı və peşəkarlığı sayəsində Macintosh kompaniyası adını qızıl hərflərlə tarixə yazdırıb, Apple kompaniyası isə müasir dövrümüzün ən tanınmış brendlərindən birinə çevrilib.

Qiymətli, qızıl məsləhətlərlə bol olan, oxucunun əlindən tutaraq onu biznesdə uğur qazanmağın daşlı-kəsəkli yolları ilə apararaq əsl bələdçilik edən bu kitab təsadüfi deyil ki, ən böyük iş adamlarının stolüstü kitabıdır.

«Əgər sənin devizin «Daha boşboğazlıq və çərənçilik yetər, mənə de ki, mən nə iş görməliyəm» - dirsə, demək sən düzgün ünvanı tapmısan», – söyləyir yapon əsilli havaylı öz kitabı barədə.

O yazır:

 - Hər bir işdə ən vacib olanı başlamaqdır. Unutmayın: hələ heç kəs yalnız planlaşdırma ilə uğur qazanmağa müvəffəq olmayıb.

 - Sizə və sizin kompaniyaya xeyir gətirməklə bütün cəmiyyətə ziyan gətirən fəaliyyətin heç bir dəyəri yoxdur.

 - Özünüzün istənilən hərəkətinizə elə yanaşın ki, sanki onu bütün publika görəcək, sanki o, hər yerdə əks-səda verəcək. Unutmayın, siz nə iş görürsünüzsə, sizin «əl izləriniz» həmişə və hər kəs tərəfindən görünəcək.

 - Hər şey həyata keçməyincə mümkünsüz görünür. Sahibkarlıq fəaliyyəti məhz budur – sən başqalarının qeyri-mümkün hesab etdiyini eləyirsən.

 - Yaponlarda belə bir məsəl var, deyirlər axmaqlar iki yerə bölünür. Birincilər heç vaxt Fudzi dağının zirvəsinə qalxmayanlardır ki, ətrafın gözəl mənzərəsindən zövq ala bilmirlər. İkincilər isə həmin zirvəyə iki dəfə qalxanlardır.

Oxucularıma onu da söyləyim ki, Qay Kavasaki həm də biznesdə yevangelizm təliminin banisidir. Bir baxın, bu insanın təlimi müştəriyə satdığı məhsulun ən yaxşı olması barədə elə bir inam aşılamaqdır ki, müştəri heç bir təlimat olmadan, könüllü şəkildə ətrafdaki insanlara məhz bu məhsulu almağı tövsiyyə etsin!

Təsəvvür edirsiniz, yüz minlərlə müştərilər brendin könüllü təbliğatçısına çevrilirlər, Qay Kavasakinin dühalığı məhz bundadır.

O, inandırmağı gözəl bacarır. Oxucularım, sizi əmin edirəm ki, «Startap»ı oxusanız Qay Kavasaki özünün uğura doğru getmək qaydalarına və şərtlərinə sizləri mütləq inandıracaq.

 

 4-cüyerdəkikitablatanışlıqdabaş tutdu. Bəs 3-cü yerdə hansı kitabqərarlaşıb? Bunu sabah biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

 

 

750 İŞTİRAKÇI ÖZ QÜVVƏSİNİ SINAYIB

 

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi yekunlaşlb.

 

Bakı şəhəri üzrə festivalın ilk mərhələsi altı məkanda – Binəqədi rayon mərkəzi Mədəniyyət evi, Mərdəkan Mədəniyyət Sarayı, Ə.Əmirov adına Mədəniyyət sarayı, H.Abbasov adına Mədəniyyət Mərkəzi, Binə qəsəbə Mədəniyyət Mərkəzi, Şağan qəsəbə Mədəniyyət Mərkəzində keçirilir.

Seçim turunun ilk günündən indiyədək 738 iştirakçı Azərbaycan xalq çalğı alətləri ifaçılığı, heykəltəraşlıq, rəsm, solo milli rəqs, piano ifaçılığı, estrada oxuma, akademik vokal, caz ifaçılığı (kollektiv), aşıq sənəti, rəqəmsal incəsənət, aktyorluq, bədii qiraət nominasiyaları üzrə öz qabiliyyətini nümayiş etdirib. Uşaqların ifaçılıq və yaradıcılıq qabiliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qarşıdakı günlərdə dekorativ-tətbiqi sənət, klassik nəfəs alətləri ifaçılığı, solo müasir rəqs, milli rəqs ansamblı, müasir rəqs ansamblı, xor, xanəndəlik sənəti, klassik simli alətlər ifaçılığı və digər nominasiyalar üzrə iştirakçılar münsiflərin önünə çıxacaqlar.

Xatırladaq ki, festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edir.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.