Ağlamağın harasındasan, gözlə məni, gəlirəm, boğulaq… Featured

İLK ŞEİR KİTABINI GÖRƏ BİLMƏYƏN GÜNEYLİ İSMAYIL PİLPAYƏNİN ŞEİRLƏRİ

 

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində bu gün Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizlərə mərhum şair İsmayıl Pilpayənin şeirlərini təqdim edəcək. 

 

İsmayıl Pilpayə 1982-ci ildə Muğanda dünyaya göz açmış, orada boya-başa çatmış və ali təhsilini Mülki Mühəndisliyi fakültəsində bitirmişdir.

Şairin şeirləri qəzetlərdə, jurnallarda və daha artıq internet səhifələrində yayımlanmışdır. Son vaxtlar “Dişlərim teleqraf vurur” adlı şeirlər kitabını nəşrə hazırlamış, ancaq şair ürəyinin bir yolluq dayanması ona ilk şeirlər kitabının nəşrini görməyə imkan verməmişdir.

Çox təəssüflə 9 sentyabr, 2019-cü il Muğanın Parsabad şəhərində ürək infarktı nəticəsində həyata göz yummuşdur.

 

 

Ağlamağın harasındasan?

Gözlə məni

Gəlirəm

Boğulaq...

 

*

 

Kölgəmlə üzbəüzəm

Nədən?

Bilmirəm!

Axı mən üz çevirməmişəm günəşə!

 

*

 

Xatirə

Çıxmaz bir küçədir

Diş ağrısından da ağrılı, xatirədir.

 

Xatirə

Arazın o tayından gedən tirendir

Son görüşü

Bitirəndir.

 

Xatirə

İlk müəllimdir

Və mənlə oturan bir qız.

Ayaqlanmış bir güldür

Uşaqlıq bağında

Yeyilməmiş bir alma

Və alınmamış öpüşün həsrəti

Anların payızlığında.

 

Xatirə

Həsrətlə qarışıb

Axşam çağı pəncərədən qalxan

Hər səhər adamı yuxudan çağıran

Titrəməkdir küçə başında

Sevməkdir qorxa-qorxa

İlk “Alo”-dur telefonda.

 

Xatirə

Uduzmaq dəyəridir

Susqun və bom-boş əllərlə

Enməkdir dərəyə.

 

Xatirə

Bağlanmış bir pəncərədir

Gün çıxana

Bir ulduzdur, sönməyəcək

Düşməyəcək bu eyvana.

 

Xatirə

Açılmayan bir boğçadır

Damcı-damcı

Gözlərindən aslanır

Yavaş-yavaş boy atır.

 

Xatirə

Daşlar arasında cücərir

Ağrı doğan bir fəhlədir

Həm gündüzdür,

Həm gecədir.

 

 

FƏLAKƏT

 

Fəlakət

Yağışdır, isladır.

Fəlakət

Qurşundur, toxtadır.

Gözlərin

İsladır

Sonra, toxtadır...

 

 

DİŞLƏRİM TELEQRAF VURUR

 

Təklik basılır bağrıma

Göyün gözünün yaşlarında

Təklik kabinəsində;

Dişlərim teleqraf vurur...

 

Hey...

İstəyin bağrına qonmaq

Dənizim

Bağrında ada olmaq.

Hey...

İslanır gözlərim

Darıxdıqca sayaqlayır addımlarım

Dodaqlarım oxuyur yoxsul küçələri

Qulaq as

Hər addımda sənsizlik bağlı qapı-bacadan haray çəkir

Beynimdən nələr keçir, nələr...

 

Ah...

Yırtıq ciblərimdə əllərim döyünür

Qonaqsız küçələrdə

İnanıram ki, yorulmuşam

Addımlarım sayaqlayır

Damcı-damcı

Və yavaş-yavaş düşünürəm ki,

Heç bir kəs məni qurtarmayacaq!..

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.