Sazbəndlik və sazbəndlər” adlı kitab hazırlanır

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sazbəndlik və sazbəndlər” adlı layihənin həyata keçirilməsinə start verilib.

 

Layihə və onun həyata keçirilməsinin məqsəd və vəzifələri barədə xəbər yayan ictimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu deyib ki, Azərbaycan aşıq sənətindən danışanda ilk növbədə sazbəndlik yada düşür: “Sazbəndlik bir sənət sahəsi kimi çox qədim tarixə malikdir, daha doğrusu, sazbəndliyin tarixi elə sazın, aşıq sənətinin tarixi qədər qədimdir. Yəni sazbəndlik sənəti və sazbəndlər olmasaydı, aşıq sənəti də bunca inkişaf edə bilməzdi. Zaman-zaman bir sənət sahəsi kimi, sazbəndlik də inkişaf edib, ustad sazbəndlər tərəfindən saz bir musiqi aləti kimi daha da təkmilləşdirilib. Ancaq təəssüflər olsun ki, indiyədək aşıq sənəti və ayrı-ayrı ustad aşıqlarla bağlı çoxsaylı tədqiqatlar aparılsa da, sazbəndlik və sazbəndlər, demək olar ki, diqqətdən kənarda qalıb. Aşıq sənətinin Azərbaycanın milli mədəni sərvəti kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi ilə bu sənətə qayğı və diqqət daha artırıldı. Bu baxımdan, qədim sənət sahəsi kimi, sazbəndliyə və sazbəndlərə də diqqətin artırılması, bu sənətin tədqiq və təbliğ olunması bu gün olduqca aktualdır”. 

M.Nəbioğlu onu da əlavə edib ki, xalqımızın bu qədim sənət sahəsi indiyədək əhatəli öyrənilməyib. Bu sahəyə diqqətin ayrılması, həm bir sənət sahəsi kimi sazbəndliyin təbliğinə kömək edəcək, həm də gənclərdə bu sənətə marağın artmasına səbəb olacaq. Layihə çərçivəsində bir sənət sahəsi kimi, sazbəndlik, sazın düzəldilmə texnologiyası və sazbəndlərin həyat və fəaliyyətlərindən bəhs edən kitabın hazırlanması nəzərdə tutulur. 

Onun sözlərinə görə, layihənin oktyabrda başa çatdırılması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.