Lənkəranda tarixi abidəni bərpa adı altında məhv ediblər Featured

Biz sizə Naxçıvanda tarixi abidələrin aqalaylanması barədə utanverici məlumatı vermişdik. İndi də Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) bərpası zamanı dam örtüyünə dəmir “şifer” vurulub. 

Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının professoru, memar, əslən Cənub bölgəsindən olan Cahid Həsənov “Ədəbiyyat və incəsənət” portalına bunları danışıb:

 

“Bu baş verən rüsvayçı hadisə ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bərpa zamanı tarixi tikilinin damına dəmir “şifer”in vurulmasını sərt tənqid ediblər.

Qeyd edək ki, sözügedən qala XVIII əsrə aid edilir. 

4 ay bundan öncə mədəniyyət nazirinə Lənkəranın tarixi əsəri olan Dairəvi qalanın (Zindan qala) bərpası ilə bağlı məktub ünvanlamışam. 

Qala iki dəfə primitiv bərpa olunmuşdu. Bildirdim ki, mənim elmi rəhbərim akademik Şamil Fətullayev 50 il bundan əvvəl Leninqradda olanda o qalanın əsl rəsmlərini gətirmişdi. Mənə 1998-99-cu illərdə verdi ki, bu materialları kitabına salarsan və gələcəkdə qalanın təmirində lazım olar.

Bu, Azərbaycan memarlığı üçün brilliantdan qiymətlidir. Həm kitabıma o qalanın eskizlərini salmışam, həm də arxiv materialları məndədir ki, orada nələr olub. Bütün dünyada belə nazirliklər bu kimi araşdırma üçün memarlara 300-500 min dollar pul verir ki, araşdırıb gətirin və biz bərpa edək. 

Mən bu materialları bir memar kimi hədiyyə edirəm. Yazdım ki, mən işçi qrupunda iştirak eləməliyəm. Çünki 30-40 ildir ki, bununla məşğul olmuşam, 400 illik tarixi tapan adamam. Ancaq mənə heç bir cavab verilmədi. Orada açılıb-bağlanan körpü, quyu var idi, hətta orada silahı qaldıran lift var idi ki, bu, Azərbaycan memarlığında bir ilkdir. İlk texnikanı qaldıran lift bu qalada olub.

Bildirmişəm ki, onları bərpa edək, turistlərə bu lazımdır. İndi kim icazə verib ki, fermaya vurulan “şiferi”, tarixi qalaya vurasınız? Orada keramika olub və keramika dam örtüyü rütubət üçün kəşf edilib. Bizim fikirləri ona görə niyə qəbul eləmirlər? Memar gərək işçi qrupunda olsun. Ancaq qorxurlar ki, bərpa üçün ayrılmış 5 milyon vəsaitdən memara ayrılmalı olar. Yəni professora onu da çox görürlər. Müraciət edirəm ki, tarixi abidəmizi “multfilm”ə çevirməyə qoymayaq”. 

Memar deyir ki, əgər 400 illik tarixi, milyondan dəyərli, Leninqrad Hərbi Akademiyasından akademikin gətirdiyi faktlar barədə nazirə yazmasaydı, bu faktları əldə edə bilmədiklərini düşünərdi: 

“Kimin bu işi həyata keçirməsinin fərqi yoxdur. Mən nazirə yazmışam ki, bu arxiv materiallarından istifadə edək və mən də iştirak etmək istəyirəm. Xaricdə arxiv materiallarını 500 min, 1 milyon dollara memarlar satırlar. Ancaq mən pulsuz verirəm. Ona görə məni cəlb eləmirlər ki, mən ora ferma “şiferini” vurmağa qoymayacaqdım. Ancaq indi adətdir ki, 5 milyon pulu “silmək” üçün memarlara üstünlük vermirlər.

Tarixi abidənin bərpasında lazım olan qızıldan qiymətli material məndədir, onu sizə hədiyyə verirəm. Onu istifadə etmirsizsə, bu genosiddir. Kim sizə icazə verib? Bu ölkənin akademiki, professoru, mütəxəssisləri var. Milyonlarla xərc çəkib, araşdırma aparıb dünyanın arxivlərindən gətirmişik. İndi istəyirik bərpasında tətbiq edək. Ancaq bizə demirlər. Mənim kimi memarlara müraciət etməliydiniz. Bəlkə hansısa bir lənkəranlının evində qalanın köhnə rəsmi var? Deməliydilər ki, biz onu alırıq, gətirin bizə təhvil verin. Bütün dünyada belə olur.

Müvafiq qurum cavab verməlidir ki, tarixi qalaya vurmağa materail yoxdur, yoxsa qiyməti bahadır? Mən o cür qiymətli materialları, kitabımı onlara vermişəm, mənə deyiblər ki, “çox sağ ol, nəzərə alarıq”. 

 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası Xidmətindən bildirilib ki, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşmüşdü. “Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub”.

Əminik ki, Mədəniyyət Nazirliyinin müdaxiləsindən sonra məsələyə aydınlıq gətiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.