Özbəkistanda Xivənin 2024-cü ildə İslam dünyasının turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərinin “2024-cü ildə İslam dünyasının turizm paytaxtı” elan edilməsi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsini nəzərdə tutan Qərarı imzalayıb. Bu qədim şəhər 2022-ci il iyunun 27-29-da Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin XI sessiyasında İslam dünyasının turizm paytaxtı elan edilib. 

 

AzərTAC Özbəkistan KİV-lərinə istinadla xəbər verir ki, 2024-cü ilin martında Xivə şəhərində “Xivə-2024-cü ildə İslam dünyasının turizm paytaxtı” çərçivəsində beynəlxalq tədbirlərin rəsmi açılış mərasimi, həmin ilin mayında isə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin XII sessiyası təşkil olunacaq. Eyni zamanda, “Taste of Uzbekistan Festival” qastronomik festivalının, Pəhləvan Mahmudun xatirəsinə həsr olunmuş “Strongman” beynəlxalq güləş turnirinin, habelə Beynəlxalq Zəvvar Turizmi Həftəsinin keçirilməsi nəzərdə tutulur. 

Bu ilin oktyabrında Xivə şəhərinin yerləşdiyi Xarəzm vilayətinə informasiya turlarının təşkili planlaşdırılır. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri və blogerlər bu tura cəlb olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.