Super User
Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək. Teatrın may repertuarını təqdim edirik.
2 may- “Şirinlər”
3, 4 may – “Mauqli”
5 may – “Çippollino”,
6 may - “Uzuncorab Peppi”, “Sərgüzəşti- vəziri xani-Lənkəran”
7 may – “Balaca və damda yaşayan Karlson”, “Mən gəldim qızlar”
12 may – “İstədiyim kimi yaşamışam”
13 may- “Möcüzəli pillələr”, “Qağayı”
14 may- “Danışan gəlincik”, “Ana”
20 may – Kod adı “V.X.Y”, “Şən Elf və cadugər”
27, 28 may – “Balaca kişilər” (yeni tamaşa)
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Müğənni Floranın həkim Flora olduğu dönəmlər
“Ədəbiyyat və incəsənət” portalı Cavid Zeynallının sevilən müğənnimiz, Xalq artisti Flora Kərimova barədə bir qeydini diqqətinizə çatdırır.
1973-cü ildə Flora Kərimova Əzizbəyov adına xəstəxanada təcrübəçi həkim işləyirmiş.
Aprelin 20-də xəstəxanaya ağır vəziyyətdə hamilə qadın gətirirlər. Əməliyyat çətin keçir, deyirlər ki, uşaq ölü doğulub.
Uşağın anası o günləri belə xatırlayır: "Həkimlərin içində gözəl bir qız var idi. Həmişə üzü gülürdü. Sonra bildim ki, adı Floradır. Şlank gətirdi. Bir ucunu yeritdi uşağın ağ ciyərinə. Suyu çəkib tökdü yerə. Bir az keçəndən sonra uşaq ağlamağa başladı. O, xilas olmuşdu.”
Flora Kərimovanın xilas etdiyi həmin uşaq bilirsiniz kim olub?
Sonralar Azərbaycanın Milli Qəhramanı olan Samir Xasıyev.
Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə könüllü cəbhəyə yollanıb. Füzuli, Ağdam, Ağdərə və Tərtərdə döyüşüb.
1993-cü ildə qəhrəmanlığına görə müdafiə naziri şəxsən onun qoluna saat bağlayıb. Həmin il Azərbaycanda 5 müdafiə naziri dəyişib. Dəqiq hansı olub, bilmirəm.
Tərtərdə əsgərlərimizi mühasirədən çıxardığına görə Samirə 10 min manat pul mükafatı və leytenant rütbəsi verilib.
1994-cü ildə Gəncə qiyamına qarşı keçirilən əməliyyatlarda Samir fəal iştirak edib.
1995-ci il martın 17-də Bakıda dövlət çevrilişinin qarşısını alarkən 21 yaşında qəhrəmancasına Şəhid olub.
Elə həmin il prezident Heydər Əliyevin fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.
Samirin işıqlı və əziz xatirəsinə ehtiramla!
Böyük sənətkarımız Flora xanıma uzun və sağlam ömür arzusu ilə.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Kukla Teatrının may repertuarı
Azərbaycan Dövlət Kukla Tetarı may repertuarını açıqlayıb. Bəri başdan qeyd edək ki, uşaqları xoş saatlar gözləyir.
Repertuarı təqdim edirik:
QOĞAL
1 May (12:00 ; 14:00 ; 16:00)
QOĞAL (Rus dilində)
1- 5 - 27 May - 18:00
12 May - 16:00
AĞCA VƏ YEDDÌ CIRTDAN
2-27 May ( 12:00; 14:00; 16:00 )
KARLSON (Rus dilində)
2-21 May - 18:00
10 May - 16:00
LEYLƏYIN HƏDIYYƏSI
3 May ( 12:00; 14:00; 16:00 )
10 May ( 12:00; 14:00 )
ÇIPOLLINO (Rus dilində)
3-14 May - 18:00
9 May - 16:00
QAR KRALIÇASI
4 May ( 12:00; 14:00; 16:00 )
DURNA BALIĞI ( Rus dilində)
4 May - 18:00
19 May - 16:00
MƏLIKMƏMMƏD
5 May ( 12:00; 14:00; 16:00 )
ÜÇ DONUZ BALASI
6 - 21 May ( 12:00; 14:00; 16:00 )
DÜYMƏCIK
20 May ( 12:00; 14:00; 16:00 )
DÜYMƏCIK ( Rus Dilində )
6 - 20 May - 18:00
GÖZƏL VƏ BƏDHEYBƏT
7 May ( 12:00; 14:00; 16:00 )
ÜÇ CƏSUR ( Rus dilində )
7 - 13 - 28 May - 18:00
YEDDI NAR ÇUBUĞU
9 May - ( 12:00; 14:00 )
MAŞA VƏ AYI
12 May - ( 12:00; 14:00 )
QIZIL BALIQ
13 May ( 12:00; 14:00; 16:00 )
GÖYÇƏK FATMA
14 May ( 12:00; 14:00; 16:00 )
QIRMIZIPAPAQ
19 May - ( 12:00; 14:00 )
PIŞIYIN EVI
26 May - ( 12:00; 14:00 )
PIŞIYIN EVI (Rus dilində)
26 May - 16:00
CIRTDAN
28 May ( 12:00; 14:00; 16:00 )
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
“Həqiqət, tanrıya tərəf gedər...” - Güneyli Yaz-Baharın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney təmsilçisi Əli Çağla növbəti dəfə Güneydən səslər rubrikasını rəqdim edir. Bu dəfə sizlər Yaz-Bahar xanımın şeirləri ilə tanış olacaqsınız.
Qeyd: Yazının orfoqrafiyasına toxunulmayıb.
Yaz-Bahar xanım 1983-cü ildə Ərdəbil şəhərində dünyaya göz açmışdır. Onun illər öncədən ədəbiyyata olan marağı onu bu sahədə ciddi səviyyədə yazıb oxumaqdan əlavə dünya ədəbiyyatı və özəlliklə Azərbaycan ədəbiyyatı üzərində təhqiqat aparıb, tərcümə işləri görməsinə səbəb olmuşdur. O, professional səviyyədə ədəbiyyat və xüsusən şeir ilə məşğul olmağı ilə eyni zamanda rəssamlıq sahəsində də çalışmışdır. Onun "Müharibəsiz sevgi" adlı ilk kitabı 2023-cü il işıq üzü görmüşdür.
ƏLVİDA
Yeni həyat,
Yeni evim mübarək!
Əlvida arxamca qalan qısqanclı qaranlıqlar
Yalana bürünmüş sevgilər –
Dustaq qalan beyinlər!
Əlvida qədri-qiymət bilməyən ürəklər
Əlvida
Min türlü üz dəyişdirən insanlar...
Salam mənim yeni dörd divarım!
Salam mənə yoldaşlıq edən
Yorğanım,
Yastığım,
Tərliyim!
Salam mənim pəncərədə gözləyən
Yaşıq kaktus çiçəyim,
Salam mənim hasar üstündə oturan
Mavi göyərçinim...
Bunlar mənim yeni həyatım,
Bunlar mənim yeni dünyam!
Bir mən gərəkli deyil idim zatən
Sizin kirli dünyanıza
Bir də artıq
Sevib də, sevilməyən
Anlayıb da, anlanılmayan
Düşüb də, qalxanmayan
Kölgələr vardır ki, burada
Gəlməzdir sizin zatən karınıza!
Yalqızlığı seçərək
Dörd divara sığınmış olan,
Burda düşdaşlarım varımdır mənim.
Onlara dəli-divanə deyirsiniz siz!
Ancaq
Onları dəli edib də, tərk eləyənlərə
Heç bir söz deməyirlər,
Heç bir zaman, onlar!
Sizin hər bir zaman onlara,
“Dəli” dedikləriniz!..
Pis-yaxşıya məruz qalaraq
Danışdıqda
Danışmağa məhkum olan
Seçib də seçilməyə haqqı olmayan,
Duru su kimi,
Saf ürəkləri vardır onların;
Siz, onların kölgələrisiniz
Çünki ürəklərində,
Duru su kimi,
Saf diləkləri vardır onların...
Bax!
O, sizin dəyərsiz
Yalanla bağlı ola dünyanız!
Bu isə bizim
Tər-təmiz, huzurla dolu yeni dünyamız!
Bizim dünyamızı,
Yalnız tər-təmiz yaşamaq dəyər
Sizin o qaranlıq,
Sizin o səfil dünyanıza!
Sizin dünyanız gəlməz bizim karımıza
Sizin dünyanız, gəlməz sizin arınıza...
Yenə xatırladım bir daha
Yeni həyatım,
Yeni evim mübarək!..
MÜHARİBƏSİZ SEVGİ
Həyat müharibələrlə doludur.
İnsanın ilk müharibəsi isə
Beləsi bir başlanğıcı olmalıdır;
Həvva ilə şeytanın arasındakı müharibə!
Həvvanın şeytana tovlanıb da,
Yasaq almanı dişləməsi!
İnsanın doğulmanın isə səbəbi
Doğulduğundan bəri müharibələrdə olmasıdır.
Onun üçün,
Doğulduğumuz gündən bəri,
Hər gün müharibədəyik, özümüz ilə!
Türlü-türlü müharibə meydanlarında
Döyüşürük bir-birimiz ilə.
Bəzən də
Müharibə meydanlarının
İçərisində doğulmuşuq sanki biz!
Özümüz heç bilmədən,
İstəmədən də döyüşürük, hər birimiz!
Bu isə bizim cəzamızdır,
Yasaqların qarşısında
Baş qaldırdığımız üçün!
Biz insan oğlu insan
Məhkum doğulduğumuzu bilə-bilə,
Ağlaya-ağlaya
Ayaq qoymuşuq bu dünyaya
Anamızın bilməzdən etdiyi cinayətinə xatir.
Biz ağrı çəkməliyik indi bu gün,
Sınmalıyıq,
Sınaqdan keçə bilmədiyimiz üçün!
Bu bizə verilmiş olan
Cəza olmalıdır sanki əzəldən,
Biz bu müharibə ilə
Yaşamağa məhkum olmuşuq əbədə qədər.
Çünki müharibələr
İnsanın insanlığını bəlli edər,
Şeytanın isə şeytanlığını...
Bütün yanlışların sonu şeytandır
Həqiqət, tanrıya tərəf gedər...
Təkcə alıb da verdiyimiz
Bir şeylərimiz vardır müharibəsiz!
Bir sevgimiz vardır,
Bir də sevincimiz!
Bunlardır bu boyda dünyada, bizim
Qiymətsiz sayılan iki incimiz.
Bu dünyanın qalibi olmaq istərsənsə,
Sən sevgini əsirgəmədən,
Sevinclə, məhəbbətlə
Toxunmaqdan çəkinməyəcəksən
Büsbütün bu canlılara!..
Aldığımız cəzamızdan bizi, əlbəttə
Mütləq elə bunlar qurtaracaqdır,
nəhayət də.
Şeytana bir daha aldanıb da,
qulaq verməkdənsə,
Müharibəsizcəsinə
Könüllərin məmləkətini
Topsuz, tüfəngsiz fəth etməlisən!
Durmadan,
Çəkinmədən...
Bu bizim yasamızdır –
“Müharibəsiz sevgi...”
DARIXMAQ
Darıxıram bu havadan
Darıxıram bu sudan
Darıxıram bu torpaq yığımı olan
Yalan dünyadan!
Sevgisizliklərdən darıxıram bir də,
Bir də darıxıram vəfasızlıqlardan!
Darıxıram,
Bir yarpağın, budağından qopduğu qədər;
Bir ağacın,
Tərk etdiyi göyərçini kimi darıxıram!
Darıxıram,
Bir qızın
Gəlinlikdə tərk etdiyi ata evi təkin!
Bir uşağın,
Anasından ayrıldığı boyda darıxıram!
Mən,
Yasda darıxıram illərdir,
Mən illərdir toyda darıxıram!
Gündüzlər,
Gecələr,
Həftələr, aylar,
Üstümə yıxılırlar mənim hər an sanki!
Bir heçliyin içindəyəm
Çoxdandır inan ki...
Nə gülə bilirəm,
Nə də ağlamaq gəlir mənim əlimdən!
Nə gedə bilirəm,
Nə də ki,
Qalmaq istəyirəm mən!
Mən yalqızlığımın içində yanıram,
Mən yalnızca möcüzələrə inanıram!
Çünki inam,
Həqiqətə çatmağın tənha yoludur.
Çünki dünya möcüzələrlə doludur...
Biraz diqqət etsən görərsən,
Yeni bir həyat doğulur hər gün!
Yeni bir möcüzə,
Yeni bir ümid
Gecənin ən qaranlıq anında
Yeni bir gün doğulur,
Hər yeni bir gün...
KAŞKİ
Kaşki bütün darıxanların yerinə mən darıxaydım –
Darıxan ürək olmayaydı!
Kaşki bütün ağlayan gözlərin yerinə mən ağlayaydım
Heç bir göz dolmayaydı!
Kaşki bütün qırılan qəlblərin yerinə qırılaydı qəlbim –
Heç bir qəlb daha qırılıb da, solmayaydı...
Kaşki gözü yol çəkən bütün insanların yerinə gözləyirdim,
Kimsənin gözü yollarda qalmayaydı,
Kaşki öləydim
Büsbütün yersiz köçüb də gedənlərin yerinə
Bitərdi bütün dünyanın,
Kədəri, qəmi...
Gözəlləşərdi həyat!
Darıxmazdı yalqız ürəklər...
Yaşalmazdı ağlayan gözlər...
Qırılmazdı sevən qəlblər...
İntizar çəkən qalmazdı o zaman,
Köçüb gedən olmazdı bu dünyadan.
Bir tək mən sınardım!
Bir tək mən solardım!
Bir tək mən ölərdim!
Bir tək mən yox olardım!
Büsbütün insanların yerinə...
HƏYATIMIN PAZELİ
Hər şəkil bir tikəsidir insanın,
Pazel kimi kamilləşir hər saat.
İtirsə də bir tikəsin, bir anın,
Tam vaxtında tapacaqdır çox rahat.
Bir tikəsi, ağ çadrası başında,
Qucağında gəlincikli bir mələk.
Asfalt yola göz tikib o yaşında,
Gözləyir ki ana haçan gələcək?!
Pəncərədən boylandıqda həyətə,
Özü gördü, öz gözüylə quşları!
Quşlar gəldi, o dalaraq heyrətə -
Gözlərindən axırdı gözyaşları!
Quşlar gəlsə, küsüb gedən anası,
Mütləq gəlib baş vuracaq qızına.
Olar məgər o məhəbbət sonası
Qayıtmasın baharına, yazına?!
Bir tikəsi atasının qəzəli,
Unudanmaz heç ömrünün boyunca!
Atasının ahugözlü gözəli,
Oxuyaraq ağlamışdır doyunca!
O qəzəli saxlayır o, hələ də,
Pazelinin bir tikəsi olaraq.
Bəlkə onu öz qızına verə də -
Bəlkə də heç verilməzdir o varaq!
Bir tikəsi Ərdəbildən Təbrizə,
Gəlin gəlir bəzədilmiş maşında.
Bir tikəsi xoşbəxtliklə üz-üzə,
Ana olur ömrünün gənc yaşında.
Bir tikəsi sevinc dolu saatlar,
Bir tikəsi qəmə batmış dəyqələr!
Bir tikəsi ürəyini rahatlar,
Bir tikəsi nə çəkdiyin kim bilər?!
Hər şəkil bir tikəsidir insanın,
Pazel kimi kamilləşir hər saat.
İtirsə də bir tikəsin, bir anın,
Tam vaxtında tapacaqdır çox rahat.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Milli Dram Teatrının may repertuarı açıqlanıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı may ayında həm müasir, həm klassik əsərlər əsasında səhnələşdirilmiş maraqlı tamaşalarla çıxış edəcək. Teatrın may repertuarı açıqlanıb. Onu təqdim edirik.
1 may –“Çippollino”
2 may – “Göyçək Fatma”
3 may – “Buratino axmaqlar ölkəsində”
5 may – “Anamın kitabı”
6 may – “Mənim günahım”
7 may – “Ah, bu uzun Sevda yolu”
9 may – “Qarabağnamə”
12 may – “Filumena Marturano”
13 may – “Dəli yığıncağı”
14 may – “Şah Qacar”
17 may – “Bir, iki, bizimki”
18 may – “Manqurt”
19 may – “Xurşidbanu Natəvan”
20 may – “Xanuma”
21 may – “Ölülər”
25 may – “Medeya”
26 may – “Zəfər yolu”
27 may – “Ah, bu uzun Sevda yolu”
28 may – “Danışan gəlincik”
28 may — “Qarabağnamə”
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Heykəltəraş Elxan Zeynalov görkəmli ədib Mir Cəlalın büstünü hazırlayıb
Heykəltəraş Elxan Zeynalov görkəmli ədibimiz Mir Cəlal Paşayevin büstünü hazırlayıb. Bununla bağlı o, şəxsi Facebook səhifəsində paylaşım edib.
“26 aprel! Mir Cəlal ədəbi təxəllüsü ilə tanınan böyük Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Ənvər Paşayevin doğum günü! 115 illiyi tamam olan ədibimizə Allahdan rəhmət diləyir, əziz xatirəsinə həsr etdiyim büstünü böyük şərəf və qürur hissi ilə təqdim edirəm!"
“Ədəbiyyat və incəsənət” portalı bu münasibətlə Elxan Zeynalovla əlaqə yaradaraq bilgilər alıb. Aldığımız məlumata görə büstün hazırlanması bir ay çəkib. Heykəltəraş deyir:
-Mir Cəlal Paşayevə həsr etdiyim əsər mənə sifariş olunmayıb. Onu öz qəlbimin səsi ilə hazırlamışam. Büstün ucaldıla biləcəyi yeri də özlüyümdə müəyyənləşdirmişəm. Onun ədibimizin ilk dəfə pedaqoji fəaliyyətə başladığı Gədəbəy rayonunda yerləşdirilməsi üçün Gədəbəy rayon icra hakimiyyətinə müraciət etmişəm.
Nə deyək. Təki alınsın. Amma büst həqiqətən möhtəşəm alınıb. Ədibin xarakteri cizgilərdə gözəl təcəssüm olunub.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Gəncədə tarix-memarlıq abidəsində qanunsuz aparılan təmir işlərinin qarşısı alınıb
Gəncə şəhəri Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, məsələdən xəbər tutan kimi dərhal müvafiq tədbirlər görülüb və qanunsuz aparılan təmir işləri dayandırılıb.
Müdaxilə faktı ilə bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Milli Muğam Müsabiqəsinin ikinci seçim turuna yekun vurulub
Ölkə musiqisevərlərinin diqqəti hazırda Azərbaycan Milli Konservatoriyasına yönəlib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Milli Muğam Müsabiqəsinin seçim turları keçirilir.
Dünən müsabiqənin üçüncü günündə ikinci seçim turunun yekun mərhələsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ikinci seçim turunda birinci turdan keçmiş 8 xanəndənin dinləmələri keçirilib. Əvvəlki turlardan fərqli olaraq bu turda ifaçılara 2 saat vaxt ayrılıb.
Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasovdur.
Sonda mediaya açıqlama verən Xalq artisti Səkinə İsmayılova müsabiqə haqqında ümumi məlumat verib. O deyib: "Milli Muğam Müsabiqəsinin artıq 2-ci turu başa çatdı və 1-ci turdan seçilən 8 nəfər xanəndənin ifaları dinlənilib. İnstrumental ifaçılıq kateqoriyası üzrə dinləmələrdən sonra günün ikinci yarısında birinci turdan keçmiş xanəndələrin dinləmələrinə başlanılıb. Burada iştirak edən ifaçılar arasında 2005-ci ildən bu günə kimi keçirdiyimiz Muğam Müsabiqəsinin iştirakçı və qalibləri də yer alır. Milli Muğam Müsabiqəsinin keçirilmə müddəti çox az olduğuna baxmayaraq, müsabiqə iştirakçıları səmərəli hazırlaşırlar və bu müsabiqəyə öz səsinə, sənətinə arxayın olanlar qatılırlar. Vaxt qısa olduğundan ifaçı tam hazır olmalıdır ki, öz bacarıq və istedadını nümayiş etdirə bilsin. Müsabiqənin final mərhələsi aprelin 30-da keçiriləcək və qaliblər orada elan olunacaq”.
Xatırladaq ki, Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.
Bəli, aprelin 30-da da bir şey qalmadı.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
“Azərkitab” Yayınları bu yay nəfis kitablarla kitab rəflərinizi bəzəyəcək
Ölkənin ən stajlı kitab təbliğatı mərkəzi - “Azərkitab” öz fəaliyyətini daha da genişləndirməkdədir. Qurum indi tək kitab təqdimatları keçirmir, tək kitab satmır, həm də kitab nəşr edir.
“Ədəbiyyat və incəsənət” portalı “Azərkitab”ın redaktorlarından biri olan Nadir Cəfərovdan “Azərkitab” Yayınlarının özəlliyi ilə bağlı bilgi alıb.
“Azərkitab” digər nəşriyyatlardan nə ilə fərqlənir? Mətn redaktəsinin yüksək keyfiyyəti ilə.
Hazırda bir çox yazıçı və şairlər öz yeni kitablarını redaktorsuz nəşr etdirirlər. Ən yaxşı halda redaktor təsisatı formal xarakter daşıyır. Hətta redaktorla korrektora fərq
belə qoyulmur.
Halbuki, bədii əsərin keyfiyyəti bilavasitə peşəkar redaktor faktorundan asılıdır. Ona görə də kitablar satılmır, oxucu qəlbinə yol tapa bilmir.
Bu problemin çözülməsi üçün ölkənin ən qocaman kitab mərkəzi - “Azərkitab” kitab təbliğatı Mərkəzi köklü tədbirlər həyata keçirir. Bunlardan biri yeni fəaliyyətə başlamış “Azərkitab” yayınları vasitəsi ilə “Renessans” layihəsinin həyata keçirilməsidir. Layihə çərçivəsində yayın evi yazarların kitablarını ən yaxşı redaktorların və korrektorların hesabına oxucuların sevimlisinə çevirməkdə iddialıdır, yüksək satış faizi təmin etməkdə də həmçinin.
Unutmayın, təkcə istedad bestseller yazmağa kifayət etmir!
“Azərkitab” kitab təbliğatı mərkəzinin “Azərkitab” yayınları, “Renessans” qrupu Bakı, Atatürk prospekti, Kral Hüseyn küçəsi, 64 A/1. (“Zivella” mebel evinin arxası) ünvanında fəaliyyət göstərir. Əlaqə nömrəsi: +994 51 3047525.
Peşəkar kitabçılar yazarları əməkdaşlığa dəvət edirlər.
Onu da deyək ki, “Azərkitab”ın kitabları ən yüksək poliqrafik keyfiyyətə malikdir, ASMİR MMC-nin “Məktəbli” poliqrafiya mərkəzində ölkə kitab industriyasının ən nəfis məhsulları çap edilir.
Xatırladaq ki, bu günlərdə “Azərkitab” yayınlarında yazıçı Varisin yeni “Qızıl cib saatı”, eyni zamanda
ölkədə ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanının 7-ci təkrar nəşri
yeni redaktədə çap olunub. Yayın evi oxuculara digər xoş sürprizlər də hazırlayır.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)
Cəlilabadda tarixi küp necə qorunur?
Tarixin hər bir izi gözəldir, onu qoruyub saxlamaq vacibdir. Cəlilabadın Musalı kəndinin şimal-şərqində, Talış dağlarının şimal qutaracağında yerləşən Qazanköşkü abidəsinin yaxınlığında tapılan küp uzun illərdir qorunub saxlanılır.
Təsadüf nəticəsində aşkarlanan bu küp tapıldığı ərazidən götürülərək Soltan kənd sakini Amil Ağayevin həyətində yerləşdiriblər.
Sakinlərin sözlərinə görə, sözügedən küp 12 il əvvəl su arxından tapılıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Baku TV-nin süjetinə əsaslanaraq xəbər verir. Amma hər halda, tarixi qiyməti olan küpü, yaxşı olardı ki, kiminsə həyətində deyil, muzeydə qoruyub saxlasınlar.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)