Mina Rəşidin iki hekayəsi Featured

TİBB BACISI

Sadaqət zərif bir qızdır. Qəlbi xeyirxahlıqla döyünən bu qız tibb bacısıdır. Bu gün xəstəyə iynə vurmaq üçün onu bir evə dəvət etmişdilər. Sədaqət qapını açın kimi ailənin çox imkansız olduğunu hiss elədi. Xəstə ana idi, o, köhnə çarpayıda uzanmışdı. Balaca stolun arxasında kiçikyaşlı üç qız uşağı əyləşmişdi. Biri rəsm çəkir, biri kitab oxuyur, o biri isə nəsə yazırdı... Sədaqət tez çantasını yerə qoyub xəstəyə yaxınlaşdı. Qadın zəif səsi ilə onu salamladı və gülümsəməyə çalışdı. Sədaqət bir anda xəstənin vəziyyətini öyrəndi, iynəsini vurdu, onunla bir az söhbət elədi. Məlum oldu ki, qadının həyat yoldaşı 5 ay bundan əvvəl maşın qəzasında dünyasını dəyişib. O, da üç uşaqla təkbaşına qalıb. Yaxınlıqdakı yeməkxanada qabyuyan işləyirmiş, amma sonra xəstələndiyindən işə gedə bilməyib... Uşaqlar ac qalmasın deyə, evdə ələ gələn nə varsa satıb, indi çarəsizdi, xəstə halıyla nə edəcəyini bilmir...

Sədaqət məyusluğunu gizlədərək uşaqlara yaxınlaşır. Onların azuları ilə maraqlanır. Kiçık qız rəssam olacaqmış, ortancıl onun kimi tibb bacısı, anasına məktub yazan böyük qız isə yəqin ki, yazıçı olmaq arzusundadı.

O, yazırdı: “Anacan, istəyirəm tez sağalasan. İnan ki, hər an sənin üçün çox sevdiyin Allaha dua edirəm, yalvarıram ki, sənə şəfa versin, yoxsa biz sənsiz nə edərik. Biz quru çörək də yeməyə hazırıq, təki sən atam kimi ölmə, anacan, ölmə...”

Sədaqət göz yaşlarını uşaqlardan gizlətməyə çalışdı. Əini çantasına apardı. Çantada 50 manat pulu olduğuna sevindi. Başqa vaxt qəpik- quruş götürərdi, səhər elə bil kimsə ona pul gərək olacağını xatırlatmışdı... Heç nə düşünmədən həmin pulu qızın məktub yazdığı dəftərin arasına qoydu.

Sədaqət sanki boğulurdu, təmiz havaya can atırdı. Qapını açınca narın yağış damlaları onu salmladı. Yağışın altında asta-asta addımlamağa başladı. Getdikcə ürəyində o üç balaca qıza və onların xəstə anasına dua edirdi. Düşünürdü ki, nə yaxşı yağış yağır. Deyirlər, yağışda, küləkdə Yaradan duaları daha tez qəbul edir...

Xəstə, kasıb qadının evində isə indi əsl bayram havası vardı. Ataları rəhmətə gedəndən körpə qızların üzü hələ bu günkü qədər işıqlanmamışdı…

 

LALƏ VƏ QARATİKAN

Bir gözəl yaz günündə qaratikan kolunun yanında bir lalə bitdi. O, böyüdü, incə, düyməli boynunu günəşə sarı çevirdi. Günəş laləni salamladı. Lalə yanağında qara xalları olan gözəl bir çiçək açdı və ətrafına gülümsədi. Onu görən bütün quşlar, böcəklər, çiçəklər sevindi...

Təkcə qaratikan kolu təkəbbüründən tikanlarını çeynədi. Laləyə nifrətlə baxdı... Lalə bunu hiss etsə də, özünü bilməməzliyə vurdu. Axı o qaratikan kolunu da sevirdi... Düşünürdü ki, bu qısa ömründə ancaq yaxşı işlər görsün, heç kəsə, heç nəyə zərər verməsin. Qaratikan isə bütün günü plan qururdu. Necə etsin ki, laləni məhv eləsin... Bir gün tikanlarından ox düzəltdi. Amma külək onun hiyləsindən xəbər tutdu.

Laləni düşmən oxundan xilas elədi... Qaratikan yeni plan qurmağa başlayarkən lalə öz qısa, mənalı ömrünün sona yaxınlaşdığını hiss edirdi. Amma o, bundan heç də kədərlənmirdi. Çünki ömrünü gözəl yaşamışdı. Ölüm isə Yaradanın hökmüdür, bir çiçək açır, o biri solur...

Lalə gözlərini təbəssümlə yumdu... Onun ləçəkləri son dəfə küləyin nəğməsi ilə havada oynadı və sonsuzluğa qovuşdu...

Bir azdan yeni balaca düymədən qəçəng bir çiçək açıldı və günəşə gülümsədi...

Bəs qaratikan kolu necə oldu? Qaratikan uzun və xeyirsiz bir ömür yaşadı. Amma hər kəsin bir sonu da var axı. Bir gün insanlar ətrafı təmizləyərkən ona od vurub yandırdılar. Qaratikanın acı tüstüsü başından çıxdı...

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.