Könül, “Ədəbiyyat və incəsənət”
Şimal qonşumuzun paytaxtı Moskvada Rusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi ilə keçirilən görüş çox maraqlı alınmışdı, zaman keçsə də o görüş barədə təəssüratlar bitib tükənmir. Çünki mövzu bizim əsas dəyərlərimizdən olan Novruz bayramı barədə idi.
Gecədə professor Solmaz Rüstəmova-Tohidi UNESCO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına salınmış Novruz bayramının Azərbaycan ərazisində qədim dövrlərdən başlayaraq müxtəlif tarixi mərhələlərdə və bu günümüzə qədər rəsmi, dövlət bayramı kimi qeyd olunması barədə mühazirə ilə çıxış edərkən çox vacib məqamlara toxundu.
Solmaz Rüstəmova-Tohidi Novruz bayramının yaranması tarixindən danışarkən Zərdüştlüyün müqəddəs kitabı “Avesta”ya və digər mötəbər mənbələrə istinad edərək bildirdi ki, bütün yazılı mənbələrdə Novruz bayramının məhz Azərbaycan ərazisində yarandığı göstərilir. Bu tarix əfsanəvi şah Cəmşidin adı ilə bağlıdır. Cəmşidin Araz çayı sahillərində “Aran” (Azərbaycanın qədim adı) adlanan ərazidə taxt-taca sahib olması və bu günün bayram kimi qeyd edilməsi Novruzun yaranma tarixi kimi göstərilir.
Alim vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Novruz bayramı artıq dövlət səviyyəsində rəsmi qeyd olunmağa başlayıb. Sovet hakimiyyətinin ilk illərində bu ənənəyə sadiq qalan bolşevik hökuməti Novruzu təqvimə qeyri-iş günü və bahar bayramı kimi salsa da, 1930-cu ildə dini bayramlar sırasında Novruzun da rəsmən qeyd olunması qadağan edilib. Bu bayram sovet Azərbaycanında bir daha 1967-ci ildə Bahar bayramı kimi keçirilməyə başlayıb. S.Rüstəmova-Tohidi xatırlatdı ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra Novruz dövlət səviyyəsində əsl el şənliyinə çevrilib.
“Azərbaycan xalqı tarixən bu bayrama fərqli çalarlar qatıb. Azərbaycanda Novruzun daha çox humanizm mahiyyəti qabardılır, təbiətin oyanışından başlayaraq onun əməyə, insaniyyətə, xoş münasibətlərə bağlılığı önə çəkilir”, - deyə alim bildirdi.
Bizim bir çox dəyərlərimizə ermənilər, farslar sahib çıxmaq istəyirlər.
Ayıq-sayıq olmalıyıq.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)