Super User

Super User

Çərşənbə axşamı, 11 İyul 2023 15:30

İkinci rübdə maliyyə axınlarının həcmi 6,5 faiz artıb

 

Növbəti Açıq Portfel xəbəri: 

Bu ilin ikinci rübündə maliyyə axınlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz və ya 1,8 milyard manat artaraq 29,2 milyard manat təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə olduğu kimi, 2023-ci ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,7 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri (14,4 faiz) və tikinti (10,2 faiz) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə mədənçıxarma sənayesi (624,4 milyon manat artım) və nəqliyyat və anbar təsərrüfatı (547,9 milyon manat artım) sahələri təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

 

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən yayılan məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən İsrail Dövlətinin Mərkəz dairəsində nodulyar dermatit, Polşa Respublikasının Malopolsk inzibati ərazisində, İsveç Krallığının Qotland əyalətində və Toqo Respublikasının Maritaym vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə həmin ərazilərdən heyvandarlıq və quşçuluq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Təbii ki, biz intellekt səviyyəsinə, elmi, mədəni səviyyəyə görə Afrika qitəsindən qabaqdayıq, amma işə bax ki, afrikalılar da bizə kəf gəliblər. 

Məsələ necə olub? Biz ərz edək, siz qulaq asın. 

 

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını şirnikləndirici vədlər müqabilində dələduzluq edərək aldadan nigeriyalıların saxlanılması barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayılıb. 

Demək, Daxili İşlər Nazirliyinə çoxsaylı şikayətlər daxil olub, vətəndaşlar sosial şəbəkələrdə xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə edilməklə aldadılmaları və külli miqdarda pul vəsaitlərindən məhrum olmalarını ərz ediblər. Bu məlumatlar dərhal nəzarətə götürülüb.

Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, iş üzrə zərərçəkən şəxslərin aldadılması əsasən “telegram” sosial şəbəkəsində həyata keçirilib. Həmçinin, araşdırmalarla saxta profillərin xarici ölkələrin internet resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna baxmayaraq dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib. Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən Nigeriya vətəndaşları Ejiofor Onyekachu Benedict və Emere Onyebuchi Christiantusun şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar saxlanıblar.

Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları "Philips Tomas Ben" və digər saxta profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər. Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adi altında ayrı-ayrı ödəniş sistemlərindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.

Söhbət çox böyük pullardan gedir. Bəziləri maymaqlıq edərək öz plastik kartının bütün məlumatlarını nigeriyalı qoçaqlara veriblər, onlar da uf demədən orda nə ki pul var, hamısını çəkib götürüblər. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Dəstə üzvlərinin Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına müvafiq sorğular göndərilib. 

Bu arada DİN vətəndaşlarımıza müraciət də edib. “Bir daha vətəndaşlara sosial şəbəkələrdə yerləşdirilən və ilk baxışdan insanların marağına səbəb olan şübhəli keçidlərə daxil olmamağı, həmçinin bank kartlarında olan məlumatları isə heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.

Elə bu xəbəri hazırlayırdım ki, qonşum Əlövsəti həyat yoldaşı ilə çiçəyi çartlayan gördüm. “Nə olub” sualına birtəhər ondan cavab qopardım. Sən demə bunlara bir email gəlib ki, sizə 1000000 dollar pul köçürmək istəyirik, köçürmə həyata keçsin deyə göstərilən hesaba 5 dollar ödəyib poçt xərclərini qarşılamalısınız.

Ər-arvad poçta gedirlərmiş ki, 5 dolları ödəsinlər. 

Mən Əlövsəti başa salmaq istədim ki, hansı axmaq durduğu yerdə kiməsə 1 milyon pul verər? Və 1 milyonu verən 5 dolları niyə əsirgəsin ki?

Əlövsət məni paxıllıqda qınayıb yolundan  qalmadı. 

Bax belə!

 

Şəkildə: Həmin o nigeriyalılar

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

 

YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan böyüklər üçün “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir. 

 

Layihənin növbəti ustad dərsi iyulun 19-da Müşfiq Heydərovun iştirakı ilə “Heykəltaraşlıq şəkli” mövzusuna həsr olunacaq. 

Ustad dərsi heykəltaraşlıq sənəti üzrə ilk dəfə özünüzü sınamaq təcrübəsi və bu sahədə bacarıqlarınızı dərinləşdirmək imkanı verir. İştirakçılar plastilindən özünəməxsus insan obrazları yaradacaqlar.

Azərbaycan Rəngkarlığı Muzeyində reallaşacaq dərslərdə 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər. 

Dərslər zamanı hər bir iştirakçı kətan üzərində akril boyalarla rəsm çəkməklə öz yaradıcılığını üzə çıxaracaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.

Qeydiyyat çərşənbə axşamı və bazar günü saat 11:00-dan 18:00-dək aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Çərşənbə axşamı, 11 İyul 2023 14:30

Yenə də “O olmasın, bu olsun”

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında baxımlı tamaşalardan hesab olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə teatrsevərlərin ixtiyarına veriləcək. 

Teatrın məlumatına görə, Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb. 

Xatırladaq ki, iyulun 16-da təqdim olunacaq tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar. 

Kollektiv sifarişlər qəbul olunur.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Çərşənbə axşamı, 11 İyul 2023 13:30

Soltan Soltanlı İndoneziya beynəlxalq sərgisində

 

 

İndoneziyada keçirilmiş beynəlxalq rəsm sərgisində həmyerlimiz, istedadlı rəssam Soltan Soltanlı da var idi. “Ədəbiyyat və incəsənət” portalı onun kataloqda yer alan əsərini təqdim edir.

İndonesia. Metamorfosart. The İnternational Exhibition of art and Architecture. 7-30 june 2023.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair Qəşəm Nəcəfzadənin şeirini təqdim edirik.

 

Vətən içində

 

Bu hacı kişilər, varlı kişilər,

Kasib oğlanların sevdiklərini

Aldilar əlindən vətən içində.

 

Daşa çevrildilər kasib oğlanlar,

Bilmədilər nəyi nə eləsinlər,

Kimə nə desinlər nə söyləsinlər,

Gəzdilər vətəndə qan-tər içində.

 

Varlı kişilərə dinmədi vətən,

Ağa büküldülər kasib oğlanlar,

Bir də gördülər ki, Ulkər doğanda,

Özünü ulduzdan asıb oğlanlar.

Adamlar da gəzir yuxu  içində.

 

Getdilər cəbhəyə yaz səhərində,

Bir yaz axşamında şəhid oldular.

Sonra  adlarına küçə verildi,

Bakıda, Şəkidə, Qaxda, Gəncədə.

 

Kasıb oğlanları atan gözəllər,

Heç kəsdən utanıb eləmədilər.

Varlı kişilərin qoluna girib,

Yenə də gəzdilər həmin küçədə.

 

Ədəbiyyat və incəsənət”

(11.07.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

19 –cu dərc

 

Polkovnik sonuncu aldığı məlumatı təhlil edirdi.

Təşvişə saldıqdan sonra Səlimin ilk görüşəcəyi adamın kim olduğunu bilmək Arif Dadaşzadə üçün çox vacib idi. Sonrakı gedişlərini bunun üzərində quracaqdı. Əgər düşündüyü kimi, İsfəndiyarın oğlunun qətlində Səlimin əli vardısa, böyük ehtimalla o, yaranmış vəziyyəti müzakirə etmək üçün ilk növbədə vaxtilə bu işdə onunla əlbir olmuş, yaxud da ən azı bu qətl barədə məlumatı olan adamla görüşməyə gedəcəkdi. Xüsusilə başqa vaxt işləri ilə bağlı evdə tapılmayan Səlimin təhlükə hiss etdikdən sonra son iki gündə ailə üzvlərini evdən bayıra çıxmağa qoymaması, özünün də evə qapanması onun həm ehtiyatını gözləməsi, həm də uzun müddət bu hədənin haradan gəldiyini götür-qoy etməsi anlamına gəlirdi. Və əgər aktiv addımlar atmağa başlayırsa, deməli, bəzi nəticələrə gəlib və indi onları yoxlamağa başlayıb.

Ancaq Səlim Arif Dadaşzadənin heç gözləmədiyi addımı atmış, ilk olaraq birbaşa İsfəndiyar Mövlayevin özü ilə görüşməyə getmişdi. Bu nə ola bilərdi?

Polkovnik qaşlarını düyünləyib fikirləşməkdə davam edirdi.

Qətldən xeyli vaxt keçib. Əlbəttə, çoxşaxəli biznesini heç də həmişə qanunlara söykənən və normal işgüzar münasibətlər üzərində qurmayan Səlimin başqa ehtiyat edəcəyi məsələlər də ola bilər. Aradan otuz il keçdiyi nəzərə alınarsa, Səlim o gəncin qətlini heç xatırlamaz, yaxud xatırlasa belə oraya yozmaz, bu təhdidi yaxın keçmişdə etdiyi günahlarla əlaqələndirib narahat ola bilərdi. Bunu nəzərə alan polkovnik, kitabı göndərərkən Səlimə deyiləcək mətnin sözlərini bir-bir seçmiş, adamının o sözləri olduğu kimi çatdırmasını tapşırmışdı. Əvvəla məhz «Vicdan susanda» adlı kitabı göndərməsi elə-belə deyildi. Psixoloji nöqteyi-nəzərdən xəyanət etmiş adamlar, bunu bəzi hallarda tamah məqsədi ilə, əsasən isə ya məcburiyyətdən, ya da özünü və ya yaxınlarını təhlükədən qorumaq üçün edirlər və həmin məsələ ötüşdükdən sonra uzun müddət rahat nəfəs alır, hətta hər şeyin yaxşı qurtardığına sevinib özlərini sakitləşdirir, xəyanət etdiklərini isə unudurlar. Ancaq azca da olsa, vicdanları varsa, zaman keçdikcə o mütəmadi olaraq baş qaldırır və insana əziyyət verməyə başlayır. Bundan yayınmaq mümkün deyil. Azca vicdan isə, ən vicdansız adamda da var. Bu psixoloji yanaşma doğrudursa, Səlim göndərilmiş mesajı yaxın keçmişdə etdiyi, hələ vicdanına əziyyət verməyə başlamamış pis əməllərinə yox, uzun müddət vicdanını yoran həmin qətlə yozmalıdır. Göndərilən mətnin sözlərində məhz «köhnə dostları göndərib, ona aiddir» deyilməsi özü də vicdanı uzun illər susan, yerin altını da, üstünü də bilən Səlim kimi birisinə çox şeydən xəbər verməli idi. Hər-halda vicdan əzabı cinayətkarlarda sonradan qalan yeganə hissdir və bunu bilən polkovnik də şübhələndiyi adamı həmin yerdən vurub etdiyi gedişin verdiyi effekti yoxlayırdı.

Əslində, qətldə hansısa formada əli olduğuna şübhələndiyi adamın ilk olaraq elə oğlu qətlə yetirilmiş İsfəndiyarla görüşməsi özü də bəzi qənaətlərə gəlməyə kömək edə bilər. Məsələn, aldığı təhdiddən sonra, bir müddət təhlükəsizlik tədbirləri görən Səlim təhdid oluna biləcəyi və onu qorxudan bir neçə məsələni götür-qoy edib onları bir-bir yoxlamaq və sonrakı addımlarını müəyyən etmək qərarına gəlib. Bu zaman o, təbii ki, üstündən uzun müddət keçməsini nəzərə alaraq, tutduğu siyahıda ilk növbədə daha az ehtimal etdiyi təhlükə mənbəyindən başlamağa üstünlük verib. İsfəndiyarın onu necə qarşılayacağını bilmək üçün. Burada, şüuraltında gizlənmiş və hərdən özünü büruzə verən məlumatın kitabın adını oxuyunca yenidən baş qaldırması da rolunu oynayıb. Bir neçə gün qapandıqdan sonra evindən çıxarkən ilk getdiyi yerin Day-dayın evi olması belə düşünməyə əsas verir. Adamının dediyinə görə isə, İsfəndiyar onu həyətin ortasında gözləyirmiş və çox gülərüzlə qarşılayıb. Əlbəttə, heç nədən xəbəri olmayan İsfəndiyarın köhnə dostunu belə qarşılaması normaldır. Səlim isə Day-dayı yaxşı tanıyan biri kimi gözəl bilir ki, əgər zəhmli dostu neçə illər sonra oğlunun öldürüldüyünü öyrənib sübutu olmasa belə, bu işdə iynənin ucu qədər ondan şübhələnibsə və məsələni araşdırmağı tapşırıb nəticəni gözləyirsə, heç vaxt rola girməz və ona bu cür isti münasibət göstərməz. Bəli, onun belə addım atması məhz buna hesablanıb - bu gəlişinə İsfəndiyarın reaksiyasını öyrənməyə. Deyəsən, hər şey yerini almağa başlayır.

Ancaq bir şey də var. Qoca tülkünün iki gün fikirləşdikdən sonra məhz təhlükəyə qarşı, bir növ «va-bank» getməsi polkovniki planlarını kökündən dəyişməyə vadar edəcəkdi. Çünki, bu qətlin Arif Dadaşzadə tərəfindən araşdırıldığını ağlına gətirməyən Səlim İsfəndiyarın onu belə qarşılamasından sonra arxayınlaşıb diqqətini siyahısındakı başqa məsələlərə yönəldəcək, bu ehtimalı isə bir kənara atacaqdı. O zaman bundan sonra onun biznesində alıb-aldatdığı və sair görüşəcəyi adamların kimliyi polkovnik üçün tam əhəmiyyətini itirəcəkdi. O isə sonrakı mərhələdə Səlimin daha kimlərlə görüşdüyünü öyrənərək bu yolla bir ipucu tapacağına çox ümid edirdi.          

Hər halda məsələnin müsbət tərəfi də var idi. Əgər bu ehtimallar doğrudursa, onda elə həmin ehtimallar təsdiq edir ki, Səlim bir neçə qorxduğu məsələ ilə bağlı İsfəndiyarın oğlunun qətlini də istisna etməyib. Bu isə dolayısı ilə də olsa, onun bu qətldə əli olduğunu təsdiqləyir. Bu özü də bir nəticədir. Qoy lap dolayısı ilə gəlinən nəticə olsun. Otuz il əvvəl törədilmiş bir qətlin çözülməsi elə dolayısı ilə gəlinən nəticələr və yalnız məntiqə söykənən ehtimallarla başlayır.

Polkovnik qarşısındakı masanın üzərindəki təkcə özünə məlum olan sxem çəkilmiş vərəqi götürüb yandırdı və külqabına qoydu. Bir neçə saniyədə yanıb qurtaran kağızın külünə baxıb pıçıltı ilə dedi:

-O vaxt alınmadı. Bu dəfə hər şeyin axırına çıxacağam, Səlim.

 

* * *

Tanış mənzilin qapısının zəngini basıb gözlədim. Bir qədər keçmiş, əvvəlcə qapı azca aralandı, ev sahibi gələnin mən olduğumu görüb qapını örtüb zəncirini çıxardıqdan sonra tam açdı və içəri dəvət etdi.

-Salam, Matvey Semyonoviç.

Matvey Proxorov qaşqabaqla salamımı alıb, əli ilə dəhlizin sol tərəfindəki qapıya işarə etdi:

-Bu otağa keçin.

Dediyi otağa keçib dayandım. Konvertdə verilmiş məlumata əsasən Matveyi oğlu ilə hədələyib məni qəbul etməyə razı salmışdılar. Bu halda onun məni belə qaş-qabaqla qarşılaması təəccüblü deyildi. Ancaq olsun, onsuz da gedərkən bu təhlükənin real olmadığını və addımımızın zərurətdən atıldığını ona izah edəcəkdim. Ev sahibi qapını örtüb ardımca otağa girdi.

-Buraya əyləşin.

-Sağ olun.

Üzbəüz oturduğumuz masanın üzərində külqabı, alışqan və bir qutu ucuz siqaret var idi. Belə siqaretlərin tərkibində çox vaxt tütündən başqa hər şey olur və adətən tüstüsünün çox kəskin qoxusu olur.

-Əgər etiraz etmirsinizsə, siqaret yandırım.

-Buyurun, ev sahibi sizsiz.

Matvey Proxorov yandırdığı siqaretdən bir qullab alıb tüstünü otağın açıq pəncərəsinə tərəf üfürdü. Ancaq pəncərədən içəri vuran meh həmin tüstünü düz üstümüzə qaytardı. İkinci qullabı vuran ev sahibi uzun-uzadı öskürməyə başladı.

Səbirlə susur, onun hərəkətlərinə tamaşa edirdim. Öskürəyini birtəhər kəsən Matvey siqareti söndürmədən külqabına qoydu. Yanan siqaretin tüstüsü tavana millənir, ara-sıra pəncərədən vuran meh bu tüstünü bütün evə yayırdı. Bir dəqiqə sonra otağı olduqca xoşagəlməyən, kəskin bir iy bürüyüb burnumu qıcıqlandırmağa başladı. Əgər bu Matveyin hələ yarısı yanmamış ilk siqaretindən belə bir qoxu əmələ gəldisə, onda Allah məni onun ikinci və üçüncü siqaretlərindən qorusun.

Bu adamın özü belə, bu siqaretdən yalnız iki qullab vurub iki dəqiqə dayanmadan öskürdüsə, məqsədi aydındır. Məni bu yolla tez bezdirib çıxıb getməyə, daha az sual verməyə vadar etmək istəyir bu qoca.

Belə siqaret çəkən adamların özündən də, paltarlarından da, yaşadıqları evdən də eyni iy gəlir. Ancaq nə məni qarşılayan Matveydən, nə də az əvvəl girdiyim bu mənzildən bu ucuz siqaretin hopmuş qoxusu gəlmirdi. Üstəlik, evdə kondisionerin olmasına da fikir vermişdim. Kondisioner bayıra ötürmək üçün evin nəmişlyini çəkdikcə, həmin evdə çəkilmiş siqaretlərin də qoxusu bu nəmişliyə qarışıb keçdiyi filterə hopur, tozu yığmaq üçün nəzərdə tutulmuş bu filtersə, evdə kəskin tütün qoxusunun ən böyük mənbəyinə çevrilir. Bu mənfi effektə siqaret çəkilən maşınların salonunda da rast gəlinir.

Bu saydıqlarımdan indi olduğum mənzildə heç bir əlamət yox idi. Evin təmiri də, içərisindəki kifayət qədər bahalı mebel və əşyalar da bu ailənin kasıb yaşamadıqlarından xəbər verirdi. Ancaq nədənsə, Matvey mənim gəlişim münasibəti ilə Bakı şəhərində bəlkə də ay ərzində heç on qutu satılmayan və yandırdıqdan sonra iki qullabdan artıq vura bilmədiyi bu ən ucuz siqareti sevməyə başlamışdı.

Gözucu Matveyə fikir verdim. Külqabıda tüstülənən siqaretə baxır, deyəsən ürəyində üçüncü qullabı vurub-vurmamasını götür-qoy edir, lakin bayaqki öskürəkdən sonra bunu etməyə risk etmirdi. Çox məzəli bir vəziyyət yaranmışdı. Ancaq daha onun heç nəyə yaramayan bu hoqqasını dayandırmağın vaxtı idi.

-Matvey Semyonoviç, biləsiniz ki, məni maraqlandıran suallara cavab almayınca buradan getməyəcəyəm, -bir qədər səsimin tonunu dəyişdim.

Eyhamla dediyim bu sözlərdən sonra Matvey diqqətlə gözlərimin içinə baxdı, sonra hirslə siqareti götürüb külqabında söndürdü və soruşdu:

-Sizə nə kömək edə bilərəm?

-Mənə həmin hadisə ilə bağlı bildiklərinizi olduğu kimi danışmağınız lazımdır. Düz danışarsızsa, bu zaman köməyi bizə yox, özünüzə etmiş olacaqsız.

-Siz niyə belə əminsiz ki, mən nəyisə düz danışmayacam?

-Əvvəla, ilk gəlişimdəki davranışınız belə düşünməyə əsas verir. İkincisi, həmin vaxt sizinlə eyni komissiyanın üzvləri olmuş ekspertlərin hər birinə yüz manat verərək həmin pulu oğlu ölmüş İsfəndiyar Mövlayevin göndərdiyini demisiz. Qeyd edim ki, o vaxtlar üçün həmin məbləğ heç də kiçik məbləğ sayılmırdı. Biz isə öyrənmişik ki, İsfəndiyar Mövlayev sizə heç bir pul göndərməyib. Ehtimal edirəm ki, o vaxt nəyisə gizlətməyə sizi vadar edən səbəblər, indi də nəyisə olduğu kimi deməməyinizə səbəb ola bilər. Yəqin məni başa düşdünüz?

Matveyin onsuz da yaxşı olmayan əhvalı bir qədər də dəyişdi, baxışlarını aşağı dikdi. İsfəndiyarın ekspertlərə pul göndərmədiyini yoxlamağım, yəqin başa düşürsünüz ki, imkansız idi. Bunu sadəcə ehtimal etmişdim. Əgər Matvey -«Xeyir, elə deyil» -desəydi, onunla mübahisə etmək üçün heç bir arqumentim olmayacaqdı. Ancaq o, bunu etmədi və əhvalının dəyişməsindən, belə deməklə düz onluğa düşdüyümü anladım.

-Mənim başqa çıxış yolum yox idi.

Aha, qoca əriməyə başlayır. Onu heç bir təhlükə gözləmədiyinə inandırıb sonra dinləmək lazımdır. Gələrkən elə belə də edəcəyimi düşünmüşdüm. Ancaq qocanın mənasız siqaret tryuku məcranı bir qədər dəyişdirmişdi. 

-Matvey Semyonoviç, gəlin əvvəlcə bir şeyi aydınlaşdıraq, sonra əsas söhbətimizə başlayaq. Biz dəqiq bilirik ki, İsfəndiyar Mövlayevin oğlu qətlə yetirilib. Lakin onu sizin və rəhbəri olduğunuz komissiyanın üzvlərinin öldürmədiyinə əmin olduğumuzu da demək, razılaşın ki, gülməli çıxardı. Biz sizi heç nədə ittiham etmirik, əksinə, təhlükəsizliyinizə və deyəcəklərinizin tam məxfi qalacağına zəmanət veririk. Siz ki təcrübəli adamsız. Bu qədər müddət keçdikdən sonra heç bir istintaqdan və məhkəmədən, sizin də şahidlik edəcəyinizdən söhbət belə getməyəcəyini bilirsiz. Bu, fərdi şəkildə həyata keçirilən qeyri-rəsmi bir araşdırmadır. Bir daha təkrar edirəm, sizin üçün heç bir təhlükə yoxdur və xahiş edirəm ki, mənim səmimiyyətimə inanasız.

Matvey başını yellədi.

-Əlbəttə, başa düşürəm. Ancaq yenə də qorxuram. Uşaqlarım üçün qorxuram. Onlar çox təhlükəli adamlardır.

-Mənim buraya gəldiyimi heç kim bilmir.

-Siz belə düşünürsüz. Mənimsə buna şübhəm var.

-Matvey Semyonoviç, illərin təcrübəsinə malik birisiz. Əgər sizin varlığınız həmin adamlar üçün təhlükə mənbəyi olsa idi və ya onlar belə düşünsəydilər, məndən əvvəl buraya nümayəndələri gəlmiş olardı, indi biz sizinlə üz-üzə oturmazdıq. Əgər gəlməyiblərsə, deməli, dediyiniz adamlar otuz il əvvəl verdiyiniz, digər rəylərdən heç nə ilə fərqlənməyən bir rəyin kimdəsə şübhə oyatmayacağına tam əmindirlər. Üstəlik də, araşdırmanı hansı yollarla və üsullarla apardığım, haradan başladığım da heç kimə məlum deyil. Ayrıca, sizin verdiyiniz rəy sənəd olaraq saxlama müddəti bitdiyindən çoxdan məhv edilib. Qarşı tərəf də bunu bilir və bu səbəbdən hansısa yolla sizə çıxacağımızı ağıllarına belə gətirmirlər. Sizinlə maraqlandığımı onlar yalnız məni izləməklə öyrənə bilərdilər ki, bu səadəti də onlara nəsib etmədiyimə əmin ola bilərsiz.

-Bəs onda siz bunu necə öyrənmisiz?

-Bizim əlimizdə olan sənəd rəyin otuz il əvvəl çıxarılmış surətidir.

Ev sahibi bir xeyli fikrə getidi. Nələri isə götür-qoy etdiyi simasından bilinirdi. Nəhayət dilləndi:

-Nə deyim, indi ki belədir, onda qulaq asın. Əslində, mən özüm də çox az şey bilirəm. Və inanın ki, olanlar hamısı iradəmin ziddinə baş verib. Dediyim kimi, çox qorxmuşdum onda. Yəqin bilirsiniz, 1990-cı il idi, yanvar hadisələri yeni baş vermişdi. Rus qoşunları şəhərə daxil olub dinc əhaliyə qarşı o vəhşilikləri törətdikdən sonra, istər-istəməz rus milliyyətindən olan biri kimi içimdə bir təlaş, bir narahatçılıq var idi. Faciədən bir neçə ay ötsə də, həm bu narahatçılıq, həm də bizi heç vaxt özlərindən ayırmayan azərbaycanlı qardaş və bacılarımıza qarşı rus ordusunun belə bir qətliam törətməsindən yaranmış vicdan əzabı məni rahat buraxmırdı. Sonra bu hadisə baş verdi. Həmin axşam işçiləri evə buraxmış, vacib işlər olduğundan özüm gecə işdə qalmışdım. Əvvəllər də, iş çox olanda tez-tez belə edirdim. Oğlanın meyitini gətirənlər İsfəndiyar Mövlayevin oğlu olduğunu və yarılmasına onun razılıq verdiyini bildirdilər. Yəqin bilirsiniz ki, mən həmin vaxtlar Bakı şəhərində bu sahənin ən aparıcı mütəxəssisi idim, verdiyim rəylər heç bir şübhəyə və müzakirəyə məruz qalmırdı. Elə ilk müayinədən oğlanın maşınla vurulmadığını müəyyən etdim. Meyitin üzərindəki xəsarət izləri alın və qarın nahiyələrində, bir də ki, dizlərində idi. Gənc küt alətlə, böyük ehtimalla iri dəmir parçası ilə vurularaq qətlə yetirilmişdi. Alnından dəyən ilk zərbə ölümcül olmuş, digər zərbələr isə artıq cansız bədənə endirilmişdi. Bunu necə müəyyən etdiyimin təfərrüatı yəqin ki, vaxt aparar. Ancaq deyim ki, belə xəsarətlərə ön tərəfi düz olan maşınla vurulmuş adamların bədənlərində də rast gəlinir. Sanki kimsə, bu işlərdən başı çıxan biri, məhz şübhələri avtoqəzaya yönəltməyə çalışmış, gənci bir zərbə ilə öldürdükdən sonra digər xəsarətləri düşünülmüş şəkildə yetirmişdi. Səhər işə gələn işçilərə vəziyyəti qısa olaraq izah etdim və çox yorğun olduğum üçün rəyi ertəsi gün, bir daha müayinə apardıqdan sonra yazacağımızı bildirib evə, dincəlməyə getdim.

Matvey Semyonoviçin buraya qədər dedikləri, Rasim müəllimin dedikləri ilə uyğun gəlirdi.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

 

 

 

 

 

 

Çərşənbə axşamı, 11 İyul 2023 12:30

Bu dəfə “necə yeməli” qaydaları

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Bir müddət mövzumuz sağlam qidalanmaq olacaq. Axı, uğura doğru yolda sağlamlıq vacib şərtlərdən biridir.

 

Qidalanma zamanı «nə yeməli» sualına cavab 13 qayda ilə sizlərə dünən təqdim olundu. Mütəxəssislər əksərən sağlamlığı möhkəmləndirməyin bu qaydalarını tövsiyə edirlər:

1.     Qidalanma zamanı bişmiş qidadan (müxtəlif xörəklərdən) daha çox çiy qidaya (meyvə və tərəfəz salatlarına) üstünlük verin.

2.     Qidanı yağda qızartmayın. Daha çox buğda bişən yeməklər yeyin.

3.     Alınma çörək yeməyin. Belə çörəyin hər 100 qramında 1 qram duz var.

4.     Duzdan və istotdan uzaq qaçın.

5.     Şəkər yeməyin.

6.     Az yağlı qidalardan, tünd və kəskin olmayan ədviyyatlardan və yağsız süd məhsullarından istifadə edin.

7.     Kərə yağı və heyvan piyindən qəti istifadə etməyin.

8.     Gündəlik bitki yağı limitiniz 50-75 qramdan çox olmamalıdır.

9.     Şirin qazlı içkilər içməkdən imtina edin.

10.                       Fəst-fuddan nə qədər uzaq dursanız bir o qədər yaxşıdır.

11.                       Kolbasa məhsulları və yarımfabrikatlardan, konservləşdirilmiş qidadan çalışın yan keçəsiniz.

12.                       Yeməkdən qabaq çiy su için, amma yeməkdən dərhal sonra su içməməyə çalışın.

13.                       Vitamin və mineralların gündəlik miqdarını qida ilə qəbul etməyin qayğısına qalın.

Əziz oxucularım, unutmayın ki, düzgün qidalanmaqdan orqanizmimizin vəziyyəti, bizim əhvar-ruhiyyəmiz, xarici görünüşümüz bilavasitə asılıdır. Heç bir dava-dərman, heç bir incəsənət və əyləncə, heç bir kosmetika onun yerini verə bilməz.

Əgər siz düzgün qidalanmanın elementar qaydalarına riayət etsəniz xəstəliklər sizdən mütləq yan keçəcək, özünüzü tam gümrah, enerji ilə dolu hiss edəcəksiniz. Bunlar da sizə uğura doğru daha inamla addımlamaqda yardımçı olacaqlar.

İndi də «necə yeməli» qaydalarını diqqətinizə yönəldəcəyəm. Təbii ki, belə qaydalar da müxtəlif mənbələrdə müxtəlif cürdür. Mən yenə də sizə ən çox tövsiyyə olunan qaydaları təqdim edirəm:

1.     Qidanı xırda-xırda dişləyib yeyin.

2.     Hər tikəni yaxşıca çeynəyin.

3.     Yalnız aclıq hiss edəndə yeməyə çalışın.

4.     Əsəbi, həyəcanlı olanda, narahatçılıq hiss edəndə yeməyin.

5.     Yemək prosesində bütün diqqətinizi yeməyə yönəldin.

6.     Ayaq üstündə, uzanıqlı, üzü üstə yemək yeməyin, yalnız oturub yeyin.

7.     Günlük rasionunuzu 2-3 böyük qida qəbulundan 4-5 kiçik qida qəbuluna dəyişin.

8.     Gün ərzində ən çox qidanı günorta naharında qəbul edin. Ən az isə şam yeməyində.

9.     Çalışın, yalnız yeni hazırlanmış qidalar yeyəsiniz. Qalmış, köhnəlmiş yeməklərdən qaçın.

10.                       Çalışın yalnız təbii qidalar yeyəsiniz.

11.                       Qida rasionunuzu qarışıq edin, orada mütləq meyvə, göyərti, ağartı, faydalı dənli bitkilər, paxlalı bitkilər yer alsın.

12.                       Gün ərzində qidadan aldığınız kaloriləri fiziki hərəkətlərlə əritməyə çalışın.

P.S. Sabah daha maraqlısı olacaq: Yer kürəsinin ən faydalı qidaları!

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğu rubrikasında bu dəfə respondentlər portalın vatsapp qrupunun üzvləridir. Əminik ki, müxtəlif, rəngarəng cavablar sizləri təmin edəcək.

Əziz oxucular, bəs sizlər necə düşünürsünüz? Bəs, sizcə, mədəniyyəti internet və mobil telefon təcavüzündən necə xilas etmək olar?

 

 

EKSPRESS-SORĞU

 

Bu gün yazıçı, rejissor, bəstəkar, rəssam necə bir mədəniyyət nümunəsi ortaya qoymalıdır ki, kütləni internet yoluxmasından qopara bilsin? Hansı kriteriyalara riayət etməlidir? 

Çapa hazırladı: Könül.

 

 

Hippokrat çox gözəl söyləyib: " Həyat qısa - sənət əbədidir".

Bəs ciddi sənət nümunələrini hər birimiz yarada bilərikmi? Əlbəttə ki, xeyr.

Daha gözəl bir deyim dilimin ucunda səslənməsini istəyir: "Yazıçı yaşı ilə deyil, başı ilə yazmalıdır". Gözəl yazmaq nə qəliz cümlələrdədir, nə də cümlələrin həcmində.

Bəs necə yazmaq lazımdır ki, kütləni dərin dəryaya səyahətə aparıb düşündürək?

Əminliklə deyə bilərəm ki, bunu hər bir yazıçı öz monoloqunda səsli-səssiz səsləndirmişdir.

Yeri gəlmişkən, Maksim Qorkinin dəyərli fikri lap yerinə düşdü: "Qələmi əlimə almazdan öncə özümə üç sual verirəm: mən nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq istəyirəm".

Həqiqətən, bu suallara cavab vermədən inanmıram ki, mükəmməl əsər ortaya çıxa. Təbii ki, digər yazarlardan fərqlənmək asan deyil.

Mövzu eyni olsa da, hər bir yazar mövzuda novatorçu olmalı və öz fərdi üslubu ilə yanaşıb fərqlənməlidir.

Uzun-uzadı mürəkkəb fikirlərlə də oxucunu yormaq olmaz.

Bəli, hər müəllifin öz oxucu kütləsi olur, amma hər halda elə yazmaq lazımdır ki, hər kəs bu yazıdan zövq alıb nəticə çıxarmağı başarsın.

Uliyam Sommerset gözəl söyləyib: " Qısa və aydın yazmaq səmimi və xeyirxah olmaq qədər çətindir".

İncəsənət insan hisslərini təzahür etdirir.

Ədəbiyyat da söz incəsənətidir.

Bu sahədə də fərqlənmək üçün və kütləni yaxşı mənada "səyahətə aparmaq" üçün səmimi, intellektual olub, birinci növbədə özün özünü aldatmamalısan, çünki oxucu həssas olur, özünü inandırmasan, oxucunu da əsla inandıra bilməzsən.

Fikrimi yekunlaşdıraraq diqqətinizə çatdırım ki, yazar elə əsər  yaratmalıdır ki, oxucu bu yazarı harada görsə, körpə kimi saf məhəbbətlə “üstünə” qaçsın.

(Ülviyyə Əbülfəzqızı)

 


Tarixin tozlu səhifələrini aralasaq, ən barbar tayfaların belə özünəməxsus mədəniyyət nümunələri ilə qarşılaşa bilərik. İlk öncə mədəniyyət deyildikdə mənim şüurum estetik və anlayışlı insan kütləsini ön plana çəkir. Çox təəssüf olsun ki, hazırki dövrdə cəmiyyətdə manqurtlaşma prosesi gedir və insanlar fərqində olmadan monotonlaşmağa və bayağılaşmağa başlayır. Əsrin bəlası bəzən isə xilaskarı kimi göstərilən internet insanların həyatında ön planda olduğu üçün artıq böyük bir kütlə interneti həyatının bir parçası kimi görmək yerinə həyatını internetin fədaisi olaraq təsvir edir. Beləliklə mədəniyyət anlayışı çox ucuzlaşmağa başlayır. “Aktyorlar” ibrətamiz obrazı canlandırmaq yerinə "gülməli" obrazlara üstünlük verir. Rejissorlar kino çəkəndə, cəmiyyətin qara üzünü ağ örpəyə bürüyüb çəkməyə çalışır ki, heç olmasa hər kəs ekranlarda xoşbəxt simalar görsün. Musiqi deyiləndə hamının dilində Üzeyirin mahnıları əzbər oxunur. Amma bu Üzeyir xalqa musiqinin ilk toxumlarını verən Hacıbəyli Üzeyir deyil də, klublarda atəşfəşanlıq edən yeniyetmələrin "mən nələr arzu etdim, qarşıma çıxdı nələr" deyən Mehdizadə Üzeyirdir. Təəssüf ki, dövran dəyişir, mədəniyyət sahəsi daralır. Ölkəmizdə opera-balet, teatr tamaşa zalları, muzeylər kifayət qədər çox olsa da, sanki mədəni ruhumuz artıq ölmüş, zövqlərimizin üstü tozlanmışdır. Bu proses çox təəssüf ki, kitablardan da yan keçməmişdir, biz sosial mediada vaxt keçirməkdə ikən rəflərimizdə gözü həsrətdə qalan kitablarımız toz tutmuşdur. Elə isə nə etməli? İnsanları estetika və mədəniyyətə necə cəlb etməli? Gələcək nəsillərə hansı mədəni nümunələri ötürməli? Yenə böyük bir yük müəllimlərin üzərinə düşməyə başlayır. Məktəbdə şagirdə təməl təhsil verib həyat məktəbinə yola salan dəyərli müəllimlər və öz övladının gələcəyi üçün çalışan valideynlər öncəliklə etika və əxlaq normalarını məhz öz davranışları ilə gənc, hətta körpə nəsilə doğru şəkildə ötürməyi bacarmalı, onları hələ uşaq yaşdan internetdən uzaq tutmaq üçün onlarla daha çox vaxt keçirməli, maddi dəstəklərini əsirgəmədikləri kimi mənəvi-psixoloji dəstəklərini də əsirgəməməlidir. Çünki bir az diqqət etsək, cəmiyyətdə maskalanmış, bayağı həyata meyl edən, özünü xoşbəxt sayan bir kütlə var ki, çox dərinlərdə bir yerdə ağır yaralar almış, uşaq yaşlarından yalnızlığa məhkum edilmiş, susdurulub heç sayılmışlar. Elə buna görə də, onlar "şeytan insanı çətin anında aldadar" misalı özlərini sosial media batağlığında çirkaba bulaşmış görürlər. Tam tərsi olan bir kütləyə diqqət yetirsək, hər sahəyə meyl edə bilən, özündən əmin, incəsənətə dəyər verən, kitablarla yol yoldaşı olan, tənqid və təhqirlər yerinə anlayışlı yanaşan, insanları alçaltmaqdan zövq almaq yerinə onlara dəstək ola bilən bir nəsil görərik ki, məhz bu nəsil gələcəyin son ümid qırıntılarıdır. Hər şey ailədən başlayır və ailədə bitir.

Əziz valideynlər, övladınızın telefonla çox oynamağına göz yumub, xəyalları ilə oynayıb, gələcəyə özünə inanmayan ucuz zövqlərə sahib fərdlər yetişdirmək əvəzinə, onlara əxlaq, etika və estetika anlayışlarını düzgün aşılaya bilsəniz, rejissorlar vecsiz rollar biçməz, aktyorlar hissiz obrazlara həyat verməz, yazıçılar paslı qələmlərini təzə mürəkkəblərlə əvəz edər və bəlkə də, hər gün minlərlə ruh əlacsız qalıb yeyən, danışan, iş görən, hətta gülə bilən cismlərin pəncərəsindən intihar etməz.

(Kubra Quliyeva)

 

Yazmaq-nə və nəyi yazmaq?

Bəstələmək-nə və nəyi bəstələmək?

Çəkmək və nə və nəyi çəkmək? və s...

Bu gün dünyamız hər keçən gün daha da dəyişməkdə, daha da inkişaf etməkdədir. Dəyişmək gözəldir, inkişaf etmək daha da gözəldir. Amma əsas olan bəzi dəyişiklilər, bəzi inkişaflar bizi gözəlliyə doğru istiqamətləndirirmi? İnsan şeir yazmağı, musiqi bəstələməyi, rəsm çəkməyi və s. bacaran süni intellekt qarşısında ağ bayraq qaldıraraq təslim olmalıdırmı və ya əksinə? Unutmayaq ki, bütün inkişafları yaradan da insan zəkası, insan beynidir, eyni zamanda məhv edən də. Həmçinin bəşəriyyət internet bəlasına yoluxmaqdadır və mən bunu internet pandemiyası kimi də dəyərləndirərdim, daha dəhşətli bir pandemiya. Bu pandemiyadan xilas olmaq üçün sənət adamının üzərinə böyük bir məsuliyyət düşür. Kütləni nəinki internetdən, ümumiyyətlə pis vərdişlərdən, xeyrsiz aludəçilikdən uzaqlaşdlrmaq üçün sənətkar meydana bacardıqca daha fərqli əsərlər qoymalı və sözünü deməlidir. O, müasir insanı təəccübləndirməyin bir o qədər də asan olmadığını unutmamalı, sadəcə yazmaq, bəstələmək, çəkmək və s. ilə kifayətlənməməli, daha dərinliklərə baş vuraraq mümkün qədər daha çox araşdırmalı, daha çox informasiya əldə etməlidir...

Və təbii ki, öz təxəyyülünün gücündən maksimum dərəcədə yararlanmalı, xəyallarına sərhəd tanımamalıdır. Olmuşları yazmaqdan daha çox, ola biləcəkləri yazmalı, kütləni maarifləndirməlidir. Bu günü düzgün oxumağı bacarmayanlar, sabahı heç hərfləyə də bilməz. Nə gözəl söyləmiş Atatürk: “Üfüqi görmək azdır, onun ötəsi gərək”.

Kütləni internet yoluxmasından qopara bilmək üçün Mən, Sən, O və ümumiyyətlə hər birimiz, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, işıqlı sabahlarımız naminə səfərbər olmalı, bu yoldan əsla geri çəkilməməliyik.

Sonda “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin belə gözəl bir ifadəsini nəzərinizə çatdırmaq istəyirəm: “Elə yaşayın ki, sosial şəbəkələrə zamanınız qalmasın” 

(Habil Yaşar)

 

Hər bir ölkənin gələcəyi intellektual səviyyəli gənc kadrların yetişdirilməsindən, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşdırılmalıdır. Bəzən başqa sahənin insanlarına da rəssam deyirlər. Məsəl üçün, ruslar hətta bəstəkar, jurnalist və digər sahələrin nümayəndələrini də “xudojnik” adlandırırlar. Rəssam tək rəngi yox, hər bir şeyi görmək iqtidarında olandır, dünyəvi insan olmalıdır. Başını aşağı salıb, şəkil çəkməklə rəssam olmaq olmur. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında fəal iştirakından çox asılıdır. Gənclərlə iş sahəsində görülən tədbirlər  gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Rejissor filmi çəkdiyində onu gələçək gənçlərimizin görüb ğötürməsini düsunməlidir, aktyor rolunu elə oynamalidir ki,  insanın içində həqiqət, hiss , duyğu yaransın. İnsanlarin gözunu həqiqətə acmaq, gözəl həyati, təbiəti vəsf etmək  lazimdır, insanları kutləsdirimək deyil. Həyat sadəcə o texniki robotdan ibarət  deyil, həyatın gözəlliyi var və texniki, fantastik filmlərə, ekşnlara izin verilməməlidir ki, zövqləri korşaltsın.

(İradə Allahverdiyeva) 

 

Bu gün müasir dövrdə retro sevənlər və yeni tipli ədəbiyyat və incəsənət sevənlər vardır. Oxucular kitab oxuyarkən dünyagörüşünə və nitqinə yeniliklər qatır, əlavə olaraq lüğətini genişləndirir . Indiki dövrdə əsl oxucular azdır. Teatra gedən yox dərəcəsindədir. Kütlənin mərkəzi nöqtəsi internetdir. Bəs bunu necə dəyişə bilərik? Ədəbiyyat və incəsənəti insanların maraq dairəsinə necə salmaq olar?

Ədəbiyyatda müəyyən mövzular var ki, ona əsaslanıb nəsr və ya nəzm yazılır. Dövr və zamanə irərliyib inkişaf edirsə, ədəbiyyat və incəsənət də inkişaf etməlidir. Məsəlçün, mən deyərdim ki, yazıçı o şəxs deyil ki, nəsə bir şey yazıb. O yazıdan dərs alınmalıdır, nümunə gotürülməlidir. Əsas olaraq siz o əsərdə yazıçı ilə telepatiyaya girməlisiniz. Əsərlərin insanlarda iz buraxan bir cümləsi, misrası olmalıdır. Söz yığını yazanına yazar adı vermək düzgün deyil. Rejissorun çəkdiyi filmin izləyici üzərində təsirinə fikir verilməlidir. Kino daxilində intriqalar və şiddət olmalı deyil. Mənfi qüvvəli mövzuları ekrana vermək düzgün deyil. Izləyici özünə xoş gələn kinoya baxır. Televiziyada senarilərin çoxu o qədər mənasızdır ki, adam dəhşətə gəlir ki, buna axı kim və niyə baxır? Elə filmlər çəkilməlidir ki, insanların maariflənmə səviyyəsinə müsbət təsir göstərsin, insanlar yeni faktlar öyrənsinlər.

Baxın. Insanların beynindəki Leyli və Məcnun sevgisi dillər dastanı olan bir sevgi hekayəsidir. Amma indi sevgiyə olan inama da əsərlər və filmlər sadəcə zərbə vururlar. Müsbət mövzular və aktual məsələlər ön planda olmalıdır. Mövzuları adiləşdirmək yox, canlandırmaq lazımdır. Rəssamlıq əsərlərində isə mövzuya fərqli bir pəncərə açılır. Əsərin anlaşılması üçün dünyagörüşü və baxış tərzi əsas rol oynayır. "Mona Liza" əsəri hər zaman sirri və gözəlliyi ilə aktual olmuşdur . Amma “bir meyvəni divana bantlayıb” abstraksizm adı altında 120 minə satıb, yerinə yenidən “meyvə bantlamaq” incəsənətə aid deyil . Incəsənət görməyi bilənədir. Nəticədə yazıçı, rejissor, bəstəkar və rəssama düşən məsuliyyət eynidir . Bir sözlə, bu kəslərin yaratdıqları əsərlər xalqın maariflənməsinə, dünyagörüşünün  inkişafına və mənəvi maraqlarına uyğun olmalıdır. Əgər bunlar inkişaf edirsə, artıq insan kütləsi yox, cəmiyyət bərqərar olur .

(Zəhra Allahverdiyeva)

 

Düşünürəm ki, hər dövrdə sənətkar adı alıb o ada layiq olmayanlar vardır və olacaq da. Lakin daha öncələr internet şəbəkəsi aktual olmadığı üçün və televizorlara sayılan, seçilən şəxsiyyətlərin dəvət edildiyi üçün zövqlər də yerində idi. İndi isə günümüzün ən aktual problemi olan zövqlərin korlanmasında əsas rolu həm internet daşıyır, həm də müxtəlif digər təbliğat vasitələri. Bəs sənətkar nə etsin? Sənətkar xalqının nəbzini tutmağı bacarmalıdır. Yaxın günlərdə gənc bir musiqiçinin ifasını dinlədim, retro üslubunda idi, məni valeh etdi. İkinci məsələ, qeyd edirik ki, ən böyük təbliğat vasitəsi indi internetdirsə, bu kimi gözəl musiqilərin internetdə trendə çıxması çətin olur, nədənsə səviyyəli məsələləri trend etməklə heç bizim camaatın arası yoxdur. Və bəli... Yazıçı, sənətkar nə qədər ən yaxşısını etməyə çalışsa da əgər təbliğatı güclü deyilsə, ona çox çətin olacaq, buna görə də çox çalışmalıyıq. Xalqın nəbzini həm də sosial şəbəkədə tutmağa can atmalıyıq.

Səviyyəli işləri bacardığmız qədər hər qabağımıza çıxdıqca yaymalı, daha çoxunun görməsinə şərait yaratmalıyıq və həmin müəllif də iki ayağını bir başmağa dirəməli, el dilində desək, inadından dönməyərək özünü tanıtdırmağı bacarmalıdır. Bəli, bu da mühümdür, sosiallığmızı qorumalıyı , işlərimizi daha çoxuna tanıtdırmaq üçün...

Bilirəm, əziz yaradıcılar! Nə qədər çoxuna yaymağı istəsəniz də, 5-indən 2-i yaymağa çalışacaq, 3-ü üstündən keçəcək... Nədənsə özləri də gözəl olduğunu qəbul etsə belə paylaşmayacaqlar. Amma ruhdan əsla düşməyək! Yazaq, yaradaq, bir gün haqq yerini mütləq tutacaqdır!

(Nigar Həsənzadə)

 

Ancaq və yenə də altını cızaraq, İlahi məntiqə əsaslanıb təklif edirəm: Elmi  məntiqə yiyələndikcə, bəsirət gözümüz açıldıqdan sonra həyat mənalı, məzmunlu olar...

(Elmira İsmayilova) 

 

Daha interaktiv bir dövrdə yaşadığımız üçün insanlar hər şeyin daha yığcam, daha lakonik bir dildə təqdim olunmasını istəyirlər. Bu baxımdan filmlərin və serialların metrajı azalıb. Eləcə də kitablar daha yığcamlaşdırılıb. Müasir yazarlar belə əvvəlki klassikkər kimi uzun əsərlərə ehtiyac görmür və cib kitabı ölçüsündə kitablar yazmağa başlayır. Düşünürəm ki, hal-hazırda axın bu yöndədir. Qarşı çıxıb onu dəyişməyə çalışmaqdansa anın dadını çıxarıb müasir dövrümüzlə ayaqlaşmaq ən yaxşısıdır. Əlbəttə, bir müddət sonra bu da dəbdən düşəcək və insanların istəkləri dəyişəcək. 

Digər bir yol isə hər üslubdan kitablar yazıb paylaşılması üçün ehtiyac olan dövrü gözləməkdən ibarətdir.

(Uraqan Abdullayev)

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.