“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğu rubrikasında bu dəfə respondentlər portalın vatsapp qrupunun üzvləridir. Əminik ki, müxtəlif, rəngarəng cavablar sizləri təmin edəcək.
Əziz oxucular, bəs sizlər necə düşünürsünüz? Bəs, sizcə, mədəniyyəti internet və mobil telefon təcavüzündən necə xilas etmək olar?
EKSPRESS-SORĞU
Bu gün yazıçı, rejissor, bəstəkar, rəssam necə bir mədəniyyət nümunəsi ortaya qoymalıdır ki, kütləni internet yoluxmasından qopara bilsin? Hansı kriteriyalara riayət etməlidir?
Çapa hazırladı: Könül.
Hippokrat çox gözəl söyləyib: " Həyat qısa - sənət əbədidir".
Bəs ciddi sənət nümunələrini hər birimiz yarada bilərikmi? Əlbəttə ki, xeyr.
Daha gözəl bir deyim dilimin ucunda səslənməsini istəyir: "Yazıçı yaşı ilə deyil, başı ilə yazmalıdır". Gözəl yazmaq nə qəliz cümlələrdədir, nə də cümlələrin həcmində.
Bəs necə yazmaq lazımdır ki, kütləni dərin dəryaya səyahətə aparıb düşündürək?
Əminliklə deyə bilərəm ki, bunu hər bir yazıçı öz monoloqunda səsli-səssiz səsləndirmişdir.
Yeri gəlmişkən, Maksim Qorkinin dəyərli fikri lap yerinə düşdü: "Qələmi əlimə almazdan öncə özümə üç sual verirəm: mən nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq istəyirəm".
Həqiqətən, bu suallara cavab vermədən inanmıram ki, mükəmməl əsər ortaya çıxa. Təbii ki, digər yazarlardan fərqlənmək asan deyil.
Mövzu eyni olsa da, hər bir yazar mövzuda novatorçu olmalı və öz fərdi üslubu ilə yanaşıb fərqlənməlidir.
Uzun-uzadı mürəkkəb fikirlərlə də oxucunu yormaq olmaz.
Bəli, hər müəllifin öz oxucu kütləsi olur, amma hər halda elə yazmaq lazımdır ki, hər kəs bu yazıdan zövq alıb nəticə çıxarmağı başarsın.
Uliyam Sommerset gözəl söyləyib: " Qısa və aydın yazmaq səmimi və xeyirxah olmaq qədər çətindir".
İncəsənət insan hisslərini təzahür etdirir.
Ədəbiyyat da söz incəsənətidir.
Bu sahədə də fərqlənmək üçün və kütləni yaxşı mənada "səyahətə aparmaq" üçün səmimi, intellektual olub, birinci növbədə özün özünü aldatmamalısan, çünki oxucu həssas olur, özünü inandırmasan, oxucunu da əsla inandıra bilməzsən.
Fikrimi yekunlaşdıraraq diqqətinizə çatdırım ki, yazar elə əsər yaratmalıdır ki, oxucu bu yazarı harada görsə, körpə kimi saf məhəbbətlə “üstünə” qaçsın.
(Ülviyyə Əbülfəzqızı)
Tarixin tozlu səhifələrini aralasaq, ən barbar tayfaların belə özünəməxsus mədəniyyət nümunələri ilə qarşılaşa bilərik. İlk öncə mədəniyyət deyildikdə mənim şüurum estetik və anlayışlı insan kütləsini ön plana çəkir. Çox təəssüf olsun ki, hazırki dövrdə cəmiyyətdə manqurtlaşma prosesi gedir və insanlar fərqində olmadan monotonlaşmağa və bayağılaşmağa başlayır. Əsrin bəlası bəzən isə xilaskarı kimi göstərilən internet insanların həyatında ön planda olduğu üçün artıq böyük bir kütlə interneti həyatının bir parçası kimi görmək yerinə həyatını internetin fədaisi olaraq təsvir edir. Beləliklə mədəniyyət anlayışı çox ucuzlaşmağa başlayır. “Aktyorlar” ibrətamiz obrazı canlandırmaq yerinə "gülməli" obrazlara üstünlük verir. Rejissorlar kino çəkəndə, cəmiyyətin qara üzünü ağ örpəyə bürüyüb çəkməyə çalışır ki, heç olmasa hər kəs ekranlarda xoşbəxt simalar görsün. Musiqi deyiləndə hamının dilində Üzeyirin mahnıları əzbər oxunur. Amma bu Üzeyir xalqa musiqinin ilk toxumlarını verən Hacıbəyli Üzeyir deyil də, klublarda atəşfəşanlıq edən yeniyetmələrin "mən nələr arzu etdim, qarşıma çıxdı nələr" deyən Mehdizadə Üzeyirdir. Təəssüf ki, dövran dəyişir, mədəniyyət sahəsi daralır. Ölkəmizdə opera-balet, teatr tamaşa zalları, muzeylər kifayət qədər çox olsa da, sanki mədəni ruhumuz artıq ölmüş, zövqlərimizin üstü tozlanmışdır. Bu proses çox təəssüf ki, kitablardan da yan keçməmişdir, biz sosial mediada vaxt keçirməkdə ikən rəflərimizdə gözü həsrətdə qalan kitablarımız toz tutmuşdur. Elə isə nə etməli? İnsanları estetika və mədəniyyətə necə cəlb etməli? Gələcək nəsillərə hansı mədəni nümunələri ötürməli? Yenə böyük bir yük müəllimlərin üzərinə düşməyə başlayır. Məktəbdə şagirdə təməl təhsil verib həyat məktəbinə yola salan dəyərli müəllimlər və öz övladının gələcəyi üçün çalışan valideynlər öncəliklə etika və əxlaq normalarını məhz öz davranışları ilə gənc, hətta körpə nəsilə doğru şəkildə ötürməyi bacarmalı, onları hələ uşaq yaşdan internetdən uzaq tutmaq üçün onlarla daha çox vaxt keçirməli, maddi dəstəklərini əsirgəmədikləri kimi mənəvi-psixoloji dəstəklərini də əsirgəməməlidir. Çünki bir az diqqət etsək, cəmiyyətdə maskalanmış, bayağı həyata meyl edən, özünü xoşbəxt sayan bir kütlə var ki, çox dərinlərdə bir yerdə ağır yaralar almış, uşaq yaşlarından yalnızlığa məhkum edilmiş, susdurulub heç sayılmışlar. Elə buna görə də, onlar "şeytan insanı çətin anında aldadar" misalı özlərini sosial media batağlığında çirkaba bulaşmış görürlər. Tam tərsi olan bir kütləyə diqqət yetirsək, hər sahəyə meyl edə bilən, özündən əmin, incəsənətə dəyər verən, kitablarla yol yoldaşı olan, tənqid və təhqirlər yerinə anlayışlı yanaşan, insanları alçaltmaqdan zövq almaq yerinə onlara dəstək ola bilən bir nəsil görərik ki, məhz bu nəsil gələcəyin son ümid qırıntılarıdır. Hər şey ailədən başlayır və ailədə bitir.
Əziz valideynlər, övladınızın telefonla çox oynamağına göz yumub, xəyalları ilə oynayıb, gələcəyə özünə inanmayan ucuz zövqlərə sahib fərdlər yetişdirmək əvəzinə, onlara əxlaq, etika və estetika anlayışlarını düzgün aşılaya bilsəniz, rejissorlar vecsiz rollar biçməz, aktyorlar hissiz obrazlara həyat verməz, yazıçılar paslı qələmlərini təzə mürəkkəblərlə əvəz edər və bəlkə də, hər gün minlərlə ruh əlacsız qalıb yeyən, danışan, iş görən, hətta gülə bilən cismlərin pəncərəsindən intihar etməz.
(Kubra Quliyeva)
Yazmaq-nə və nəyi yazmaq?
Bəstələmək-nə və nəyi bəstələmək?
Çəkmək və nə və nəyi çəkmək? və s...
Bu gün dünyamız hər keçən gün daha da dəyişməkdə, daha da inkişaf etməkdədir. Dəyişmək gözəldir, inkişaf etmək daha da gözəldir. Amma əsas olan bəzi dəyişiklilər, bəzi inkişaflar bizi gözəlliyə doğru istiqamətləndirirmi? İnsan şeir yazmağı, musiqi bəstələməyi, rəsm çəkməyi və s. bacaran süni intellekt qarşısında ağ bayraq qaldıraraq təslim olmalıdırmı və ya əksinə? Unutmayaq ki, bütün inkişafları yaradan da insan zəkası, insan beynidir, eyni zamanda məhv edən də. Həmçinin bəşəriyyət internet bəlasına yoluxmaqdadır və mən bunu internet pandemiyası kimi də dəyərləndirərdim, daha dəhşətli bir pandemiya. Bu pandemiyadan xilas olmaq üçün sənət adamının üzərinə böyük bir məsuliyyət düşür. Kütləni nəinki internetdən, ümumiyyətlə pis vərdişlərdən, xeyrsiz aludəçilikdən uzaqlaşdlrmaq üçün sənətkar meydana bacardıqca daha fərqli əsərlər qoymalı və sözünü deməlidir. O, müasir insanı təəccübləndirməyin bir o qədər də asan olmadığını unutmamalı, sadəcə yazmaq, bəstələmək, çəkmək və s. ilə kifayətlənməməli, daha dərinliklərə baş vuraraq mümkün qədər daha çox araşdırmalı, daha çox informasiya əldə etməlidir...
Və təbii ki, öz təxəyyülünün gücündən maksimum dərəcədə yararlanmalı, xəyallarına sərhəd tanımamalıdır. Olmuşları yazmaqdan daha çox, ola biləcəkləri yazmalı, kütləni maarifləndirməlidir. Bu günü düzgün oxumağı bacarmayanlar, sabahı heç hərfləyə də bilməz. Nə gözəl söyləmiş Atatürk: “Üfüqi görmək azdır, onun ötəsi gərək”.
Kütləni internet yoluxmasından qopara bilmək üçün Mən, Sən, O və ümumiyyətlə hər birimiz, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, işıqlı sabahlarımız naminə səfərbər olmalı, bu yoldan əsla geri çəkilməməliyik.
Sonda “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin belə gözəl bir ifadəsini nəzərinizə çatdırmaq istəyirəm: “Elə yaşayın ki, sosial şəbəkələrə zamanınız qalmasın”
(Habil Yaşar)
Hər bir ölkənin gələcəyi intellektual səviyyəli gənc kadrların yetişdirilməsindən, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşdırılmalıdır. Bəzən başqa sahənin insanlarına da rəssam deyirlər. Məsəl üçün, ruslar hətta bəstəkar, jurnalist və digər sahələrin nümayəndələrini də “xudojnik” adlandırırlar. Rəssam tək rəngi yox, hər bir şeyi görmək iqtidarında olandır, dünyəvi insan olmalıdır. Başını aşağı salıb, şəkil çəkməklə rəssam olmaq olmur. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında fəal iştirakından çox asılıdır. Gənclərlə iş sahəsində görülən tədbirlər gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Rejissor filmi çəkdiyində onu gələçək gənçlərimizin görüb ğötürməsini düsunməlidir, aktyor rolunu elə oynamalidir ki, insanın içində həqiqət, hiss , duyğu yaransın. İnsanlarin gözunu həqiqətə acmaq, gözəl həyati, təbiəti vəsf etmək lazimdır, insanları kutləsdirimək deyil. Həyat sadəcə o texniki robotdan ibarət deyil, həyatın gözəlliyi var və texniki, fantastik filmlərə, ekşnlara izin verilməməlidir ki, zövqləri korşaltsın.
(İradə Allahverdiyeva)
Bu gün müasir dövrdə retro sevənlər və yeni tipli ədəbiyyat və incəsənət sevənlər vardır. Oxucular kitab oxuyarkən dünyagörüşünə və nitqinə yeniliklər qatır, əlavə olaraq lüğətini genişləndirir . Indiki dövrdə əsl oxucular azdır. Teatra gedən yox dərəcəsindədir. Kütlənin mərkəzi nöqtəsi internetdir. Bəs bunu necə dəyişə bilərik? Ədəbiyyat və incəsənəti insanların maraq dairəsinə necə salmaq olar?
Ədəbiyyatda müəyyən mövzular var ki, ona əsaslanıb nəsr və ya nəzm yazılır. Dövr və zamanə irərliyib inkişaf edirsə, ədəbiyyat və incəsənət də inkişaf etməlidir. Məsəlçün, mən deyərdim ki, yazıçı o şəxs deyil ki, nəsə bir şey yazıb. O yazıdan dərs alınmalıdır, nümunə gotürülməlidir. Əsas olaraq siz o əsərdə yazıçı ilə telepatiyaya girməlisiniz. Əsərlərin insanlarda iz buraxan bir cümləsi, misrası olmalıdır. Söz yığını yazanına yazar adı vermək düzgün deyil. Rejissorun çəkdiyi filmin izləyici üzərində təsirinə fikir verilməlidir. Kino daxilində intriqalar və şiddət olmalı deyil. Mənfi qüvvəli mövzuları ekrana vermək düzgün deyil. Izləyici özünə xoş gələn kinoya baxır. Televiziyada senarilərin çoxu o qədər mənasızdır ki, adam dəhşətə gəlir ki, buna axı kim və niyə baxır? Elə filmlər çəkilməlidir ki, insanların maariflənmə səviyyəsinə müsbət təsir göstərsin, insanlar yeni faktlar öyrənsinlər.
Baxın. Insanların beynindəki Leyli və Məcnun sevgisi dillər dastanı olan bir sevgi hekayəsidir. Amma indi sevgiyə olan inama da əsərlər və filmlər sadəcə zərbə vururlar. Müsbət mövzular və aktual məsələlər ön planda olmalıdır. Mövzuları adiləşdirmək yox, canlandırmaq lazımdır. Rəssamlıq əsərlərində isə mövzuya fərqli bir pəncərə açılır. Əsərin anlaşılması üçün dünyagörüşü və baxış tərzi əsas rol oynayır. "Mona Liza" əsəri hər zaman sirri və gözəlliyi ilə aktual olmuşdur . Amma “bir meyvəni divana bantlayıb” abstraksizm adı altında 120 minə satıb, yerinə yenidən “meyvə bantlamaq” incəsənətə aid deyil . Incəsənət görməyi bilənədir. Nəticədə yazıçı, rejissor, bəstəkar və rəssama düşən məsuliyyət eynidir . Bir sözlə, bu kəslərin yaratdıqları əsərlər xalqın maariflənməsinə, dünyagörüşünün inkişafına və mənəvi maraqlarına uyğun olmalıdır. Əgər bunlar inkişaf edirsə, artıq insan kütləsi yox, cəmiyyət bərqərar olur .
(Zəhra Allahverdiyeva)
Düşünürəm ki, hər dövrdə sənətkar adı alıb o ada layiq olmayanlar vardır və olacaq da. Lakin daha öncələr internet şəbəkəsi aktual olmadığı üçün və televizorlara sayılan, seçilən şəxsiyyətlərin dəvət edildiyi üçün zövqlər də yerində idi. İndi isə günümüzün ən aktual problemi olan zövqlərin korlanmasında əsas rolu həm internet daşıyır, həm də müxtəlif digər təbliğat vasitələri. Bəs sənətkar nə etsin? Sənətkar xalqının nəbzini tutmağı bacarmalıdır. Yaxın günlərdə gənc bir musiqiçinin ifasını dinlədim, retro üslubunda idi, məni valeh etdi. İkinci məsələ, qeyd edirik ki, ən böyük təbliğat vasitəsi indi internetdirsə, bu kimi gözəl musiqilərin internetdə trendə çıxması çətin olur, nədənsə səviyyəli məsələləri trend etməklə heç bizim camaatın arası yoxdur. Və bəli... Yazıçı, sənətkar nə qədər ən yaxşısını etməyə çalışsa da əgər təbliğatı güclü deyilsə, ona çox çətin olacaq, buna görə də çox çalışmalıyıq. Xalqın nəbzini həm də sosial şəbəkədə tutmağa can atmalıyıq.
Səviyyəli işləri bacardığmız qədər hər qabağımıza çıxdıqca yaymalı, daha çoxunun görməsinə şərait yaratmalıyıq və həmin müəllif də iki ayağını bir başmağa dirəməli, el dilində desək, inadından dönməyərək özünü tanıtdırmağı bacarmalıdır. Bəli, bu da mühümdür, sosiallığmızı qorumalıyı , işlərimizi daha çoxuna tanıtdırmaq üçün...
Bilirəm, əziz yaradıcılar! Nə qədər çoxuna yaymağı istəsəniz də, 5-indən 2-i yaymağa çalışacaq, 3-ü üstündən keçəcək... Nədənsə özləri də gözəl olduğunu qəbul etsə belə paylaşmayacaqlar. Amma ruhdan əsla düşməyək! Yazaq, yaradaq, bir gün haqq yerini mütləq tutacaqdır!
(Nigar Həsənzadə)
Ancaq və yenə də altını cızaraq, İlahi məntiqə əsaslanıb təklif edirəm: Elmi məntiqə yiyələndikcə, bəsirət gözümüz açıldıqdan sonra həyat mənalı, məzmunlu olar...
(Elmira İsmayilova)
Daha interaktiv bir dövrdə yaşadığımız üçün insanlar hər şeyin daha yığcam, daha lakonik bir dildə təqdim olunmasını istəyirlər. Bu baxımdan filmlərin və serialların metrajı azalıb. Eləcə də kitablar daha yığcamlaşdırılıb. Müasir yazarlar belə əvvəlki klassikkər kimi uzun əsərlərə ehtiyac görmür və cib kitabı ölçüsündə kitablar yazmağa başlayır. Düşünürəm ki, hal-hazırda axın bu yöndədir. Qarşı çıxıb onu dəyişməyə çalışmaqdansa anın dadını çıxarıb müasir dövrümüzlə ayaqlaşmaq ən yaxşısıdır. Əlbəttə, bir müddət sonra bu da dəbdən düşəcək və insanların istəkləri dəyişəcək.
Digər bir yol isə hər üslubdan kitablar yazıb paylaşılması üçün ehtiyac olan dövrü gözləməkdən ibarətdir.
(Uraqan Abdullayev)
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)