Super User

Super User

Həqiqi ədəbiyyat biliciləri üçün Eurasian Creative Guild təsisatından super təklif var! Əfsanəvi Amerika yazıçısı Harriet Beecher-Stounun yazdığı "Tom dayının daxması" nadir antik kitabının (Uncle Tom’s Cabin; or, Life Among the Lowly) sahibi olmaq üçün unikal fürsətiniz yaranıb. Bundan ötrü online hərracda iştirak edə bilərsiniz. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab 1898-ci ildə, yəni 125 il əvvəl Londonda nəşr edilmişdir. 

"Tom dayının daxması" XIX əsrin ən çox satılan romanı və müqəddəs “Bibliya” kitabından sonra ikinci ən çox satılan kitabdır.

Auksion bir həftədir davam edir və bu gün - iyulun 10-da başa çatacaq. Auksionun başlanğıc qiyməti 1 funt sterlinq müəyyənləşib, siz də öz təkliflərinizi göndərmək istəyirsinizsə, “Ədəbiyyat və incəsənət” portalının email ünvanına yazın və sizə auksionun şərtləri, eləcə də vatsapp nömrəsi təqdim ediləcək. 

Sonda ən böyük məbləğ təklif edənə kitab satılacaq. Hərracın qalibinə kitab istəyinə görə ya poçtla göndəriləcək, ya da, Londonda və ya digər seçilmiş şəhərdə şəxsən təqdim ediləcək. 

Eurasian Creative Guild təsisatı bundan öncə Elvis Presliyə məxsus pul sikkəsini online auksionda satmaq təcrübəsinə malikdit, hərraclardan əldə edilən vəsait mədəniyyətin təbliği işlərinə xərclənir.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Bu gün Bakıdakı Rus evində “Ravnovesiye” rəsm və heykəltəraşlıq əsərlərinin sərgisi açılacaq.

Bakılı sənətsevərlərin diqqətinə heykəltəraş Vladimir Amodeo və rəssam Alla Şaxmatovanın əsərləri təqdim olunacaq.

 

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, Alla Şaxmatova Samara Dövlət İncəsənət Muzeyinin direktoru, çoxsaylı sərgi, festival, mədəni və təhsil tədbir və proqramların iştirakçısı və təşkilatçısıdır. Vladimir Amodeo isə əsərləri Rusiyanın müxtəlif şəhərləri, o cümlədən Samara, Lipetsk, Tambov, Yaltada geniş təqdim olunan heykəltəraşdır.

Sərgi saat 19:00-da açılacaq.

Giriş pulsuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

İyulun 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 113-cü teatr mövsümünün bağlanış mərasimi olacaq. 

Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Rüstəmova məlumat yayıb. 

 

“Mövsümə Ulu Öndər Heydər Əliyevin 100 illik, Peşəkar Milli Teatrın 150 illik yubileyi ilə əlaqədar “Sən elə bir zirvəsən” tamaşası ilə yekun vurulacaq”, - deyə o bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

18 –ci dərc

 

Teymur Əliyev küçəsindəki villanın iri darvazası yavaş-yavaş açıldı. Həyətdən çıxan qara rəngli «Mercedes» sağ tərəfdən gələn maşına yol verib sola döndü və şəhərin mərkəzinə tərəf yan aldı. Avtomatik darvaza açıldığı kimi də bağlandı. Bu vaxt həmin küçənin başında dayanmış köhnə, üstündə «taksi» nişanı olan qırmızı rəngli «Jiquli»nin sürücüsü mühərriki işə salıb bir neçə saniyə ara verdikdən sonra yerindən tərpəndi.

Təxminən iyirmi beş dəqiqədən sonra «Mercedes» Badamdar qəsəbəsinə çatıb  girişində söyüd ağacı əkilmiş, naxışlı tunc skamya qoyulmuş meydança olan bir villanın qarşısında dayandı. Bir qədər sonra villanın darvazası açıldı və «Mercedes» həyətə girdi. Villanın sahibi qonağını həyətin ortasında dayanıb gözləyirdi. Maşından düşən qonaqla onu gülər üzlə qarşılayan ev sahibi qucaqlaşıb görüşdülər. Villanın sahibi bütün şəhərin Day-day kimi tanıdığı İsfəndiyar Mövlayev, qonağı isə, onun uzun illər dostluq etdiyi, şəhərdə heç də ondan az tanınmayan Səlim Zamanlı idi.

Bütün bunları bayaqdan qara rəngli «Mercedes»i qarabaqara izləyən «Jiquli»nin sürücüsü bağlanmaqda olan darvazadan müşahidə etdikdən sonra bir qədər irəlidəki transformatorun yanından maşını geriyə döndərdi. O, son iki gündə evindən çıxmayan Səlim Zamanlınınnəhayət evindən çıxarkən ilk gedəcəyi ünvanı dəqiqləşdirmək tapşırığı almış və indi bu tapşırığı yerinə yetirmişdi. Daha burada onluq bir iş qalmırdı, sadəcə ona deyilən yerdə deyilən adamla görüşüb gördüklərini ona çatdırmalı idi.

 

* * *

Telefona gələn zəngə cavab verən gənc qız dəstəyi rəfiqəsinə uzatdı:

-Səni istəyirlər, Layiqə.

Layiqə tez dəstəyi ondan aldı.

-Bəli, eşidirəm.

-Axşam qiyafəni tanınmaz elə, təxminən saat 6-dan 8-dək ofisin qarşısındakı ağacda işarə olub-olmamasını öyrən. Sonra nə etmək lazım olduğunu bilirsən. Əgər işarə olmasa, səhər hər üç saatdan bir eyni şeyi təkrarla.

-Başa düşdüm.

Dəstəyi asan Layiqə saata baxdı. Saat üçə on dəqiqə qalırdı. Hazırlaşıb deyilən yerdə olması üçün kifayət qədər vaxtı var idi.

Masanın üzərindəki şahmat lövhəsində at fiquru ilə gediş edən Layiqə üzünü rəfiqəsinə tutdu:

-Gəl, sənə üçüncü matı da verim.

 

* * *

Gülanənin verdiyisəhər yeməyi məni necə tutmuşdusa, saat 3 olsa da, aclıq hiss etmirdim. Ancaq yaxşı bir çay içmək heç də pis olmazdı. Həm də axşamacan elə bir işim də yox idi. Ətrafa boylandım. Aha, bu da kafe. Skamyadan qalxıb kafeyə tərəf getdim. Vitrin şüşədən içəri boylananda iki gəncdən başqa heç kimin olmadığını gördüm. Bu məni qane edirdi. Səs-küylü yerləri heç sevmirəm. Xüsusilə tapşırıq aldığım vaxtlarda. Belə hallarda beynimdə daim o işin haqqında fikirləşirəm. Səs-küysə mənə fikirləşməyə mane olur.

Kafeyə girib ən küncdəki masada, üzü qapıya tərəf oturdum. Yaxınlaşan ofisiant qıza çay və paxlava gətirməsini tapşırdım. Bir qədər sonra sifarişi masanın üzərinə düzən qız sakitcə uzaqlaşdı.

Özümə çay süzüb soyumasını gözlədim.

Əgər işarə verilərsə, saat neçə olursa olsun, bu gün Matvey Semyonoviçlə bir daha görüşəcəkdim. Bu qısamüddətli təsir vasitəsi də ola bilərdi. O zaman görüşü səhərə saxlamağım işləri korlaya bilərdi. Ancaq istənilən halda, əvvəlcə cavabı götürüb sonra Biləcəriyə gedəcəkdim. Söhbət zamanı Matvey Semyonoviçə tətbiq olunmuş təsir vasitəsi barədə məlumatsız olmağım, ona qarşı silahsız olmağıma bərabər olardı. Yox, işarə verilməzsə və işlər sabaha qalarsa, onda saat 8-dən sonra birbaşa Gülanənin yanına gedəcək, rahat-rahat Səttarın şifrinin üzərində baş sındıracaqdım.

Paxlavadan dişləyib, çaydan bir qurtum aldım.

İndi qayıdaq Salamın işinə. Gün kimi ayıdndır ki, bu uşağın «Karat»ın ölümündə heç bir günahı yoxdur. Ancaq işi elə qurublar ki, hər şey ona qarşıdır. Düşünmürəm ki, cinayətkar heç bir iz qoymayıb. Sadəcə, məlum səbəbdən bu işlə ciddi məşğul ola bilmədiyim üçün, bütün ümidlərim təcrübəli Elbrusa, bir də ki, onunla birlikdə gedəcəyim Ruhi-əsəb xəstəxanasında araşdıracaqlarıma idi. Bəzi fikirlərim var idi.

Qətl törədilən gecə oradakı kameranın işləməməsi özü-özlüyündə çox şeydən xəbər verirdi. Hələ «Karat»ın əlaqələri də araşdırılmalı idi. Biznesdə olan rəqibləri haqqında məlumat toplamaq, son dövrlər daha çox kimlərlə kontaktda olmasını dəqiqləşdirmək lazım idi. Belə adamların düşmənləri də çox olur. Bütün bunları Elbrusun öyrənəcəyinə şübhəm yox idi. Çoxlu qızıl-brilyant olan yerdə həmişə qan iyi gəlir, bunu kolleqam da gözəl başa düşürdü.

Matvey kişi ilə bu gecə görüşməyim çox əla olardı. Sabaha vaxt udar, Elbrusla gedəsi olaramsa, onunla görüşməyim qaçhaqaça düşməzdi. Polkovnikin də tələsdiyini nəzərə alsam, bu halda hər iki işi paralel araşdırmağım üçün dincəlmədən işləməli idim. İstənilən halda, gözümün qabağında böyümüş günahsız bir gəncin kimlərinsə şərinə düşüb həyatının korlanmasına laqeyd qalmayacağımı gözəl bilirdim.

İndisə gələk şifrin təhlilinə. Dünən gecə şifrin açılmasında ilkin ehtimal kimi düşündüyüm variant darmadağın oldu. Tarixlərdəki rəqəmlərin sətirlərdəki hərflərə sıra sayı ilə düzülüşü heç bir şey vermədi. Səttarınsa, məhz başdaşındakı bu yazılarla nə isə demək istədiyinə şübhəm yoxdur. O halda, Səttar bu şifri elə də qəlizləşdirməli deyildi ki, nə vaxtsa gələcək adam onu tez bir zamanda «oxuya» bilsin. Böyük ehtimalla burada bir açar olmalıdır. Açarı tapsam, şifri açacağam.

Yaxşı, bəs Səttarın qorxması barədə fikirləşdiklərim? Bu halda o, gizlətdiyi məlumatın kimlərinsə əlinə düşməsindən ehtiyatlanıb şifri çox sadə etməkdən çəkinər, hər şeyi qəlizləşdirməzdimi? Bu da ağlabatandır. Xüsusilə oğlu Teymura nə vaxtsa gələcək adamın çox ağıllı biri olacağını eşitdiribsə, həmin adamın şifri açacağına ümid edib başqalarının oxuya bilməməsi üçün çətinləşdirə bilərdi.

Burada başqa bir məqam da var. Əgər Səttar oğluna gələcək adamın çox ağıllı birinin olacağını deyibsə, o kimin gələcəyini bilməli idi ki, bu sözü işlətsin. Görəsən bu əminlik haradandır, bunun arxasında nə gizlənir? Teymurla görüşə mən getmişdim. Nə mən Səttarı, nə də Səttar məni heç vaxt tanımayıb. Bu halda mənim haqqımda hansısa rəy verməsindən söhbət belə gedə bilməzdi. Onda, belə çıxır ki, Səttar məzarının üzərinə gələcək adam barədə əvvəlcədən məlumatlı olub, onun həmin adamın şifri aça biləcək qədər ağıllı və peşəkar, oğlunu qoruya biləcək qədər də tədbirli və ləyaqətli biri olduğuna şübhəsi olmayıb. Bunu da istisna etməyib ki, o adam Teymurla görüşə özü gəlməyəcəyi təqdirdə, özü qədər ağıllı və ləyaqətli birini göndərəcək. Bunların belə olduğuna inansaq, bəzi şeylər yerini alır. Onda da ortaya başqa bir sual çıxır. Öldükdən sonra, hər şeyin məhz düşündüyü kimi baş verəcəyinə Səttarın bu inamı haradan idi?

Stəkandakı çayım soyumuşdu. İşarəmlə ofisiant qız stəkanımı dəyişdi. Süzdüyüm çaydan bir-iki qurtum içdim.

Suallar çoxdur. Ancaq artıq istiqamətimi müəyyən etdiyimdən rahatam. Əgər şifr açılarsa və paralel olaraq Matvey Semyonoviç də dinə-imana gəlib danışarsa, fikrimcə, o halda çox şey aydınlaşacaq.

Görək Layiqə axşam nə xəbərlə gələcək. Bu qədər bəsdir. Belə gözəl çayı az qala buza döndərdim. Çayımı içim, gedim. Qalanını gedişat göstərəcək. Hər halda, irəlidə işləyəcəyim uzun bir gecə var.

 

* * *

 -Matvey, səni telefona çağırırlar.

Yaşlı qadın telefonun dəstəyini yaşına uyğun olmayan cəldliklə qonşu otaqdan çıxıb ona yaxınlaşan həyat yoldaşına verdi.

Dəstəyi alan qoca qulağına qoyub bir qədər həyəcanlı səslə dilləndi:

-Matvey Proxorov eşidir.

Xəttin o başından nəzakətli kişi səsi dedi:

-Salam, Matvey Semyonoviç. Xahiş edirəm dəstəyi asmayın. Zənnimcə, sizin öz marağınızdadır ki, məni diqqətlə dinləyəsiniz.

-Kimsiniz, sizə nə lazımdır? -Matvey həyəcanla soruşdu.

-Mən bir qədər əvvəl Novxanı bağlarından gəlmişəm.

Telefonda deyilən bu sözlərdən sonra dəstəyi asmağa hazırlaşan qoca yerində donub qaldı. Matveyin oğlu, bu gün ailəsi ilə birlikdə dostunun Novxanıdakı bağına qonaq getmişdi.

-Oğluma nə olub, tez cavab verin, oğluma nə etmisiz?

Artıq zəngin bu səhər özünü detektiv kimi təqdim edən adamın gəlişi ilə əlaqəli olduğuna şübhəsi qalmayan Matvey Semyonoviç az qala qışqırdı.

-Sakit olun, Matvey Semyonoviç, mənim zəngimin sizin oğlunuzla heç bir əlaqəsi yoxdur. Oğlunuz da, həyat yoldaşı da, uşaqları da sağ-salamatdırlar. Dostları Vaqifin bağında gözəl vaxt keçirilər. Yəqin ki, bilirsiz, gecəni də orada qalacaqlar. Mənsə, sadəcə bir qədər əvvəl təsadüfən oradan keçirdim.

-Bəs onda məndən nə istəyirsiniz? -qoca, qorxudan boğazına düyün kimi yığılan qəhəri birtəhər qovub soruşdu.

-Heç bir şey. Sadəcə demək istəyirdim ki, bu gün səhər heç yaxşı iş görməmisiz. Adam qapısına gələn qonağı qovmaz. Axı siz bütün ömrünüzü Bakıda yaşamısız. Buranın adət-ənənələrini bilirsiz. Bildirmək istəyirəm ki, bu gün gələn və təəssüf ki, dinləmədən qapını üzünə çırpdığınız insan çox xeyirxah biridir və hazırda çox xeyirxah bir işlə məşğuldur. İnsanlara kömək edir. Hə, yeri gəlmişkən, siz də bu insanlardan birisiz və əmin ola bilərsiz ki, bu xeyirxah insanla söhbətinizdən heç bir ziyan görməyəcəksiz. Sizə söz verirəm.

Qoca bir qədər fikrə getdi. Bu nəzakətlə danışan adam, nəinki oğlunun Novxanıda olduğunu bilir, hətta gecə orada qalacağına da eyham vururdu. Əgər belə qısa vaxtda bunları öyrəniblərsə, deməli hər şeyi bilirlər. Ehhh, cəhənnəm olsun hər şey. Oğluna, nəvələrinə təki bir şey olmasın.

-Qoy nə vaxt istəyir gəlsin, -Matvey Semyonoviç çarəsiz halda dilləndi.

-Bu gün, Matvey Semyonoviç, elə bu gün. Mən inanırdım ki, bir-birimizi başa düşəcəyik.

Danışan adam sağollaşmadan dəstəyi asdı. Bu, razılaşmanı pozacağı təqdirdə, nəzakətin də bir yerə qədər olacağına bir işarə idi və heç də ağılsız biri olmayan Matvey Proxorov bunu gözəl başa düşdü. Üzünü bayaqdan həyəcanla onun söhbətini dinləyən arvadına tutdu:

-Bu axşam qonağımız olacaq, Nataliya, çalış o gələndə gözə görünməyəsən, -bunları deyib stula çökdü.

 

* * *

Bir qədər şəhərin mərkəzində vaxt öldürəndən sonra metro ilə «İçərişəhər» stansiyasına gəlmiş, yenə vaxtım çox olduğu üçün oradan piyada «Beşmərtəbə»yə düşmüşdüm. Layiqə, əgər işarə verilibsə, «Nizami»dən «Beşmərtəbə»yə tərəf düşməli, ikinci işıqforu keçdikdən sonra oradakı «Ovçu» dükanının qarşısında durmalı idi. İşarə verilməyibsə, sadəcə ofisin yanından çıxıb getməliydi. Bu növbəti görüş yeri və davranışı barədə təlimatı sonuncu dəfə «Moskva» univermağının yanında görüşərkən ona vermişdim.

«Füzuli» meydanını yeraltı keçidlə keçib yolun əks tərəfi ilə dediyim yerə yaxınlaşdım. «Ovçu» dükanının qarşısında dayanmış, başındakı kapyüşonun altından qoyduğu süni qırmızı saçları görünən, iri gün eynəyi taxmış Layiqəni uzaqdan tanıdım. Öz-özümə gülümsədim. Bu qız cilddən-cildə girməyi çox sevirdi. Bəzən bu etdiklərinin təhlükədən yaranmış zərurətlə bağlı olduğunu unudaraq bunu bir oyun kimi qəbul etdiyini də hiss etmişdim.

Dayanmaq olmazdı. Gedə-gedə başımı sol tərəfə döndərdim və bir anlıq Layiqə ilə baxışlarımız toqquşdu. Yalnız bir anlıq. Bu, onun çıxıb gedə biləcəyinə işarə idi. İndi, tanış valyutadəyişmə məntəqəsinə, cavabı götürdükdən sonra isə Biləcəriyə getməliydim. İşarənin bu gün verilməsi çox yaxşı oldu. Hər şey plana uyğun gedirdi.

 

 “Ədəbiyyat və incəsənət”

(10.07.2023)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Leyla Səfərovanın yaradıcılığı təqdim edilir.

 

Bəlkə də gözəl olardı...

Saatın zəngi çalanda diksinərək oyandım. Yataqdan çıxmağımsa bir o qədər rahat olmadı. O qədər yorğun hiss edirdim ki, sanki illərdir özümdən 5 qat ağır daşı çiyinlərimdə daşımışam. Nələr olduğunu xatırlamağa çalışarkən ağrıdan dayanılmaz halda olan başımı ovmağa başladım. Gözlərimin önündə bir neçə kəsik-kəsik kadrlar yaranmağa başladı. İstəmsizcə gözlərimdən axan bir neçə damla yaş. Qulağıma dolan öz fəryad dolu səsim...

Qalxdım yerimdən və güzgü qarşısına keçdim. Biləklərimdəki qızartıları, qollarımdakı göyərmiş bölgələri görəndə artıq gözyaşlarımı saxlaya bilmədim. Hər şey bugünmüş kimi keçdi gözlərimin önündən.

Xatirədə canlanan o tarix

Evə qayıdırdım. İşlədiyim restoran o gün heç də xoş hadisələrlə yola salmamışdı məni. İmkanlı, kobud, orta yaşlı bir kişi əylənməyə doymur, içki ardınca içki sifariş edirdi, tək bir masaya görəysə nə mən, nə digər işçilər evimizə vaxtında yollana bilməmişdik. Axı müdirin nəyinə lazım idi bir qadının gecə 02:18-də evinə necə gedəcəyi, gedib-gedə bilməyəcəyi. Ona pul lazım idi, müştəri məmnuniyyəti lazım idi. Hansı ki, ətəyimin dizimin altında olmasına baxmayaraq məni narahat edən müştərinin məmnuniyyəti... Amma, bu gecə müdir məndən narazı qalmışdı. Qarnından masaya yerləşə bilməyən bu "kişi" məni narahat edərkən susub gülərüzlə qarşılıq verməmiş, əksinə acı danışmış və qulluğu yarıda saxlamışdım çünki. Və müştəri əsəbi halda durub getmişdi... Ondan eşitdiyim iyrənc sözlər yetməmiş, bir də müdirin "Niyə yola vermirsən? Müştəridir, ona qulluq etmək, nə desə etmək məcburiyyətindəsən!" sözlərini dinləmişdim, o isə dayanmaq bilmirdi, deyinməkdən daha ötə təhqirə keçmişdi.

Nə isə ki, restorandan çıxa bilmişdim nəhayət, əsas odur. Evə getmək üçün küçəyə çıxanda taksiyə minmək yerinə piyada getməyin daha az təhlükəli olacağını düşündüm. Düzdür, yolda gedən maşınların siqnalları narahatedici idi, amma ən azından tənhalıq deyildi. Ən azından bəlkə onların içində 1-2 yaxşı insan ola bilərdi.

Bu nə idi? Saç diblərimdə sızıltı var, hansı qüvvədir belə təsir edir? Arxaya doğru dartılıram. Bu o idi, restorandakı "adam"....

O ağrı hələ də başımın dibindədir. O gecə qaça bilmişdim. Bəs bacarmasa idim? Kim verəcəkdi mənə həyatımı? Restoran müdiri? Yoxsa yolda siqnal verənlər? Özümü müdafiə etmək üçün tökdüyüm qan əvəzi məndən alınan 4 ili kim verəcək mənə?

İndi xatırlayıram artıq nələr olduğunu. Dünən çıxmışdım o cəhənnəmdən, günahsızkən qandallanıb salındığım o cəhənnəmdən. Qanadlarım qırılmışdı sanki. Hər gecə, dayanmadan hər gecə kabus gördüyüm 4 ildən sonra nəhayət evimdə idim. Amma yenə də o kabuslar davam edir, hər gecə öz biləklərimi, öz qollarımı sıxaraq yaralayırdım. Sanki hələ də o arxamda imiş, hələ də indi saçımdan tutub məni dartacaq, öz gücünə təslim edəcəkmiş kimi hiss edirdim.

Nə günahım vardır ki? Bu cəmiyyətdə qadın olaraq işləmək günahmı sayılacaq? Belə hadisələr tez-tez yaşanırdı, kimlərsə gəlib öz “kişilik”lərini göstərir, söz atır, lakin çox uzatmadan gedirdilər. Amma bu başqa idi. Mən həyatımda ilk dəfə idi bu qədər qorxmuşdum. Uşaqlığımdan bu yana gördüyüm o qədər çətinliklərə rəğmən həyatımda ilk dəfə bu qədər gücsüz hiss etmişdim özümü. Gücsüz və aciz...

O gecə bir qüvvə ilə itələmişdim onu. Sonra çantamdan qayçı çıxarıb o iriqarınlı kişini yaralayıb qaça bilmişdim. O qədər qorxmuşdum, qəlbim elə titrəyirdi ki... Ən son anamın vəfatında bu qədər ağlamışdım hər halda.

Xatırladıqca yenə gözyaşlarım axmağa başladı. O qədər bərk ağladım ki, atam səsi eşidəndə otağa girdi. O... Bu 4 ildə məni hərkəsdən qoruyan, bütün qınaqlara, acı sözlərə mənlə sinə gərən, nə olur olsun, əlini saçlarımdan çəkməyən atam. Günahı məndə görməyən, "gülməyərdin, üz verməyərdin" deməyən, tək o... Gəldi və durdu qarşımda. Çökdüm dizlərinə. Yenə əllərini keçirdi saçlarıma. Dartmaq üçün yox, sığallamaq üçün.

"Keçdi, qızım, keçdi. Bağışla, o gecə yanında ola bilmədiyim üçün. Bağışla, bu 4 il səni tək qoyduğum üçün."

Daha bərk ağladım. Əlil arabasındakı atamın dizlərini daha bərk qucaqladım. Onun günahı deyildi, amma mənim də deyildi.

Bəlkə də gözəl olardı həyat, əgər bir qadın kimi bu cəmiyyətdə yaşamasaydım. Bəlkə də gözəl olardı hər şey, insanlara məktəblərdə tarixdəki caniliklər yox, bugünün insanlığı öyrədilsəydi. Bəlkə də gözəl olardı hər şey, nağıllar aləmindəki qədər saf və təmiz qalsaydı...

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan böyüklər üçün “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir. 

YARAT-dan verilən məlumata görə, layihənin növbəti ustad dərsi iyulun 19-da Müşfiq Heydərovun iştirakı ilə “Heykəltaraşlıq şəkli” mövzusuna həsr olunacaq. 

 

Ustad dərsi heykəltaraşlıq sənəti üzrə ilk dəfə özünüzü sınamaq təcrübəsi və bu sahədə bacarıqlarınızı dərinləşdirmək imkanı verir. İştirakçılar plastilindən özünəməxsus insan obrazları yaradacaqlar.

Bundan başqa, Hüseyn Haqverdiyevin rəhbərliyi ilə iyulun 26-da “Qadın portreti” mövzusunda ustad dərsi keçiriləcək. 

Ustad dərsində iştirakçılar kollaj texnikasından istifadə edərək, rəngli kağızdan qadın portreti yaradacaqlar.

Azərbaycan Rəngkarlığı Muzeyində reallaşacaq dərslərdə 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər. 

Dərslər zamanı hər bir iştirakçı kətan üzərində akril boyalarla rəsm çəkməklə öz yaradıcılığını üzə çıxaracaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.

Qeydiyyat çərşənbə axşamı və bazar günü saat 11:00-dan 18:00-dək aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

İstedadlı və sevilən şair, yazıçı Cəlil Cavanşir Azərbaycan ədəbiyyatında bir ilkə imza ataraq kompleks ədəbi xidmətlər, o cümlədən də ədəbi agentlik xidməti təklif edir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Cəlil Cavanşir ədəbi agentliyi” adlanan qurum aşağıdakı xidmət paketini təqdim edir: 

1. Kitab nəşri və kitabların çapa hazırlanması

- Yazıçı və şairlərin kitablarının yerli və xarici nəşriyyatlarda nəşri;

- Əsərlərin peşəkar redaktəsi və korrektəsi;

- Kitabların peşəkar tərcüməçilər tərəfindən xarici dillərə tərcüməsi;

2. Kino və dramaturgiya

 - Yazıçı, dramaturq və ssenaristlərin əsərlərinin teatr və kino prodüserlərinə təqdim edilməsi;

- Əsər əsasında ssenarinin yazılması;

- Peşəkar kino və reklam ssenarilərinin yazılması;

- Kopirayter (copywriter) xidməti;

- Videoçəkiliş və montaj xidməti;

- Prodüser xidməti;

3. Audiovizual xidmət, marketinq və PR

- Audio-kitabların peşəkar aktyorlar tərəfindən səsləndirilməsi;

- Kitab satışının, marketinq və PR işlərinin təşkili;

- Wikipedia səhifələrinin hazırlanması və idarə edilməsi;

 

Əməkdaşlıq etmək üçün bu telefon nömrəsi (+994 55 662 44 88) və elektron poçtla ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) əlaqə saxlamaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Bazar ertəsi, 10 İyul 2023 08:30

Şabranda Poeziya gecəsi keçirilib

Təbiətin ən dilbər guşələrindən birində - Şabran rayonunun Pirəbədil kəndində yerləşən Shabran Wellbeing Resort istirahət kompleksinin açılışını, xatırlayırsınızsa ölkə prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva etmişdilər. Bura gələrək ölkə vətəndaşları ən yüksək səviyyədə istirahətlə təmin olunurlar. Amma bu guşənin bir özəlliyi də var. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mədəniyyət xadimlərinə dövlət qayğısının bariz nümunəsi olaraq istirahət kompleksində yazıçılar, bəstəkarlar və rəssamlar üçün 30 kotec də istifadəyə verilib, mədəniyyət xadimləri gəlib 10 gün müddətinə burda həm ödənişsiz istirahət edə, həm də yeni əsərlər üzərində işləyə bilərlər.

Hazırda orada dincələn yazarlar iyulun 8-də  Poeziya gecəsi təşkil ediblər. Xalq yazıçısı, AYB sədri Anar, Xalq şairi Ramiz Rövşən, AMEA prezidenti İsa Həbibbəyli, AYB sədrinin müavini Rəşad Məcid, millət vəkili, yazıçı Aqil Abbas, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, şairə Ofelya Babayeva, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və digərlərinin qatıldığı tədbirə istirahət evinin xidməti personalı və çoxsaylı qonaqları maraqla tamaşa ediblər.

Ədəbiyyatın bunca təbliği əlbəttə ki, təqdirəlayiqdir. Harda ədəbiyyat varsa orda humanizm, mənəvi kamillik və gözəllik var. 

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Bazar ertəsi, 10 İyul 2023 12:45

Sağlamlığı möhkəmləndirən 13 qayda

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Bir müddət mövzumuz sağlam qidalanmaq olacaq. Axı, uğura doğru yolda sağlamlıq vacib şərtlərdən biridir.

 

 Sağlam qidalanmaq çox vacibdir!!!

Həyatda uğura doğru gedən yolda sağlam orqanizmə malik olmaq da həlledici amillərdən sayılır. Sağlam orqanizmə malik olmaqçünsə sağlam qidalanmaq başlıca şərtdir. Sağlam qidalanma barədə çox oxuyuram. Bütün qidalara, şərtlərə əməl etməyə çalışıram. Mütəxəssis məsləhətlərini həmişə səbrlə dinləyir, saf-çürük edirəm. Xüsusən, adət etdiyimiz həyat tərzinə qlobal dəyişiklik tələb etməyən, sadə olan və doğrudan da fayda gətirən üsullara diqqət yetirirəm.

Mütəxəssislər əksərən sağlamlığı möhkəmləndirməyin bu qaydalarını tövsiyə edirlər:

1.     Qidalanma zamanı bişmiş qidadan (müxtəlif xörəklərdən) daha çox çiy qidaya (meyvə və tərəfəz salatlarına) üstünlük verin.

2.     Qidanı yağda qızartmayın. Daha çox buğda bişən yeməklər yeyin.

3.     Alınma çörək yeməyin. Belə çörəyin hər 100 qramında 1 qram duz var.

4.     Duzdan və istotdan uzaq qaçın.

5.     Şəkər yeməyin.

6.     Az yağlı qidalardan, tünd və kəskin olmayan ədviyyatlardan və yağsız süd məhsullarından istifadə edin.

7.     Kərə yağı və heyvan piyindən qəti istifadə etməyin.

8.     Gündəlik bitki yağı limitiniz 50-75 qramdan çox olmamalıdır.

9.     Şirin qazlı içkilər içməkdən imtina edin.

10.Fəst-fuddan nə qədər uzaq dursanız bir o qədər yaxşıdır.

11.Kolbasa məhsulları və yarımfabrikatlardan, konservləşdirilmiş qidadan çalışın yan keçəsiniz.

12.Yeməkdən qabaq çiy su için, amma yeməkdən dərhal sonra su içməməyə çalışın.

13.Vitamin və mineralların gündəlik miqdarını qida ilə qəbul etməyin qayğısına qalın.

Əziz oxucularım, unutmayın ki, düzgün qidalanmaqdan orqanizmimizin vəziyyəti, bizim əhvar-ruhiyyəmiz, xarici görünüşümüz bilavasitə asılıdır. Heç bir dava-dərman, heç bir incəsənət və əyləncə, heç bir kosmetika onun yerini verə bilməz.

Əgər siz düzgün qidalanmanın elementar qaydalarına riayət etsəniz xəstəliklər sizdən mütləq yan keçəcək, özünüzü tam gümrah, enerji ilə dolu hiss edəcəksiniz. Bunlar da sizə uğura doğru daha inamla addımlamaqda yardımçı olacaqlar.

Qidalanma zamanı «nə yeməli» sualına cavab 13 qayda ilə sizlərə təqdim olundu, sabah da  «necə yeməli» qaydalarını diqqətinizə yönəldəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Corc Oruellin aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.

 

 

 

Corc ORUELL:

 

Düşünmək, düşünmək, bircə saniyə qalmış olsa belə, düşünmək yeganə ümiddir.

***

Əgər düşüncələr dili pozarsa, dil də dönüb düşüncələri pozar.

***

Sadə bir dilin ən böyük düşməni qeyri-səmimilikdir.

***

“Qorxu! Biz onun içində üzürük. Vücudumuzun ayrılmaz parçasıdır o...”

***

“Bizim hamımızı satın alıblar, ən dəhşətlisi də odur ki, bizi öz pulumuzla satın alıblar”

***

Vətənpərvərlər vergidən söhbət gedən yerlərdə olmur.

***

Azadlıq – iki dəfə ikinin dörd etdiyini söyləyə bilməkdir.

***

Düşünün, çünki hələ qadağan olunmayıbdı.

***

“Yaxşı bildiyi bir işi yerinə yetirən insanı seyr etməyin xüsusi gözəlliyi var”.

***

Bir cəmiyyət həqiqətdən nə qədər çox uzaqlaşarsa, həqiqəti deyənlərə də bir o qədər çox nifrət bəsləyər.

***

Bəşər övladı özündən başqa heç bir varlığın çıxarını güdməz.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.