Super User
“Hardasan, şəhlagözlüm?”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında Əlizadə Nuri bu dəfə “Darıxmağın rəsmi”ni çəkəcək.
Hardasan, şəhlagözlüm?
Sən ən şirin acımsan.
Hələ də bilmirəm ki,
Dərdimsən, əlacımsan?
Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün
Bu sevda uşağını?
Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam-
Gəl, səndə daldalanım…
Bu çölü göndərmisən,
Sən mənə azmaq üçün?
Ürəyim bir divarmış-
Şəklini asmaq üçün.
Ümidim körpə kimi,
Ağlayır qundağında.
Arzularım can verir
Kədərin qucağında…
Hardasan, hardan bilim,
Mən hara üz döndərim?-
Darıxmağın rəsmini
Çəkib sənə göndərim…
Özün məndən uzaqsan,
Kölgən keçir yanımdan.
Adına soyuq dəyər-
Düşmə dodaqlarımdan…
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
“Yeni dünya düzəni” – Furqanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Nəsr vaxtıdır, ötən gün Furqanın “Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” hekayəsi ilə tanış olmuşdunuz, bu günsə “Yeni dünya düzəni” sizlərə təqdim olunacaq.
FURQAN
YENİ DÜNYA DÜZƏNİ
1.
İsti iyul günü, günorta saat üçdə imtahan zalında tər tökən Maqsud müəllim fikirləşdi ki, görəsən, yaponlar, çinlilər nə əcəb bu günə qədər cib kondisioneri icad eləməyiblər?! Cib telefonu olur, cib kondisioneri olmur?! Kibrit qutusu boyda, ya da kibrit qutusundan bir az böyük. Qoyursan cibinə, isti oldu, çıxarıb düyməsini basırsan, sərinləyirsən.
Həmin imtahandan səkkiz ay sonra xəyal etdiyi cib kondisionerini Maqsud müəllim özü icad etdi.
Kənd məktəbinin fizika müəllimindən yeni icad. Halal olsun, Maqsud müəllim, dünyada məşhur olacaqsan, hər kəs səndən danışacaq.
Maqsud müəllim bir türk serialından ilhamlanıb düşünürdü ki, icadı dünyaya sevinc və xoşbəxtlik gətirəcək. Hər kəs mehriban yaşayacaq, müharibələr bitəcək, uşaqlar ölməyəcək, aclıq və səfalət sona çatacaq, kasıblar da ağ günə çıxacaq, hətta Afrika qitəsində belə acından ölən olmayacaq.
2.
Yeni icadı haqda ilk dəfə direktora məlumat verən Maqsud müəllim az qala pıçıltıyla danışırdı ki, birdən eşidən olar. Direktor Maqsud müəllimin öz düzəltdiyi cib kondisioneri haqda danışdığını görəndə ona yazığı gəldi. Elə bildi, dəli olub. Sonra gördü, yox, dəlilik edənə oxşamır, deyəsən, doğrudan da, o, nəsə icad edib.
– Hanı bəs icad?! – direktor da Maqsud müəllim kimi pıçıltıyla danışırdı.
– Cibimdə.
– Baxım.
Maqsud müəllim öncə durub direktor otağının pəncərəsindəki pərdəni çəkdi. Direktor onu maraqla izləyirdi və dəqiqləşdirə bilmirdi ki, o, ağlını itirib, yoxsa yox?!
Sonra Maqsud müəllimin cibindən çıxardığı balaca cihazı əlinə aldı, o üzünə – bu üzünə baxıb soruşdu:
– Bə bunun düymələri hanı?
– Yoxdu düymələri. Düyməsiz işləyir.
Direktorun gözləri kəlləsinə çıxmışdı. Ağzı açıq qalmışdı.
– Göstər görüm, necə işləyir! – handan-hana dedi.
Maqsud müəllim düzəltdiyi cihazı əlinə götürdü, üzünü direktora tutdu:
– Bu aparat düyməsizdi. Bununku ancaq xoş sözdü.
Direktor az qala qətiləşdirəcəkdi ki, qarşısında oturan bu illərin fizika müəllimi artıq başdan o söz! Amma Maqsud müəllim əlindəki cihaza üç cümlə deyəndən sonra cihazın deşiklərindən sərin hava axını direktorun üzünü yaladı.
Məəttəl qalmalı iş idi: necə ola bilərdi ki, cansız bir əşya söz qana?! Üç cümləylə işə düşən aparat “təşəkkür edirəm!” deyəndə beş dəqiqə fasilə verirdi, “çox sağ ol!” deyəndə isə növbəti üç cümləyə qədər işləməyini dayandırırdı.
3.
Maqsud müəllim bu cihazı icad etmək üçün yeddi ay gecəsini gündüzünə qatıb baş işlətmişdi, cəmi yeddi saata bütün kənd xəbər tutdu ki, məsələ nə yerdədi?! Axşamüstü kənd camaatı Maqsud müəllimgilin həyətinə axışdı. O, əslində, hələ istəmirdi ki, icadından hamı xəbər tutsun. Çünki bir az da təkmilləşdirəcəkdi. Amma daha gec idi, direktor kəndə car çəkib hər kəsi hali eləmişdi ki, Maqsud müəllim cib kondisioneri düzəldib.
İcadın müəllifi həyətinə toplaşan həmkəndlilərinə düzəltdiyi cib kondisionerini göstərdi və onun haqqında məlumat verməyə başladı:
– Əziz dostlar, qonşular, qohumlar, həmkəndlilər! İnanmaq çətin olsa da, mən belə bir aparat düzəltmişəm. Bəli. Bu əlimdə tutduğum cib kondisioneridi. İsti havalarda cibində gəzdirirsən, lazım olanda cibindən çıxarıb sərinlənirsən. Zaman keçdikcə bu aparatı daha da təkmilləşdirəcəm. İşləmə mexanizmi isə qeyri-adidi. Gördüyünüz kimi, üstündə heç bir düyməsi yoxdu. Soruşa bilərsiz ki, bəs necə xoda düşür, necə sönür?! Çox sadə. Bir-birinin ardınca üç müxtəlif kompliment deyirsən, başlayır işləməyə.
Söhbətin bu yerində bir neçə nəfər pıçıltı ilə danışmağa başladı. Deyəsən, “kompliment” sözünün mənasını bilmirdilər.
Maqsud müəllim davam edirdi:
– Üç dənə kompliment, vəssalam. İndi isə gəlin yoxlayaq, siz də öz gözlərinizlə görün.
Sonra Maqsud müəllim düzəltdiyi cihazı ağzına yaxınlaşdırıb dedi:
– Bu gün çox gözəlsən! Necə də ağıllısan! Əllərinə sağlıq!
Adamlar gecdən gec başa düşdülər ki, Maqsud müəllimin bir-birinin ardınca sıraladığı əlaqəsiz cümlələr bu aparatı işlək vəziyyətə gətirmək üçündü. Sonra Maqsud müəllim özü bir-bir həyətinə toplaşan hər kəsə aparatın sərin hava buraxdığını nümayiş etdirdi. Hər kəs aparatı gördü, razı qalıb gülümsədilər və Maqsud müəllim aparatı təzədən ağzına yaxınlaşdırdı:
– Çox sağ ol! – deyən kimi cib kondisioneri söndü.
– Maqsud müəllim, bayaq deyirdin ki, bu icad dünyanı gözəlləşdirəcək, – bunu deyən məktəb direktoru idi, – heç kim acından ölməyəcək, müharibələr olmayacaq. Necə olacaq bu?
– Bəli, – dedi Maqsud müəllim, – çünki hər kəs cib kondisionerindən istifadə etsə, xoş sözlər deməyə vərdiş edəcək. Təsəvvür edin ki, bütün dünya komplimentlə danışır. Onda müharibələr olarmı heç?
“Olmaz, əlbəttə, olmaz” dedi bir neçə nəfər.
Hər kəs xoşbəxt görünürdü.
4.
İki gün bəs elədi ki, yeni icadın xəbəri ölkəyə yayılsın.
Maqsud müəllim məşhur olmuşdu. Telefonuna tanımadığı nömrələrdən zənglər gəlirdi. Müxtəlif saytlardan, qəzetlərdən jurnalistlər zəng edirdilər.
Zəng edən jurnalistlərdən biri dedi ki, televiziyadandı və çəkiliş komandası ilə kəndə gəlib reportaj hazırlamaq istəyir.
Maqsud müəllim iki-üç saniyə düşünəndən sonra:
– Gəlin, – dedi, – gözüm üstə yeriniz var!
5.
Əlində mikrofon tutmuş müxbir qız soruşdu:
– Maqsud müəllim, bəs bu cihaz necə işləyir? Zəhmət olmasa, izləyicilərimizi məlumatlandırın.
Maqsud müəllim aparatı ağzına tərəf apardı, müxbir qıza baxa-baxa dedi:
– Bu gün çox gözəl görünürsən! Gözlərin də çox gözəldi! Səni sevirəm!
Müxbir qız belə tərbiyəsizlik gözləmirdi. Az qalmışdı əlindəki mikrofonu Maqsud müəllimin başına çırpsın. Maqsud müəllim də qızın mimikalarının necə dəyişdiyini görüb açıqlama verməli oldu:
– Bu cihaz ancaq komplimentlə işləyir. Ard-arda üç kompliment demək lazımdı ki, işləməyə başlasın.
Müxbir qız sakitləşdi və gülümsəməyə başladı. Həqiqətən də, cib kondisioneri işləməyə başlamışdı. Sən demə, Maqsud müəllim bu sözləri ona yox, icad etdiyi cihaza deyirmiş.
6.
Çəkiliş qrupu gedəndən sonra evdə mərəkə qopdu. Maqsud müəllimin yoldaşı Bəyim özündən çıxmışdı:
– O nə sözlər idi deyirdin qıza?
– Nə söz?
– “Səni sevirəm” deyirdin. Şəhərli qız görən kimi özünü itirirsən.
– Kəs, aaz!
– Nə “kəs” e, “kəs” nədi? Ömürboyu mənə demədiyin sözləri deyirdin o qıza.
– Qıza demirdim, aparata deyirdim.
– Mən koram? Görmürəm ki, qıza deyirdin?
Maqsud müəllim gördü ki, Bəyim sözlə başa düşən deyil, keçdi hədələməyə:
– Bu dəqiqə durub başını əzəcəm haa! Sarsaqlama!
– Hə də, şəhərdən gələnə “səni sevirəm” de, mənə də “başını əzəcəm!”
– Lənət şeytana da, lənət şeytana!
Sonra Bəyim Maqsud müəllimi yamsıladı:
– Bu gün çox gözəlsən. Gözlərin də çox gözəldi.
– Bəsdi, aaz! Bəsdi! Camaatı bizə güldürmə!
– Gözlərin də çox gözəldi! Səni sevirəm.
Mübahisə bir xeyli davam elədi. Axırda Maqsud müəllim əsəbiləşib necə özündən çıxdısa, cib kondisionerini Bəyimə tərəf tolazladı. Bəyim başını tutub yerə sərildi. Maqsud müəllimin icadı Bəyimin başına dəymişdi.
7.
Bayaqdan Maqsud müəllimin demədiyi kompliment qalmamışdı, amma onun icadı işləmirdi ki işləmirdi. Bəyim də dilxor olub Maqsud müəllimin yanında əyləşmişdi. Hirsi soyumuşdu.
İkisi də susub icada baxa-baxa oturmuşdular. Qınayan olmasaydı, Maqsud müəllim hönkürərdi. Düşünürdü ki, camaata nə deyəcək?! Ölkəyə səs düşmüşdü, bütün mətbu orqanlar icad haqqında yazmışdı, bəs indi onlara nə cavab verəcəkdi?! Deməzlərmi adama, məzələnirsən, Maqsud müəllim?! Adın-sanın var, harana yaraşır camaatla məzələnmək?!
Bunları düşünə-düşünə cin vurdu təpəsinə. Yanında oturan Bəyimə tərəf çevrilib gül ağzını açdı:
– Tünbətünün qızı, tünbətün, – dedi, – sənə demədimmi, mənim əsəblərimlə oynama?! Səni görüm ağa bələnəsən! Müxbir qız girsin sənin gözünə!
Bəyimin bu dəfə cavab qaytarmaq niyyəti yox idi. Maqsud müəllim isə sakitləşmək bilmirdi:
– Demədimmi, zəhləmi tökmə?! Niyə ömrümü burnumdan gətirirsən, ay zəhlətökən?!
Maqsud müəllim elə bunu demişdi ki, gözlənilməz bir hadisə baş verdi: cib kondisioneri işləməyə başladı.
Maqsud müəllimin əsəbi təəccübə çevrildi. Nə oldu bu aparata?! Niyə bayaq işləmədi, indi işlədi?!
Aman Allah! Yoxsa mexanizm tərsinə işləyirdi?!
Maqsud müəllim bir neçə dəfə yoxladı. Doğrudan da, əvvəl üç komplimentlə işləməyə başlayan icad indi üç qarğışla işə düşürdü. Əvvəl “Çox sağ ol!” deyəndə sönən cib kondisioneri indi “Kəs səsini!” deyəndə sönürdü. Qəribə idi.
Və Maqsud müəllimi indi bir sual düşündürürdü: bu icad müharibələrin qarşısını necə alacaq?!
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Türksoy. Fəaliyyət xronikası
“Ədəbiyyat və incəsənət” portalı Türk dövlətləri mədəniyyətinin təbliğinin vahid mərkəzi olan TÜRKSOY-un fəaliyyət xronikasını təqdim etməkdə davam edir. Bu gün sizlərə Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin toplanması barədə bu ilin yanvar ayında gerçəkləşən tədbiri işıqlandıracağıq.
Rubrikanı Habil Yaşar aparır.
Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsi toplandı
Komitənin toplantısı TÜRKSOY-un baş katibi Sultan Raev, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının rəhbəri Şahin Mustafayev və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyevanın iştirakı ilə təşkilatın Türkiyənin İstanbul şəhərində yerləşən katibliyində fəaliyyətə başlayıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir.
Olduqca konstruktiv keçən toplantıda çox vacib qərarlar qəbul edildi ki, bunlar da TÜRKSOY-un gələcək fəaliyyət istiqamətlərində aparıcı rol oynadılar.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Emmanuil Vitorqan Bakıda “Həyat davam edir” adlı monotamaşa təqdim edəcək
Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.
Rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək.
Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.
Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O, bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.
Tamaşaya biletləri Iticket.az saytında və şəhərimizin kassalarında əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Şəmistan Nəzərlinin 80 yaşına növbəti kitabı
Ramiz Göyüş, “Ədəbiyyat və incəsənət” üçün Yazıçı-publisist, hərbi jurnalist, məşhur tədqiqatçı Şəmistan Nəzirlinin yeni “Nüfuzlu nəsillər tarixindən...” adlı kitabı işıq üzü görüb.
Hələ axtar ara arxivlər dolaş,
Məlum fədaisən xalqına qardaş...
Bu misralar yazıçı-publisist, məşhur tədqiqatçı, hərb tariximizin fədakar araşdırıcısı, hərbi jurnalist Şəmistan Nəzirlinin haqqında yazılmış ”Şəmistan Nəzirli: Tədqiqatçı ömründən səhfələr” kitabının üz qabığından götürülmüşdür. Şeirin müəllifi Alim Aslanoğludur. Düşünürəm nə qədər dəqiq və gözəl deyib Alim Aslanoğlu. Şəmistan müəllim bədii yaradıcılığa başladığı 1958-ci ildən bu günədək 65 illik bir dövrdə bütün fəaliyyətini xalqımızın görkəmli tarixi şəxsiyyətlərinin həyat və fəaliyyətinin öyrənilməsinə, tariximizin, eləcə də hərb tariximizin tədqiqinə, öyrənilməsinə həsr etmiş, bu araşdırmaların və tədqiqatların nəticəsi olaraq onlarca çox dəyərli, nadir məlumatları özündə əks etdirən iri həcmli kitablar cap etdirmişdir. Və bu kitabılar tariximizin qaranlıq səhfələrinə işıq salmaqla, onun öyrənilməsində və təbliğində müstəsna əhəmiyyət kəsb edən coxsaylı real həqiqətlərlə zəngindir. Onun “ Vurğun keçib bu yerlərdən”, “ Vurğun ömrü”, “Ellər vurğunu”, ”Yaddaşlarda yaşayan Vurğun”, “Qacarlar”, “Cumhuriyyət generalları”, “Azərbaycan generaları”, ”General Əli ağa Şıxlıniski”, “ General Cəmşid Naxçıvanski”, ”Topoqraf general İbrahim ağa Vəkilov”, ” Tam artileriya generalı Səməd bəy Mehmandarov”, “General Yadigarov qardaşları”, ” Krım dəftəri”, “Qoridən gələn qatar”, “1920-ci il Qarabağ döyüşləri” və digər kitablarında toplanmış materiallar arxiv sənədlərinə, tarixi faktlara əsaslanmaqla tariximizin qızıl məqamlarını özündə əks etdirir. Bu günədək 30-dan çox kitabın müəllifi olmasına baxmayaraq, Şəmistan müəllimin bir arzusu da “Nüfuzlu nəsillər tarixindən...” kitabı üzərində yaradıcılığını tamamlayaraq onun nəşrinə nail olmaq idi. Özünün dediyi kimi, ömür vəfa edərək onun bu arzusuna da çatmağa imkan verdi.
Kitab Qazax Xeyriyyə İctimai Birliyinin təşəbbüsü ilə, iş adamı Arzuman Abbasovun maddi dəstəyi ilə nəşr edilmişdir. Kitaba əməkdar jurnalist Tahir Aydınoğlu “Dünəndən bu günə öyünc körpüsü salan çağdaş səlnaməçi” adlı ön söz yazmış , Şəmistan müəllimin babalarımızın xalqın milli oyanışı və elmi-mədəni tərəqqisi yolunda şama dönmüş öyünc doğuran talelərini araşdırmaq, istiqlal mücadiləsinin qaranlıqlarına işıq salmaqla bağlı axtarışa çıxdığını, Xalq şairi Hüseyn Arifin dili ilə qeyd edir: “Bu gün Şəmistan ünlü babaların axtarışına çıxmışdır. İnanıram ki, balalar da Şəmistanı axtaracaqlar”.
Kitabın “Vaqifəm, eylərəm fəqan“ adlı I fəsli böyük Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifə həsr edilmişdir. Fəsil xalq şairi Səməd Vurğunun 1940-cı ildə “Pravda” qəzetində çap edilmiş “Xurşudbanı Natəvan” məqaləsindəki aşağıdakı sözlərlə başlayır: “Qarabağ gözəldir... Şuşanı əbəs yerə musiqinin və poeziyanın beşiyi adlandırmırlar... Məşhur lirik şair, şadlıq və səadət müğənnisi Vaqifin qəbri bu gözəl şəhərdədir. Bəli bütün xalqımızın sevimli oğlu Azərbaycanın poetik mədəniyyətini görünməmiş bir yüsəkliyə qaldıra bilmiş Vaqifin böyük ürəyi hələ XVIII əşərdə Şuşa şəhərində döyünmüşdür.” Düşünürəm ki, kitabın Vaqiflə, fəslin isə Səməd Vurğunla başlaması simvolik bir məna daşımaqla, həm də onun cəlbediciliyini və məziyyətini artırmış olur. Eyni zamanda hesab edirəm ki, “Vaqifəm eylərəm fəqan” fəslində əksini tapmış faktlar nəhayət bir sıra müəlliflərin Vaqifin həyat və fəaliyyətilə bağlı yalan, uydurma və cəfəng mülahizəlrinə son qoyacaqdır.
14 fəsildən, 590 səhfədən ibarət bu ensklopedik toplunun hər fəsli Azərbaycan xalqının tarixində və taleyində mühüm rol oynamış nəsillərə və görkəmli şəxsiyyətlərə Qayıbovlara, Yadigarovlara, Vəkilovlara, Zaloğlulara, Kərbalayevlərə, Qacarlara, Nərimanovlara, Bakıxanovlara, Köçərlilərə və digərlərinə həsr olunmuşdur. Və hər səhfəsi, hər cümləsi tarixdən gələn səslərdir... Qeyd etməyi zəruri hesab edirik ki, kitab artıq araşdırmaçıların marağına səbəb olmuş, onun bir neçə nüsxəsi Qazax Xeyriyyə ictimai Birliyi tərəfindayrı-ayrı tədqiqatçılara çatdırılmışdır. Bununla belə və onlardan müəllifə və Birliyə müraciətlər daxil olmaqdadır.
Bu il avqustun 12-də görkəmli tədqiqatçı və məşhur hərbi jurnalist, yorulmaz və məhsuldar araşdırıcı Şəmistan Nəzirlinin 80 yaşı tamam olur. Yeni işıq üzü görən bu kitab onun 80 illik yubileyinə bir töhvə olmaqla, həm də istər tarixçilər, istər ədəbiyyatçılar, istər tədqiqatçılar, istərsə də geniş oxucu kütləsi üçün son dərəcə dəyərli və maraqlı bir mənbəədir.
Şəmistan müəllimin yubileyi münasibətilə Qazax Xeyriyyə İctimai birliyi aidiyyatı təşkilatlarla birlikdə silsilə tədbirlər keçirməyi nəzərdə tutur. Bu tədbirlər çərçivəsində bu yaxınlarda müəllifin “Nüfuzlu nəsillər tarixindən...” kitabının təqdimatı da keçirəcəkdir.
Şəmistan Nəzirli Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə Azərbaycan Jurnalist Həmkarlar İttifaqnının "Səməd Vurğun fəxri xatirə diplomu"na (1996), "Qacarlar" əsərinə görə İran Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına (1995), hərbi vətənpərvərlik mövzusunda tarixi-publisistik əsərlərinə görə "General Həzi Aslanov" və Qazax Xeyriyyə Cəmiyyətinin təsis etdiyi "General Əliağa Şıxlinski" mükafatlarına (1995) layiq görülmüşdür.
Şəmistan Nəzərlinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş 6 may 2023-cü il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə o, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Bu yüksək dəyərə görə Prezidentimizə təşəkkürümüzü bildirir, Şəmistan müəllimi həm 80 illik yubileyi, həm də bu son dərəcə maraqlı kitabının nəşri münasibətilə səmimiyyətlə təbrik edir, möhkəm can sağlığı və yeni yeni uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Cavanşir Feyziyev barədə duyğu yazısı
BU GÜN BU İŞIQLI ŞƏXSİYYƏTİN 60 YAŞİ TAMAM OLUR
Elxan Zal, “Ədəbiyyat və incəsənət” üçün
Portret-ştrixlər
Mən hələ ötən əsrin 90-cı illərində yazmışdım ki, tezliklə Azərbaycanda səhnəyə 60-cıların yerinə 60-larda doğulanlar gələcək. 1970-lərdən başlayaraq 60-cılar yalnız postsovet məkanında deyil, həmin dövrün Covet bloku ölkələrində də görkəmli rol oynadılar. 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan səhnəsində 60-larda doğulanların erası başladı və günümüzə qədər davam edir. 60-larda doğulanlar dedikdə mən Covet dönəminin sonlarında formalaşmış və müstəqilliyin ilk illərindən ölkə həyatının bütün sferalarında öncül mövqelər tutan ziyalılar və intelektuallardan ibarət böyük bir qrupu nəzərdə tuturam.
Azərbaycan cəmiyyətinin demək olar ki, bütün sferalarında - siyasətdə, iqtisadiyyatda, elmdə, ədəbiyyatda, sənətdə və s. böyük fəallıq göstərən bu adamlar, müstəqillik dönəminin möhkəmlənməsində və inkişafında öz töhfələrini verdilər. Onlardan biri də əziz dostumuz, tanınmış filosof alim, Türk birliyi ideyasının yorulmaz təbliğatçısı, millət vəkili Cavanşir Feyziyevdir. Mən C. Feyziyevin siyasi fəaliyyətini uzun illərdir izləyirəm, kitablarını və məqalələrini çoxdan oxuyuram, lakin həmmüəllif olduğumuz “Xazarskiy prostor” (Xəzər məkanı) və “Türklər, xəzərlər və yahudilər” kitabları üzərində işləyərkən onu daha yaxından tanımaq imkanım oldu.
Xəzərlər mövzusu Azərbaycan elmində və ədəbiyyatında işlənməmiş mövzudur, indiyədək bu mövzuda yalnız bir kitab yazılıb, o da Fərda Əsədovun 2019-cu ildə nəşr etdirdiyi “Xəzərlər və Azərbaycan” kitabıdır. Cənubi Qafqazdan başlayaraq Xəzər və Qara Dənizləri boyunca, İtil (Volqa) çayı ətrafındakı ərazilərdən başlayaraq Dunay çayına qədər uzanan geniş bir coğrafiyanı 300 ilə yaxın öz hakimiyyəti altında saxlamış türksoylu Xəzər imperiyası özündə türk tarixinin növbəti yüksəliş və inkişaf mərhələlərindən birini təcəssüm etdirib. Böyük Türk kağanlığının Şərq ərazilərində meydana gələn və onun davamı hesab edilən, Göy Türklərin qurucuları Aşina sülaləsindən olan kağanlar tərəfindən yönəldilən Xəzər kağanlığı dünyanın əksər böyük tədqiqatçıları tərəfindən Orta əsrlərin ilk çağlarında mövcud olmuş ən möhtəşəm dövlətlərdən biri hesab edilir. Azərbaycanın böyük bir hissəsi, akademik Ziya Bünyadovun qənaətinə görə 150 il ərzində Xəzər dövlətinin tərkibinə daxil olub. Yəni xəzərlər və bu imperiyanın tərkibinə daxil olan digər türk xalqları Azərbaycan xalqının etnogezində əhəmiyyətli rol oynayıblar. Cavanşir Feyziyevlə bu iki kitabı yazıb bitirəndən sonra etnogezlə bağlı qənaətimiz tam yəqinləşdi, Azərbaycanın xəzərlərlə çox dərin bağları var. Bundan əlavə, Xəzər tarixi türklərin və yahudilərin ortaq tarixidir və bu ortaq tarixdə Azərbaycan xüsusi rol oynayır. Bütün bunlara baxmayaraq bu ortaq tarix indiyədək ölkəmizdə öyrənilməmiş qalırdı, halbuki indi bizim, yəni Cavanşir Feyziyevin və mənim Xəzər məkanı adlandırdığımız geniş bir coğrafiyanın, geopolitik anlamda Türkiyə ilə birlikdə Türk birliyi quran Azərbaycan üçün böyük mənası vardı, çünki Xəzər məkanı anlamı Türk birliyi coğrafiyasını xeyli genişləndirir. Biz də bu məqsədlə Türk əsrinə keçid dövründə yazdığımız bu kitablarla Azərbaycan və ümumtürk mədəniyyətinə öz töhfəmizi vermək qərarına gəldik.
Xəzərlər mövzusu müəmmalarla dolu bir mövzudur, bir alimlər onları sirli xalq adlandırırlar. Çoxsaylı elmi əsərlər və Milirad Paviçin məşhur “Xəzər sözlüyü” romanı əsasən xəzərlərin yahudi tərəflərini axtarırlar, amma qədim türk inancı olan tanrıçılıqla yahudiliyin qarşılıqlı əlaqələri indiyədək dünya türkologiyasında demək olar ki, araşdırılmayıb. Mən C. Feyziyevin yaradıcılığına yaxşı bələdəm, onun türk tarixi və geopolotika üzrə yazıları diqqətimi çoxdan cəlb edib və buna görə də onunla görüşərək xəzərlər barədə fikir mübadiləsi arardıq, belə bir ağır mövzunun öhdəsindən tək gələ bilməyəcəyimi bildirdim. O bir yazısında bu görüş barədə bəhs etdiyindən, indi üzərində geniş dayanmayacağam, amma demək istəyirəm, 100 il ərzində bizim ölkədə kimsənin müraciət etmədiyi bir mövzunu onun yaxşı bildiyini gördüm və əməkdaşlıq təklifində bulundum. Mən mövzu ilə bağlı müxtəlif mənbələrdən topladığım materialları ortaya qoydum, o materiallarla tanış olandan sonra bu mövzu ilə bağlı kitabın yazılması üçün hər cür dəstək verəcəyini bildirdi. Bu işdə çətinlik törədəcək bir məsələ vardı, məndə olan materiallar dünya xəzərşünaslığında yazılanlardan müəyyən qədər fərqlənirdi, xüsusən zaman məsələsində, bizim elm və ədəbiyyat alamları isə adətən dünya trendinin əleyhinə getməyə heç vaxt həvəs göstərməyib. Necə deyərlər, biz dünyaya əcnəbilərin gözləri ilə baxmağa öyrəncəliyik. C. Feyziyev alimliklə yanaşı bir siyasi adam olsa da, bu onu heç qorxutmadı. Əksinə, əlavə materialların əldə edilməsi ilə bağlı hər cür dəstək göstərəcəyini bildirdi. Tutduğu mövqe ilə əlaqəli çox məşğul adam olsa da, bu işə ürəklə girişdi, çünki başqalarından fərqli, mövzunun əhəmiyyətini yaxşı anlayırdı və yəqin ki, mənim şəxsiyyətimdə bunda öz rolunu oynayırdı. Və biz işə başladıq, onun ingilis və fransız dillərini yaxşı bilməsi bizə daha çox mətnlərlə işləmək imkanı yaradırdı. Prinsipcə “Xazarskiy prostor”u da biz bir yerdə yazmışıq, amma o, təvəzökarlığından kitabda yalnız mənim adımın getməsini təkid etdi. Sonradan gördüm ki, bu təvəzökarlıq onun qanındadır. Nə isə... Biz cəmi il yarım ərzində iki elmi kitab ortaya qoyduq. Hələlik heç bir reklam kampaniyası keçirməcək də, bu kitab elmi dairələrdə və cəmiyyətdə Xəzər mövzusuna böyük maraq yaratdı, xəzərlərlə bağlı tarixdə ilk dəfə olaraq elmi konfrans keçirilməsi qərarına gəlindi. Biz mövzunu inkişaf etdirərək ikinci kitab üzərində də işə başladıq və düşünürəm, ikinci kitabın nəşrindən sonra o Azərbaycan sərhədlərindən kənarda da özündən söz etdirəcək.
Bu il yarım mənim yaradıcı fəaliyyətimin ən məhsuldar dövrü oldu, qısa müddət ərzində müxtəlif dillərdə yazılmış yüzlərlə mətnin bədii şəklə salınaraq nəşr etdirilməsi elə də asan məsələ deyil. Sadəcə internet vasitəsi ilə dünyanın müxtəlif kitabxanalarına girmək imkanı və kompüter ardında oturmaq əziyyəti işimizi xeyli sürətləndirdi. Ən əsası odur ki, biz bir-birimizi yarım sözdən anlamağa başladıq, bu, birgə kitab yazmağın əsas şərtlərindən biridir. Yəni mən Cavanşir Feyziyevin şəxsində özümə həmfikir, məsləkdaş tapdım, yəqin ki, o da öyləcə. Mənim ədəbi və elmi dünya görümüm əksəriyyətinkindən həmişə fərqlənib və bu, adamlar tərəfindən qavranılmaqda öncə çətinlik yaratsa da, intelektuallar tərəfindən həmişə qəbul olunub. İlk elmi kitabı da Cavanşir Feyziyevlə bir yerdə yazdıq, bu kitab bir çox xüsusiyyətlərinə görə indiyədək yazılmış kitablardan fərqlənir, buna görə də elmi disskusiyalara, polemikalara səbəb olacağından şəkki-şübhəmiz yoxdur. Ən əsası odur ki, tarixin, hadisələrin gedişinə mənimlə oxşar mövqedən, fərqli rakurslardan yanaşan bir alim, bir filosov, bir geopolitik həmkarım var. O da mənim kimi həyatını dövlətinə, millətinə həsr edib, hansı işlə məşğul olubsa, onu ləyaqətlə, professional şəkildə yerinə yetirib.
Öncə söylədiyim kimi, mən C. Feyziyevin yaradıcılığını çoxdan izləyirəm, onun 2013-cü ildə nəşr etdirdiyi "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" monoqrafiyası bu mövzuda yazılmış ən yaxşı, ən lazımlı əsərlərdəndir, deyərdim ki, bu əsər özündə türk birliyinə necə nail olmanın nəzəri əsaslarını ehtiva edir və bir çox ölkələrdə elmi şəkildə öyrənilir. 2017-ci i ildə nəşr etdirdiyi “Türk Dünyası” adlı 5-cildlik də bir hadisə olaraq dəyərləndirilə bilər. Burada türk xalqlarının tarixi, mədəniyyəti, inancları və s. ilə bağlı çeşidli materiallar verilib. Bu kitabların mövzu seçimi də maraqlı və rəngarəngdir: "Türk dünyasının təməl dəyərləri"; "Türk xalqları"; "Türk dövlətçiliyi tarixi", "Türkşünaslıq", "Türk dünyasının tarixi şəxsiyyətləri".
Söz vaxtını çəkər, elə bu günlərdə şair dostum Murad Köhnəqala ilə türk tarixi ilə bağlı kitablar barədə söhbətimiz oldu, Murad Nizami Cəfərovun və Cavanşir Feyziyevin bu mövzudakı kitablarının əhəmiyyətindən danışdı, xüsusən C. Feyziyevin 5 cildlik “Türk Dünyası” əsərinin orta və ali məktəblərin tədris proqramlarına salınmasının vacibliyini söylədi. Ümumən bu kitabları oxuyanların əksəriyyəti onun barəsində yüksək fikirdədirlər və mən Murad Köhnəqalanın onların tədris proqramlarına salınması barədə fikirləri ilə həmfikirəm, türk tarixinə dair belə sistemli kitablar indiyədək az yazılıb və belə kitablar “Türk əsrinə” qədəm basan gənc nəslin formalaşmasında önəmli rol oynaya bilər.
C. Feyziyev elmi fəaliyyətlə yanaşı siyasi səhnədə də imzalar içində imzasını qoymuş şəxsiyyətlərdəndir. Onun 2002-ci ildə ingilis dilində nəşr edilən «Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri» adlı kitabı da geopolitika mövzusu ilə bağlı yazılmış maraqlı kitablardandır. 2008-ci ildə yayınlanan «Sülh fəlsəfəsi» adlı elmi-publisistik kitabı da bu qəbildən olan kitablardandır. Ümumən onun publisistik fəaliyyəyindən danışsaq, gərək uzun-uzadı bir yazı alınsın, yəqin bir ayrı zamanda mən onlardan da söhbət açacan. İndi isə məni daha çox bir şey maraqlandırır, öncə dediyim kimi, o çox məşğul adamdır, parlament üzvü kimi həm Avropa, həm də Avrasiya istiqamətində dövlət və xalq üçün əhəmiyyətli işlər görür. Yəni həyatının böyük bir qismini yollarda və iclaslarda keçirir.
Buna baxmayaraq yazı-pozusundan da geri qalmır, deyərdim ki, o uzun illər ərzində Azərbaycanda və xaricdə sistemli şəkildə publisistik yazılarla çıxış edən çox az qism deputatlarımızdan biridir. Mən bir dəfə ondan soruşdum ki, sən bu qədər yazını yazmağa necə macal tapırsan, dedi, bunların çoxunu təyyarədə yazıram. Sözün düzü mən ömrünün çoxunu təyyarələrdə keçirən xeyli qələm və fikir adamları tanıyıram, amma C. Feyziyyevdən başqa “10 min kilometr yüksəklikdə” yazı yazanlarını görmədim. Onun yerinə olsaydın bir gün “ 10000 m hündürlükdə yazılanlar” adlı kitab nəşr etdirərdim.
İndi bu yazını yazarkən paralel olaraq internetdə C. Feyziyev barədə yazılanları da gözdən keçirirəm. Gününsəsi.info saytında bir yazı diqqətimi cəlb elədi. Bəlkə də bir zaman “Günün səsi” adlı bir qəzetdə baş redaktor işlədiyimdən bu sayt məni çəkdi və mən oradan kiçik bir məlumatı bu yazıya əlavə eləməyi lazım bildim.
“2018 və 2019-cu illərdə ilk dəfə Avropa Parlamenti üzvləri Xocalı Soyqırımı ilə bağlı Bəyanatlar imzalayıblar. O, Xocalı soyqırımı hadisəsini Şotlandiya parlamentinin gündəliyinə çıxara bilib və parlamentin 80%-dən çoxu bu Qətnaməyə səs verib. Həmin Qətnamədə ermənilərin Xocalıda törətdiyi hadisələr insanlığa qarşı cinayət kimi siyasi qiymətini alıb.
Bəzi xarici media qurumlarının Cavanşir Feyziyevə qarşı hücumları da elə o vaxtlardan, yəni 2015-ci ildən sonra başlayıb. 2017-ci ildə Cavanşir Feyziyevin Azərbaycan Aİ Parlament Əməkdaşlıq Komitəsinin həmsədri seçilməsi onun erməni həmkarlarını və Avropada fəaliyyət göstərən erməni lobbiçilərini narahat etməyə başlayıb, elə o zaman həm xaricdə və həm də qismən daxildə media hücumları daha da güclənib”.
Sözün düzü mən bu informasiyanı bilmirdim, amma bildiyim bir hadisəni bu fikirlərə əlavə edə bilərəm. C. Feyziyev 2015-ci ildə məşhur Fransa tarixçisi Jorj dö Mollevilin "1915-ci il erməni faciəsi" adlı kitabını fransızcadan Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdi. Bu tərcümə də “10 km yüksəkliyin məhsullarındandır”, yəni təyyarədə ərsəyə gəlib. Jorj Mollevilin bu kitabı dırnaqarası “erməni soyqırımını” ifşa edən kitablardandır və Fransada onun nəşri qadağan edilib. Kitabın Bakı nəşrinin təqdimatında iştirak etdiyinə görə Fransanın o zamankı səfiri erməni lobbisinin tələbilə vəzifəsindən azad edilmişdi. Yəni erməni lobbisinin Cavanşir Feyziyevlə xüsusi hesabının olduğunu yaxşı bilirəm. Neyləmək olar, düşmənsiz türk qılıncsız qın kimi bir şeydir. Dünyanın bu qarışıq vaxtında bizim hamımız istəsək də, istəməsək də bir savaşın içərisindəyik, doctum Cavanşir Feyziyev də bu savaşın ön sıralarında yer alıb. Birlikdə yazdığımız kitabların bir gün xaricdə nə həngamə qoparacağını da indidən təsəvvür edirəm
Ötən ay Bakıda keçirilən “Türk dünyası kitab festifalında” çoxdan görmədiyim şair və naşir Rasim Qaraca ilə rastlaşdım. Soruşdu nə üzərində işləyirsən, dedim Cavanşir Feyziyevlə birlikdə xəzərlər və yahudilər mövzusunda kitab yazıram. Rasim - “Şəkinin deputatınımı deyirsən, maraqlıdır ki, şəkililər ondan çox razıdır – dedi. Eynən Murad Köhnəqala kimi Rasim Qaracada kimisə boş yerə tərifləməz, cəmiyyətimizdə onları tanıyan hər kəs bunu yaxşı bilir. Sonradan şəkili dostlardan da R. Qaracanın dedikləri ilə bağlı xeyli təsdiqləyici söhbətlər eşitdim. Hər halda el ağzı tərəzidir, heç kimi boş yerə öyməzlər. Sözün düzü, mən bu yazımda C. Feyziyevin deputatlıq fəaliyyəti barədə danışmaq istəmirəm, amma bəzi ştrixlər əlavə etməyi özümə borc bilirəm. Deyim ki, o özü də deputatlıq və xeyriyyəçilik fəaliyyətinin reklam məqsədi ilə işıqlandırılmasına yaxşı baxmır, bu işləri bir vəzifə, bir vicdan borcu hecab edir. Amma yenə də... Məsələn, onun Vətən müharibəsində iştirak edən bütün şəkili əsgər ailələrinə seçicisi oldu-olmadı, fərq qoymadan yardımlar göndərməsi məni xeyli duyğulandırdı. Əlbəttə, çox şey danışmaq olar, amma mən onun xeyriyyəçiliklə bağlı fikirlərini yaxşı bildiyimdəm, bu barədə geniş danışmaq istimirəm, lakin seçicisi olduğum xanım Qənirə Paşayevanın və dostum Cavanşir Feyziyevin bu yöndəki fəaliyyətləni həmişə minnətdarlıqla anacam. Qoy Allahın kölgəsi həmişə üstlərində olsin.
“Dostlarımdan duyğular” sırasından bu növbəti portret yazımı mən bu gün, yəni 12 iyulda 60 yaşı tamam olacaq, dostum, vətənpərvər bir alim, böyük ürəyi olan insan, xalqın xidmətçisi olan millət vəkili Cavanşir Feyziyevə həsr elədim. O da eynən mənim kimi heç yubiley keçirməyib, belə mərasimlərdən xoşu yoxdur, yəni “ləyaqətlə yaşanan hər bir il yubiley ilidir” fəlsəfəsini qafasında daşıyanlardandır. Qətiyyən heç şübhə etmirəm ki, onun ləyaqətli, yaxşı işləri çoxdur, onları sadalamağa başlasam, gərək bir kitab yazam. Buna isə indi sadəcə vaxt tapammaram.
Ad günün qutlu olsun qardaşım! Sən hamının tanıdığı adsız qəhrəmanlarımızdansan, böylə insanlar gözəlləşdirir dünyanı, onlar olmasa yaşamağın heç marağı da da olmaz. Mənim 60 yaşım olanda Azərbaycan Yazıçılar Birliyi, daha dağrusu səxsən Anar müəllim təntənəsiz filansız mənə türk dünyası qarsısında xidmətlərimə görə “Bəxtiyar Vahabzadə mükafatı” vermişdi, Mahmud Kaşqari adına Beynəlxalq Fond da Səni “Beynəlxalq Mahmud Kaşqari” mükafatı ilə təltif edir. Qoy Türk ulularından olan bu müqəddəs insanın runu həmişə gördüyün xeyirli işlərdə yardımçın olsun. Bu Vətənin, bu millətin sənin kimi təmənnasız insanlara həmişə ehtiyacı var.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Allah sənə rəhmət eləsin, Hacı Zeynalabdin!
Leyla, “Ədəbiyyat və incəsənət”İnsanlar gedir, gözəl işlər, nəcib əməllər qalır!
1901-ci ildə Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə müsəlman şərqində ilk dünyəvi qızlar məktəbini yaratmışdı. O zamanlar qızların təhsil alması artıq labüd idi. Xaricdə təhsil alıb gələn oğlanlarımız savadsız və dünyagörüşsüz qızlarımızı bəyənməyərək özləri ilə gətirdikləri "firəngli", "rumlu" və s. əcnəbi xanımlarla evlənirdilər. Digər tərəfdən, xanımlar xəstələndiyi zaman onları müayinə edəcək qadın həkimlər yox idi. H.Z.Tağıyev bütün məşəqqətlərə, maneələrə və təzyiqlərə baxmayaraq qızların təhsil alması üçün bu məktəbi yaradır və həmin məktəb Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbə çevrilir.
Unutmayaq ki, unudulmayaq!
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Nigar Həsənzadə Venesuelada dünyanın ən böyük poeziya tədbirinə qatılacaq
Bu günlərdə Kolumbiyanın paytaxtı Boqota şəhərində planetin ən böyük poeziya günləri keçirilir. Belə ki, iyulun 1-dən başlayan 33-cü Beynəlxalq Medelin Şeir Festivalı davam edir. Dahi kolumbiyalı şair Fernando Rendonun başçılıq etdiyi festival iştirakçı sayına görə dünyanın ən böyüyü hesab edilir.
Bununla yanaşı iyulun 13-dən 18-dək Venesuelanın paytaxtı Karakasda Dünya Poeziya Hərəkatının I Konqresi baş tutacaq. 104 ölkədən 60-a yaxın şairin qatıldığı Medelin beynəlxalq şeir festivalının əsas məqsədi demokratik azadlıqlara, sosial dəyişikliklərə və tam sülhə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanı nüfuzlu poeziya tədbirlərində tanınmış şairə Nigar Həsənzadə təmsil edir.
Nigar Azərbaycanı təmsil edən koordinator kimi portalımıza səfəri öncəsi məlumat verib ki, festivalda Azərbaycan dilində öz şeirlərini səsləndirəcək: İstər Medelindəki 33-cü Beynəlxalq Şeir Festivalında, istərsə də Dünya Poeziya Hərəkatının ilk Konqresində ölkəmizi layiqincə təmsil etməyə çalışacaq. Seçilmiş şeirlərini təqdim edəcək. Bundan əlavə, festivalın bağlanış mərasimindəki çıxışını Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edəcək.
Nigar ədəbiyyatımızın dünyada tanınması və təbliği işinə çox önəm verir və bunun üçün əlindən gələni edir.
Onu da qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan N.Həsənzadənin şeirləri dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiya kimi ölkələrdə aparıcı şairlər tərəfindən yüksək qiymətləndirilib və tərcümə olunaraq ədəbi mətbuatın səhifələrində dərc olunub. N.Həsənzadə 2002-ci ildə Azərbaycanda "Humay” milli mükafatına layiq görülmüş, 2005-ci ildə Böyük Britaniyanın "Modern Poetry in Translations” jurnalının "Russian Women Poets” antologiyasına, eləcə də XX əsrin 70 rus qadın-şairi – "Russian Women Poets” antologiyasına daxil edilib. Bundan əlavə, o Böyük Britaniya ərazisində yaşayan “10 ən yaxşı əcnəbi şair” siyahısına daxil edilib.
Nigar 2019-cu ildə Bakıda BMT-nin himayəsi altında və Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə keçirilən ədəbiyyat üzrə 4-cü LiFFt festivallar festivalının koordinatoru olub.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Aşıq yaradıcılığında Vətən müharibəsinin tərənnümü
Aşiqlar Birliyində yeni layihəyə start verilib
Son illərdə daim aktual mövzularda müxtəlif layihələrlə gündəmdə olan Azərbaycan Aşıqlar Birliyində yeni layihənin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşacaq layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır.
Bu barədə AzərTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, layihənin koordinatoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş Qələbənin tərənnümündə aşıqların xidmətlərini stimullaşdırmaq, onların ifalarının daha geniş miqyasda yayılmasına nail olmaqdır:“Burada başlıca vəzifə odur ki, layihəyə ustad aşıqlar cəlb olunsun və onların ifaları əsasında hazırlanacaq disk mədəniyyət mərkəzləri, əhalinin müxtəlif yaş və sosial qrupları, xüsusən də, gənclər arasında yayılsın. Bunun, eyni zamanda aşıq sənətinin təbliğinə də fayda verəcəyini düşünürük”.
M.Nəbioğlu həmçinin qeyd edib ki, layihə çərçivəsində 2020-ci ilin payızındakı Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra aşıqlarımızın yaradıcılığında mühüm yer tutmuş qəhrəmanlıq ruhlu aşıq havalarının – “Dəmir yumruq” sayəsində əldə olunmuş qələbəni, bu qələbə sevincini xalqımıza yaşatmış müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərini tərənnüm edən ifaların toplanaraq audiodisk halında buraxılması nəzərdə tutulur. Bu zaman həm ifa olunan mətnlərin məzmununa, həm də aşığın sazçalma bacarığına və ifa qabiliyyətinə xüsusi diqqət yetiriləcək, daha yaxşı 20-dək ifa seçilərək audiodiskə daxil ediləcək.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
“Arzuları öldürməkdən də böyük cinayət yoxdur” – Xorxe Anhel Livraqanın
“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Xorxe Anhel Livraqanın aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.
Xorxe Anhel LİVRAQA:
Biz insanıq ... ona görə ki, ruhumuz var, ona görə ki, Allaha inanırıq.
***
Heç kimsə özünü tənha və zavallı bilməsin; varlığında Tanrıdan zərrə daşıyan bir kəs nə yalqız, nə də zavallı ola bilər.
***
Böyük fikirlərin yaşandığı bir cəmiyyətdə tənha olmaq olmaz.
***
Təbiətin qanunlarına əsla müqavimət göstərməyin...
***
İnsan təbiətdən uzaqlaşdıqca qəlbi də qatılaşır.
***
Səbir – əbədiyyətin insanı sınamağıdır.
***
Bütün doğrular və bütün həqiqətlər ağılla da, ürəklə də uyum içində olur.
***
Çətin olanla dəyərli olan arasında əsrarəngiz bir bağ vardır.
***
Arzuları öldürməkdən də böyük cinayət yoxdur.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)