Ramiz Göyüş, “Ədəbiyyat və incəsənət” üçün Yazıçı-publisist, hərbi jurnalist, məşhur tədqiqatçı Şəmistan Nəzirlinin yeni “Nüfuzlu nəsillər tarixindən...” adlı kitabı işıq üzü görüb.
Hələ axtar ara arxivlər dolaş,
Məlum fədaisən xalqına qardaş...
Bu misralar yazıçı-publisist, məşhur tədqiqatçı, hərb tariximizin fədakar araşdırıcısı, hərbi jurnalist Şəmistan Nəzirlinin haqqında yazılmış ”Şəmistan Nəzirli: Tədqiqatçı ömründən səhfələr” kitabının üz qabığından götürülmüşdür. Şeirin müəllifi Alim Aslanoğludur. Düşünürəm nə qədər dəqiq və gözəl deyib Alim Aslanoğlu. Şəmistan müəllim bədii yaradıcılığa başladığı 1958-ci ildən bu günədək 65 illik bir dövrdə bütün fəaliyyətini xalqımızın görkəmli tarixi şəxsiyyətlərinin həyat və fəaliyyətinin öyrənilməsinə, tariximizin, eləcə də hərb tariximizin tədqiqinə, öyrənilməsinə həsr etmiş, bu araşdırmaların və tədqiqatların nəticəsi olaraq onlarca çox dəyərli, nadir məlumatları özündə əks etdirən iri həcmli kitablar cap etdirmişdir. Və bu kitabılar tariximizin qaranlıq səhfələrinə işıq salmaqla, onun öyrənilməsində və təbliğində müstəsna əhəmiyyət kəsb edən coxsaylı real həqiqətlərlə zəngindir. Onun “ Vurğun keçib bu yerlərdən”, “ Vurğun ömrü”, “Ellər vurğunu”, ”Yaddaşlarda yaşayan Vurğun”, “Qacarlar”, “Cumhuriyyət generalları”, “Azərbaycan generaları”, ”General Əli ağa Şıxlıniski”, “ General Cəmşid Naxçıvanski”, ”Topoqraf general İbrahim ağa Vəkilov”, ” Tam artileriya generalı Səməd bəy Mehmandarov”, “General Yadigarov qardaşları”, ” Krım dəftəri”, “Qoridən gələn qatar”, “1920-ci il Qarabağ döyüşləri” və digər kitablarında toplanmış materiallar arxiv sənədlərinə, tarixi faktlara əsaslanmaqla tariximizin qızıl məqamlarını özündə əks etdirir. Bu günədək 30-dan çox kitabın müəllifi olmasına baxmayaraq, Şəmistan müəllimin bir arzusu da “Nüfuzlu nəsillər tarixindən...” kitabı üzərində yaradıcılığını tamamlayaraq onun nəşrinə nail olmaq idi. Özünün dediyi kimi, ömür vəfa edərək onun bu arzusuna da çatmağa imkan verdi.
Kitab Qazax Xeyriyyə İctimai Birliyinin təşəbbüsü ilə, iş adamı Arzuman Abbasovun maddi dəstəyi ilə nəşr edilmişdir. Kitaba əməkdar jurnalist Tahir Aydınoğlu “Dünəndən bu günə öyünc körpüsü salan çağdaş səlnaməçi” adlı ön söz yazmış , Şəmistan müəllimin babalarımızın xalqın milli oyanışı və elmi-mədəni tərəqqisi yolunda şama dönmüş öyünc doğuran talelərini araşdırmaq, istiqlal mücadiləsinin qaranlıqlarına işıq salmaqla bağlı axtarışa çıxdığını, Xalq şairi Hüseyn Arifin dili ilə qeyd edir: “Bu gün Şəmistan ünlü babaların axtarışına çıxmışdır. İnanıram ki, balalar da Şəmistanı axtaracaqlar”.
Kitabın “Vaqifəm, eylərəm fəqan“ adlı I fəsli böyük Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifə həsr edilmişdir. Fəsil xalq şairi Səməd Vurğunun 1940-cı ildə “Pravda” qəzetində çap edilmiş “Xurşudbanı Natəvan” məqaləsindəki aşağıdakı sözlərlə başlayır: “Qarabağ gözəldir... Şuşanı əbəs yerə musiqinin və poeziyanın beşiyi adlandırmırlar... Məşhur lirik şair, şadlıq və səadət müğənnisi Vaqifin qəbri bu gözəl şəhərdədir. Bəli bütün xalqımızın sevimli oğlu Azərbaycanın poetik mədəniyyətini görünməmiş bir yüsəkliyə qaldıra bilmiş Vaqifin böyük ürəyi hələ XVIII əşərdə Şuşa şəhərində döyünmüşdür.” Düşünürəm ki, kitabın Vaqiflə, fəslin isə Səməd Vurğunla başlaması simvolik bir məna daşımaqla, həm də onun cəlbediciliyini və məziyyətini artırmış olur. Eyni zamanda hesab edirəm ki, “Vaqifəm eylərəm fəqan” fəslində əksini tapmış faktlar nəhayət bir sıra müəlliflərin Vaqifin həyat və fəaliyyətilə bağlı yalan, uydurma və cəfəng mülahizəlrinə son qoyacaqdır.
14 fəsildən, 590 səhfədən ibarət bu ensklopedik toplunun hər fəsli Azərbaycan xalqının tarixində və taleyində mühüm rol oynamış nəsillərə və görkəmli şəxsiyyətlərə Qayıbovlara, Yadigarovlara, Vəkilovlara, Zaloğlulara, Kərbalayevlərə, Qacarlara, Nərimanovlara, Bakıxanovlara, Köçərlilərə və digərlərinə həsr olunmuşdur. Və hər səhfəsi, hər cümləsi tarixdən gələn səslərdir... Qeyd etməyi zəruri hesab edirik ki, kitab artıq araşdırmaçıların marağına səbəb olmuş, onun bir neçə nüsxəsi Qazax Xeyriyyə ictimai Birliyi tərəfindayrı-ayrı tədqiqatçılara çatdırılmışdır. Bununla belə və onlardan müəllifə və Birliyə müraciətlər daxil olmaqdadır.
Bu il avqustun 12-də görkəmli tədqiqatçı və məşhur hərbi jurnalist, yorulmaz və məhsuldar araşdırıcı Şəmistan Nəzirlinin 80 yaşı tamam olur. Yeni işıq üzü görən bu kitab onun 80 illik yubileyinə bir töhvə olmaqla, həm də istər tarixçilər, istər ədəbiyyatçılar, istər tədqiqatçılar, istərsə də geniş oxucu kütləsi üçün son dərəcə dəyərli və maraqlı bir mənbəədir.
Şəmistan müəllimin yubileyi münasibətilə Qazax Xeyriyyə İctimai birliyi aidiyyatı təşkilatlarla birlikdə silsilə tədbirlər keçirməyi nəzərdə tutur. Bu tədbirlər çərçivəsində bu yaxınlarda müəllifin “Nüfuzlu nəsillər tarixindən...” kitabının təqdimatı da keçirəcəkdir.
Şəmistan Nəzirli Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə Azərbaycan Jurnalist Həmkarlar İttifaqnının "Səməd Vurğun fəxri xatirə diplomu"na (1996), "Qacarlar" əsərinə görə İran Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına (1995), hərbi vətənpərvərlik mövzusunda tarixi-publisistik əsərlərinə görə "General Həzi Aslanov" və Qazax Xeyriyyə Cəmiyyətinin təsis etdiyi "General Əliağa Şıxlinski" mükafatlarına (1995) layiq görülmüşdür.
Şəmistan Nəzərlinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş 6 may 2023-cü il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə o, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Bu yüksək dəyərə görə Prezidentimizə təşəkkürümüzü bildirir, Şəmistan müəllimi həm 80 illik yubileyi, həm də bu son dərəcə maraqlı kitabının nəşri münasibətilə səmimiyyətlə təbrik edir, möhkəm can sağlığı və yeni yeni uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)