Aşiqlar Birliyində yeni layihəyə start verilib
Son illərdə daim aktual mövzularda müxtəlif layihələrlə gündəmdə olan Azərbaycan Aşıqlar Birliyində yeni layihənin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşacaq layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır.
Bu barədə AzərTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, layihənin koordinatoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş Qələbənin tərənnümündə aşıqların xidmətlərini stimullaşdırmaq, onların ifalarının daha geniş miqyasda yayılmasına nail olmaqdır:“Burada başlıca vəzifə odur ki, layihəyə ustad aşıqlar cəlb olunsun və onların ifaları əsasında hazırlanacaq disk mədəniyyət mərkəzləri, əhalinin müxtəlif yaş və sosial qrupları, xüsusən də, gənclər arasında yayılsın. Bunun, eyni zamanda aşıq sənətinin təbliğinə də fayda verəcəyini düşünürük”.
M.Nəbioğlu həmçinin qeyd edib ki, layihə çərçivəsində 2020-ci ilin payızındakı Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra aşıqlarımızın yaradıcılığında mühüm yer tutmuş qəhrəmanlıq ruhlu aşıq havalarının – “Dəmir yumruq” sayəsində əldə olunmuş qələbəni, bu qələbə sevincini xalqımıza yaşatmış müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərini tərənnüm edən ifaların toplanaraq audiodisk halında buraxılması nəzərdə tutulur. Bu zaman həm ifa olunan mətnlərin məzmununa, həm də aşığın sazçalma bacarığına və ifa qabiliyyətinə xüsusi diqqət yetiriləcək, daha yaxşı 20-dək ifa seçilərək audiodiskə daxil ediləcək.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)