Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Təbii ki, biz intellekt səviyyəsinə, elmi, mədəni səviyyəyə görə Afrika qitəsindən qabaqdayıq, amma işə bax ki, afrikalılar da bizə kəf gəliblər.
Məsələ necə olub? Biz ərz edək, siz qulaq asın.
Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını şirnikləndirici vədlər müqabilində dələduzluq edərək aldadan nigeriyalıların saxlanılması barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayılıb.
Demək, Daxili İşlər Nazirliyinə çoxsaylı şikayətlər daxil olub, vətəndaşlar sosial şəbəkələrdə xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə edilməklə aldadılmaları və külli miqdarda pul vəsaitlərindən məhrum olmalarını ərz ediblər. Bu məlumatlar dərhal nəzarətə götürülüb.
Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, iş üzrə zərərçəkən şəxslərin aldadılması əsasən “telegram” sosial şəbəkəsində həyata keçirilib. Həmçinin, araşdırmalarla saxta profillərin xarici ölkələrin internet resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna baxmayaraq dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib. Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən Nigeriya vətəndaşları Ejiofor Onyekachu Benedict və Emere Onyebuchi Christiantusun şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar saxlanıblar.
Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları "Philips Tomas Ben" və digər saxta profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər. Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adi altında ayrı-ayrı ödəniş sistemlərindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.
Söhbət çox böyük pullardan gedir. Bəziləri maymaqlıq edərək öz plastik kartının bütün məlumatlarını nigeriyalı qoçaqlara veriblər, onlar da uf demədən orda nə ki pul var, hamısını çəkib götürüblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Dəstə üzvlərinin Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına müvafiq sorğular göndərilib.
Bu arada DİN vətəndaşlarımıza müraciət də edib. “Bir daha vətəndaşlara sosial şəbəkələrdə yerləşdirilən və ilk baxışdan insanların marağına səbəb olan şübhəli keçidlərə daxil olmamağı, həmçinin bank kartlarında olan məlumatları isə heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.
Elə bu xəbəri hazırlayırdım ki, qonşum Əlövsəti həyat yoldaşı ilə çiçəyi çartlayan gördüm. “Nə olub” sualına birtəhər ondan cavab qopardım. Sən demə bunlara bir email gəlib ki, sizə 1000000 dollar pul köçürmək istəyirik, köçürmə həyata keçsin deyə göstərilən hesaba 5 dollar ödəyib poçt xərclərini qarşılamalısınız.
Ər-arvad poçta gedirlərmiş ki, 5 dolları ödəsinlər.
Mən Əlövsəti başa salmaq istədim ki, hansı axmaq durduğu yerdə kiməsə 1 milyon pul verər? Və 1 milyonu verən 5 dolları niyə əsirgəsin ki?
Əlövsət məni paxıllıqda qınayıb yolundan qalmadı.
Bax belə!
Şəkildə: Həmin o nigeriyalılar
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)