Zəif qadın, əzazil kişi, göz yaşı, iztirab, xəyanət - bütün bunlar Azərbaycan incəsənətinin qısa özətidir Featured

Ekspress-sorğumuzun növbəti sualı belə idi: Bu gün yazıçı, rejissor, bəstəkar, rəssam necə bir mədəniyyət nümunəsi ortaya qoymalıdır ki, kütləni internet yoluxmasından qopara bilsin? Hansı kriteriyalara riayət etməlidir?

 

JALƏ İSLAM:

Böyüdükcə anlayırıq ki, uşaq vaxtı söhbət olsun deyə soruşulan “Böyüyəndə kim olacaqsan?” sualı çox böyük bir məna kəsb edir. Çünki uşaq ağlı ilə xəyalını qurduğumuz hər şey biz heç fərqində olmadan bizi biz edən ünsürlərdir. Həyat bizi istədiyi yerə sürükləsə də, önümüzə maneələr qoysa da, yaxud ən acınacaqlısı, o xəyallara qovuşacaq qədər gücümüz olmasa da, bizim hisslərimiz, düşüncələrimiz yenə həmin xəyallara qucaq açır. 

Gəlin bir suala cavab axtaraq: Neçələrimiz bu zamana qədər sırf çevrə basqısı ilə əlaqədar öz istədiyimiz peşəni seçməyərək fərqli diyarlara səpələnmişik? Bu sual əminəm ki, çoxlarını kədərləndirən bir sualdır, amma kədərlənmək lazım deyil. Bəlkə də bütün yox sayılmaları, əzici baxışları göz ardı edərək öz amalımız üçün mübarizə aparmaq ən ali addımdır. 

Çox uzağa getməyək, elə öz torpağımızdan başlayaq. Azərbaycan kimi zamanla inkişaf edən bir dövlətdə hələ də bu qədər dar düşüncəli insanların mövcud olması məni, həqiqətən də, təəccübləndirir. Belə insanlar incəsənətin bütün sahələrinə bəzəkli sözlər qoşmağı çox yaxşı bacarır. Məsələn, yazıçı olma, sənin boş-boş fikir və düşüncələrin kimə lazımdır? Bəstəkar olma, güya sənin musiqilərini kim dinləyəcək? Rəssam olma, vaxtını niyə mənasız cızma-qaraya sərf edirsən? Bütün bu suallar isə ümumi bir sualda toplanır: Bu işdən nə qədər qazanacaqsan? 

Qəbul edirəm ki, seçdiyimiz peşəni elə seçməliyik ki, gələcəkdə bizim üçün gəlir mənbəyi olsun. Fəqət bütün bu söylənilənlərin, verilən yersiz sualların bir başqasının qəlbini qıra biləcək qədər incidici olduğunu niyə anlamaq bu qədər çətindir? İnsanların gələcəyini, onların həyatında baş verə biləcəkləri heç də asan analiz etmək mümkün deyil. Bir başqasının bacara bilmədiyini, digəri iradəsi və əzmi ilə çox asan qazana bilər. 

Elə məhz bunun üçün xəyallarımız ölçüsüz, gücümüz isə müqayisəsizdir!

Hər kəs öz sevdiyi peşəni seçməlidir, məqsədlərini buna əsasən müəyyən etməlidir. Şəxsin məqsədləri və doğru seçimləri getdiyi yolda onun ən böyük dayağıdır. Peşə doğru seçilmişdirsə, işə həvəs varsa, deməli, orada yenilik mütləq var. İstər yazıçı ol, istər rejissor, istər bəstəkar, istərsə də rəssam, əgər işindən iki əlli möhkəm yapışmısansa, onu həqiqətən sevirsənsə, belə olan halda sən mükəmməl bir mədəniyyət nümunəsi ortaya qoya və kütləni intellekt yoluxmasından xilas edə bilərsən. 

Yaradıcı demək geniş və dərin intellekt gücünə, fərqli düşünmə qabiliyyətinə malik şəxs deməkdir. İncəsənətin yüksəlməsi və inkişaf etməsi üçün yaradıcı şəxslərə ehtiyac var. İncəsənət eynilə qaçdı-tutdu oyununa bənzəyir, bizim incəsənətimiz isə bu oyunda hələ də qovan tərəfdir. Zaman, texnika, maraqlar gün keçdikcə inkişaf edir. Həm yaradıcılar, həm də oxucular bu məsələyə çox yaxşı bələddir. Buna baxmayaraq çoxu bu yöndə nə yenilikçi addım atır, nə də fikir irəli sürürlər. Bir tərəfdən də azad fikirlər xalqın dırnağarası mentalitet cərəyanı arasında yox olur. 

Bir mövzu məni çox narahat edir. Bizim istər müasir əsərlərimiz, istərsə də filmlərimiz sanki keçmiş abu-havanı öz üzərindən ata bilmir. Hələ də bütün əsərlər doğruluq payını isbat etməkdə çətinlik çəkdiyimiz quru “sevgi”, “eşq” mövzuları arasında cərəyan edir. Demirəm ki, olmasın, dərdim odur ki, tutarlı mövzu olsun. Lakin biz indiki hekayə, romanların bir çoxunu müzakirə edəcək olsaq, obrazlar dəyişsə də, mövzunun bir sıra xırdalıqlarını istisna tutmaqla eyni olduğunun şahidi olarıq. Zəif qadın, əzilən qadın, əzazil kişi, göz yaşı, iztirab, xəyanət, bütün bunlar Azərbaycan incəsənətinin qısa özətidir. Əlbəttə mən də başa düşürəm ki, bütün bunları yaşayan yüzlərlə həmcinsim var. Mənim başa düşə bilmədiyim odur ki, niyə zaman keçdikcə obrazlar daxili gücün, dayanıqlılığın təsiri altına düşmür. Bu tipli sadə mövzuları oxuyan hər bir oxucu elə bilir ki, elə ən mükəmməl əsər budur. Onlar düşündürücü bir şeylər oxuyan kimi tez sıxılır və oxuduğunun onun zövqü olmadığını özünə inandırmağa çalışır.

Biz tarix yazan millətik, əziz dostlar. İyirmi il sonra maşınların uçaraq səmaya qalxacağı, dünyanı robotların idarə edəcəyi bir dünya bizi gözləyir. Lakin bizim əsərlərimizdə qızlar hələ də səhənglə su daşıyır, əzilir, göz yaşı tökür, qüruru ayaqlar altına alınır. Səngərdə vuruşub şəhid olan neçə-neçə qadınlarımız var. İdmanın bir çox sahələrində adlarını zəfərə qızıl hərflərlə yazan kişi qeyrətli qızlarımız var. Dünyanın gerçəkləri bir addım irəlidə sizi gözləyir. Siz düşünün və yaradıcı işlər ortaya çıxarın ki, oxucu da düşündürücü mövzulardan qaçmamağı bacarsın. 

Axı bizim xəyallarımız ölçüsüzdür!

Axı bizim gücümüz müqayisəsizdir!

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.