“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
20 –ci dərc
Matvey Semyonoviçin buraya qədər dedikləri, Rasim müəllimin dedikləri ilə uyğun gəlirdi. Onun sözünü kəsmədən dinləməyə davam etdim.
-Axşam saatları idi. Qapının zəngi çalındı. Açanda üç nəfərin qapıda dayandığını gördüm. Üçü də quldura oxşayırdılar. İcazə almadan içəri keçib qapının kilidini arxadan bağladılar. Yoldaşım uşaqlarla arxa otaqda yatmış idi. Onlardan biri sol əli ilə yaxamdan tutub məni dəhlizin divarına söykədi, sonra sağ əlindəki bıçağı boğazıma dayayıb dedi -«İndi mənə diqqətlə qulaq as. Bu gecə meyiti gətirilən cavan oğlanın maşınla vurulması barədə rəy yazacaqsan. Əgər bunu etməsən, uşaqlarını bir daha görməyəcəksən. Ağıllı olsan, sən də, onlar da rahat yaşayacaqsız». Fikrim onsuz da içəri otaqda yatan uşaqlarımın yanında idi. Yəqin bilirsiniz, bir oğlum, iki qızım var. Onda uşaqlar lap körpə idilər. Eşitdiklərimdən dizlərim əsdi, özümü ayaq üstə zorla saxladım. Boğazım qurumuşdu. Heç nə deyə bilmirdim. Onlar bu susmağımı razılıq kimi başa düşdülər. Gələnlərdən biri əlini cibinə atıb bir pul bağlaması çıxardı. Onu köynəyimin döş cibinə qoyub dedi -«Bu pulu bizi buraya göndərən kişi verib, tapşırıb sənə çatdıraq ki, uşaqlarınçün xərcləyəsən, korluq çəkməyəsən. Biz getdik. Yenə deyirəm, çaşıb səhv-zad buraxsan, uşaqlarını ölmüş bil».
-Kimin adamları olduqlarını dedilər?
Bayaqdan baxışlarını aşağı dikib danışan Matvey başını qaldırıb gözlərimin içinə bir xeyli baxdı, sonra pıçıltı ilə dedi:
-Kaş ki, deməyəydilər.
Gözlərimi Matveyin gözlərindən ayırmadan sözünə davam etməsini gözlədim.
Matvey susurdu. Nəhayət özünü toplayıb bir kəlmə dedi:
-«Harun».
İndi ikimiz də susurduq. Matvey bəlkə də son otuz ildə ilk dəfə bu adı dilinə gətirməyə cəsarət etmişdi, mən isə aldığım informasiyanı həzm etməklə məşğul idim. Matveydən hansı adı desən gözləyirdim. Ancaq etiraf edim ki, təkcə bu addan başqa. Səksən-doxsanıncı illərdə bütün Qafqazın cinayət aləminə nəzarət edən «qanuni oğru» «Harun»…
«Harun» onun adı deyil, ləqəbi idi. «Oğru» yığıncaqlarının birində, cinayət aləminin bütün Qafqaz məkanına baxan «xəlifəsi» təyin edilərkən bu ləqəbi ona vermişdilər. Uzun illər bu «vəzifə»ni yerinə yetirmiş adam xüsusi qəddarlığı ilə tanınmışdı. Onun adı gələn yerdə bir çox özündən deyən «avtoritetlər» sadəcə susmağa üstünlük verirdilər. Bu adam heç kimə, heç nəyi bağışlamır, verdiyi cəzalar isə, dediyim kimi, xüsusi qəddarlığı ilə seçilirdi. Onun, hansısa «səhv»inə görə yanına çağırıldıqdan sonra yoxa çıxan adamların aqibətini bu günə qədər heç kim bilmirdi. Keçid dövründəki xaosdan sonra hüquq-mühafizə orqanlarının onun ətrafında yaratdığı «halqa»nın daraldığını hiss edən «Harun» ölkəni tərk etmişdi, indi, xarici ölkələrdən birində yaşayırdı. Matveyin narahatçılığı əbəs deyildi. Uzun müddət hüquq-mühafizə orqanları ilə əlaqəli işləmiş Matvey Proxorov da, təcrübəli əməliyyatçı kimi mən də gözəl başa düşürdük ki, belə adamlar harada olmalarından asılı olmayaraq heç vaxt tutduqları yoldan geri qayıtmırlar. Onların tərk etdikləri məkanlarında qalan geniş əlaqələri həm daim məlumatlı olmağa, həm də istənilən məsələni çözməyə imkan verirdi. Hər yerdə olan adamları isə bircə kəlməsi ilə istənilən addımı atmağa hazır idilər.
Yaxşı bəs, Day-dayın oğlunun ölümü ilə «Harun»un nə əlaqəsi ola bilərdi? Əlbəttə, mən bu hadisənin cinayət aləmi ilə bağlılığı olduğunu ilk gündən ehtimal etmişdim. Buraya qədər də bu ehtimalımın təsdiqini dolayısı ilə də olsa, bir-neçə dəfə tapmışdım. Ancaq məsələnin bu dərəcəyə, tək burada deyil, illərlə bir neçə qonşu respublikanın cinayət aləmində əsas söz sahibi olmuş, xaricdə yaşasa da, hələ də əllərinin haraya qədər uzandığını təxmini ehtimal etdiyim «Harun»a qədər gedib çıxacağını, etiraf edim ki, gözləmirdim. Polkovnikin niyə son dərəcə ehtiyatla davrandığı və məndən də bunu tələb etməsi yavaş-yavaş aydın olur. Harada yaşamasından asılı olmayaraq, bu adamın adı bu gün də yalnız həyəcan, təhlükə ilə assosiasiya olunur. Bəli, bu araşdırmada tapdığım hər sualın cavabı, özündən daha böyük sual yaradırdı. Gözləmədiyim halda, Matvey sükutu pozdu.
-Həmin gecə yatmadım, səhərə qədər fikirləşdim. İsfəndiyar da elə-belə adam deyildi. Oğlunun ölümü ilə bağlı yalan rəy verməyin mənim üçün nə ilə nəticələnəcəyini gözəl başa düşürdüm. Ancaq yaranmış vəziyyətdə İsfəndiyardan fərqli olaraq, «Harun» real təhlükə idi və adamlarının boğazıma dirədikləri bıçağın bütün gecə unuda bilmədiyim soyuq təması, o bıçağın uşaqlarımın boğazını kəsməsini təsəvvür edərkən yaşadığım dəhşət, səhər saatlarında bildiyiniz qərarı verməyimə səbəb idi. Səhər işə gələn kimi ilk işim həmin o saxta rəyi tərtib etmək oldu. Komissiya üzvləri tələbələrim olmuş, kifayət qədər savadlı ekspertlər idilər. Ancaq onlar da, təcrübəmə və obyektivliyimə əmin olduqlarından, heç vaxt mənim verdiyim heç bir rəyə qarşı çıxmamışdılar. Bu dəfə də belə oldu, sual vermədən rəyi imzaladılar. İmza edərkən, onlara ilk qənaətimin yanlış olduğunu bildirməyim kifayət etdi. Bir gün əvvəl şifahi olaraq oğlanın öldürülməsi barədə bildirdiklərimi unutmaları üçünsə, cibimə qoyulmuş iki min manatdan hərəsinə yüz manat verib İsfəndiyarın göndərdiyini dedim. Bunu hər ehtimala qarşı, əməkdaşlarımın nəzərində rəydə hər hansı yanlışlığın olduğunu istisna etmək üçün etdim. Daha pul da göndərmiş birinin məsələsində saxtakarlığa yol verildiyini düşünmələrinə bir əsas qalmamışdı. Bu olanları hamıdan gizlətdim. İstintaqın sonuna qədər böyük həyəcan içində yaşadım. Sonda elə ən çox mənim verdiyim rəyə əsaslanan istintaq başladığı kimi də yekunlaşdı. Oğlanı gecə saatlarında qaranlıq küçədə naməlum maşının vurub hadisə yerindən yayınması qənaətinə gəlindi. Bildiyiniz kimi də, nə maşın tapıldı, nə də sürücüsü.
Məntiqlə, Matvey Semyonoviç hər şeyi demiş, mən də dinləmişdim. Psixoloji nöqteyi-nəzərdən fərqi yoxdur, cinayəti yaxud hansısa başqa bir əməlini etiraf eməyə başlayan birisi qarşısındakı adamı bir növ məhrəm hesab etməyə başlayır, bundan sonra ürəyini ona açır və sanki bununla bir yüngüllük tapır. Bu zaman tək tələb olunan şey həmin adamın sözünü kəsmədən onu dinləməkdir. Bir müşahidəmi də bölüşüm. Bəzən insan illərlə tanıdıqlarından çox, ilk dəfə gördüyü və bir daha görməyəcəyini bildiyi biri ilə daha yaxşı paylaşır. Bu qoca ilə əvvəli bir qədər təzyiqlə başlayan söhbətimizin məhrəmliyə çevrildiyini, artıq aramızda belə bir kontaktın yarandığını görürdüm. İndi polis sıralarında xidmət etdiyim illərdə sorğu aparmaq üsulları ilə bağlı özüm üçün işləyib hazırladığım və illərlə sınaqdan çıxardığım nəzəriyyəmdən istifadə etməyin vaxtı idi. Dediyim kimi, ev sahibi məni maraqlandıran məsələ barədə hər şeyi olduğu kimi danışmışdı. Sözünü tutduğu üçün bundan artıq nə isə deyib-deməyəcəyinə özü qərar verəcəkdi. Ancaq bəzən saatlarla edilən söhbət bitəndən sonra deyilən tək bir cümlə həmin söhbətdən daha dəyərli olur. Matveyin hər şeyi dediyini, yoxsa mənim üçün maraqlı ola biləcək daha hansısa məlumatının olub-olmamasını bilmək üçün ilk baxışdan bayaqdan verdiyim suallar içində ən sadə görünən, əslində isə bu qocanın məni daha da məhrəm hesab edərək danışa biləcəyi bütün şeyləri dilinə gətirməsinə hesablanmış əsas sualımı verdim.
-Bəli, başınız çox şeylər çəkib, Matvey Semyonoviç, sizi başa düşürəm, çox çıxılmaz vəziyyətə düşmüsüz. Heç olmasa bundan sonra sizi rahat buraxdılarmı?
Sualımı dinləyən ev sahibi qəribə şəkildə mənə baxdı, sonra gülümsədi.
-Təəssüf ki, yox.
-Yəni?
-Əslində bura qədər dediklərimlə kifayətlənə bilərdim və bundan sonra deyəcəklərimi heç vaxt bilməzdiz. Ancaq fikirləşirəm ki, onsuz da əsas şeyləri dedim. Qoy daha nə olur olsun. Həm də, verdiyiniz sualdakı «incəliyi» nəzərə alıram, cavan oğlan. Sizin mənim ikinci ixtisasım barədə məlumatınız yoxdur. Ardına qulaq asın. Onlar üç gündən sonra yenə də gəldilər. Mən o vaxtki Tibb İnstitutunu qırmızı diplomla bitirmişəm. İkinci ixtisasım psixiatriyadır və bu sahədə doktorluq dərəcəm var. Patoloji Anatomiya İnstitutunda rəhbəri olduğum komissiya ilə yanaşı Mərkəzi Ruhi-Əsəb Xəstəxanasındakı komissiyanın da üzvü idim. Onlar bunu da öyrənmişdilər və ikinci dəfə gələrkən məndən bir nəfərə ruhi-əsəb xəstəsi olması barədə rəy verilməsinə təsir göstərməyimi tələb etdilər. Bu dəfə heç bir hədə-zad olmadı. Sadəcə min manat verib adamın ad və soyadını deyib getdilər. Artıq onların əlində idim, dediklərini etməkdən başqa çarəm yox idi. Komissiya üzvləri ilə çox yaxşı münasibətim var idi. Onlarla danışdım. Təbii ki, ortaya qoyulmuş min manat da öz rolunu oynadı. Həmin adamı lazım olan diaqnozla xəstəxanaya yerləşdirib bir müddət orada saxladıq. Şübhə oyatmamaq üçün gündəlik olaraq dərman əvəzinə adi vitaminlər verilirdi ona. Altı ay sonra təkrar komissiya təşkil edib, onun cəmiyyət üçün təhlükəli olmaması barədə rəy verib evə yazdıq. Müalicəsini ambulator qaydada davam etdirəcək, ancaq mütəmadi olaraq xəstəxanaya gəlib yoxlamadan keçəcəkdi. Qoyduğumuz diaqnozun şərtləri belə idi. Ancaq prosesdə ortaya çıxmış maraqlı bir şeyi də sizə deyim. Dərmanların əvəzinə vitaminlər verdiyimiz kimi, başqa xəstələrdən fərqlənməməsi üçün həmin adamı hərdən müayinələrə də çağırırdıq. Bu müayinələr zamanı onun əslində həqiqətən də bəzi psixi pozuntularının olduğunu müşahidə etdim. Pullarını almış komissiya üzvləri üçün bu müayinələr maraq doğurmadığından onlar buna fikir verməyə bilərdilər. Ancaq mənim yanaşmam məlum səbəblərdən fərqli idi və mən bu pozuntuları aşkar etdim.
Bu yerə çatanda artıq qocanın sözünü kəsməyi lazım bildim.
-Pozuntular özünü nədə büruzə verirdi?
-Məsələ burasındadır ki, heç nədə, məhz heç nədə.
-Başqa sözlə?
-Bilirsiniz, şizofreniyanın çox növü var. Dediyim növ adamlar adi həyatda normal insanlardan heç nə ilə fərqlənmir. Hamı kimi yeyir, içir, gəzir, dolanır, işləyir, ailə qurur. Əgər sakit həyatını pozacaq heç nə baş verməzsə, adamın özünün belə heç vaxt öz diaqnozu barədə məlumatı olmur. Məsələ bundadır ki, belə adamların ekstremal vəziyyətlərdə hansı addımlar atacağı məlum deyil. Yəni təhlükə ilə rastlaşdıqda, onlar özləri daha böyük təhlükə mənbəyinə çevrilirlər.
-Bəs hansısa xüsusi əlamətləri olurmu belə xəstələrin?
-Bəli. Şizofreniyanın bu növü on beş-iyirmi beş yaş arasında ortaya çıxır. Əsasən motivasiya pozğunluqları ilə xarakterizə olunur. Halüsinasiyalar cəmi bir neçə dəfə baş verir və davam etmir. Fəlsəfi mövzulara, təcrid olunmağa və heç bir məqsədi olmayan davranışlara yönəlməyə meyilli olurlar, davranışları boş və qeyri-sabitdir.
-Bəs gündəlik həyatda belə insanların davranışlarında bu dedikləriniz özünü necə büruzə verir?
-Adi həyatda onlar heç nə ilə fərqlənmirlər. Dediyim kimi, belə adamlar bir ömür yaşayar və ətrafdakılar onların şizofrenik pozuntularının olmasını duymaya bilərlər. Ancaq ayrı-ayrı vəziyyətlərdə davranışlarını proqnozlaşdırmaq xeyli çətindir.
-Aydındır.
-Beləcə, bu adamı əlində rəsmi sənədi olan dəliyə çevirməyimiz onların son tələbi oldu. Bir daha o adamları görmədim. Ancaq inanın, onları bir daha görməməkçün indinin özündə də çox şeydən keçməyə hazıram. Yetər ki, ailəmə dəyməsinlər.
-Həmin adamın neçə yaşı olardı, xatırlamırsınız?
Qoca bir xeyli fikrə getdi. Sonra öz-özü ilə danışırmış kimi dedi:
-Sırf rəylə bağlı nə varsa, hər şeyi xatırlayıram. Bir şey insanın beyninə yeriyib onu yatmağa qoymayanda heç nəyi unutmaq olmur. Ancaq bu ikinci epizodda nəyisə düzgün xatırlamaya bilərəm. Səhv etmirəmsə, iyirmi yeddi yaşı vardı o adamın. Bir qəribə də adı, soyadı var idi, ancaq yadıma sala bilmirəm.
Hiss olunurdu ki, həmin günlərə qayıtmaq Matvey Semyonoviç üçün nə qədər çətin oldu. O, sualımı cavablandırıb bir müddət gözümün içinə baxdı. Sonra başını yelləyib gülümsədi və dedi:
-Mən hər şeyi olduğu kimi danışdım. Hətta sualınıza aid olmayan və heç vaxt öyrənə bilməyəcəyiniz şeyləri də. İndi, siz də mənim bir sualıma cavab verin. Oğlum və ailəsi barədə vurulan eyhamlar yalnız «blef» idi və məni danışmağa vadar etmək üçün edilmişdi?
-Təbii ki.
-Bunu, sizinlə yaxından ünsiyyətdə olduqdan sonra anladım. Ancaq gec idi və etiraf edirəm ki, əvvəl inanmışdım. Hər halda hesab bərabərləşdi.
-Bərabərləşdi deyərkən nəyi nəzərdə tutursunuz?
-Söhbətimi bitirdikdən sonra, qəlbimə girib məhrəmlik yaratmaqla daha çox məlumat almaq üçün işlətdiyiniz «cümlənizi» nəzərdə tuturam. Yəqin ki, ikinci ixtisasım barədə dediklərimi unutmamısız. Biləsiniz ki, fəndiniz heç bir rol oynamadı. Bunu özüm istədim. Ünsiyyətimiz zamanı məramınızın təmiz olduğunu aydınlaşdırmışdım özümçün. Ona görə də, bəlkə işinizə yarayar deyə, danışdıqlarımla kifayətlənməyib üç gün sonra baş verənləri də danışdım. Ehh, cavan oğlan, mən təkcə psixiatr deyil, bu sahədə də, patoloji anatomiya sahəsində olduğu kimi, öz dövrümün ən yaxşı mütəxəssislərindən biri olmuşam, səhiyyə naziri məni şəxsən tanıyırdı. Yaxşı psixiatr olmaq isə, yəqin bilirsiz, psixologiyanı bilmədən mümkün deyil.
-Razıyam. Ancaq hələ də hesab iki-birdir.
Matvey Semyonoviç qaşlarını qaldırıb təəccüblə mənə baxdı. Sonra birdən şaqqanaq çəkib güldü:
-Siqaret məsələsini deyirsiz?
Mən də ucadan güldüm.
-O fənddən biz tələbə olarkən keçirdiyimiz eksperimentlər zamanı istifadə edərdik. Deyim ki, bir neçə dəfə də işə yaramışdı. Mən qoca axmaq isə, bütün bunların çoxdan köhnəldiyini nəzərə almadım. Ancaq bəraətim üçün deməyə sözüm var. Bir dəqiqə gözləyin, indi gəlirəm,-deyən ev sahibi o biri otağa keçdi və çox keçmədən geri qayıtdı.
-Maraqlıdır. Nə ilə bəraət alacaqsınız, -gülümsəyib, birdən-birə əhvalı yüz səksən dərəcə dəyişmiş Matveydən soruşdum.
-Bilirsiniz, Bəxtiyar müəllim, hamı gəlib detektiv olduğunu deyə bilər. Ancaq bunu hələ sübut etmək lazımdır. Siz bunu sübut etdiniz, mən isə, ilkin etapda peşəkarlığınıza dırnaqarası yanaşmağımın cəzasını çəkdim. Təbriklərimi qəbul edin. Siz, öz dövrünün ən yaxşı mütəxəssislərindən birinə psixoloji mübarizədə qalib gəldiniz.
-Hər halda, mən də söhbətin həmin yerində psixoloji təzyiq altında olduğunuzu nəzərə alıram. Bu aspektdən yanaşsaq, hesabın bərabər olduğunu demək olar.
-Hesabı bir kənara qoyaq. Bacarığınıza və ədalətli biri olduğunuza əmin olduqdan sonra sizdən bir xahişim olacaq, -Matvey birdən-birə ciddiləşdi.
-Əlbəttə, buyurun.
-Bəxtiyar müəllim, əvvəlcə sizi onlardan biri hesab etmişdim. Məni düz başa düşün, özüm üçün yox, Nataliyam, uşaqlarım üçün qorxurdum. Otuz il bu qorxunu ürəyimdə gəzdirmişəm. Heç kimə bir kəlmə də deməmişəm. Amma ünsiyyətimizlə elə bil ki, üstümdən böyük bir yük götürüldü. Daha heç nə vecimə deyil. Qoy gec də olsa, haqq-ədalət yerini alsın. Sizdənsə, xahişim budur. O gəncin qatilini tapın. Bilmirəm, danışdıqlarımın sizə bir köməyi olacaq ya yox. Ancaq azca da olsa, köməyim dəydiyini bilsəm, bəlkə vicdanım məni rahat buraxar. Bəlkə daha məni gecələr yatmağa qoymayan o kabus çəkilib gedər, bəlkə daha o dəhşətli yuxuları görmərəm.
Əlimi kövrəlmiş Matvey kişinin çiyninə qoydum.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)