Xalq yazıçısı İsmayıl Şıxlının istedadlı nəvəsi barədə maraqlı xatırlamalar
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Hiss etmə bacarığı güclü olan, özünə güvənən, həssas xanımdır. Acizliyə, zəifliyə nifrət edir. Özünü qorumaq üçün yaratdığı qəribə sədləri var. Kənardan heç kəs bu sədləri asanlıqla hiss edə bilmir. Əslində, bu sədlərin arxasında son dərəcə mülayim bir xarakter gizlənir. Həmin sədlər ancaq qarşısındakı insana güvəndiyi zaman dağılır. Amma hər kəsə asanlıqla güvənmir. Birdən düşünərsiniz ki, bu kobudluqdan irəli gəlir, əsla yox. Onun heç vaxt qarşısındakı insanın qəlbini qırmaqdan xoşu gəlmir.
Deyib-gülməyi sevir və yumor anlayışı çox yaxşı inkişaf edib. Dostlarına və dostluğa böyük önəm verir. Köməyə ehtiyacı olan hər kəsə əl uzatmağı bacarır. Olduqca xarizmatik bir kimliyə sahibdir. Zamanla onu daha yaxından tanıyan insanlar, onun daxilən əzab çəkdiyini zənn edə bilərlər, amma o, çox şən və mehriban adamdır. Ortaya hər hansı bir problemi çıxanda cəmiyyətdən uzaqlaşmağı üstün tutur. Bəli, o, bunu heç kimi narahat etməmək üçün edir. O qədər əsrarəngizdir ki, bu xüsusiyyəti onun varlığına xüsusi bir rəng qatır...
Haqqında söhbət açdığım Aysel Şıxlinskaya ictimai siyasi xadim, məşhur xalq yazıçısı İsmayıl Şıxlının oğlu Fərrux bəyin ailəsində, 1994-cü ildə dünyaya gəlib. Orta təhsilini Bakıda 102 saylı məktəbdə başa vurub. Sonra təhsilini BDU-da davam etdirərək Turizm və Otelçilik ixtisasına yiyələnib. 2016-2018-ci illərdə Azərbaycan “Bentley”, 2019-cu ildə isə “Corn Advertising” şirkətlərində çalışıb. Daha sonra bir müddət müstəqil fəaliyyət göstərib. Ömür-gün yoldaşının xaricdən iş təklifi alması ilə əlaqədar Hollandiyanın Amsterdam şəhərinə köçüblər. Hazırda orada yaşayır. “Qanadsız mələk” adlı ilk kitabı işıq üzü görüb...
Deyir ki,- “Sevgi və dostluq həmişə aktual mövzudur. Bu kitabda həmin dəyərləri müasir gənclərin gözündə təsvir etmək istədim. Düşünürəm ki, hər kəs fərqli hekayələr, həyatlar yaşayır, ancaq hisslər eynidi. Əgər insanlar hər hansı bir kitabı oxuyarkən, öz yaşamlarında hiss etdiklərindən bir parça tapa bilirlərsə, o zaman kitab uğurludur...”
Atası rəssam Fərrux Şıxlinski, anası yazıçı Reyhan Yusifqızı olan Aysel xanım uşaqlıqdan özünü Qazax bölgəsindən olan əksər ailələrdə olduğu kimi yaradıcı mühitdə - kitabların, rəsmlərin arasında görüb. Rəsm çəkməyə də erkən yaşlarından başlayıb. Bir gün plastilindən düzəltdiyi miniatür fiqurlar rəsm müəlliminin diqqətini cəlb edib və o, bu fiqurları məktəbin sərgisinə qoyub. Günlərin birində də Azərbaycan televiziyasından evə çəkiliş qrupu gələrək, bu, hörüklü balaca qızı lentə alıblar. Plastilindən fiqurlar düzəldə-düəldə aparıcının suallarını həvəslə cavablandırıb...
Ümumiyyətlə, məktəb illəri ərzində Aysel bir çox sahələrdə özünü sınayıb: musiqi ilə məşğul olub, fortepianoda çalmağı öyrənib. Özünü ifadə etmək qabiliyyətini kəşf edəndən sonra, fikirlərini yazıya köçürməyə başlayıb və kiçik hekayələr yazaraq, onlara illüstrasiyalar çəkib. Orta məktəbin sonuncu sinfində Aysel birdən-birə dekorativ sənətlə məşğul olmaq qərarını dəyişərək, sənədlərini 2-ci qrupa verib və Bakı Dövlət Universitetinin Turizm və Otelçilik ixtisasına qəbul olunub. Amma yaradıcılıq həvəsi onda heç vaxt sönməyib. Təhsilini bitirdikdən sonra isə yenidən yaradıcılığa qayıdaraq, qrafik dizayner kimi çalışmağa başlayıb. Daha sonra fəaliyyətini müstəqil olaraq davam etdirib. Peşəkar yazıçılıq fəaliyyətinə isə 2018-ci ildən girişib. İlk dəfə “Mənəm, Yusif” adlı hekayəsi “525-ci qəzet”də nəşr olunub. 44 günlük müharibəyə həsr etdiyi bu əsər, müasir gənclərin savaş boyunca necə böyüdüyünü, hadisələrin məğzini, vətən sevgisini daha dərindən dərk etmələrindən bəhs edir. İkinci- “İşıq” adlı hekayəsi isə sahibini itirmiş bir itin həyatına həsr olunub. Heyvanlara qarşı olan sevgisi onu evsiz heyvanlara qarşı biganə qalmağa qoymur. Bu hekayə ilə bütün canlıların evə və sevgiyə möhtac olduğunu göstərməyə çalışıb...
Ayselin hələ nəşr olunmamış “Arzuların səyahəti” və “Dostum Çinar” adlı hekayələri də var. Özünü müxtəlif janrlarda sınayandan üzü bəri o, böyük fantastik əsər üzərində çalışır. Və bu əsərin Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirəcəyindən əmindir...
“”Qanadsız mələk” ilk kitabım olsa da ilk əsərim deyil. Uşaqlıqdan yazmağa həvəsim var idi. Hətta məktəb vaxtı gündəlik yazırdım. Biri bitən kimi yenisinə başlayırdım. Öz fikirlərimdən ibarət qısa yazılarım var idi. Çox mütaliə edirdim. Vaxt keçdikcə özümü təkmilləşdirdim. Ancaq hamıdan gizlədirdim, paylaşmaq istəmirdim. Yazıçı ailəsində böyümək məsuliyyətlidir. Bu qorxuma güc gəlmək məndən xeyli zaman aldı, ancaq sevinirəm ki, bu addımı atdım...”- söyləyir.
Deyir ki,- “Yazmağa, fərqli janrlarda özümü sınamağa davam edirəm. Onsuz yaradıcılıq elədir ki, sənə fikir gələn zaman onu ərsəyə gətirməyənə qədər yaxanı buraxmır. Yazmağa başlayanda isə real dünyadan qopursan, başqa yerə gedirsən. Öz yaratdığın, idarə etdiyin bir dünyaya düşürsən. Nə demək istədiyimi yaradıcı insanlar anlayar, yəqin ki...”
Arzuları çoxdur. Ağlında yığışıb qalmış bütün yeni ideya və fikirlərini yazıya çevirmək, onları ərsəyə gətirmək və yeni uğurlar qazanmağı planlaşdırır. On il sonra televizoru açdıqda insanların onun əsərləri əsasında çəkilmiş filmləri, animasiyaları izləməsini, bir sözlə, oxucu auditoriyasının genişlənməsini istəyir. Pianoda ifa etmək, yağlı boya ilə rəsmlər çəkmək, manqa və komikslər oxumaq onun hobbisidir. Düşünür ki, müasir gənclərə dəstək olmaq, yön göstərmək vacibdir. Onları həvəsdən salmamaq, ilk uğursuzluqda kəsib atmamaq lazımdır. Axı yaradıcı insanların həmişə dəstəkləndiyini və sevildiyini bilməyə ehtiyacı olur. Hesab edir ki, ədəbiyyatda hələ tam yerini tutmayıb. Bu da onun arzular siyahısına daxildir...
Aysel hələ gəncdir, inanıram ki, İsmayıl Şıxlının ocağından pərvazlanan digər istedadlar kimi, onun da şöhrəti gələcəkdə Azərbaycanı gəzib dolaşacaq. Və Aysel Şıxlinskaya babası kimi xalqımızın sevimli yazıçılarından biri kimi tanınacaq...
“Ədəbiyyat və incəsənət”
(10.07.2023)