“Ədəbiyyat və incəsənət” portalının poçtundan Əlişükür Cavadovun “Dünya necə dünyadır” hekayəsini oxucularımıza təqdim edirik.
Əllərini yellədə-yellədə həyətə daxil olan Bağırın rəngi boğulmuş, sifəti gərginləşmişdi, nəfəsi isə təntiyirdi. Əsəbindən dil-dodağını gəmirən Bağırın ağzının və bığının kənarları titrəyir, sol gözü tez-tez yumulub açılır, sifətində qara buludlar toqquşaraq ildırım çaxdırırdı. Əsəblə həyətin o baş-bu başına gedir, əlini talvarın altındakı stolun üstünə vurur, heç cür özünə gələ bilmirdi. Tərslikdən həyətdə də bir adam yox idi ki, üstünə qışqırıb əsəbini tökə. Bir anlıq heykəl kimi dayandı - Allah bəlanı versin - deyib önündəki masaya var gücü ilə bir yumruq geyindirdi. Sonra taqətsiz halda stula çöküb başını masanın üstünə tərəf əydi. Bir müddət, başını masanın üstündə sağ qolunun üstünə qoyub dayandı. O, bir xeyli bu vəziyyətdə qaldı. Aradan keçən zaman Bağırı özünə qaytardı. Onun rəngi açıldı, sifətindəki ildırımın yerinə ağ buludlar gəldi. Əsəbdən kəsilməyə az qalmış nəfəsi nizama düşüb aram oldu, tez-tez qırpdığı sol gözünü isə sağ gözü ilə eyni vaxtda qırpmağa başladı. Yalnız bundan sonra həyətə girən andan Bağırı tül pərdənini arxasından izləyən yoldaşı onun yanına getmək qərarına gədi...
Bağırın yoldaşı həyətə düşüb səssizcə onun qənşərindəki stulda oturub gözlərini onun gözlərinə zillədi. Bir qədər beləcə baxdıqdan sonra dilləndi.
-Qoymadılar ?
-Yox. İcazə vermir o köpəkoğlu. Deyir ki, sənin oğlun kimi uşaqları məktəbə qəbul edə bilmərik. Onlara ancaq evdə fərdi dərs keçilməlidir... Bunun mənə dediyi sözə bax. Guya ki, məktəbdə oxuyan uşaqların hamısının ağlı yerindədi, bir mənim balamın ağlı çatmır. Guya istəsəydi boyun olmazdı? Mən bilirəm onun qarnının ağrısını. Özünü camaata göstərir. Bax e. Dünənə qədər onun bunun qapısında ustalıq edib talvar bağlayan Qəfər indi adam olub əlinə səlahiyyət keçib. O da bu səlahiyyəti hamının gözünə soxmalıdı, ya yox? Camaata göstərməlidi ki, baxına, mənim səlahiyyətim var, mən sizdən üstünəm. Üstün olduğuma görə də hamınız mənimlə razılaşmalısız. Özü də, mən dediyimdən dönmdürəm. Dediyim dedikdi, yediyim də...
-Bağır – yoldaşı dilləndi.
-Ölsün Bağır – Bağır özündən çıxdı – Molla Əhmədin oğlu Bağıra hökm oxuyandan sonra elə Bağır ölsə yaxşıdı. Mütrüf oğlu mütrüf. Kişi olub kişilərə qoşulub.
-Ay Bağır.
-Daş düşsün Bağırın başına. Necə ki, düşüb. Ta bundan sonra mən niyə yaşayıram ki? Talvaryığan Qəfərin sözünün qabağında aciz olandan sonra day mən nəyə lazımam?
-Ay Bağır.
-Kişinin oğlu məktəbin psixoloqu imiş. Məktəbə gedən uşaqların psixoloji durumunu qiymətləndirirmiş. Paaah. O boyda məktəbdə adam tapmadılar psixoloq işlətməyə? O məktəbin ki psixoloqu molla Əhmədin oğlu talvaryığan mütrüf Qəfərdi, mənim oğlum elə o məktəbə getməsə yaxşıdı.
-Bağır.
-Bilirsən necədi ? Vapşem bundan sonra heç özüm qoymuram oğlumu məktəbə getməyə. O talvaryığan gəlib yalvarsa da qoyan deyiləm.
-Bağır.
-Nədiye Bağır Bağır salmısan sən də. Adımı əzbərləyirsən ? – deyib masaya möhkəm bir yumruq vurdu. Masada olan su qirvənkəsi ləngər vuraraq aşdı, içindəki su dağıldı. Bağır yalnız bundan sonra bir qədər sakitləşən kimi oldu. Yoldaşının üzünə baxdı və heç nə demədən evə qalxdı...
Masa örtüyünün kənarlarından axan su damcıları aramsız şəkildə torpağı döyəcləyirdi...
***
Bağırın ürəyincə olmasa da məktəblər açılan vaxtdan sonra Bağırgilin evinə oğluna fərdi təhsil verməyə müəllimlər gəlib getməyə başladı. Əslində məktəbin psixoloqu Qəfər düz deyirdi. Bağırın oğlunda əqli cəhətdən gerilik vardı. Qəfər uşaqla danışanda baxışlarının nizamsız olduğunu, tez-tez dil çıxardığını, ağzını, burnunu periodik olaraq eybəcər formada əydiyini sezmiş, bunun uşaq şıltaqlığı olmadığını, əqli çatışmazlıq olduğunu müəyyən etmiş, bu səbəbdən də uşağın evdə fərdi təhsil almağını lazım bilən rəy vermişdi. Həkim komissiyası da bu rəyi nəzərə alıb Bağırın oğlunun evdə fərdi təhsil almalı olduğu qərarını qəbul etmişdi. Bağır özü də övladında çatışmazlıq olduğunu bilirdi, ancaq bunu qəbul edə bilmədiyinə görə həmkəndlisi, məktəbin psixoloqu Qəfərin qarasınca deyinib onu söyürdü. Qəfər məktəbdən aldığı müavinətlə yaxşı dolana bilmədiyindən işdən qeyri vaxtlar talvar bağladığına görə Bağır ona talvaryığan ayamasını qoşmuşdu. Qəfərin də qulağına çatırdı Bağırın sözləri. Ancaq üstünü vurmur, Bağıra oğlundan dolayı yaralı bir adam kimi yanaşırdı...
***
Bağırın oğlu səkkizinci sinifə keçəndə o, evlərinə gələn müəllimlərə daha bu ildən gəlməməklərini tapşırdı. Müəllimlər nə qədər etiraz etsələr də tərsliyi ilə ad çıxarmış Bağırı fikrindən döndərə bilmədilər. Əslində, məktəbin direktoru istəsəydi polis gücünə dərsi təşkil edərdi. Ancaq o da baş qoşmaq istəmədi Bağıra. O gündən sonra Bağırın oğlu qapı bacada mal-heyvanın qulluqçusu oldu. Uşağın əqli çatışmazlığı olsa da bu əqli çatışmazlıq mal-qara qabağına getməyə, onları otarmağa, qulluğunda dayanmağa mane olmurdu. Müəllimlərin ayağı evdən kəsiləndən Bağırın kefi bir az yerinə gəlmişdi. Daha heç kimin onun oğluna əqli qüsurlu kimi baxmayacağını düşünürdü. Ona görə də özü oğlunu yanına salıb neçə dəfə heyvan qabağına getmişdi ki, oğlu sərbəst şəkildə heyvan qabağına gedə bilsin və beləliklə də Bağır hamıya sübut etsin ki, onun oğlu da digər uşaqlardan heç nə ilə fərqlənmir. Əksinə, zirəkliyinə görə seçilir, mal-heyvan qulluğunda durur, işlərində böyüklərlə təndi. Onun yaşıdları isə məktəbə gedib düstür əzbərləyir, uşaq-uşaq işlərlə məşğul olurlar.
***
Zaman öz çarxını dünya bina olan vaxtdan bəri döndürdüyü minvalla döndürür, uşaqları böyüdür, böyükləri isə qocaldırdı. Bağırın oğlu 20 yaşını haqlamışdı. O, hər dəfə heyvanları qabağına salıb örüşdən qayıdanda Bağır sevinclə ona baxır, tək oğlunu ocağının davamçısı kimi görürdü...
Sakit günlərin birində kəndin məscidindən Azan sədaları yüksəldi.
Kəndin adətinə görə namaz vaxtını xəbər verməyən Azan kənddə kiminsə vəfat etdiyindən xəbər verirdi. İndi verilən Azan da namaz vaxtına təsadüf etmədiyinə görə hamı lap yəqin bilirdi ki, kimsə vəfat edib. Adətən az bir vaxtda hamı kənddə vəfat edən adamın kimliyindən agah olur və bütün evlərdən vəfat edən adamın evinə doğru insan axını olurdu. Kənd camaatı vəfat edən adamın qapısının ağzında toplaşıb hüznlü bir insan kütləsi yaradır, ölüsü ölən adamın dərdinə şərik olurdular.
Bir neçə saatdan sonra vəfat edənin kimliyi ilə maraqlanan Bağır darvazadan çölə çıxaraq artıq yas yerinə istiqamət almış adda-budda gözə dəyən adamları gördü. Başlarındakı örpəyin qaralığından yas yerinə getdiklərini yəqin etdiyi beş-altı qadının arxası ilə getməyə başladı. Bir qədər getdikdən sonra ondan qabaqda gedən qadınlar sifətlərinə hava dəysin deyə uclarını əllərində yana tutduqları örpəklərini çənələrinin altından bağlayanda başa düşdü ki, artıq mənzil başına çatırlar. Çatdıqları qapını görəndə ayaqları yerimədi. Sanki yer maqnit olub onu özünə çəkir, tərpənməyə qoymurdu. Hüzür düşən qapı Qəfərgilin qapısı idi. Bir vaxtlar Bağırın oğlunu məktəbə getməyə qoymayan psixoloq Qəfərgilin. Açıq qapıdan içəridə isə Qəfərin yumurlanıb yumağa dönərək yerə çökmüş vücudu görünürdü. Bağır yerində dayanıb irəli addım atmırdı. Arxadan gələn qonşusu Mahir onun yanından keçəndə təəccüblə Bağıra baxaraq nə üçün yolun ortasında dayandığını soruşdu. Gözlərini Qəfərgilin darvazasından çəkməyən Bağır qonşusuna sakitcə sual verdi.
-Kim ölüb?
-Qəfərin oğlu.
-Necə?
-Şəhərdə avtobusdan düşəndə arxadan gələn maşın vurub. Elə orda da keçinib.
-Doğurdan deyirsən ?
-Hə.
-Gördün ?
-Nəyi ?
-Allahın böyüklüyünü.
-Necə yəni ?
-Gördün Allah adamı neyniyir? Gördün adam quduranda Allah adamı nə kökə salır?
-Nə danışırsan sən ay Bağır ? Kim qudurmuşdu ?
-Psixooooloq Qəfər qudurmuşdu. Bu da qudurmağın axırıdı. Adam axırda belə kökə düşür. Mən bilirdim. Mən bilirdim a kişi. Bunun başına belə şey gəlməli idi. Allah buna nə təhərsə başa salmalı idi. Başa salmalı idi ki, ay molla Əhmədin talvarbağlayan ütüy oğlu, göylə getmə. Yoxsa səni göydən yerə elə buraxaram ki, adın da yadından çıxar, psixoloqluğun da. Bu daha da buraxdı - əli ilə Qəfərin darvazasına işarə etdi.
Qonşusu Bağıra verdiyi xəbərə görə peşman olmuşdu. O, Bağırı sakitləşdirməyə çalışır, onun yerinə utanırdı. Bağırsa hüzürdü, yasdı deməyib elə hey üdüləyib tökür, sanki illərin narahatlığını canından çıxarırdı.
-Ayıbdı Bağır. Adam elə söz deməz.
-Niyə demir? Söz deyirəm də. Onun kimi pislik eləmirəm ki? Onun oğlunu mən öldürməmişəme. Onu bax o göydəki hərşeyi bilən Allah edib. O görürdü mənim çəkdiklərimi. Elə belə də olmalı idi.
Qonşusu Bağırı birtəhər yolundan qaytarıb evlərinə gətirdi. Yoxsa bilirdi ki, Bağır yas yerində də özünə hakim ola bilməyəcək, ağzına gələni danışıb nataraz bir vəziyyət yaradacaq...
***
Qəfərin oğlunun vəfatından altı il ötürdü. Bağırın oğlu Barış 26 yaşına çatmışdı. O, hələ də qapı-bacada olur, mal-qaranı otarır, onların qulluğunda dururdu... İyulun axırları olduğundan nəfəskəsən istilər dinmədən yeri-göyü yandırırdı. Barış heyvanlara elə öyrəşmişdi ki, az qala yatanda da onlarla yatırdı. Bağır isə son zamanlar oğlunun ürəyində yaranan problemə görə həkimlərin tapşırdığı kimi onun yorulmağını istəmirdi. Həkimlərin diaqnozuna əsasən Barışa miqdarından artıq işləyib yorulmaq olmazdı. Bağır hər nə qədər eləsə də uşağı heyvanlardan qopara bilmirdi. Barış heyvanları insanlardan daha çox sevirdi. Çünki uşaq vaxtı dəfələrlə həmyaşıdları tərəfindən təkliyə düşəndə lağ obyekti olmuşdu. Uşaqlar onu təkliyə salanda başına toplaşar hərəsi bir tərəfdən ağzını əyib alçaldardılar. O da əqli cəhətdən geri olmağına baxmayaraq ona edilən lağları, təhqirləri başa düşürdü. Buna görə o da öz növbəsində uşaqları uzaqdan görəndə və biləndə ki, uşaqlar ona çatana qədər qaçıb həyətlərinə girməyə macal tapacaq, onların ağzını əyər, bildiyi pis sözlərlə onları təhqir edərdi. Heyvanlardan isə heç vaxt belə pis bir münasibət görməmişdi. Onları çox sevirdi. Səhər də, günorta da, axşam da mütləq onlara baş çəkər, başlarını, buxaqlarını, bellərini sığallayar, onlara xoş sözlər deyərdi.
Son zamanlar ortaya çıxan ürək çatışmazlığı onu incitməyə başlamışdı. O, heyvan dostları ilə ürəyi istəyən qədər vaxt keçirə bilmir, onların başlarını, buxaqlarını, bellərini ürəyi istədiyi qədər sığallaya bilmirdi. Barış indiyə qədər heyvanlarla nəfəs almışdı. İndi isə bu ürəkçatışmazlığı deyilən şey onu özünə həyatda tək yer tapdığı heyvanlarının yanından uzaq salmışdı. İcazə verməsələr də o, fürsət düşdükcə evdəkilərin gözündən oğurlanıb sevimli heyvanlarının yanına gələrdi. Ən sevdiyi heyvan isə sarı rəngdə olan dana idi. Ona Sarıqız adını qoymuşdu. Sözləri düzgün tələffüz edə bilməsə də çıxara bildiyi səslərlə Sarıqız deməyə çalışırdı...
Bir dəfə günortaçağı göydən şığıyan günəş şüalarının yeri-göyü yandırdığı isti yay günlərindən birində Bağırla yoldaşı möhkəm yatmışdılar. Barışı isə yuxu tutmurdu. O, yerində qurcuxur, yatmaq istəsə də heç cür yuxuya gedə bilmirdi. Təxminən yarım saat yerində vurnuxduqdan sonra ürəyinin dəhşətli dərəcədə sıxıldğını görüb həyətə düşmək, öz sevimli heyvanlarına baş çəkmək qərarına gəldi. Barmaqlarının ucunda yeriyərək səs salmadan dəhlizdən keçib həyətə düşdü. Bir qədər həyətdə durduqdan sonra heyvanları sığallamaq üçün onların damına doğru getməyə başladı. İsti elə həddə idi ki, az qalırdı adam buxarlanıb yox ola. Dama çatana qədər Barışın ürəyi artıq sürətlə döyünməyə başlamışdı. Hər dəfə dama girən kimi ilk Sarıqıza yaxınlaşırdı. Bu dəfə dama girən kimi Sarıqızın damda olmadığını görüb təşvişə düşdü. Damın küçəyə açılan qapısı açıq olduğundan heyvanın çölə çıxdığını başa düşüb özü də çölə çıxdı. Küçədə də Sarıqız gözünə dəymədi. O, heyvanı axtarmaq məqsədilə o biri küçəyə qədər getdi, ancaq heyvan orada da gözünə dəymədi. Sonra növbəti küçəyə keçdi, heyvanı burda da görməyincə bir-bir küçələrin hamısını gəzməyə başladı.
Barış həmişə Sarıqızı adı ilə çağıranda heyvan həvəslə ona tərəf gələrdi ki, Barış onu sığallasın. İndi də dayanmadan Sarıqızın adını çağırıb onu haraylayırdı. Barışın ürəyi istinin təsirindən elə döyünürdü ki, az qala köksündən çıxıb yerə düşə. O, küçələri bir-bir gözdən keçirir və var gücü ilə Sarıqız deyib bağırırdı. O, özünü, xəstəliyini və həkimlərin dediklərini unutmuşdu. İndi onun üçün ən vacib məsələ bütün qəlbi ilə sevdiyi Sarıqız idi. O, artıq yerimirdi, qaçırdı. Qaçırdı ki, Sarıqızı tez tapsın. Tapsın və onu yenidən evlərinə aparsın. Barış o qədər qaçdı ki, ağzının kənarlarında köpük görünüməyə başladı. Yana baxarkən qaçdığı yerdə ayağı torpaq yolda olan daşa ilişdi və o qəflətən yerə dəyərək yumbalanmağa başladı. Yumbalanandan sonra kürəyi üstə düşüb üzünü səmaya, səmadakı od ələyən günəşə sarı çevirdi və sonuncu dəfə ağlamsınaraq diqqətlə qulaq kəsildikdə eşidilə biləcək səslə Sarıqız dedi...
Barışın ürəyi istiyə və keçirdiyi həyacana dözməyib dayanmışdı. Kənd sakinlərindən biri Barışın yolun kənarına düşmüş cansız cəsədini görmüş və dərhal bu barədə Bağıra xəbər vermişdi. Bağırda aldığı xəbəri eşidib bir başına bir dizinə döymüşdü...
***
Kənd camaatı cənazə namazı qılmaq üçün məscidin həyətinə toplaşmışdı. Ancaq namazdan qabaq ölünü yumaq lazım idi. Bağır çoxdandır cənazə namazında iştirak etmədiyindən mürdəşirin molla Əhməddən sonra kim olduğunu bilmirdi. Mürdəşir isə hələ gəlib çıxmamışdı. Nəhayət məscidin həyət qapısı açıldı və mürdəşir gəldi. Gələn molla Əhmədin oğlu Qəfər idi...
Hardasa uzaqlardan qapısı açıq bir avtomobildən yüksələn nisgilli səs sədaları məscidin həyətinə qədər gəlib camaatın qulaqlarına doldu:
Mənim balam, bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı...
Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)