Rumi ilə Şəmsin sevgisi hər halda necə sevgi idi? Featured

“Ədəbiyyat və incəsənət” portalı illərdir ki, mübahisə predmetinə çevrilən bir məsələyə növbəti interpretasiyanı təqdim edir. Ramesh Byonnesin “Şair Rumi ilə Şəms homoseksual sevgili olublar, yoxsa bu, sadəcə bir Bhakti1 sevgisi idi?” yazısını müəllifin icazəsi ilə dilimizə çevirərək Elmar Vüqarlı portalımızın oxucularına təqdim edir.

 

 

          Yazar Yoqi Julian bu yaxınlarda "Elephant" jurnalında dərc etdirdiyi məqaləsində yazır ki, 12-ci əsrin ekstatik və mistik şairi Rumi ola bilsin homoseksual olduğuna görə qətlə yetirilib.

Məlumdur ki, bəzi alim və yazarlar, o cümlədən Koleman Barks da Ruminin sevimli müəllimi Şəmsin qətlə yetirildiyini iddia edirlər. İlk dəfə Rumi və Şəmsin homoseksual sevgili olması şayiəsini özü açıqca homoseksual olan yazıçı, ruhani aktivist Andey Harvey çıxartmışdır.

Ruminin məşuqunun onun homoseksual sevgilisi Şəms olması ideyası böyük mübahisə doğurmuşdur. Lakin tək mübahisəli olmayan məqam budur ki, Rumini kimsə öldürməmişdir. O, 17 dekabr 1273-cü ildə təbii səbəblərdən vəfat etmişdir.

Koleman Barks yazır: "1248-ci ilin 5 dekabr gecəsi. Rumi ilə Şəms söhbətləşirdilər. Şəms qapının dalından çağırıldı. O, çölə çıxdı və onu bundan sonra  bir daha görən olmadı. Çox ehtimal ki, Şəms Ruminin oğlu Əlaəddin tərəfindən gizlicə qətlə yetirilmişdir. Əgər belədirsə, onda Şəms həqiqətən də öz başını Mistik Dostluq naminə vermişdir".  

Başını quruya2, Tanrıya, İlahiyə vermək ifadəsi məmnuniyyətlə ölmək, ruhun qorxmadan ölümlə qovuşmağa hazır olması anlamındadır. Bu baxımdan Hindistan Bhakti mistikləri olan Kəbir3 və Mirabayinin4 coşqun sevgi poeziyaları müxtəlif yönləri ilə Rumini xatırladır.

Salnamələrdə əksini tapmış, bizə artıq məlum olan rəvayətlərdə ruhani qrupların və dini təriqətlərin bir-biri ilə, yaxud da öz aralarında qısqanclıq, satqınlıq, xəyanət etmələri, mübarizə aparmaları, hətta qətllərə belə rəvac vermələri qeyri-adi bir hərəkət deyil. Misal üçün fərz edilir ki, Buddanın bir şagirdi onu öldürməyə dəfələrlə cəhd etmişdir. Eləcə də İsanın İuda İskariot tərəfindən xəyanətə uğraması hekayətini biz hamımız bilirik.

Müasir vaxtlarda mənim müəllimim Anandamurti siyasi cəhətdən əsaslandırılan ittihamlarla yalandan həbsə salınmışdı. Bu Hindistan qurusunun qeyri-adiliyi ondan ibarət idi ki, o, kasta sisteminə qarşı danışmış, kapitalizmin anti-humanist iqtisadi formasiya olduğunu bildirmiş və onu daha birgə (kooperativ) iqtisadiyyatla dəyişdirmək istəmişdi.

O sonralar acıqlanırdı ki, siyasətçilər, zənginlər və kahin brahmanlar5 ondan canlarını qurtarmaq üçün əlbir olub ona qarşı sui-qəsd hazırlayıblar. 8 ildən sonra, 1979-cu ildə həbsxanada zəhərləndikdən sonra məhkəmə işini "siyasi tərkibli" hesab edən Qərb hüquqşünaslarının köməyi ilə o bütün ittihamlardan azad edildi. Bunların hamısı İndira Qandinin Hindistanı diktator güclərlə müxalifət liderlərinə və proqressiv təşkilatlara qadağalar qoymaqla, onları həbsxanaya saldırmaq və əzablar verməklə idarə etdiyi  70-ci illərdə baş vermişdir.

Ziddiyyət və münaqişələr ruhani dairələrdə yeni bir şey deyil. Yaxşı, yalnız ekstatik İlahi eşqin müdafiəçisi kimi görünən Rumiyə nəyə görə qısqanclıq edirlər? Bəlkə, bu ona görə belədir ki, Rumi ilə Şəms həqiqətən də homoseksual sevgili olublar?  

Rumi ilə Şəmsin homoseksual sevgili olması ideyası şəxsən mənə “böyük”, eyni zamanda “dəbdəbəli” müasir baxışlardan biri kimi gəlir. Əlbəttə, ona görə yox ki, homoseksual olmaq özü bir problemdir, lakin bu halda belə o, həqiqətə uyğun deyil. Sufizmdə, Tantra6 və şərqin digər ekstatik tradisiyalarında rast gəldiyimiz müəllim-şagird münasibətləri ənənəsi Qərbdə, doğrudan da, mövcud deyil. Bu səbəbdən də biz şübhələnməyə və inamsızlığa həddindən artıq meylliyik. Tez-tez bu kimi məhrəmliyi, yaxınlığı cinsi münasibətlərə bərabər tuturuq, halbuki belə şey orada qətiyyən ola bilməz. Bəzi müasir müəllimlərdir ki, sadəcə sıxıntını aradan qaldırmaq adı altında öz şagirdləri ilə, həqiqətən, cinsi əlaqəyə girirlər. 

Birinin Məşuq və Aşiq anlayışlarını öz müəllimi barəsində işlətməsi Qərbdə başa düşülən deyil. Bir qədər də fikrimizi inkişaf etdirərək deyə bilərik ki, paralel aparmaq məqsədilə Sufizmdə və Yoqada rast gəlinə bilən Bhakti7 ənənəsinin (az-çox bəzi qara Baptist kilsələri istisna olmaqla!) Qərb mistizmində analoqu yoxdur. Biz sadəcə Qərbdə keşişlərimizdən bərk yapışmırıq, onlarla əl-ələ tutmuruq, gözlərinə diqqətlə baxmırıq; lakin əsrlərdir ki, bu irfan yolunu şərqlilər gedirlər.

Qərbin mənəvi poeziyasında seksual bədiilik və obrazlılıq da yoxdur. Şərqdə seksual birlik, ittifaq həm də daxili vəcdi, tantrik kundalini8 halını ifadə edir. Sərxoşluğun ruhani məqamlarını göstərən "şərab", "sərxoş" və "meyxana" kimi sözlərini anlamaq üçün də biz dərin mənəvi ənənəyə malik deyilik. Ümumiyyətlə, Tanrı məqamında yüksəlməyi əldə etmək üçün Şərqdə sədaqətlə yerinə yetirilən tradisiya Qərbdə yoxdur. Yöndəmsiz yoqa ritmləri bizə ona görə tədricən çatır ki, onlar hələ bizim sümüklərimizə düşməyib, qanımıza hopmayıb. Biz hələ də o ritmlər üçün olduqca mənəvi cəhətdən cəsarətsizik. Biz qərblilər o zaman bədənimizi tərk edib özümüzə vəhşi təbiiliklə daxil oluruq ki, onda ya narkotik qəbul edirik, ya cinsi əlaqədə oluruq, ya da ki rok-n-rol oynayırıq. Çətin ki biz nə vaxtsa fırlanaq, Ruminin, Kəbir və Mirabayinin etdikləri kimi Allaha, yaxud da müəllimimizə məhəbbət bəsləyək.

Hindistanda yerinə yetirilən kirtan9 məqamında, transda olarkən axırıncı dəfə sən nə vaxt döşəməyə yıxılmısan ki?

Başqa sözlə desək, biz o insanlara inanmırıq ki, onlar Tanrı ilə Ramakrişna10 Ana Kali ilə danışdığı kimi danışdıqlarını iddia edirlər, necə ki Mirabayi Sevgili Krişnası ilə bu cür danışmış və onu sevmişdi. Biz belə insanları burada institutlara qəbul edirik, Hindistanda isə onları çox vaxt müqəddəs sayırlar. 

Hindistanda hələ də müqəddəs hesab olunan sadhular11 küçələrdə çılpaq oynaya bilərlər. Eləcə də Kalvinist12 zahidliyimizdə biz qərblilər kilsədə uzun müddət əllərimiz üzərində otururuq. Biz həm ağlı başında olan, eyni zamanda da daxili obrazlardan danışan adamlara inanmırıq.      

Qeybdən gələn səsləri yalnız dəli adamlar eşidir və ya poeziyada belə cinsəl obrazlar seksi təmsil edir, - deməklə biz hətta özünü qərb mistikasında – Müqəddəs Con, Müqəddəs Frensis və Avilalı Teresa kimi şəxslərin timsalında ifadə etmiş bütün ruhani-mənəvi tradisiyalara məhəl qoymuruq.

Bəzən belə adamlar, doğurdan da, çılğınlaşırlar, lakin bəzən də belə olmurlar. Bəzən onları mistik də adlandırırlar. Mən çoxlu adamların döşəmədə o yan-bu yana  qıvrıldığının, vəcd halında qışqırdığının, daxili görmələrlə söhbətləşdiyinin əyani şahidi olmuşam; özümün də bunları etməyim hələ bir yana qalsın. Bizim heç birimiz hələ də institutlaşdırılmamışıq deyəmi belə şeylər Qərbdə qəbul olunmamalıdır?

Ruminin Sevgili müəllimi Şəmsə olan məhəbbətini homoseksual əlaqə ilə eyniləşdirmək cəhdi bugünkü əksər Hindistan alimləri tərəfindən şüurun Eynşteyni hesab edilən Ramakrişnanın mənəvi dahiliyini çərənçi dəliliklə bir tutmaq qədər yanlışdır. Bu isə ən pis halda belə reduksionizmdir.

Mənə belə gəlir ki, bu vəziyyət həm də zərif kundalinin oyanması halını kürəyində həşərat dolaşması ilə səhv salmaqla bir şeydir. Daxili aləm həm real, həm də qeyri-realdır. Bütün bunlar da ruhani yolun fərqli məqamlarını izah edə bilən yolçuların spesifik mənəvi təcrübəsindən asılıdır. Ruminin zəngin mənəvi mistik daxili dünyasının böyüklüyünü onun sadəcə homoseksual olduğunu deməklə kiçiltməyə, aşağılamağa çalışanlar (əslində, onun qey və ya homoseksual olmasının heç bir fərqi yoxdur), əlbəttə, fikirləşdiklərinin tam əksini edirlər. Onlar Ruminin əngin mistik şüurunun dolğun spektrini, görünüşünü dünyəvi rakursdan təsvir etməklə onu əslində məhdudlaşdırmağa, təhrif etməyə can atırlar.    

Ruh bədəndə və sevginin qəlbində yaşayır. O gah yerdə yaşayır, gah da səmada yaşayır. O həm incədir, həm də qabadır. Rumiyə görə, ruh bütün sərhədləri sərbəstcə keçə bilir. Ruminin eşq ruhu Şəmsə qədər də onun həm bədənində, həm də ağlında yaşamışdı. Lakin Şəmsi sevəndə isə o bunu qəlbinin daim göynəyən ruhi ağrısı ilə etdi. Mirabayi də öz daxili Krişnasına olan ruhani sevgisini Rumi ilə eyni tərzdə bəsləmişdi.

Nəyə görə Ruminin sevgi poeziyası Şəmsin ölümündən sonrakı illər ərzində  yaranmış, Mirabayinin isə sevgi poeziyası Krişnanın Vrindavan13 tarlalarında gəzintisindən təxminən 2 min il sonra yazılmışdı? Bunda təəccüblü bir şey yoxdur. Şəmsin sirli qeybindən sonra onu axtaran Rumi sonda belə anlamışdı:

 

"Mən nə üçün onu axtarmalıyam?

Mən ki onunun eynisiyəm.

Onun cövhəri məndən danışır.

Mən özüm özümü axtarırmışam!"

 

Özümüzü axtararkən ruhani yolu bizdən əvvəl getmiş bələdçilərə, müəllim və mistiklərə ehtiyac duyuruq. Krişna deyir ki, sevgi ruhani yolu təsirli dərəcədə sürətləndirə və tezləşdirə bilər. Lakin nəticə etibarı ilə müəllimə, Məşuqa yönələn məhəbbəti Rumi daxili ÖZümüzə olan eşq olduğunu başa düşürdü. Demək, ruhani səfərin məqsədi qey və ya homoseksual tapmaq üçün deyil, sadəcə ÖZümüzə olan eşqdir. ÖZümüzü tapmaqdır!   

 

Bəzi sözlərin izahı

 

1.      Bhakti (Sanskrit sözüdür, mənası “sədaqət”, "sadiq olmaq”) - Hinduizmdə iman gətirənlə Tanrı arasında müxtəlif formalarda təzahür edən sevgi və tapınmanı ifadə etmək üçün istifadə edilir.

2.      Quru – hinduizmdə mürşid, ustad, pir, ruhaniyyat müəllimi.

3.      Kəbir (1440-1518) – orta əsr Hindistan mistik şairi, yaradıcılığı bhakti hərəkatına, eləcə də klassik Hind ədəbiyyatına böyük təsir göstərmişdir.

4.      Mirabayi (1499-1547) –  Hind mistik qadın şairi və Hind ədəbiyyatında Krişna poeziyasının görkəmli nümayəndəsi. Şimali Hindistanda bhakti tradisiyasının müqəddəslərindən hesab olunur. O, əsərlərini braj, racastan və qucarat dillərində yazmışdır. Yaradıcılığında əsasən Krişnaya olan sevgisini təsvir etmişdir.

5.      Brahmanlar – qədim Hindistanda kahinlər kastası. Hesab edilirdi ki, Brahma öz dodaqlarından kahin brahmanları yaratmışdır. Buna görə də onlar adamlarla Brahmanın adından danışırlar. Brahmanlar hindlilərin birinci ali kastası sayılır.

6.      Tantra – (həmçinin tantrizm və tantra dini də deyilir) Hindistanın qədim inanc tradisiyalarından biridir, həm hinduizmə, həm də buddizmə güclü təsir göstərmişdir. Sanskrit sözü olan tantra adətən "traktat" və ya "giriş" anlamında işlədilir.  Hərfi mənada "şal, dəsmal, örtük, toxumaq, toxuculuq dəzgahı" mənalarını da verdiyinin demək olar.  Sözün "prinsip, kontinuum, sistem, doktrina, nəzəriyyə" anlamları tan fel kökündən törəmiş "genişləndirmək" sözündən və "alət" mənasını verən tra şəkilçisindən irəli gəlir.

7.      Baptizm — Xristian protestant məzhəbidir. Yunan dilindən tərcümədə "suya batırmaq, suda vəftiz etmək" mənasını ifadə edir.

8.      Kundalini – Sanskrit sözüdür, "sirkulyar, dairəvi" mənasını bildirir. Yoqa nəzəriyyəsinə görə, insan bədənində, onurğanın əsasında yerləşən ilkin enerjidir, oyadılmasına ehtiyac var. 

9.      Kirtan və ya kirtana – Sanskrit sözüdür, mədhiyyə deməkdir. Hinduizmdə tanrı Krişnaya qrup şəklində musiqinin müşayiətilə dua edilməsidir. Kirtan söyləyənə kirtankar deyilir.

10.  Ramakrişna Paramahamsa (1836-1886) — hindistanlı quru, mistik, vaiz, hinduizm dinində islatah aparmışdır.

11.  Sadhu və ya sadu – hinduizmdə yoqa ilə məşğul olan asket kişilərə deyilir. Qadınlara isə sadvi deyilir.

12.  Kalvinizm — Jan Kalvinin XVI əsrin əvvəllərində ortaya atdığı ideyalara əsasən yaratdığı xristianlıq cərəyanı. Bu dini inanc sistemi, ilk dəfə Cenevrədə, daha sonra isə Niderland, Şotlandiya, Almaniya və Fransada qurulan yeni kilsələrdə qəbul edilib.  Kalvinizm ənənəvi dini baxışları deyil, ilk xristian baxışlarını əsas götürür.

13.  Vrindavan – Hindistanda şəhərdir. Tanrı Krişna öz uşaqlığını Vrindavanda keçirdiyi üçün Hinduizm dinində müqəddəs 7 məkandan biri sayılır.

 

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.