Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Onu 1994-cü ildə 21 apreldə Bakıdakı II Şəhidlər xiyabanında dostları dəfn etmişdilər. Bilirdilər ki, qəribdir, Azərbaycanda kimi-kimsənəsi yoxdur. Düz 28 il Erbol Barımbetovun ailəsini axtardı döyüş dostları. 2022-ci ilin 21 aprelində, Yerbolun şəhid olduğu gün qardaşı Nurbol Azərbaycana gəldi. 28 il axtardığı qardaşının məzarını Bakıdakı II Şəhidlər xiyabanında tapdı.
Bu ötən illər ərzində 776 saylı əlahiddə taborun döyüşçüləri hərbi hissə komandirinin müavini Saleh Əliyev, kəşfiyyat bölüyünün rəhbəri Mehman Məmmədov və digər sağ qalan döyüşçülər heç vaxt qəhrəman döyüş yoldaşlarını, Qazaxıstandan Azərbaycana Qarabağ üçün döyüşməyə gələn Erbol Barımbetovu unutmadılar.
Keçmiş hərbi hissə komandirinin müavini Saleh Əliyev deyir ki, yaşasaydı bu gün Erbolun 49 yaşı olacaqdı. Bu türk oğlu onların döyüş batalyonunda ən ağır tapşırıqları yerinə yetirib, həm səriştəli döyüş bacarığı ilə, həm də kəşfiyyat qrupunda dövlət əhəmiyyətli əməliyyatlarda iştirak etməklə öz məhatrətini göstəribdir. İki dəfə yaralansa da , yenə döyüşə qayıdıb. Ən son döyüşü isə Ağdərə -Tərtər uğrunda olub. Həmin döyüşdə Erbol şəhid olur.
Keçmiş hərbi hissə komnadiri Sahib Əliyev qeyd edir ki, ötən 28 il ərzində onun Şəhid statusunu ala bilməmişdik. Bu yaxınlarda dövlətimiz tərəfindən bu qəhrəman türk oğluna şəhid statusu verildi. İndi Şəhid Erbol Törexan oğlu Barımbetovun ailəsi “Şəhid ailəsi” sayılır. Qazaxıstan səfirliyi Xətai rayonu ərazisində yerləşdiyindən, Yerbol Barımbetova “Şəhid” adı Xətai rayonu ünvanında verildi.
Azərbaycanını torpaqlarının bütövlüyü Türk dünyasının bütövlüyüdür. Bu mübarizədə tökülən qanlar müqəddəsdir, bu mübarizədə canını fəda edənlər başımızın tacıdır.
Erbol Barımbetov yəqin ki, bugün doğum günündə II Şəhidlər xiyabanında dolaşan ruhun hər şeydən xəbərdardır. Şəhid adın kutlu olsun, əziz qardaşımız!
Qazaxıstanın tanınmış jurnalisti Nassikha Gumarkyzi isə Erbol Barımbetov haqqında "Qarabağda şəhid olan Böyük Çöl oğlu" adlı kitabını çap olunmaq üçün Almatıda mətbəəyə göndərib.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)