Sabah Silahlı Qüvvələr Günüdür

Gənclər Kitabxanasında bu münasibətlə silsilə materiallar hazırlanıb

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında videoçarx, biblioqrafik icmal, məlumat bülleteni, virtual və ənənəvi sərgi hazırlanıb.

 

Kitabxanadan verilən məlumata görə, kitabxananın əməkdaşları tərəfindən hazırlanan videoçarxda bu günün tarixi, Ümummilli Lider Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə Azərbaycan Ordusunun müasir tələblər səviyyəsində yenidən qurulması, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazması haqqında məlumat verilib.

“26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” adlı virtual sərgidə Ordunun yaranma və inkişaf tarixi əks olunub, “Heydər Əliyev və Azərbaycan Ordusu”, “Vətən müharibəsi və Vətəni yaşadanlar”, “Azərbaycan Ordusunun tarixi”, “Vətən simurqları” kimi kitabların, “Qalib dövlətin müzəffər Ordusu”, “Dövlətin gücü ordudan başlayır”, “Silahlı qüvvələrimiz milli qürurumuzdur” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

Kitabxana əməkdaşları tərəfindən tərtib olunan “Milli Qəhrəmanlar unudulmur!” adlı aylıq məlumat bülletenində Əlif Hacıyev, Səfa Axundov, Cavanşir Rəhimov, Ruslan Muradov haqqında məlumatlarla yanaşı, onlar haqqında çap olunan kitablar və dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri öz əksini tapıb. 

“Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı biblioqrafik icmalda isə Milli Ordu quruculuğuna dair “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu”, “Heydər Əliyev və Ordu quruculuğu”, “Azərbaycan tarixinin zəfər salnaməsi”, “Xilaskar İlham Əliyev” kimi kitabların icmalı təqdim edilib.

Qeyd edək ki, Respublika Gənclər Kitabxanasında eyni zamanda “26 iyun - Silahlı Qüvvələr Günü” adlı ənənəvi sərgi açılıb. Sərgidə mövzu ilə əlaqədar kitablar, dövri mətbuat materialları sərgilənməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.