Super User

Super User

BU GÜN 4-CÜ İŞ GÜNÜDÜR

 

Ölkənin əsas musiqi hadisələri sırasında yer alan “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı davam edir. 

İyunun 25-i başa çatacaq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.

Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində böyük işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Biz festivalın gündəliyini və gözlənilən nümayişləri vaxtaşırı olaraq sizlərin diqqətinizə çatdırmaqdayıq. 

 

18 İYUN

Festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.

Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.

“Alim Qasımov və onun qonaqları” adlı konsertdə əsrarəngiz ifalar gecəyə gələnlərə xoş duyğular bəxş edib.

Qeyd edək ki, festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.

 

19 İYUN

Festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edib.

İyunun 19-da habelə Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub. 

Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib. Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Simon Broughton, İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır. 

Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparır. 

Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edir. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.

Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı - Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı - Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim ediblər. 

 

20 İYUN

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının üçüncü günü də zəngin proqramla yadda qalıb. Həmin gün muğamsevərlərə festival çərçivəsində təşkil olunan beynəlxalq elmi simpoziumda iştirak etmək, Beynəlxalq Muğam Müsabiqəsini, həmçinin muğam kompozisiyasından ibarət fotosərgini izləmək, “Səmimi muğam” konsertini dinləmək imkanı yaradılıb. 

Şirvanşahlar sarayında təşkil olunan “Səmimi muğam” konserti çərçivəsində hər musiqiçi ifasını öz dinləyicisi ilə üzbəüz təqdim edib. Bu konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış ediblər.

Aytən Rüstəmli kamançada “Bayatı-Şiraz”, Kamal Şükürov tarda “Şur”, Baloğlan Qafarov kamançada “Xaric-segah”, Nağızadə Gülnar kamançada “Şur”, Araz Fətəliyev balabanda “Şur”, Abuzər Əsgərli kamançada “Mahur - hindi”, Hüseyn Nağıyev isə kamançada “Şur” muğamlarını məharətlə dinləyicilərinə çatdırıblar.

Növbəti ifalar iyunun Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada dinlənilib. Həmin məkanlarda Azərbaycandan Xalq artisti Səkinə İsmayılova, Beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli, Hindistandan Vasumathi Badrinathan və Jyotsna Srikanth, Malidən Kankou Kouyatenin çıxışları olub. 

İyunun 20-də müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil edilib. 

Qeyd edək ki, müsabiqədə dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçilib. 

 

21 İYUN

Festivalın növbəti günü - bu gün – iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları gözlənilir.

Müsabiqənin ikinci turu bu gün - iyunun 21-də keçiriləcək. 

 

22 İYUN

Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı iyunun 22-də səhnəyə çıxacaq.

 

24 İYUN

İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.

 

25 İYUN

Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin mükaftlandırılmasından sonra konsert təqdim ediləcək.

 

Festival çərçivəsində Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda muğam və poeziya ifaları olacaq. Festival günlərində Beynəlxalq simpozium keçiriləcək, İçərişəhərdə instrumental muğamlar təqdim ediləcək, 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.

Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının üçüncü günü də zəngin proqramla yadda qalıb. Həmin gün muğamsevərlərə festival çərçivəsində təşkil olunan beynəlxalq elmi simpoziumda iştirak etmək, Beynəlxalq Muğam Müsabiqəsini, həmçinin muğam kompozisiyasından ibarət fotosərgini izləmək, “Səmimi muğam” konsertini dinləmək imkanı yaradılıb. 

Şirvanşahlar sarayında təşkil olunan “Səmimi muğam” konserti çərçivəsində hər musiqiçi ifasını öz dinləyicisi ilə üzbəüz təqdim edib. 

 

AzərTAC xəbər verir ki, konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış ediblər.

Aytən Rüstəmli kamançada “Bayatı-Şiraz”, Kamal Şükürov tarda “Şur”, Baloğlan Qafarov kamançada “Xaric-segah”, Nağızadə Gülnar kamançada “Şur”, Araz Fətəliyev balabanda “Şur”, Abuzər Əsgərli kamançada “Mahur - hindi”, Hüseyn Nağıyev isə kamançada “Şur” muğamlarını məharətlə dinləyicilərinə çatdırıblar.

Qeyd edək ki, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Əvvəlki müsabiqələrdə bir çox ölkə və regionlardan gənc ifaçılar arasından xüsusi istedadı olanlar üzə çıxarılıb. Onların sırasından bəzi mükafatçı və iştirakçılar dünya musiqisi səhnəsində artıq parlayıblar. 

Festival çərçivəsində təşkil olunan konsertlər gənc istedadların üzə çıxarılmasına və tanınmasına xidmət edir, onların sənətkarlıq keyfiyyətlərinin daha da cilalanmasında yeni bir mərhələ rolu oynayır.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

BU GÜN HAMININ TANIDIĞI RASİM MÜZƏFFƏRLİNİN 65 YAŞI TAMAM OLUR

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bir vaxtlar Pakistanın baş naziri olan Bənazir Buhutto ilə eyni gündə anadan olublar. Amma aralarında beş il fərq var. Yəni indi Bərzəxdə qiyamət gününü gözləyən, rəhmətlik baş nazirdən beş il sonra dünyaya gəlib…

 

Kiminsə haqqına girməyi xoşlamaz. Haqqına girdilərsə çəkinmədən özünümüdafiəyə qalxar. Onun qəlbinə yol tapmaq elə də asan məsələ deyil, etimadını qazandınsa əbədi dostun olacaq. Əzmkar, iradəli, emosional və duyğusaldır. Əhval-ruhiyyəsi bir anda dəyişə bilər. Ləzzətli təamlara meyilli olsa da süfrəsində hazırcavabların, ağıllı adamların olmasını xoşlayır. Dünyagörüşü, mütaliyəsi güclü olduğundan bəlağətli, məntiqli danışmağı bacarır. Mübahisə və diskusiyalarda öz bildiyini, inandığını sübut etməsə əl çəkmir. Buna rəğmən həmsöhbətini səbrlə dinləməyi də var. Ürəyi çox yumşaqdır, sevdiklərinə kömək etməyə həmişə hazırdır, ən əsası bağışlamağı bacarır…

 

1958-ci ildə Şuşa şəhərində dünyaya gəlib. Orta təhsilini Bakı şəhərində, 20 nömrəli məktəbdə başa vurub. Sonra beş il Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində ali təhsil alıb. Daha sonra fəlsəfə elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Azərbaycanda ilk qeyri-formal ictimai təşkilatlardan biri olan “CƏNGİ” birliyini yaradıb və rəhbərlik edib. Keçən əsrin 80-90-cı illərində Azərbaycan Dövlət Televiziyasında “Ekspromt” və “Çərşənbə axşamı” verilişlərinin, 2006-2007-ci illərdə isə ANS televiziya kanalında “CƏM” adlı ictimai-siyasi tok-şounun müəllifi və aparıcısı olub. 1980-ci illərin əfsanəvi “OZAN” muğam-rok qrupunun yaradıcısı və rəhbəridir. "Şərq-Qərb" Nəşriyyat Evinin yaradaraq bir müddət oranı idarə edib. 2017-ci ildən "1001 kitab" və "Quran nəşrləri" nəşriyyatlarına rəhbərlik edir...

 

Deyir ki,- “Atam iqtisadçı-jurnalist kimi uzun illər jurnal redaktoru işləyib. Mənim nə vaxtsa onun kimi naşirlik edəcəyimi, əminəm ki, təsəvvür etmirdi. Çünki aradabir kitablar üzərində işləsəm də, nə vaxtsa əsas peşəmin naşirlik olacağını heç mən özüm də ağlıma gətirməzdim. 1996-cı ildə atam vəfat edəndə, mən bank sahibi və “bərkgedən” iş adamı idim... Anam isə naşirliyimə həm şahidlik edib, həm dəstək olub. O, Azərbaycan dili və ədəbiyyatı müəllimi, dilçi-alim olduğuna görə, redaktədə işim çətinə düşəndə, baş məsləhətçim idi. Sağlığında dilçilik üzrə onun iki elmi kitabını nəşr edə bildiyim üçün müəyyən təskinlik tapıram. Evdə üç uşaq olmuşuq. İndiki Hüseyn Cavid prospektində yaşamışıq və üçümüz də 20 nömrəli orta məktəbi bitirmişik. Mən orta məktəbin 4-8-ci siniflərində oxuyanda, həm də 16 nömrəli musiqi məktəbində tar üzrə beşillik təhsil almışam. Ailəmizdə ortancıl övlad olmuşam. Böyük qardaşım iqtisadçı-alim, kiçik bacım qəzet redaktorudur. Budur ki, yazı-pozu işi bizim bir növ ailəvi sənətimizdir”...

 

Hadisələri dərindən təhlil etməyi bacarır, analitik ağlı ilə ən dolaşıq problemləri həll edə bilir. İqtisadi məsələlərindən yaxşı baş çıxarır, lakin ənənəvi yolla qazanmağa üstünlük verir. Risk etməyi xoşlamır. Keçmişə çox bağlı adamdır, daha doğrusu, mühafizəkardır. Ötən günləri tez-tez xatırlayıb köks ötürür. Məqsədə doğru gedən yolda iradə nümayiş etdirməkdən çəkinmir. Həssaslığı və intellekti onu filosofluqdan əlavə şair-bəstəkar məqamınadək yüksəldə bilib. Piano, gitara, tar musiqi alətlərini mükəmməl dilləndirə bilir. Otuzdan yuxarı musiqinin müəllifidir. Gözəl poeziya nümunələri yaradıb...

 

Deyir ki,- “Gəldiyim qənaətlərdən birini söyləyəcəm. Tələbə olarkən belə fikirlərimə görə mənə “vulqar materialist” deyirdilər. Vaxtilə, Vladimir Vernadskinin istifadə elədiyi “noosfer” anlayışı, hətta, demək olar, nəzəriyyəsi var idi. Nədir noosfer? Hələ internet dövründən əvvəl, XIX əsrin sonlarında və XX əsrin 1-ci yarısında yaşayıb yaratmış Vernadski deyirdi ki, necə ki, Yer kürəsinin atmosfer, litosfer və digər təbəqələri var, eləcə də noosfer təbəqəsi var. Vernadskiyə görə, noosfer – insanın əldə etdiyi biliklərin Yerin ətrafında əmələ gətirdiyi bir təbəqədir. Məncə, medianı da bu təbəqəyə aid etmək olar. Baxın, məsələn, bu gün biz kompüterimizdə hər hansı bir informasiyanı silirik. Amma o yox olmur. Fizikanın fundamental qanunlarına görə, maddi olan bir şey yox olmur, yalnız başqa formada mövcud olmaqda davam edir. Odur ki, kompüterdə hansısa informasiya neçəsə bit, bayt, geqabayt həcmdə maddi olan bir yeri tutubsa, deməli, o yox ola bilməz. Biz onu kompüterdən silirik, amma o harasa gedir, yox olmur”…

 

Bəli, bu dünyada heç kim heç zaman yox olmur. Kimisi SƏSə, kimisi SÖZə, kimisi MUSİQİyə, kimisi də TARİXə çevrilir. Haqqında söhbət açdığım Rasim Müzəffərli isə xoşbəxt adamlardandır, nə vaxtsa həm SƏS, həm SÖZ, həm MUSİQİ, həm də TARİX olacaq. Çünki o, əbədiyyətə gedən yolun yolçusudur…

 

Yəqin ki, yadınızdan çıxmayıb, bu gün - iyunun 21-i Rasim Müzəffərlinin 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

GƏNCLƏR KİTABXANASINDAN DAHA BİR TÖHFƏ

 

Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının kollektivi maraqlı bir təşəbbüslə Azərbaycan Yazıçılar Birliyində olublar.  Birliyin sədri, Xalq yazıçısı Anarla kitabxananın direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Günay Həsənova və İnformasiya və media ilə iş şöbəsinin müdiri Səadət Şəfiyeva ilə görüşüblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, sədrin baş müşaviri Rauf Aslanov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs iştirak ediblər.

Görüşdə müasir dövrdə kitabxanaların qarşısında duran vəzifələr, kitab və mütaliə mövzusuna innovativ yanaşma, kitabxanalarda elektron xidmətlərin göstərilməsi, elektron kataloq və kitabxana sistemlərinin təkmilləşdirilməsi, elektron dövrü mətbuat nəşrlərinin bazalarının yaradılmasının əhəmiyyəti müzakirə edilib.

Görüşdə Respublika Gənclər Kitabxanasının əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, hazırladığı elektron məlumat bazaları haqqında məlumat verilib. Kitabxana əməkdaşlarının Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə elektron məlumat bazası yaratdıqları diqqətə çatdırılıb.

“Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi çərçivəsində Respublika Gənclər Kitabxanasının “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalı ilə 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Dövrü mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın rəsmi saytında mühafizə olunmasının çox əhəmiyyətli olduğu və bu vasitə ilə internet istifadəçilərinin istənilən an istədikləri məqaləni və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edə biləcəkləri vurğulanıb.

Təbii ki, nəcib təşəbbüsdür və alqışlanmağa dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

Çərşənbə axşamı, 20 İyun 2023 14:45

“Səsdən könüllərə” təqdim olundu

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət” 

 

“Landmark” hotelinin “Rotunda” zalında psixoloq, təlimçi, terapist Əsmər xanım Kərimovanın imzası ilə “Səsdən Könüllərə” Beynəlxalq Kouçluq Layihəsinin təqdimatı keçirilmişdir. 

 

Təqdimatda layihənin siması olan gənc şair, qiraətçi, psixoloq Ülvi Yolçuyevin “Qeybət” adlı şeir gecəsi də baş tutmuşdur. Tədbirdə Ülviyyə Sadıqova, Orxan Həsənli, Habil Yaşar, Sevinc Əhmədova, Zülfiqar Məmmədli, Gültəkin İsmayılova kimi ziyalılar, yazarlar da yer almışdır. 

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah - iyunun 21-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək. Bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Şərq küləyi 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Xəbər verdiyimiz kimi, TÜRKSOY təşkilatının yaradılmasının 30 illiyi münasibətilə Özbəkistanda keçirilən tədbirlərdə iştirak məqsədilə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bu ölkədədir. 

Təbii ki, Özbəkistanın mədəni həyatına 

Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) çox möhkəm siyarət edib. Rəngbərəng, müxtəlif tədbirlərlə mərkəz tək azərbaycanlılara deyil, özbəklərə də xidmət edir. Və təbii ki, Daşkəndə səfər edən nazirimizin bu ocağa baş çəkəcəyi gözlənilən idi. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli səfərinin ikinci günündə AMM-i ziyarət edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış büstü önünə tər gül dəstələri qoyan nazir Mədəniyyət Mərkəzinin həyətində yaradılmış “Şəhidlər” abidə-kompleksini ziyarət edib.

Nazir AMM-in qarşısında Heydər Əliyev küçəsində qoyulmuş Ulu Öndərin xatirə lövhəsi ilə də tanış olub.

Mədəniyyət nazirinin başçılıq etdiyi nümayəndə heyəti daha sonra mərkəzdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyini ziyarət edərək burada qardaş xalqın ortaq tarixi köklərini, milli-mənəvi, mədəni dəyərlərini əks etdirən eksponatlar, Özbəkistanın dövlətçilik və incəsənət, ədəbiyyat və mədəniyyət sahəsində xüsusi xidmətləri olan azərbaycanlılara aid guşə ilə tanış olub. 

Hər bir eksponat barədə ayrıca məlumat verən AMM-in sədri Samir Abbasov görülən və görüləcək işləri də diqqətə çəkib, iki qardaş xalqın dostluq əlaqələrinə verdikləri töhfədən danışıb. 

Mərkəzdə yaradılmış kitabxana, rəqs və rəsm dərnəkləri, Azərbaycan dili kursları ilə tanış olan nazir Azərbaycan mədəniyyətini təbliğ edən dərnəklərin və dilimizin öyrədilməsində xüsusi rolu olan kursun fəaliyyətini təqdirəlayiq hesab edib.

Muzeydə yaradılmış “Azərbaycan xalçaları zalı”na baxış zamanı öz tövsiyələrini verən nazir Azərbaycan xalqının xalq sənətkarlıq ənənələrinin təbliği baxımından muzeyin mövcudluğunu yüksək qiymətləndirib. 

Mərkəzin foyesində Ümummilli Liderə həsr olunmuş fotosərgi və AMM-in layihələri ilə çap edilmiş kitablar, Heydər Əliyevə aid nəşrlərdən ibarət sərgi ilə tanış olan nazir Mədəniyyət Mərkəzinin Azərbaycana dair özbək dilində kitab nəşri sahəsində gördüyü işləri dəyərləndirərək gələcəkdə də bu sahədə işləri genişləndirməyi tapşırıb. 

Mədəniyyət Mərkəzində yaradılmış Azərbaycan Dövlətçilik Tarixi Muzeyi ilə də tanışlıq olub. 

Daha sonra nümayəndə heyəti Mədəniyyət Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub. Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatların, fotostendlərin nümayişi ilə yanaşı, burada müxtəlif tədbirlərin keçirildiyi də bildirilib. 

Sonra nazir muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda AMM-in kollektivi ilə görüşən nazirin başçılıq etdiyi nümayəndə heyəti mərkəzin fəaliyyətini qiymətləndirib və işlərində uğurlar arzulayıblar.

Adiı Kərimlinin Özbəkistana səfəri davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Çərşənbə axşamı, 20 İyun 2023 13:45

Rejissor Oqtay Əliyevin ilk doğum günü onsuz keçdi

Mina Rəşid, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün televiziya prodüseri, rejissor, Əməkdar mədəniyyət işçisi Oqtay Vidadi oğlu Əliyevin doğum günü idi. O, 1968-ci il iyunun 19-da qədim Azərbaycan şəhəri olan İrəvanda doğulub. 1975-1985-ci illərdə İrəvan şəhərində M.F. Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakultəsində təhsil alıb.

1983-1985-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989-1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olub.

1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsrəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayram proqramlarının quruluşçu rejissoru olub və ssenarilərini yazıb. 1995-ci ildə A.P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. 1997-ci ildə Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olub.

1998-ci il oktyabr ayının 5-dən "SOY" production şirkətinin təsisçisi və prezidenti idi. "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanıb.

Tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev bu il martın 22-də Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı faciəli şəkildə dünyasını dəyişib. 

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Çərşənbə axşamı, 20 İyun 2023 13:15

Yeddi ildən sonra “AzDrama”nın səhnəsinə çıxacaq

Xalq artisti Mehriban Zəki yeddi ildən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsinə çıxacaq.

Bu barədə aktrisa “Qafqazinfo”ya danışıb.

 

O, yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşada baş rollardan birini canlandıracaq: 

“Səhnədə sonuncu çıxışım 2016-cı ildə Erik Emmanuel Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" adlı əsəri əsasında hazırlanan tamaşasında olub. Əslində işdən çıxmamışam, sadəcə bu illər ərzində rol verilmirdi. Bu, mənə də təəccüblü gəlir.

 

Bu il teatra rəhbər təyin olunan Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə dedi ki, teatr ştatında olan bütün aktyor və aktrisalar tamaşalarda rol almalıdırlar. Mənə də “Sənsiz” tamaşasında rol almağı təklif etdi, razılaşdım. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir. Mən Sevinc obrazını canlandırıram”.

 

Qeyd edək ki, 2016-2023-cü illərdə “AzDrama”nın baş direktoru Azər Paşa Nemətov olub. O, apreldə 75 yaşında vəfat edib. Ötən ay isə Akademik Milli Dram Teatrına Mehriban Ələkbərzadə bədii rəhbər təyin edilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Mədəniyyət nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri davam edir. Nazirin rəhbərlik etdiyi nümayəndə heyəti  iyunun 19-da Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində olub, burada fəaliyyət göstərən Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzini ziyarət edib.  Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Mərkəz 2019-cu ildə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında yaradılıb. AMM tərəfindən mərkəzə Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği məqsədilə nəşrlər, əyani vasitələr təqdim  edilib. Burada Azərbaycanla bağlı kiçik kitabxana, həmçinin milli mədəniyyətimizə dair guşələr yaradılıb. 

 

Mərkəzin rəhbəri dosent Gülbahar Aşurova Azərbaycan ədəbiyyatının təbliği, həyata keçirilən layihələr və Heydər Əliyev adına AMM ilə birgə fəaliyyətləri barədə məlumat verib. Qeyd olunub ki, mərkəz universitetdə Azərbaycan ədəbiyyatına dair aparılan tədqiqatlara da dəstək verir, həmçinin Azərbaycan ədəbiyyatından tərcümə işlərində fəal iştirak edir.

 

Adil Kərimli Heydər Əliyev adına AMM-nin layihəsi ilə Özbəkistanın müxtəlif təhsil və mədəniyyət müəssisələrində ölkəmizlə bağlı belə mərkəzlərin yaradılması ideyasının təqdirəlayiq olduğunu bildirib. 

 

Nümayəndə heyəti daha sonra Ə.Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.