Kitabxana ədəbi orqanların elektron kataloqunu hazırlayacaq

GƏNCLƏR KİTABXANASINDAN DAHA BİR TÖHFƏ

 

Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının kollektivi maraqlı bir təşəbbüslə Azərbaycan Yazıçılar Birliyində olublar.  Birliyin sədri, Xalq yazıçısı Anarla kitabxananın direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Günay Həsənova və İnformasiya və media ilə iş şöbəsinin müdiri Səadət Şəfiyeva ilə görüşüblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, sədrin baş müşaviri Rauf Aslanov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs iştirak ediblər.

Görüşdə müasir dövrdə kitabxanaların qarşısında duran vəzifələr, kitab və mütaliə mövzusuna innovativ yanaşma, kitabxanalarda elektron xidmətlərin göstərilməsi, elektron kataloq və kitabxana sistemlərinin təkmilləşdirilməsi, elektron dövrü mətbuat nəşrlərinin bazalarının yaradılmasının əhəmiyyəti müzakirə edilib.

Görüşdə Respublika Gənclər Kitabxanasının əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, hazırladığı elektron məlumat bazaları haqqında məlumat verilib. Kitabxana əməkdaşlarının Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə elektron məlumat bazası yaratdıqları diqqətə çatdırılıb.

“Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi çərçivəsində Respublika Gənclər Kitabxanasının “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalı ilə 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Dövrü mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın rəsmi saytında mühafizə olunmasının çox əhəmiyyətli olduğu və bu vasitə ilə internet istifadəçilərinin istənilən an istədikləri məqaləni və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edə biləcəkləri vurğulanıb.

Təbii ki, nəcib təşəbbüsdür və alqışlanmağa dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.