“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Səmimi muğam” konserti olub

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının üçüncü günü də zəngin proqramla yadda qalıb. Həmin gün muğamsevərlərə festival çərçivəsində təşkil olunan beynəlxalq elmi simpoziumda iştirak etmək, Beynəlxalq Muğam Müsabiqəsini, həmçinin muğam kompozisiyasından ibarət fotosərgini izləmək, “Səmimi muğam” konsertini dinləmək imkanı yaradılıb. 

Şirvanşahlar sarayında təşkil olunan “Səmimi muğam” konserti çərçivəsində hər musiqiçi ifasını öz dinləyicisi ilə üzbəüz təqdim edib. 

 

AzərTAC xəbər verir ki, konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış ediblər.

Aytən Rüstəmli kamançada “Bayatı-Şiraz”, Kamal Şükürov tarda “Şur”, Baloğlan Qafarov kamançada “Xaric-segah”, Nağızadə Gülnar kamançada “Şur”, Araz Fətəliyev balabanda “Şur”, Abuzər Əsgərli kamançada “Mahur - hindi”, Hüseyn Nağıyev isə kamançada “Şur” muğamlarını məharətlə dinləyicilərinə çatdırıblar.

Qeyd edək ki, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Əvvəlki müsabiqələrdə bir çox ölkə və regionlardan gənc ifaçılar arasından xüsusi istedadı olanlar üzə çıxarılıb. Onların sırasından bəzi mükafatçı və iştirakçılar dünya musiqisi səhnəsində artıq parlayıblar. 

Festival çərçivəsində təşkil olunan konsertlər gənc istedadların üzə çıxarılmasına və tanınmasına xidmət edir, onların sənətkarlıq keyfiyyətlərinin daha da cilalanmasında yeni bir mərhələ rolu oynayır.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.