BU GÜN HAMININ TANIDIĞI RASİM MÜZƏFFƏRLİNİN 65 YAŞI TAMAM OLUR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bir vaxtlar Pakistanın baş naziri olan Bənazir Buhutto ilə eyni gündə anadan olublar. Amma aralarında beş il fərq var. Yəni indi Bərzəxdə qiyamət gününü gözləyən, rəhmətlik baş nazirdən beş il sonra dünyaya gəlib…
Kiminsə haqqına girməyi xoşlamaz. Haqqına girdilərsə çəkinmədən özünümüdafiəyə qalxar. Onun qəlbinə yol tapmaq elə də asan məsələ deyil, etimadını qazandınsa əbədi dostun olacaq. Əzmkar, iradəli, emosional və duyğusaldır. Əhval-ruhiyyəsi bir anda dəyişə bilər. Ləzzətli təamlara meyilli olsa da süfrəsində hazırcavabların, ağıllı adamların olmasını xoşlayır. Dünyagörüşü, mütaliyəsi güclü olduğundan bəlağətli, məntiqli danışmağı bacarır. Mübahisə və diskusiyalarda öz bildiyini, inandığını sübut etməsə əl çəkmir. Buna rəğmən həmsöhbətini səbrlə dinləməyi də var. Ürəyi çox yumşaqdır, sevdiklərinə kömək etməyə həmişə hazırdır, ən əsası bağışlamağı bacarır…
1958-ci ildə Şuşa şəhərində dünyaya gəlib. Orta təhsilini Bakı şəhərində, 20 nömrəli məktəbdə başa vurub. Sonra beş il Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində ali təhsil alıb. Daha sonra fəlsəfə elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Azərbaycanda ilk qeyri-formal ictimai təşkilatlardan biri olan “CƏNGİ” birliyini yaradıb və rəhbərlik edib. Keçən əsrin 80-90-cı illərində Azərbaycan Dövlət Televiziyasında “Ekspromt” və “Çərşənbə axşamı” verilişlərinin, 2006-2007-ci illərdə isə ANS televiziya kanalında “CƏM” adlı ictimai-siyasi tok-şounun müəllifi və aparıcısı olub. 1980-ci illərin əfsanəvi “OZAN” muğam-rok qrupunun yaradıcısı və rəhbəridir. "Şərq-Qərb" Nəşriyyat Evinin yaradaraq bir müddət oranı idarə edib. 2017-ci ildən "1001 kitab" və "Quran nəşrləri" nəşriyyatlarına rəhbərlik edir...
Deyir ki,- “Atam iqtisadçı-jurnalist kimi uzun illər jurnal redaktoru işləyib. Mənim nə vaxtsa onun kimi naşirlik edəcəyimi, əminəm ki, təsəvvür etmirdi. Çünki aradabir kitablar üzərində işləsəm də, nə vaxtsa əsas peşəmin naşirlik olacağını heç mən özüm də ağlıma gətirməzdim. 1996-cı ildə atam vəfat edəndə, mən bank sahibi və “bərkgedən” iş adamı idim... Anam isə naşirliyimə həm şahidlik edib, həm dəstək olub. O, Azərbaycan dili və ədəbiyyatı müəllimi, dilçi-alim olduğuna görə, redaktədə işim çətinə düşəndə, baş məsləhətçim idi. Sağlığında dilçilik üzrə onun iki elmi kitabını nəşr edə bildiyim üçün müəyyən təskinlik tapıram. Evdə üç uşaq olmuşuq. İndiki Hüseyn Cavid prospektində yaşamışıq və üçümüz də 20 nömrəli orta məktəbi bitirmişik. Mən orta məktəbin 4-8-ci siniflərində oxuyanda, həm də 16 nömrəli musiqi məktəbində tar üzrə beşillik təhsil almışam. Ailəmizdə ortancıl övlad olmuşam. Böyük qardaşım iqtisadçı-alim, kiçik bacım qəzet redaktorudur. Budur ki, yazı-pozu işi bizim bir növ ailəvi sənətimizdir”...
Hadisələri dərindən təhlil etməyi bacarır, analitik ağlı ilə ən dolaşıq problemləri həll edə bilir. İqtisadi məsələlərindən yaxşı baş çıxarır, lakin ənənəvi yolla qazanmağa üstünlük verir. Risk etməyi xoşlamır. Keçmişə çox bağlı adamdır, daha doğrusu, mühafizəkardır. Ötən günləri tez-tez xatırlayıb köks ötürür. Məqsədə doğru gedən yolda iradə nümayiş etdirməkdən çəkinmir. Həssaslığı və intellekti onu filosofluqdan əlavə şair-bəstəkar məqamınadək yüksəldə bilib. Piano, gitara, tar musiqi alətlərini mükəmməl dilləndirə bilir. Otuzdan yuxarı musiqinin müəllifidir. Gözəl poeziya nümunələri yaradıb...
Deyir ki,- “Gəldiyim qənaətlərdən birini söyləyəcəm. Tələbə olarkən belə fikirlərimə görə mənə “vulqar materialist” deyirdilər. Vaxtilə, Vladimir Vernadskinin istifadə elədiyi “noosfer” anlayışı, hətta, demək olar, nəzəriyyəsi var idi. Nədir noosfer? Hələ internet dövründən əvvəl, XIX əsrin sonlarında və XX əsrin 1-ci yarısında yaşayıb yaratmış Vernadski deyirdi ki, necə ki, Yer kürəsinin atmosfer, litosfer və digər təbəqələri var, eləcə də noosfer təbəqəsi var. Vernadskiyə görə, noosfer – insanın əldə etdiyi biliklərin Yerin ətrafında əmələ gətirdiyi bir təbəqədir. Məncə, medianı da bu təbəqəyə aid etmək olar. Baxın, məsələn, bu gün biz kompüterimizdə hər hansı bir informasiyanı silirik. Amma o yox olmur. Fizikanın fundamental qanunlarına görə, maddi olan bir şey yox olmur, yalnız başqa formada mövcud olmaqda davam edir. Odur ki, kompüterdə hansısa informasiya neçəsə bit, bayt, geqabayt həcmdə maddi olan bir yeri tutubsa, deməli, o yox ola bilməz. Biz onu kompüterdən silirik, amma o harasa gedir, yox olmur”…
Bəli, bu dünyada heç kim heç zaman yox olmur. Kimisi SƏSə, kimisi SÖZə, kimisi MUSİQİyə, kimisi də TARİXə çevrilir. Haqqında söhbət açdığım Rasim Müzəffərli isə xoşbəxt adamlardandır, nə vaxtsa həm SƏS, həm SÖZ, həm MUSİQİ, həm də TARİX olacaq. Çünki o, əbədiyyətə gedən yolun yolçusudur…
Yəqin ki, yadınızdan çıxmayıb, bu gün - iyunun 21-i Rasim Müzəffərlinin 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)