Mədəniyyət nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri davam edir. Nazirin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 19-da Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində olub, burada fəaliyyət göstərən Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzini ziyarət edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Mərkəz 2019-cu ildə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında yaradılıb. AMM tərəfindən mərkəzə Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği məqsədilə nəşrlər, əyani vasitələr təqdim edilib. Burada Azərbaycanla bağlı kiçik kitabxana, həmçinin milli mədəniyyətimizə dair guşələr yaradılıb.
Mərkəzin rəhbəri dosent Gülbahar Aşurova Azərbaycan ədəbiyyatının təbliği, həyata keçirilən layihələr və Heydər Əliyev adına AMM ilə birgə fəaliyyətləri barədə məlumat verib. Qeyd olunub ki, mərkəz universitetdə Azərbaycan ədəbiyyatına dair aparılan tədqiqatlara da dəstək verir, həmçinin Azərbaycan ədəbiyyatından tərcümə işlərində fəal iştirak edir.
Adil Kərimli Heydər Əliyev adına AMM-nin layihəsi ilə Özbəkistanın müxtəlif təhsil və mədəniyyət müəssisələrində ölkəmizlə bağlı belə mərkəzlərin yaradılması ideyasının təqdirəlayiq olduğunu bildirib.
Nümayəndə heyəti daha sonra Ə.Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)