Super User
Mədəniyyət nazirimiz Daşkənddə TÜRKSOY-un baş katibi ilə görüşüb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Daşkənddə Adil Kərimli ilə TÜRKSOY-un baş katibi Sultan Rayev arasında ikitərəfli görüş keçirilib.
TÜRKSOY-un 30 illik yubileyi münasibətilə baş katibə təbriklərini çatdıran nazir türk xalqlarının ədəbi-mədəni zənginliklərinin təbliğində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.
Ölkəmizlə TÜRKSOY arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirən Adil Kərimli Azərbaycanın qədim Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasına və Şuşada “paytaxt ili”nin açılış mərasimində şəxsən iştirakına görə Sultan Rayevə təşəkkürünü ifadə edib.
Baş katib Azərbaycanın TÜRKSOY-un fəaliyyətinə verdiyi davamlı dəstəyin əhəmiyyətini vurğulayıb, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin Azərbaycanın bu qədim şəhərinin tarixi-mədəni mirasının daha geniş miqyasda təbliği baxımdan böyük fürsət olduğunu bildirib.
Görüşdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və layihələr barədə fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)
Unutqan babanın lətifəsi
“Ədəbiyyat və incəsənət” portalı növbəti iyun lətifəsini sizlərin diqqətinə çatdırır
Atoppa baba “İynəvur” klinikasına gedib həkim Eldostuya şikayət edir:
— Həkim, sənin qadoyu alım, oğlumla gəlinim gediblər Antalyaya, uşağı mənə tapşırıblar. Mən əslində uşağa çox yaxşı baxıram. Hər gün havada gəzdirirəm, masaj elətdirirəm, idman elətdirirəm. Bununla belə, nə edirəmsə xeyri yoxdur, uşaq hər gün geriləyir, çəkisini itirir, arıqlayır…
Həkim qaşlarını çatıb soruşur:
— Bəs nə yedirdirsən ona?
Atoppa baba duruxur.
— Həkim, deyirəm axı, nəyisə yaddan çıxartmışam, uşağa heç nə yedirtmirəm.
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
7-ci dərc
-Keç içəri.
Bayaq gözləməsini tapşıran kişinin səsi yemişbaşı xəyallardan ayırdı. O, tələsik addımlarla onu çağıran adamın açıq saxladığı qapıdan içəri keçdi.
-Gəl, Eyvaz, gəl. Danış görək neylədin, nə öyrənə bildin və necə oldu ki, izləməyi tapşırdığım adamı itirdin.
Qarşısındakı, daha doğrusu özünün büzüşərək qarşısında durduğu, iri kresloya yayxanmış, siqar çəkən adamın sakit danışığı yemişbaşı qətiyyən sakitləşdirmədi. Uzun illər xidmətində durduğu bu adamın xarakterinə yaxşı bələd olduğu üçün, onun elə bir çox adamların taleyi ilə bağlı qərarları da belə sakit tərzdə verməsinin dəfələrlə şahidi olmuşdu.
-Əvvəlcə hər şey yaxşı gedirdi. Hətta onun çəkməçi işləyən bir nəfərlə görüşüb gizli məlumat almasını da öyrənə bildim. Ancaq metroda mindiyimiz qatar tərpənərkən, deyəsən çoxdan görmədiyi tanışını görüb birdən vaqondan düşməsi hər şeyi korladı. Qapılar bağlandığı üçün mən vaqonda qaldım və onu itirdim.
-Həmin tanışı dediyin adamın neçə yaşı olardı?
-Təxminən eyni yaşda olardılar, qırx ya bir qədər az.
-Sifətini görə bildin?
-Yox, qucaqlaşandan sonra tanışı fırlandı və arxası mənə tərəf olduğu üçün görə bilmədim.
-O da Bəxtiyarı qucaqladı?
-Hə, deyəsən qucaqladı - Eyvaz verdiyi cavabın düzgünlüyünə əmin olmadığı üçün qeyri-ixtiyari boynunun dalını qaşıdı.
-Yaxşı.
Oturan adam gözlərini qıyıb nəsə fikirləşməyə başladı. Kreslonun böyrünə dayaq verdiyi əlindəki barmaqlarının arasında tüstülənən siqarın külü döşəməyə sərilmiş bahalı xalçaya dağılsa da, o buna əhəmiyyət vermir, bir nöqtəyə baxmaqda davam edirdi.
Yemişbaş sakitcə onun nə deyəcəyini gözləyir, nəfəsini də ehtiyatla alırdı ki, ona mane olmasın.
-Qoy sən deyən olsun…
Nəhayət kreslodakı adam dilləndi.
Onun dediklərindən heç nə başa düşməyən yemişbaş əvvəlcə bir qədər döyükdü. Sonra ehtiyatla soruşdu:
-Bağışlayın, ancaq başa düşmədim.
Qarşısındakı onun bu sualına əhəmiyyət verməyib dedi:
-İndi gedə bilərsən. Sabah tezdən burada ol. Aydəmirə çəkməçi dükanının yerini nişan verəcəksən səhər.
İzlədiyi adamı itirdiyinə görə danlanacağını gözləyən yemişbaş, bu sözlərdən sonra bir qədər rahat nəfəs aldı, -Oldu, baş üstə, sağ olun, - deyib cəld otaqdan çıxdı.
* * *
Deyəsən xeyli yatmışam. Havanın qaralması onu göstərir ki, yuxuya getməyimdən azı iki saat keçib. Divandan qalxıb əl-üzümü yumaq üçün hamamxanaya keçdim. Soyuq su məni əməlli-başlı ayıltdı.
Yuyunub qayıdanda bayaqdan sakitlik çökmüş məhəllədə bir uğultunun yarandığını eşitdim. Bu uğultu məhəllə kişilərinin polis bölməsindən qayıtmalarının əlaməti idi. Hamının eyni vaxtda danışması səslərin bir-birinə qarışaraq evə uğultu şəklində gəlməsinə səbəb olurdu. Qayıtmaları yaxşı oldu. Məhəlləyə çıxıb nə baş verdiyini öyrənmək mənim üçün bir tərəfdən qonşu kimi vacib idisə, digər tərəfdən keçmş polis zabiti və peşəkar kimi buna borclu idim.
Geyinib həyətə düşdüm. Kişilərin gəldiyini görən arvadlar da küçəyə çıxmışdı, hərə öz həyat yoldaşından nə baş verdiyini soruşurdu. Bu qarışıqlıqda ağız deyəni qulaq eşitmirdi. Birdən başına yığışan insanların arasında məni görən Qələndər uca səslə qışqırdı:
-Bu nə işdir, Bəxtiyar, gör başımıza nələr gəldi. Heç bilmirəm nə olub. Günorta nahar eləyib hamımız yatmışdıq, birdən polislər gəldilər, qapını döyüb bizi oyatdılar, dedilər Salamı aparacaqlar, guya cinayət törədib. Mənim uşağım neyləyib axı, evdə yatan yerdə balamı oyadıb apardılar.Salamımı bölmədə saxladılar. Deyirlər qatildir, adam öldürüb. Mənim oğlum qatil ola bilməz axı Bəxtiyar, sən ki, Salamı tanıyırsan?!
Bu haraydan məhəlləyə yenə də sükut çökdü. Bu haray halal zəhməti ilə, əlinin qabarı ilə övladını böyüdüb ona gözəl tərbiyə vermiş, oğlunun qatil olacağına heç bir vəchlə inanmaq istəməyən atanın harayı idi.
Hamı kövrəlmişdi, hamı susurdu. Yaxınlaşıb “Günorta nahar eləyib hamımız yatmışdıq” kəlmələri ilə məni təəccübləndirmiş (günorta nahar edib bütün ailə üzvlərinin yatması sizə müəmmalı gəlmir ki?) Qələndərin qoluna girdim.
-Sakit ol, Qələndər, polis bölməsində nə dedilərsə, hamısını mənə danış.
-Nə deyəcəklər, guya Salam dünən gecə saatlarında maşınla adam vurub qaçıb. Adam da ölüb. Axı oğlum səhərə qədər işdə olub, o necə kimisə vura bilərdi həmin vaxt? - Qələndər ağlamsındı.
-Vurulan adam uşaqdır ya böyük, kişidir, ya qadın, yerində ölüb, ya həkimə çatdırıblar?
-Kişidir dedilər. Təxminən qırx beş yaşında. Yerindəcə keçinib. Adamları da bölmənin qabağında idilər. Beş-altı kişi idi. Hamısı da «quldura» oxşayırdı. Salamın atası olduğumu biləndə az qalmışdı məni öldürsünlər. Əvvəl qonşular, sonra polislər araya girdi. Zorla əllərindən aldılar məni.
-Salamın maşını haradadır?
-Polis bölməsinin həyətində. Dedilər, hələlik orada qalması lazımdır. Bayaq uşağı aparanda maşını da apardılar.
-Yaxşı, narahat olma, Salamı hamımız tanıyırıq, bilirik ki, başına belə bir hadisə gəlsə, heç vaxt qaçıb gizlənməzdi, ilk növbədə vurduğu adama kömək edər, səndən də bunu gizlətməzdi. Günahı yoxdursa, polislər hər şeyi aydınlaşdırıb buraxacaqlar.
-Dedilər, sübutlar var. Daha bilmədim nə subütlardı, demədilər. İndi mən neyləyəcəm, Bəxtiyar?
-Sakit ol. Axşamın xeyrindən səhərin şəri yaxşıdır. Sakit ol və keç evə, yoldaşına ürək-dirək ver. Yəqin səhər nəsə bilinər.
-Çox sağ ol, Allah hamınızın köməyi olsun, ay qonşular.
Qələndərdən ayrılıb evə qayıtdım. Görəsən bölmədə deyilən sübutlar nə sübutlardır?
Bunu sonraya saxlayaq. İndi bəzi şeyləri edib, getmək olardı. Yatarkən söndürmədiyim televizorun pultunu götürüb səsini minimuma endirdim. Sonra avtomatik sönmə rejiminə qoyub dörd saat vaxt müəyyən etdim. Əgər evim nəzarətdədirsə, qapıdan çıxmadığımı görən izləyicini televizorun işləməsi bir qədər də arxayınlaşdıracaqdı və evdə olduğuma əminliyi artacaqdı. Televizor isə gecə yarısı öz-özünə sönəcəkdi. Qoy fikirləşsinlər ki, yatmağa uzandım. Yəqin ki, mən təxminən həmin vaxt yatmağa uzanacaqdım. Ancaq başqa yerdə…
Hamının bir-birini yaxşı tanıdığı Dağlı məhəlləsində yad birinin saatlarla oturub müşahidə aparması real deyildi. Çünki ilk on beş dəqiqədə məhəllə kişiləri yaxınlaşıb yad adamın küçəmizdə dayanması səbəbi ilə maraqlanacaqdılar. Əvvəlcə çox nəzakətlə. Ancaq cavab tutarlı olmasaydı və adam burada dayanma səbəbini izah edə bilməsəydi, bu nəzakət bir anda başqa rəftarla əvəzlənəcəkdi.
Şəhər camaatı məhəlləmizin bu ənənələrinə bələd idi. Bunu yüz faiz bilən qarşı tərəfin də məhəlləyə burnunu soxmayacağını bilirdim. Deməli, əgər evim nəzarətdədirsə, yəqin ki bu, ətrafı hündürmərtəbəli binalarla əhatə olunmuş məhəlləmizdə məsafədən və xüsusi vasitələrlə edilir. Bunu müəyyən etmək heç də asan olmadığından evin izlənib-izlənilməməsini dəqiqləşdirməyə vaxt sərf edib özümü yormağı lazım bilmədim. Sadəcə arxa pəncərədən qonşunun damına, oradan isə arxa küçəyə keçib gedəcəkdim. Ona görə də havanın qaralmasını gözləmişdim.
Bu mənim üçün vacib idi. Çünki gecəni Gülanənin yanında qalmağı planlaşdırırdım. Gülanə ilə ailə kimi yaşayırdıq. Deyə bilərsiniz ki, niyə ailə yox, ailə kimi? Neçə illər əvvəl bir toy məclisində tanış olduğum bu qadının talelərimizi birləşdirməyə qərar verməsi üçün altı ay səbrlə gözləmişdim. Sonradan şəriətlə kəbin kəsdirib münasibətlərimizi rəsmiləşdirsək də hərənin öz evində yaşamaqda davam etməsinə yekdil qərar vermişdik. Bu yaşam tərzi, işimin xüsusiyyətini nəzərə alaraq mənim üçün çox əlverişli idi. Gülanə isə, sadəcə uzun illər tənha yaşayıb isinişdiyi evindən ayrılmaq istəməmişdi.
Dediyim pəncərədəki dəmir barmaqlıq çöldən heç nə ilə fərqlənməsə də, içəridən bir tərəfi petləli idi, digər tərəfi isə daxili qıfılla bağlanırdı. Qıfılı açdıqdan sonra barmaqlığı qapı layı kimi axıra qədər açmaq olardı. Mənə isə onu azca aralamağım bəs etdi ki, qonşunun damına düşüm. Əlimi uzadıb qıfılı yenidən bağladıqdan sonra pəncərəyə baxdım. İşığını söndürdüyüm evin pəncərəsində yalnız televizordan düşən işığın oynamasını görmək olardı.
Ayaq səslərim qonşunun evində eşidilməsin deyə, qır örtüklü damda bacardığım qədər ehtiyatla addımlayıb damın qonşu küçəyə birləşən kənarına çatdım. Damın kənarı ilə çəkilmiş yoğun qaz borusundan tutub aşağı sallandım və küçəyə düşdüm. Bu küçə başqa bir ara küçəyə, oradan isə əsas yola birləşirdi.
Gülanənin evi ikinci mikrorayanda idi. Yola çıxıb taksi saxlatdım və gedəcəyim ünvanın yaxınlığındakı başqa bir ünvanı dedim. Sürücünün başı ilə «əyləş» işarəsindən sonra maşına oturdum.
Axşamın bu saatında evdə olacağını bildiyim üçün gələcəyimi Gülanəyə deməmişdim. Bu qadının ən sevimli məşğuliyyəti ev işləri idi. Həftədə cəmi iki-üç dəfə baş çəkdiyimi bilsə də, hansı gün gələcəyimi bilmədiyindən hər gün iki nəfərlik yemək bişirir, yolumu gözləyirdi. Ancaq bir dəfə də olsun zəng edib gəlib-gəlməyəcəyimi soruşmamışdı, xasiyyətimi bildiyi üçün bunu öz ixtiyarıma buraxmışdı. Onu mənə daha da çox sevdirən cəhətlərindən biri də bu idi.
Hələ ki, yalnız izlənirdim, qarşı tərəfin hər-hansı aktiv addımı qeydə alınmamışdı və düşünmürəm ki, evimdə gecələməyim mənim üçün hansısa təhlükə anlamına gəlirdi. Sadəcə, ilk gündən «rəqib»lərimin əsəblərini oynatmaq qərarına gəlmişdim. Üstəlik də, gecə ya gündüz olsun, araşdırma zamanı sutkanın istənilən vaxtında vəziyyət kəskin dəyişə bilərdi və mən harasa getməli ola bilərdim. Bu qabaqlayıcı tədbirlə, lazım olan anda sərbəst hərəkət imkanlarımı özümdə saxlayırdım.
Fərziyyələrimdə yanılmırdımsa və qarşı tərəf həqiqətən də cinayət aləminin elitasına söykənirdisə, buna isə artıq şübhəm yox idi, bu halda Gülanənin evində qalmağım onun üçün heç bir təhlükədən xəbər vermirdi. Hətta nə yollasa yerimi öyrənmiş olsalar belə, bu aləmin qaydalarını bilən hər kəs bilirdi ki, ailə üzvləri toxunulmazdır və onları hansısa məsələlərə qatmaq olmaz.
Ancaq istənilən halda, neçə illər ərzində varlığından çox az adamın xəbəri olan qadınımın ünvanını kimlərinsə tanıması planlarıma daxil deyildi və pəncərədən çıxaraq getməyimin bir səbəbi də bu idi.
-Çatdıq, qardaş.
-Çox sağ olun, buyurun pulunuzu çıxın.
Sürücü uzatdığım onluğu alıb bir beşlik qaytardı. Sağollaşıb maşından düşdüm. Buradan Gülanənin evinə qədər yüz-yüz əlli metr məsafə olardı.
Əvvəlcə yol kənarındakı mağazaya girdim. Səhv eşitmədiniz, məhz mağazaya. Məni üzdən tanıyan satıcı içəri girdiyimi görcək gülümsədi. O, obyektinin üzərində market yox, mağaza yazıldığı üçün yolum düşdükcə hər dəfə onunla alış-veriş etdiyimi bilirdi.
Bilmirəm mağaza sözü hansı səbəbdən market sözü ilə əvəzləndi və demək olar ki, doğma dilimizə uyğunlaşmış bu sözü az qala tamamilə leksikonumuzdan çıxardı. Ancaq onu bilirəm ki, milyon market ola, bircə mağaza, mən alış-verişi «mağazamız»dan edəcəyəm. Eksperiment üçün evinizdəki kiçik uşaqlara sual verin, görün mağazanın nə olduğunu bilirlərmi? Ancaq marketi hamısı bilir… Başqa dilləri bilmək çox yaxşıdır. Ancaq doğma dilimiz hər şeydən üstün olmalıdır bizimçün.
Bəlkə də razılaşmayacaqsınız. Ancaq mən düşünürəm ki, vətən sevgisi də, millət sevgisi də ən kiçik şeylərdən başlayır…
Gülanə ilə tanışlığımızdan sonra çox sevdiyim «Yubiley» peçenyesini ona da sevdirmişdim. İki qutu peçenye alıb, satıcı ilə sağollaşdım və binaların arası ilə gedəcəyim ünvana tərəf yan aldım.
Qapının üç qısa zəngi mənim gəlişimi bildirirdi. Açarım olsa da, həmişəki kimi zəngi basıb gözlədim. Gülanənin qapını açması heç on saniyə çəkmədi.
-Cənab detektiv?
-Bəli, xanım.
-Xoş gəlmisiniz. Buyurun içəri.
-Təşəkkür edirəm.
Bu aramızda öz-özünə yaranmış özünəməxsus danışıq tərzini heç vaxt dəyişməzdik.
İçəri keçib, qapını örtdüm. Gülanə məni qucaqlayıb başını sinəmə sıxdı. Onun üçün çox darıxsam da zarafatla çiyinlərindən tutub özümdən araladım:
-Elə şey yoxdur, əvvəlcə yemək ver. Bilirsən ki, ac kişini yola gətirmək çətindir.
Gülanə qəhqəhə çəkdi:
-Keç əllərini yu, ac kişi.
Bayaqdan əlimdə tutduğum peçenyeləri Gülüyə verib, ayaqqabılarımı çıxardım, başmaqlarımı geyib hamamxanaya keçdim.
-Elə bil ürəyimə dammışdı ki, gələcəksən. Qəşəng plov dəmləmişəm, qarası da yanında, qızsın gətirirəm, - mətbəxdən Gülünün səsi gəldi.
Mən yeməyə çox tələbkar deyildim, pendir-çörək, yaxud kabab yeməyin mənim üçün heç bir fərqi yox idi. Ancaq yeganə sevdiyim yemək var idi ki, o da üstü qaralı, xüsusilə də şabalıdı çox, düyüləri dən-dən olan zəfəranlı plov idi. Uşaqlıqdan anamın bişirdiyi plovu necə sevmişdimsə, tox olarkən bircə artıq tikəyə əl uzatmadığım halda, qarşıma plov gələrdisə, heç vaxt imtina etməzdim. İndi isə çox ac idim. Gülünün plovuna isə söz yox idi.
Otağa keçəndə süfrədə hər şeyin hazır olduğunu gördüm. Çörək, göyərti, turşular, pendir, iki qrafində su və kompot, stəkan və boşqablar… «Görəsən bu şeylər əvvəldən süfrədə idi, ya mən əllərimi yuyanadək düzüldü?» sualını öz-özümə versəm də, cavabını tapa bilmədən keçib süfrəyə əyləşdim.
-Diqqət, məclisə aş gəlir!
Gülü şıltaq-şıltaq gülüb, əlində buğlanan plov dolu buludla mətbəxdən gəldi. Buludu əvvəlcədən boş saxladığı yerə, süfrənin düz ortasına qoydu. Həmişəki kimi gəlişimə necə sevindiyini gizlətmək istəmirdi Gülü.
Birlikdə olduğumuz illərdə, uşaq kimi sadəlövh olan Gülünün qəlbinə dəyəcək ən xırda bir hərəkətə də yol verməmişdim. Hansısa ağıllı adam qadını yaxşı köklənmiş royala, kişini isə barmaqlarını bu royalın dillərində gəzdirib qadının ən gözəl duyğularını oyatmağı bacaran ifaçıya bənzədib.
İllərdir gözü hər gün qapıda qalan, heç vaxt həftənin hansı günü və saat neçədə gələcəyimi, gecəni yanında qalıb-qalmayacağımı bilməyən bu sevimli qadının dilinə gətirdiklərindən çox, susduğu şeyləri necə də anlayırdım…
-Nuş olsun, cənab detektiv.
-Sağ olun, xanım, əlinizə sağlıq.
Bismillah deyib, boşqabımı ağzınacan doldurub qabağıma çəkdim…
Davamı var
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)
Eyni ssenari üzrə 2 pərdəli dram
Bu dramda rolları Xocavənd və Zərdab sakinləri oynayırlar, ssenarist isə Polis orqanlarıdır.
Beləliklə, “Ədəbiyyat və incəsənət” portalı sizə iki eyni mövzulu xəbəri çatdırır. Xəbərlər Daxili İşlər Nazirliyinə istinad edir.
1-Cİ PƏRDƏ: XOCAVƏND
Xocavənd meşəsi. Günün günorta çağı.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Tağaverd kəndi ərazisindəki meşə massivində yabanı halda bitən, çəkisi 1 ton 500 kiloqram olan 5000 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
2-Cİ PƏRDƏ: ZƏRDAB
Zərdab rayonu. Axşamüstü.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Keçirilən tədbirlər zamanı Kür çayının rayonun Bıçaqçı kəndi ərazisindən keçən hissəsinin sahilində yabanı halda bitən, ümumi çəkisi 1 ton 457 kiloqram olan 1965 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
FİNAL
Narkotiklərlə hamılıqla mübarizə aparaq. O çox sürətlə hücuma keçib. Şəhər-şəhər, kənd-kənd dağıdır, məhv edir. Xüsusən gənclərimiz ağ ölümə tuş gəlməkdədir. İyunun 26-sı bu dəhşətli bəla ilə mübarizə günüdür. Hər kəs bir tanıdığı narkomanı ən azı danlağa tuş eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)
“Əvvəl günəşin rəsmini çək” - Aforizmlər xəzinəsindən
“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Mübahisə edən iki nəfərdən sonda şən olan haqlı çıxır.
2.İnsan itirdiyi adamın xatirəsini yadda saxlamağa məhkumdur.
3.Qadına kişi ona görə lazımdır ki, yalnız özünə güvənə biləcəyinə əmin olsun.
4.Sənə yaxşı olanda Allahı düşünsən, sənə pis olanda O da səni düşünər.
5.Rəsm çəkmək istəsən, əvvəl günəşin şəklini çək, işıqlı yerdə başqa şeyləri çəkmək asan olacaq.
6.Özünü həmişə haqlı sayan haqqı saymır.
7.Var-dövlətini qucaqlamış insanın, adətən, həyatı qucaqlamağa əlləri çatmır.
8.Dilin arxasında ağıl varsa, düşməni dost edər, yoxdursa, dostu da düşmənə çevirər.
9.Uğursuzluğunun səbəbini tapan uğura doğru iri bir addım atmış olur.
10.Qəlbinə qulaq as, o, ədalətlidir, ağlına isə az etibar et, çünki, o, sənin hər haqsızlığına bəraət qazandırmağa hazırdır.
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)
Məşhur rus teatrı Bakıya gəlir
Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı (bədii rəhbər Rusiyanın Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) iyulun 1-dən 9-dək Bakıda qastrolda olacaq.
Səfər “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Primorsk Akademik Vilayət Dram Teatrı da bu il yubileyini, 90 yaşını qeyd edir. Uzaq Şərqdə, Sakit okeanın sahilində klassik rus psixoloji teatrı ənənələrini qoruyub saxlayan qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində repertuarından seçmə 6 tamaşa göstərəcək.
Qastrol M.Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başlayacaq.
İyulun 4-də Vladivostok teatrı yəhudi yazıçısı Şolom-Aleyxemin əsərləri əsasında hazırlanmış və 20 ildir repertuarda olan “Anma duası”nı, iyulun 5-də isə A.Çexovun “İvanov” komediyasını (28 ildir repertuardadır) nümayiş etdirəcək.
6-7 iyulda əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramı, iyulun 8-də isə ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası Akademik Rus Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına təqdim olunacaq.
Primorsk Akademik Vilayət Dram Teatrının Bakı qastrolu rus yazıçısı V.Pikulun “Kreyserlər” tarixi romanı əsasında tamaşa ilə başa çatacaq.
Qeyd edək ki, “Edit və onun şeytanları” və “Kreyserlər” teatrın eksklüziv tamaşalarıdır, üstəlik, ilk dəfə Vladivostok teatrında səhnələşdirilən “Kreyserlər” Rusiya Federasiyası Hökumətinin mükafatına layiq görülüb.
“Master və Marqarita”, “Anma duası” və “Kreyserlər” tamaşalarında teatrın bütün truppası məşğuldur. Ümumilikdə Bakı qastroluna teatrın texniki işçiləri və Uzaq Şərq İncəsənət İnstitutunun tələbələri də daxil olmaqla 100 nəfərdən çox heyət gələcək. Həmçinin bir neçə konteyner dekorasiya, geyim və avadanlıqlar gətiriləcək. Primorsk Akademik Vilayət Dram Teatrının yaydığı məlumata görə, bu, yaradıcı kollektivin ən irimiqyaslı qastrol səfəri olacaq.
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)
Təkadamlıq nağıllar eşqdir
“Ədəbiyyat və incəsənət” portalı Əfsələddin Ağalarovun essesini təqdim edir
Məlikməmmədin quyuya atılması ilə başlar belə nağıllar. Ən maraqlı yerində nəql edənin dili topuq vurar, oxucu duruxar, intizardan dəliyə dönər. Qələm sahibi "it hürən tərəfə, yoxsa işıq gələn tərəfə?" sualı ilə bütün saflığı, duyğunu alt-üst etmişdir. Məngənəyə düşən qəhrəmanın qərar verməsi üçün çox da zamanı yoxdur. Elə o qərar məqamı təkadamlıq nağılların bitdiyi, gerçək həyatın başladığı andır.
Qəhrəman indi ağrını hiss edir, sevinci duyur, nifrət boğazında düyünlənir, sevgi mədəsində uçuşur, inanc tüklərini biz-biz edir, Allahsızlığını qoymağa yer tapmır. Artıq o real dünyadadır.
Əziz dostlar! Mənim 32 illik yaşantımda əzbərlədiyim nağıl məhz belədir. Bu döngünün epizodik qəhrəmanlarından biri kimi, əziyyət çəkib təbrik yazan hər kəsə dərin təşəkkürümü bildirirəm.
Mən öz doğruları olan, öz səhvlərini cibində gəzdirən, öz inanclarını tez-tez öpüb gözünün üstünə qoyan adamam. Qəlbinə dəydiklərimin əfvinə sığınıram. Bu həyatda ən böyük qazancım doğmalarım, sevdiklərim, həqiqi dostlarımdır.
Onlara və sizlərə sevgilərimlə!
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)
“Hamı elə bilir, mən yazı yazıram…” – Mətanət Vahid
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində ədəbiyyatşünas, esseist Mətanət Vahidin özüylə söhbətini təqdim edirik. Sabah da bir essesi ilə tanış olacaqsınız.
Özüylə söhbəti…
Heç vaxt heç kimə demədiyim, indisə oxucuların simasında guya yalnız özümlə paylaşdığım bir sirrimi etiraf edirəm: bugünkü məndən xeyli uzaq, ən uzaq arzum bəstəkar olmaq olub. O qədər balacaydım ki, bu arzunu heç dərk etmirdim, sadəcə, içimdə doğulan musiqini dilləndirmək istəyim günbəgün böyüyürdü. Uşaq vaxtı elə hey pianoda ifa etməyi öyrənmək istədiyimi dilə gətirdiyimi xatırlayıram. Valideynlərim məni qız uşağı üçün “qorxulu” olan bu arzudan qoparmağın yolunu “qıza yaraşan sənət”ə meyilləndirməkdə gördülər: piano dərsləri əvəzinə, biçmə-tikmə kursuna yazdırdılar. Uşaqlıqdan nəylə məşğul olsam, ən yaxşısını etməyə can atan birisi kimi zəhləm gedən bu biçmə-tikmə kursunu da iki “əla” qiymətlə bitirdim. İçimdəki musiqinin qurdunu isə hər dəfə evində piano olan qohum evlərinə gedəndə “eşitmə” hesabına klaviaturanı döyəcləməklə öldürürdüm. Sonra gələcək özümü çox axtardım: həkim, diplomat olmaq haqqında düşündüm. Orta məktəbin son siniflərində qarşıma ədəbiyyatşünas-alim olmaq məqsədi qoydum. Çünki ədəbiyyat dərsliklərində əsərlərin təhlili məni əsəbiləşdirirdi və onları bir dəfə oxuyub sonra əsəri öz bildiyim kimi təhlil edirdim. Hələ indi anlayıram, bəstəkar olmaq arzu idi, ədəbiyyatşünas olmaq məqsəd.
Doğmalarımdan həmişə sanki başqa planetdən gəlmişəmmiş kimi fərqlənmişəm. Bu fərqliliyim çox vaxt mənə baş qaxıncı olub. Yəqin, elə bu üzdən dostlarımla daha səmimi olmuşam. Çünki dost olaraq məni anlayan insanları, qəribə hesab etməyənləri seçmişəm; fərqimi dəlilik, divanəlik kimi qəbul edən doğmalarım barədə isə seçim imkanım, təbii ki, olmayıb. Buna görə əlim kitab, dilim söz tutandan sığınacağım kitablar və içimdə bəstələnib notlara köçməyən musiqilər olub. Uşaq və yeniyetmə vaxtı, sözün əsl mənasında, dəlicəsinə mütaliə edirdim. Kitab mənə içində yaşadığım dəhşətli dünyaya alternativ həyat təqdim edirdi. Lakin çox sonralar xüsusən, ədəbi mühitlə tanışlıqdan sonra anladım, bu ideal dünyanı çox vaxt həyatda tanıdığım “dəhşətli” adamlar yaradırlar və geriyə dönüşü olmadan əminlik əldə etdim ki, ədəbiyyat mənim ona münasibətim qədər saf, müqəddəs nəsnə deyilmiş.
Deyilənə görə, ətrafa aşırı dərəcədə qapalı insanam. Buna görə çox qınanıram. Lakin ünsiyyətə əsla ehtiyac duymuram, təkbaşına daha hüzurluyam. Mənə elə gəlmir ki, başqalarına deyiləcək sözüm var. Əgər nəsə sözüm varsa, bu, yalnız esselərimdə əks olunur. Esselərim mənim deyə biləcəyim hər şeyi danışır, əslində. Oxuya bilən yazdıqlarımda susduğum hər şeyi duyur. Duymayana isə nəyisə izah etmək ehtiyacı hiss etmirəm heç vaxt. Deyirlər, ədəbiyyat, yazı – müəllifin ifadə olunmaq ehtiyacıdır. Təxminən 4-5 il əvvəl birdən-birə anladım ki, mənimçün yazmaq içimdəki musiqini notlara çevirmək arzumdan doğur. Not bilmirəm axı. O uzaq arzu vardı axı – fortepianoda ifa etmək, bəstəkar olmaq... Bunun həmişə fərqində olmuşam ki, mən musiqisiz yaşaya bilmərəm. Kitab oxumadığım, yazı yazmadığım günlər çox olur, lakin musiqi dinləmədiyim əsla. Bu vaxta kimi yazdığım onlarla, bəlkə də, yüzlərlə yazının bircəciyi də öz musiqisiylə qovuşmadan ərsəyə gəlməyib. Bunu dəqiq bilirəm: içimdəki musiqinin susması mənim məhvim deməkdir. Hamı elə bilir, mən yazı yazıram, əslində isə, içimdəki musiqini sözə çevirirəm... Mətn, musiqi, yaxud rəsm əsəri – fərq etməz, sənət bütün hallarda xilaskardır, ruhumuzu qoruyur…
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)
Bakı, Sumqayıt və Gəncənin küçə və prospektlərində narkomaniya ilə bağlı maarifləndirici sosial çarxlar yayımlanır
26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkomanlığın zərəri barədə incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial çarxların Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanılıb.
Bu barədə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi daşıyır.
Qeyd olunan videoçarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi barədə
İyunun 19-da Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub.
AzərTAC xəbər verir ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib. Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Simon Broughton, İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır.
Müsabiqənin dinləmələrindən əvvəl AzərTAC-a müsahibə verən münsiflər heyətinin sədri, Xalq artisti Siyavuş Kərimi festivalın əhəmiyyətindən və ölkəmizdə muğam sənətinə göstərilən diqqət və qayğıdan danışıb. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu cür layihələrin Azərbaycan muğamının qorunması və təbliği istiqamətində önəmini qeyd edib.
Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparır.
Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edir. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.
Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı - Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı - Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim ediblər.
İyunun 20-də keçiriləcək müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil ediləcək. Qeyd edək ki, dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçiləcək. Müsabiqənin ikinci turu iyunun 21-də keçiriləcək.
Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq. Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək. Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də Qran-Pri üzrə mükafatlar təqdim ediləcək.
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)