“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində ədəbiyyatşünas, esseist Mətanət Vahidin özüylə söhbətini təqdim edirik. Sabah da bir essesi ilə tanış olacaqsınız.
Özüylə söhbəti…
Heç vaxt heç kimə demədiyim, indisə oxucuların simasında guya yalnız özümlə paylaşdığım bir sirrimi etiraf edirəm: bugünkü məndən xeyli uzaq, ən uzaq arzum bəstəkar olmaq olub. O qədər balacaydım ki, bu arzunu heç dərk etmirdim, sadəcə, içimdə doğulan musiqini dilləndirmək istəyim günbəgün böyüyürdü. Uşaq vaxtı elə hey pianoda ifa etməyi öyrənmək istədiyimi dilə gətirdiyimi xatırlayıram. Valideynlərim məni qız uşağı üçün “qorxulu” olan bu arzudan qoparmağın yolunu “qıza yaraşan sənət”ə meyilləndirməkdə gördülər: piano dərsləri əvəzinə, biçmə-tikmə kursuna yazdırdılar. Uşaqlıqdan nəylə məşğul olsam, ən yaxşısını etməyə can atan birisi kimi zəhləm gedən bu biçmə-tikmə kursunu da iki “əla” qiymətlə bitirdim. İçimdəki musiqinin qurdunu isə hər dəfə evində piano olan qohum evlərinə gedəndə “eşitmə” hesabına klaviaturanı döyəcləməklə öldürürdüm. Sonra gələcək özümü çox axtardım: həkim, diplomat olmaq haqqında düşündüm. Orta məktəbin son siniflərində qarşıma ədəbiyyatşünas-alim olmaq məqsədi qoydum. Çünki ədəbiyyat dərsliklərində əsərlərin təhlili məni əsəbiləşdirirdi və onları bir dəfə oxuyub sonra əsəri öz bildiyim kimi təhlil edirdim. Hələ indi anlayıram, bəstəkar olmaq arzu idi, ədəbiyyatşünas olmaq məqsəd.
Doğmalarımdan həmişə sanki başqa planetdən gəlmişəmmiş kimi fərqlənmişəm. Bu fərqliliyim çox vaxt mənə baş qaxıncı olub. Yəqin, elə bu üzdən dostlarımla daha səmimi olmuşam. Çünki dost olaraq məni anlayan insanları, qəribə hesab etməyənləri seçmişəm; fərqimi dəlilik, divanəlik kimi qəbul edən doğmalarım barədə isə seçim imkanım, təbii ki, olmayıb. Buna görə əlim kitab, dilim söz tutandan sığınacağım kitablar və içimdə bəstələnib notlara köçməyən musiqilər olub. Uşaq və yeniyetmə vaxtı, sözün əsl mənasında, dəlicəsinə mütaliə edirdim. Kitab mənə içində yaşadığım dəhşətli dünyaya alternativ həyat təqdim edirdi. Lakin çox sonralar xüsusən, ədəbi mühitlə tanışlıqdan sonra anladım, bu ideal dünyanı çox vaxt həyatda tanıdığım “dəhşətli” adamlar yaradırlar və geriyə dönüşü olmadan əminlik əldə etdim ki, ədəbiyyat mənim ona münasibətim qədər saf, müqəddəs nəsnə deyilmiş.
Deyilənə görə, ətrafa aşırı dərəcədə qapalı insanam. Buna görə çox qınanıram. Lakin ünsiyyətə əsla ehtiyac duymuram, təkbaşına daha hüzurluyam. Mənə elə gəlmir ki, başqalarına deyiləcək sözüm var. Əgər nəsə sözüm varsa, bu, yalnız esselərimdə əks olunur. Esselərim mənim deyə biləcəyim hər şeyi danışır, əslində. Oxuya bilən yazdıqlarımda susduğum hər şeyi duyur. Duymayana isə nəyisə izah etmək ehtiyacı hiss etmirəm heç vaxt. Deyirlər, ədəbiyyat, yazı – müəllifin ifadə olunmaq ehtiyacıdır. Təxminən 4-5 il əvvəl birdən-birə anladım ki, mənimçün yazmaq içimdəki musiqini notlara çevirmək arzumdan doğur. Not bilmirəm axı. O uzaq arzu vardı axı – fortepianoda ifa etmək, bəstəkar olmaq... Bunun həmişə fərqində olmuşam ki, mən musiqisiz yaşaya bilmərəm. Kitab oxumadığım, yazı yazmadığım günlər çox olur, lakin musiqi dinləmədiyim əsla. Bu vaxta kimi yazdığım onlarla, bəlkə də, yüzlərlə yazının bircəciyi də öz musiqisiylə qovuşmadan ərsəyə gəlməyib. Bunu dəqiq bilirəm: içimdəki musiqinin susması mənim məhvim deməkdir. Hamı elə bilir, mən yazı yazıram, əslində isə, içimdəki musiqini sözə çevirirəm... Mətn, musiqi, yaxud rəsm əsəri – fərq etməz, sənət bütün hallarda xilaskardır, ruhumuzu qoruyur…
“Ədəbiyyat və incəsənət”
(20.06.2023)