Yeddi ildən sonra “AzDrama”nın səhnəsinə çıxacaq

Xalq artisti Mehriban Zəki yeddi ildən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsinə çıxacaq.

Bu barədə aktrisa “Qafqazinfo”ya danışıb.

 

O, yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşada baş rollardan birini canlandıracaq: 

“Səhnədə sonuncu çıxışım 2016-cı ildə Erik Emmanuel Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" adlı əsəri əsasında hazırlanan tamaşasında olub. Əslində işdən çıxmamışam, sadəcə bu illər ərzində rol verilmirdi. Bu, mənə də təəccüblü gəlir.

 

Bu il teatra rəhbər təyin olunan Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə dedi ki, teatr ştatında olan bütün aktyor və aktrisalar tamaşalarda rol almalıdırlar. Mənə də “Sənsiz” tamaşasında rol almağı təklif etdi, razılaşdım. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir. Mən Sevinc obrazını canlandırıram”.

 

Qeyd edək ki, 2016-2023-cü illərdə “AzDrama”nın baş direktoru Azər Paşa Nemətov olub. O, apreldə 75 yaşında vəfat edib. Ötən ay isə Akademik Milli Dram Teatrına Mehriban Ələkbərzadə bədii rəhbər təyin edilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.