“Məni tərifləyib Nostradamus kimi öydülər…” - Sadiq Qarayev yazır

“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayevin yazısını təqdim edir. 

 

İnsan gələcəyə can atsa da, keçmişi daha çox xatırlayır. Arzular əlindən tutub, gələcəyə qaçırsa da, gözü arxada, keçən günlərdə qalır. 

Sanki ömür geriyə baxa-baxa irəli qaçmaqdır. Bəlkə də ona görə hərdən “yıxılırıq”… Niyə belədir? Sözün düzü niyəsi bir az qəliz söhbətdir. Bu sualı bir dəfə mənə yaxın dostum da vermişdi. Təxminən belə cavab vermişdim:

İnsanın anadan olmasından ölümünə doğru istiqamətlənmiş bir düz xətt götürək. Bu xətt üzərindikə hər irəlidəki nöqtə sıfıra-yoxluğa, geridəki hər nöqtə isə var olmaq, dünyaya gəlmək anına yaxınlaşır. İnsan fitrən, şüuraltı olaraq birdəfəlik getmək, yox olmaq istəmir, dərindən fikirləşəndə, yoxluğun sonsuluğu, mücərrədliyindən dəhşətə gəlir.

İndi bir səbəb də əlavə edim: Ömür keçdikcə yaxınların da dünyadan köçür, geridə qalan nöqtələr kimi sən onlardan uzaqlaşırsan. Onlarla bağlı ülvi hisslər, xatirələr keçmiş nöqtələrdə qalır. Ata-ananı, bacı-qardaşı nəvələr, gəlinlər, kürəkənlər əvəz edir… Sağlamlğın gedir, gəncliyin, möhtəşəmliyin geri günlərdə ilişib qalır. Dünyanı, insanları daha çox tanıyırsan, marağın itib gedir keçmişə. Bir sözlə, yoxluğa elə yoxluq olub qarşırsan…

Ona görə də uşaqlıq və gənclik dövrləri hər bir insan üçün ülvi bir aləmdir…

*

Hər il bu vaxtlar kəndimizdən Zor bulaq yaylagina köç edərdik. Məktəb acılana qədər orada qalardıq. 

3 ay biz nəinki televizor, elektrik işığı heç aftomobil də görməzdik. Bir texnika görərdik- süddən yağ ayıran "Sud maşını". Bir yarış izləyərdik, "At yarışı"..

Bir xəbəri gözləyərdik- kənddən adam gəlir, şaqqulu badam gəlir- deyərdik. Qra, qarpızı elə eşşəyin üstündə, meşoqun üstündən iyləyərdik. 

Məkələri axşamçağı təzək közündə kabab edərdik. 

Ayağımızı təndirə sallayıb ulduzlara baxardıq, arzuların əl çatmazını seçərdik.

Əsas bir işimiz vardı- quzu otarmaq. Bir problemi düşünərdik: quzuları Bədəl Yurduna, İbo Pironun arxacına, Göy təpənin döşünə, Ağ qaya ətarfına- hansı istiqamətə aparsaq, cox otlayarlar?

Quzalar otlayar, uzanardıq gül, çiçək içinə, onların xırpıltılı səsinə qulaq asardıq. Adam görməzdik ki, düşüncələrimiz və biz olardıq. Bir də quzular, pələy, boğar. Təsadüfən insan görəndə sevinərdik. 

Bir cür su icərdik-bulaq suyu..

Bizim obada yanaşı iki bulaq var idi, Qurdlu bulaq deyirdilər. Qurdulu filan deyildilər. Bir az aralıda sal qayaların dibindən təkrarsız, özünə məxsus səslə, gur çıxan bir bulaq da var idi, ona möhtəşəmliyinə görə Zor bulaq deyirdilər. O biri bulaqlar guya ki, bunun paxıllığını çəkirmiş kimi adlarını " qurdlu" qoymuşlar.

Zor bulağın əhatəsində sıra ilə daha yeddi bulaq var idi. Hər birinin suyu bir-birindən sərin, özlərindən dərin...

Ancaq Zor bulaq doğurdan da zor idi, səsinə , buzluğuna, gurluğuna görə. Elə bil qayalar içindən həyat çıxırdı dünyaya, özü də zor çıxırdı.

Günorta. Quzalar mələşə - mələşə analarından süd içirlər, eşşək anqırır, haradasa at kişnəyir, itlər qonşu obadan gələn atlı qonaqlara hücum çəkir... Babam qonaq qarşılayır, keçiləri mən tuturam, nənəm, anam süd sağır… 

Bir gün anama dedim, tez sağ, yağış yağacaq. Digər qadınlar güldü ki, bu cür günəşli havada yağış yağar? Doğurdan da günəşli və isti idi, günorta çağıydı. Anam elə yenicə çadıra girib, südü süzgəcdən digər vedirəyə süzürdü ki, göy guruldadı, leysan tökdü.. İslanmış qadınlar buna məətəl qaldı, xeyli bu haqda danışdılar. Bir neçə gün sonra anamla söhbətdə biri dedi: ərzaq qurtarıb, bu kişi də kənddən gəlmək bilmir. Eşitdim, dedim ki, birisigün gələcək. Doğurdan da həmən adam birisi gün gəldi. Bu dəfə daha çox danışdılar ki, sən bunları hardan bilirsən?? Məni tərifləyib Nastradamus kimi öydülər)))  Daha sonralar 2104-cü ildə,qələbədən 6 il öncə yazdığım Sahilsiz Təzadlar romanında Şuşanı azad etdiyimizi, Vaqifin məqbərəsninin təmir olunduğunu, orada tez-tez konfranslar keçirildiyini, mədəniyyət mərkəzinə çevrildiyini yazdım. Sonralar doğurdan da belə oldu. Bu dəfə də dedilər: sən bunları haradan bilirdin? Hətta 60-a yaxın alim, yazıçı, ziyalı AYB-yə, AMEA-nın humanitar bölməsinə, Mədəniyyət nazirliyinə müraciət etdilər ki, bu kitabın Şuşada təqdimatını edək, onun haqqıdır. Amma alınmadı, “ZOR” oldu.

Mən bunları haradan bilirdim? Öncə görmə, təb gəldi, ilham getdi, qulağıma səs gəldi, gözümə nəsə göründü filan söhbətləri həmişə əfsanə hesab etmişəm. Dədəm məni belə öyrədib. O özü yeniyetmə olanda çiynində, alnında “işıq”, “nur” görüb nənəmgil. Səs-küy salıblar, heyrətləniblər, moll zad gətiriblər… Mollalar belə qənatə gəlib ki, bu oğlan ya seyyid, ya pəhləvan olacaq. Sonralar Qarayevdən soruşanda ki, ay dədə bu nə məsələdir, gülüb deyirdi ki, gecə yatağa girəndə nənənin öz toxuduğu yun köynəyi sürətlə dartıb, başımdan çıxarırdım, elektiriklənib işıq saçırdı, bunlar da təhsilsiz admlardı, elə bilirdilər nurlanıram..)). Və mən həmişə Qarayevdən ALLAHA , elmə və Qurana inanmağı öyrəndim. O deyir ki, elmdən başqa heç bir həqiqət yoxdur.

Yaylaqdakı iki hadisəni mən təsadüfən demişdim. Amma Şuşanı azad edəcəyimizi çox düşündükdən sonra, məntiqlə hesablamışdım. Çox sadə: Bizim xalqımızın, dövlət və ordunun ali məqsədi idi bu. Və bütün hazırlaşmalar, hadisələr qələbə müharibəsinə aparırdı. ALLAH şəhidlərimizə rəhmət eyləsin.

Qayıdaq yaylağa…

Aydın səmada buludlar öz- özündən qəm çəkir, nəm çəkir...

Ocaq üstə, köz üstə çiçək yemiş çəpiş ətindən bözpört, kabab bişir,

Tüstüsündən, qoxsundan adam "şişir".

Gözün baxır Zor bulaqdan gələn nazlı qıza, yanağında lalələr, dodağında çiçəklər, gülümsəyən gözlərində şəfəqlər...

Belə göz olar? Ürəyini aparır, rəngin saralır.. Bilmirsən ki bulud çəkib, meh gətirib, ya Zor bulaq damcı- damcı öz ətrafına çiləyib bu qızı...

Yay ayları idi, Zor bulaq obası beləydi...

 

*

Yenə o dağ olaydı, qarğı atın üstündə,

Bir konfetin, bir almanın üstündə,

"Vuruşardı", dalaşardı uşaqlar,

Keçmişdən, bu gündən xəbərsiz,

Gələcəyə uçan, qaçan uşaqlar,

Öz- özündən şişən, şoşan uşaqlar...

*

 

Yenə o dağ olaydı,

zirvələrdən baxıb sənə,

Hey yığardım çiçək sənə, gül sənə.

Buludların kölgəsində, mən at üstdə,

Sənsə bitib tükənməyən xəyyaların təşnəsində,

Sanki göydə, yerdə, indidə, həm gələcəkdə,

Yarışardıq, baxışardıq,

Zülmətlərin yoxluğuna qarışardıq.

 

*

Yenə o dağ olaydı,

Darıyardın saçlarını.

Hirslənərdin, bulaq güzgüsündə,

Görəndə sən qıçlarını.

Mən də bundan zövq alardım, gülərdim,

Əlimdəki gərməşov ağacımla,

Sındıraraq aynasını bulağın,

Damcıları tellərinə,

Muncuq kimi düzəydim.

Zor bulaq “zor” idi, elə uşaqlıq gənclik də “zor” idi. 

Nə edə bilərik? 

Dönüb geridəki nöqtələrə, Zor bulağa, bulaqdakı əksinə baxan, tellərinə damcılar düzdüyümüz qıza baxa-baxa əlimizdən tutub bizi gələcəyə aparan arzulara yoxluğa doğru qaçırıq... 

P.S. Bu Batabatdakı Zor bulaq deyil.  25 il olar ki, ora gedə bilmirəm. ALLAH Qoysa, bu il gedəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.