Qazaxıstanın Türkistan şəhərində “Altın Saka” III Beynəlxalq Animasiya filmləri festivalı keçirilib. Türkdilli ölkələrin animasiya filmlərinin iştirak etdiyi festivalın müsabiqə proqramına 41 film seçilib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra qaliblər müəyyən olunub. Festivalın qalibləri arasında “OB FILM” studiyasının istehsalı olan “Tarix” animasiya filmi də var. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Tarix” filminin rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.
AzərTAC xəbər verir ki, “Tarix” filmi “Altın Saka” Festivalında üçüncü yerə layiq görülüb.
“Altın Saka” festivalının münsiflər heyətində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Azərbaycandan olan kino mütəxəssisləri iştirak ediblər. Azərbaycanı münsiflər heyətində “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı, ADMİU-nun müəllimi, ssenarist Ramil Ələkbərov təmsil edib.
Qeyd edək ki, film məktəb gündəliyində qeyd olunan rayonlarımızın işğal tarixlərini heç cür əzbərləyə bilməyən oğlan haqqındadır. O, oyuncaqları ilə oynadıqdan sonra yuxuya gedir. Yuxuda qəhrəmanımızın oyuncaqları real hərbi texnikalara çevrilərək düşmənin üzərində zəfər çalır. Uşaq oyanır, gündəliyi açır və işğal tarixlərinin üzərindən qırmızı xətt çəkildiyini qürurla seyr edir.
Qeyd edək ki, "Tarix" filmi bundan əvvəl Bakıda keçirilən 5-ci “ANIMAFILM International Animation Festival”ında, Hindistanda 19-cu “Aakruti-My Creation International Film Festival”ında (Quarter-Finalist), Filippində “Batangas Balisong Film Festival”ında (Finalist) və Xorvatiyada 14-cü “VAFI & RAFI - International Children and Youth Animation Film Festival”ında iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)