“Əllərinin yadına düşdümü saçlarım?” - Təranə Dəmirin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı şair Təranə Dəmirin yeni şeirlərini təqdim edir. Bir qədər kədər, bir qədər küskünlük, keşməkeşli dünyanı dərk etmək istəyi… Amma kədərə, dərdə əsla əyilməyən lirik ovqat…

 

 

Bu da bir gün olmadı,

Sazaqdan gəldi keçdi.

Xatirələr ağladı,

Yanaqdan gəldi keçdi.

 

Bir mən oldum, bir divar,

Hərənin öz dərdi var,

Məni tutan sevdalar

Uzaqdan gəldi keçdi.

 

Gah susdum, gah danışdım,

"Sənsizliyə alışdım",

Bu da bir aldanışdı,

Dodaqdan gəldi keçdi.

 

Savaş açdım, kiridim,

Buza döndüm, əridim,

Qələm dedi, mən dedim,

Varaqdan gəldi keçdi.

 

Ümidlərim qanadı,

Qırıldı qol-qanadım,

Bu gün də gün olmadı,

Sabahdan gəldi keçdi.

 

 

***

 

Vətən ana, vətən torpaq, vətən eşq,

Vətən qaya, vətən çiçək, vətən daş.

Vətən, Vətən bağırmaqla olmur e,

Heç bilirsən nə üstədi bu savaş?

Vətən söz yox, vətən anddı, vətəndaş.

 

Hər naləsi ürəyindən keçməli,

Hər ağrısı kürəyindən keçməli,

Məhəbbəti bələyindən keçməli,

Sevgi zorla alınmır e, a "qardaş",

Vətən söz yox, vətən anddı, vətəndaş.

 

Çəpərindən yolunacan vətəndi,

Tikanından kolunacan vətəndi,

Təpə-dırnaq bu ruh, bu can vətəndi,

Məndən keçir ayağına dəyən daş,

Vətən söz yox, vətən anddı, vətəndaş.

 

Damarından kafir qanı axdısa,

Taxtın-tacın axırına çıxdısa,

Ürəyində el qeyrəti yoxdusa

Elə get ki, dalınca da qara daş,

Vətən söz yox, vətən anddı, vətəndaş.

Vətən qaya, vətən çiçək, vətən daş!

 

 

***

 

Min düyündən, dağdan keçib,

Min dərdi adlayıb gəlib.

Min nalədən, ahdan keçib,

Min qəmi odlayıb gəlib.

 

Keçib duadan, qarğışdan,

Küləkdən, seldən, yağışdan,

Buz kimi soyuq baxışdan,

Nəfəsi çatlayıb gəlib.

 

Dərindən, dayazdan keçib,

İstidən,  ayazdan keçib,

Bahardan, payızdan keçib,

İlləri çırtlayıb gəlib.

 

Sarıyıblar, qanadıblar,

Güldürüblər, ağladıblar,

Dağa-dərəyə atıblar,

Yolları qatlayıb gəlib.

 

Neçə yol ölüb, dirilib,

Daşa-divara hörülüb,

Min dəfə solub, dərilib,

Çiçəyi çırtlayıb gəlib.

 

Odunda bişib bu sevgi,

Adında bişib bu sevgi,

Gözümdən düşüb bu sevgi,

Təzədən atlayıb gəlib.

 

 

***

 

Dərdin ən yekəsi unudulmaqdı,

Yadından çıxmaqdı dünyanın, atam.

Sən demə əcəlin adı var elə,

Sən demə təklikdən ölürmüş adam.

 

Gözün divarları-daşları gəzir,

Hər şey marağından, dadından düşür.

Fəsillər yerini dəyişir bir-bir,

Sevdiyin adamlar atından düşür.

 

Yadından çıxırsan qohumun, yadın,

Evinin qapısın döyən tapılmır.

Qahmar çıxdıqların yoxa çəkilir,

Sənə bir "günaydın"deyən tapılmır.

 

Yiyə durduqların yiyəsiz qoyur,

Qalırsan kimsəsiz bu göyün altda.

Özünü min yerdən tənələyirsən,

Ürəyin əzilir gileyin altda.

 

Yığırsan ağlına gələn nömrəni,

Telefon əlində susub durursan.

Gecənin yarısı tənhalığını

Bir yadın səsiylə ovundurursan.

 

Bu səssiz otaqda, bu qaranlıqda

Necə şirin gəlir bu səs, İlahi.

Elə asta-asta yalan deyirsən

Heç kimin ağlına gəlməz, İlahi.

 

Bax onda bilirsən unudulmusan,

Unudub sopsoyuq adamlar səni.

Unudub sevginə qonaq olanlar,

Unudub könlündə yatanlar səni.

 

Dərdin ən yekəsi unudulmaqdı,

Yadından çıxmaqdı dünyanın, atam.

Sən demə əcəlin adı var elə,

Sən demə təklikdən ölürmüş adam.

 

 

***

 

Bu gün də dolaşdım ayrılığı otaq-otaq,

Qapı-qapı, pəncərə-pəncərə.

Bir az yuxulu, bir az oyaq xatirələr

Asıldı boğazımdan,

 

Yanaqlarıma hopdu min ilin ağrısı,

Dodaqlarım içdi həsrətini dəniz suyu kimi,

İçdikcə susadım sənsizliyə, adam.

Sənə gedib çatdımı tənhalığın havası?

 

Əllərinin yadına düşdümü saçlarım?

Qəribsədinmi gecənin zülmətində?

Adımı qaranlığa pıçıldadınmı?

Burnuna yovşan ətri doldumu,

 

Barmaqların ağladımı varaqların arasında?

Ayrılığı ölçdümü ayaqların?

Sətir-sətir, misra-misra oxşadınmı təkliyini?

Qolların mənsizliyi qucaqladımı?

 

Gecənin səssizliyinə düşdümü qulaqların,

Gözlərin qaranlığı yordumu?

Ulduz-ulduz gözlədinmi səhəri və

Səhərin alatoranında bir yuxunun qanadında qondummu kirpiklərinə ?...

 

...Bu gün də sənsizliyə açıldı gözlərim,

Bu gün də adını pıçıldadım rəsminə:

– Sabahın xeyir…

Bu gün də günəşi öpdüm ikimizin yerinə...

 

 

***

 

Olum da bir yük imiş,

Çör çəkən nə çəkirmiş,

Yaxşı ki, O tək imiş,

Çoxun da çox dərdi var.

 

Göy tökür, Yer dənləyir,

Vurur, çıxır, cəmləyir,

Zaman ölüm dəmləyir,

Sağın da sağ dərdi var.

 

Min sual bir cavabdı,

Gəl də, get də hesabdı,

Könül vermək savabdı,

Yoxun da yox dərdi var.

 

Şeytanlar oyundadı,

Hərəsi bir dondadı,

Dağlar dağ hayındadı,

Bağın da bağ dərdi var.

 

Həqiqət çox uzaqdı,

Hardan tapaq bu vaxtı?

Gecələr qarabaxtdı,

Ağın da ağ dərdi var.

 

 

***

 

Elə bil ki, dəniz daşır səmadan,

Bu haçanın yağışıdı, İlahi?

Biz bilmirik, bəlkə elə bu yağış

Yazla-qışın barışıdı, İlahi?

 

Sazaqlardan diri çıxan bu torpaq

Gedib gəlib göy üzünə əl açır.

Orda bulud ürəyini boşaldır,

Burda dağlar, burda daşlar dil açır.

 

Yağış yuyur ağaçların saçını,

Meyvələrin üzü gülür budaqda.

Su içdikcə tumurcuqlar dirçəlir,

Bahar söz-söz şeirləşir varaqda.

 

Yağış deyil, buludlardan nur yağır,

Sehrlənir şeh altında göy otlar.

Göz yaşıyla öz eşqini torpağa

Damcı-damcı pıçıldayır buludlar.

 

Elə bil ki, dəniz daşır səmadan,

Bu haçanın yağışıdı, İlahi?

Biz bilmirik, bəlkə elə bu yağış

Yazla qışın barışıdı, İlahi?

 

***

Gör necə nur tökülür

Göylərin bənizindən.

Gəl dönək ulduzlara

Asılaq göy üzündən.

 

Burda bizi duyan yox,

Buralar bizlik deyil.

Bizim məhəbbətimiz

Dağlıq, dənizlik deyil.

 

Bu küçə, bu adamlar,

Bu şəhər bizə yaddı.

Bu qaranlıq gecələr,

Bu səhər bizə yaddı.

 

Burda sevgilər yalan,

Burda sözlər saxtadı.

Hardasa bir işıq var,

O da çox uzaqdadı.

 

Buralar bizlik deyil,

Burda bizi kim anlar?

Bizi duymaz sahillər,

Bu dənizlər, limanlar.

 

Bütün təmiz arzular

Göy üzünə dağılmış.

Yerdə sevgi nə gəzir,

Hamısı bir nağılmış.

 

Gör necə nur tökülür

Göylərin bənizindən.

Gəl dönək ulduzlara

Asılaq göy üzündən.

 

***

Bu ömrü kim yaşadı,

Kim ölür indi, Allah?

Bu od, bu ocaq iyi

Hayandan gəlir, Allah?

 

Bu necə alovdu ki

Tüstüsü göyə çıxmır.

Yanır ocağın altda,

Bəs səsi niyə çıxmır?

 

Kim qorxudub bu canı,

Ruhundan ayrı salıb.

Səsindən, harayından,

Ahından ayrı salıb.

 

Kim yazıb bu yazını,

Kim pozur görüm indi?

Gəlsin də yaxına O,

Gəlsin də Kərim indi.

 

Tutmur bu ağrıları

Ocaq da, od da, Allah.

Tök yükünü aşağı,

Üstündən adda, Allah.

 

 

***

 

Asılmışam gözündən,

Gecə, keç günahımdan.

Bu qaranlıq, bu zülmət

Küçə, keç günahımdan.

 

Bu dünya bir sınaqdı,

Gəl günah, get günahdı,

Qoşulmuşam nə vaxtdı

Köçə, keç günahımdan.

 

Yaşadım neçə ömrü,

Daş ömrü,çiçək ömrü,

Verdim bir qoca ömrü

Heçə, keç günahımdan.

 

Bu dünyada görəsən

Nə var ölümdən asan?

Canım da yox alasan

Əcəl, keç günahımdan.

 

***

 

Buludlar göy üzündən,

Ağaclar yerdən tutur.

Dalğalar dənizindən,

Zirvələr yeldən tutur.

 

Günəş səhərə aşiq,

Ulduzlar gecələrə.

Arzular xəyallara,

Xəyallar küçələrə.

 

Quşlar çöp yuvasına,

Arı pətəyə qaçır.

Göz yaşı kirpiklərə,

Sevgi ürəyə qaçır.

 

Payız xəzana vurğun,

Bahar çiçəyə möhtac.

Səhralar buludlara,

Çöllər küləyə möhtac.

 

Ləpələr qayalardan,

Dənizlər dağdan tutur.

Şairlər qələmindən,

Qələm varaqdan tutur.

 

 

***

 

Nə yaxşı bu şəhərlər,

Nə yaxşı küçələr var.

Nə yaxşı xatirələr,

Nə yaxşı gecələr var.

 

Darıxanda başını

Qatmağa yerin olur.

Təkliyin arasında

Ölüm də şirin olur.

 

Gəzirsən tənhalığı

O küçə-bu küçə sən.

Gülürsən, ağlayırsan?

Kimin nə vecinəsən.

 

Yanından gəlib keçir

Dərd alıb, dərd satanlar.

Baxırsan ki, heç yerdə

Xoşbəxt deyil adamlar.

 

Hamı nədənsə qaçır,

Ya harasa tələsir.

Özünü aldatmağa

Hərə bir küçə gəzir.

 

Hamı öz azarında,

Hamı öz qəmindədi.

Ürək dərd bazarında,

Dünya öz dəmindədi.

 

Nə yaxşı bu şəhərlər,

Nə yaxşı küçələr var.

Nə yaxşı xatirələr,

Nə yaxşı gecələr var.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.