İyunun 20-də Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun növbəti mərhələsi təşkil edilib.
AzərTAC xəbər verir ki, müsabiqədə birinci turun növbəti mərhələsi üzrə dinləmələr ilk olaraq instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb.
Bu kateqoriyada püşkatmada adları çıxan digər 6 iştirakçı - Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Hasan Kiriş (Türkiyə), Farxodbek Madaminov, Toshtemur Shukrullayev (Özbəkistan), Ofir Viflich (İsrail), daha sonra xanəndəlik kateqoriyası üzrə digər 5 ifaçı - Xəyal Hüseynov, Mirəli Sarızadə (Azərbaycan), Sohiba Abdullayeva, Alibek Saparboev (Özbəkistan), İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.
Sonra müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanmış ifaçıların adı açıqlanıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan), İsa Shokri Charandabi (İran) müsabiqənin ikinci turuna vəsiqə qazanıblar.
Xatırladaq ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı yarışıb. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.
Festivalda xüsusi dəvətlə iştirak edən məşhur amerikalı kamança ifaçısı Cefri Verbok müsabiqənin dinləmələrindən əvvəl AZƏRTAC-a müsahibəsində “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalında yenidən iştirakından məmnunluğunu bildirib və bununla bağlı öz təəssüratlarını bölüşüb: “Azərbaycanda təşkil olunan bu festivalda davamlı olaraq iştirak etməyə çalışıram. Mən Amerikada kamança, tar və gitara ifaçısıyam. Sizin musiqi alətlərinizin incilərindən olan kamança və tarın səsini, eyni zamanda muğamınızı ilk dəfə dinlədiyim an ona valeh oldum. Sizin musiqini sevməmək mümkün deyil. “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı hər dəfə möhtəşəm səviyyədə keçirilir. Bir çox ölkələrin gənc və tanınmış ifaçıları bu festivalda iştirak edirlər. Bu çox gözəl addımdır. Bütün təşkilatçılara, Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə bu təşəbbüsə görə təşəkkür edirik. Musiqisevərlər üçün bu çox gözəl layihədir, güman edirəm ki, davamlı olacaq və musiqini duya bilən insanlar bu gözəl musiqi bayramında hər zaman iştirak edəcəklər. Təxminən 51 il bundan əvvəl sizin muğamınızı yaşadığım Amerikada eşitdim və bu mənə həmin an çox xoş təsir etdi. Beləcə Azərbaycan muğamının sehrinə düşdüm. Ondan sonra kamança və tarda muğam ifa etməyi qarşıma məqsəd qoydum və buna nail oldum".
Qeyd edək ki, iyunun 21-də müsabiqənin ikinci turunun dinləmələri təşkil ediləcək. Dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçiləcək. Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq. Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək. Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də Qran-Pri üzrə mükafatlar təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)