İyunun 16-da Binəqədi rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında tanınmış şair Taleh Həmidin anım mərasimi və yeni kitablarının təqdimatı keçirilib. Tədbir mərhum şairin ailəsinin onun ad gününə bir töhfəsi olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə mərhum şairin yazıçı dostları, iş yoldaşları, yaradıcılığının pərəstişkarları və ailə üzvləri iştirak ediblər.
Anım tədbiri şairin haqqında çəkilmiş filmin nümayişi ilə başlayıb.
Mərasimdə Binəqədi rayon Yeni Azərbaycan Partiyasının sədri Vüsar İsmayılov, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis, yazıçılar Seyran Səxavət, Səfər Alışarlı, şair Nazim Əhmədli, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov və başqaları çıxış edərək şairin poeziyası, qələmə aldığı poemalar və onların yaradıcılıq xüsusiyyətləri barədə danışıblar.
Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev, şairin yaxın dostu olmuş Anar Əliyev və başqaları Taleh Həmidin səmimiyyəti, xeyirxahlığı barədə bəhs edib, şairlə bağlı xatirələrini bölüşüblər.
Şairin həyat yoldaşı İradə Babayeva Taleh Həmidin xatirəsini əzizi tutduqları üçün mərasim iştirakçılarına təşəkkürünü bildirib.
Mərasimin bədii hissəsində isə İrəvan Dövlət Dram Teatrının aktrisaları Taleh Həmidin şeirlərini oxuyublar.
Kitablara gəlincə, Taleh Həmidin hələ sağlığı dövründə “Çaşıoğlu” nəşriyyatında onun 4 cildliyi işıq üzü görmüşdü. İradə xanımın təşəbbüsü ilə eynən həmin tərtibatda növbəti 3 kitab indi “Qanun” nəşriyyatında çap edilib.
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)