Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası Gülcahan Salamova teatr sahəsində səmərəli fəaliyyətinə, eyni zamanda, 60 illik yubileyi münasibətilə Teatr Xadimləri İttifaqının mükafatına layiq görülüb.
Teatrın yaydığı məlumata görə, aktrisanın iştirak etdiyi “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının nümayişindən sonra sənət ocağının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova onun səhnə fəaliyyətindən danışıb.
Sonra Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova Gülcahan Salamovaya fəxri fərman təqdim edib.
Vaxtı ilə bu tamaşanın Naznazı, hazırda Səlbi (Naznazın anası) obrazının ifaçısı olan Gülcahan xanım ona göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlığını bildirib.
Qeyd edək ki, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun rejissorluğu ilə yeni quruluşda hazırlanan səhnə əsərinin nümayişində Gülcahan Salamova ilə yanaşı, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, İbrahim Əlizadə, Elnarə Nağdəliyeva, Nigar Qarayeva və başqaları da iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)